Məhkəmə qərarları › İş №1(018)-122/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-122/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-122/2023 25.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, özü istehlak etmək məqsədi ilə 01 ədəd polietilen torbada təmiz çəkisi-465,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, özündə saxlayıb daşıyarkən 13 aprel 2023-cü il tarixdə saat 13 radələrində Astara dəmir yolu stansiyası ərazisində İmişli stansiyasında Xətt polis şöbəsinin, Şirvan stansiyasında Xətt polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Astara şəhərində yerləşən İmişli st. XPŞ-nin, Şirvan st. XPB-nin Astara stansiyasında Xətt polis məntəqəsinə dəvət edilərək üzərinə və bir ədəd özü ilə götürdüyü polietilen torbaya şəxsi axtarış keçirildikdə qeyd edilən miqdarda yəni, 465,0 qram narkotik vasitə olan qurudulmuş marixuana onun özü ilə götürdüyü bir ədəd polietilen torbada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 13 aprel 2023-cü il tarixdə səhər tezdən yaşadığı Şabran şəhərindəki evindən çıxıb Bakı şəhərinə getmişdir. Bakı şəhərindən də “3-cü Mikrorayon dairəsi” deyilən yerdən tanımadığı taksiyə əyləşib Astara şəhərinə getmişdir. Astara şəhərinə gəlməkdə məqsədi özünün qəbul etməsi üçün narkotik vasitə alıb qayıtmaq olmuşdur. Astara şəhərində yerləşən X3 yaxınlığından keçib gedərkən həmin yerdə əvvəllər tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 1000 manata 400 qram qurudulmuş marixuana almışdır. Narkotik aldığı şəxsdən ayrıldıqdan sonra Astara dəmir yolu stansiyasına gəlmişdir ki, öyrənib görsün ki, Bakı şəhərinə qatar gedirsə qatarla Bakı şəhərinə oradan isə yaşadığı Şabran şəhərinə getsin. O, Astara dəmir yolu stansiyasına çatıb stansiyanın perronu ilə dəmir yolu vağzalının inzibati binasına tərəf gedərkən mülki geyimli şəxslər ona yaxınlaşb polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu stansiyadakı dəmir yolu polis məntəqəsinə dəvət etmişlər. Polis məntəqəsində polislər onun üzərinə və əlində olan torbaya video görüntü ilə axtarış keçirtmişlər. Axtarış zamanı polislər tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə əldə etdiyi sellofan torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edib bu barədə sənədləşmə aparmışlar. Cinayət törətdiyini başa düşür, əməlindən peşimandır. Yaşlı və xəstə olduğunu nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Şabran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üstündə gəzdirməsi barədə polis bölməsində əməliyyat məlumatı olmuşdur. Bununla əlaqədar olaraq o əməliyyat yolu ilə müşahidə altına götürülmüşdür. 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Astara dəmir yolu stansiyasına gəlməklə həmin vaxtı üstündə narkotik vasitə olması barədə polisə məlumat daxil olmuşdur.Daxil olmuş məlumata əsasən bölmə rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və elə həmin günü “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərar qəbul edilmişdir. Yaradılan əməliyyat qrupunun iştirakçıları; Şirvan st.XPB-nin Lənkəran st. XPM-nin rəisi Şahid1 və Şirvan st. XPB-nin Astara st. XPM-nin polis nəfəri Şahid3 ilə birlikdə qeyd edilən tarixdə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 12:40 radələrində Həsənov X1 ərazisində stansiyanın perronu ilə gedərkən ona yaxınlaşaraq özlərini təqdim edib Astara stansiyasında Xətt polis məntəqəsinə gətirmişlər. Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl onun müdafiə hüquqlarının təmin edilməsi üçün Astara rayon Vəkil bürosundan vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi video-çəkilişlə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs özü ilə götürdüyü və əlində olan üzərində “Angel” və “Mələk” sözləri yazılmış tünd göy rəngli polietilen torbada yaşılımtıl rəngli, xırdalanmış qurudulmuş, spesfik iyə malik bitki mənşəli kütlə olduğu müəyyən edilmişdir. Torbadakı bitki mənşəli kütlə barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus torbada aşkar edilmiş bitki mənşəli kütlə narkotik vasitə olan marixuanadır, torbadakı narkotik vasitəni elə həmin günü yəni, 13 aprel 2023-cü il tarixdə Astara şəhərində yerləşən Olimpiya Kompleksininin yanında tanımadığı şəxsdən özü qəbul etmək üçün 1000 manata əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş torbadakı bitki mənşəli kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim edilməsi üçün bir ədəd paketə qablaşdırılaraq paketin ağzı “ Azərbaycan Respublikası DİN-nin İmişli st. XPŞ- nin Şirvan st.XPB Zərflər üçün” dairəvi möhrü ilə möhürlənmişdir. Bütün bunlar barəsində protokol tərtib edilərək həmin protokol oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş üzrə təyin edilib keçirilmiş İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 13 aprel 2023-cü il tarixli 19/452 №-li ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində” xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik tərkibli kütlə ’’sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi:-465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3426 №-li rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, həbs olma tarixi xx.xx.2016-cı il olmaqla, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şabran RİHB-nın Şabran şəhəri İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şabran RİHB-nın Şabran şəhəri İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin 15.04 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi-464,9 qram olan çətənə (cannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 464,9 qram olan çətənə (cannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar