Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-123/2023 01.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi – X6, müdafiəçi – Astara rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun iştirakları ilə, xx xxx 1976-cı ildə Hindistan Respublikasında anadan olmuş, Hindistan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(005)-169/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273-2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Hindistan Respublikasının Naura şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 25 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı ibtidai istintaqı aparılan cinayət işi ilə bağlı Azərbaycan Respublikasından çıxışına qadağa qoyulduğu üçün qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhədindən keçə bilmədiyindən, yəni 15 sentyabr 2022-ci il tarixdə, saat 10:54-də X2 Aeroportunda Bakı- Dubay aviareysi ilə X1 getmək istəyərkən saxlanılaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil verilməsi, yenidən 11 oktyabr 2022-ci il tarixdə, saat 17:27-də X2 Aeroportunda Bakı-Küveyt aviareysi ilə Küveyt Dövlətinə getmək istəyərkən saxlanılaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil verilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhəddini keçə bilmədiyini bilmiş, cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə İran İslam Respublikasına, oradan da Türkiyə Respublikasına getmək üçün 22 may 2023-cü il tarixdə, saat 00:45 radələrində “google map” mobil internet xəritə sistemindən istifadə edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Astara rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisinin 15-ci sahəsindən nəzarət-iz zolağı ilə piyada hərəkət edərək, mühəndis-texniki çəpərin üç ədəd məftilini kəsib həmin çəpərdən keçmiş, Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Dayan!” çağırış komandası verildikdən sonra saxlanılmış, bununlada öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 2017-ci ilin iyul ayından işləmək məqsədilə Hindistan Respublikasından Azərbaycan Respublikasına rəsmi yolla gedib gəlmişdir. Sonucu dəfə 2020-ci ilin dekabr ayında qanuni yolla işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmişdir. Üç il Azərbaycan Respublikasının Bakı şəhərində turizm sektorunda çalışmışdır. 2022-ci ilin sentyabr ayında Dövlət Təhlükəsizlik Xidmətində ölkə ərazisində saxta viza satdığı üçün barəsində cinayət işi başlanıldığını öyrənmiş, bundan sonra Hindistan Respublikasından tanıdığı Caqdi adlı şəxslə dörd ay əvvəl danışaraq onu 4500 dollar qarşılığında Türkiyə Respublikası ərazinə qaçaq qismində göndərilməsi üçün razılaşmışdır. Bu səbəbdən Bakı şəhərində Caqdi adlı şəxsə 4500 dollar pul vermişdir. Caqdi ondan pulları almış və onun işini düzəltdiyini, qanuni yolla ölkədən çıxa biləcəyini demiş, özü isə Hindistan Respublikası getmiş və ondan sonra əlaqələri tamamilə kəsilmişdir. 2022-ci ilin oktyabr ayında Azərbaycan Respublikasından Hindistan Respublikasına getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava limanında saxlanılmışdır. Onun ölkədən çıxışına qadağa qoyulduğunu öyrənmişdir. Sonra onu saxlayaraq Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil vermişlər. Bundan sonra onun cinayət işini baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərmişlər. Həbs olunmaqdan qorxduğu üçün və qanuni yolla Azərbaycan Respublikasını tərk edə bilmədiyi üçün qanunsuz yolla Azərbaycan Respublikasından getmək istəmişdir. Buna görə də Bakı şəhərində “20 Yanvar” deyilən ərazidən taksiyə minərək “google maps” proqramı vasitəsilə İran İslam Respublikasına getmək məqsədilə Astara rayonu ərazisinə getmişdir. Astara rayonu ərazisində taksidən düşdükdən sonra məkanın göstərdiyi kimi 15-20 dəqiqə getdikdən sonra tikanlı məftillər görmüş, məftillər köhnə və çürümüş olduğu üçün məftillərin bir neçəsini əli ilə qırmış və məftilləri keçdikdən sonra sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin N saylı sərhəd komendantlığının komendantı vəzifəsində xidmət edir. 22 may 2023-cü il tarixdə dövlət sərhədinin pozulacağı barədə daxil olan əməliyyat məlumatı əsasında, həmin gün saat 00:00-dan etibarən 14-cü sərhəd zastavasının 15-ci sahəsi istiqamətində özü, baş leytenant Şahid3 və kapitan Şahid1 ilə birlikdə “Pusqu” sərhəd naryadı xidmətini təşkil etmişlər. Xidmətdə olduqları zaman 22 may 2023-cü il tarixdə, saat 00:45 radələrində bir nəfər şəxsin sərhəd məftilini kəsərək Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkətini müşahidə etmişlər. Həmin şəxsə özü və kapitan Şahid1 tərəfindən “Dayan!” çağırış komandası verildikdən sonra saxlanılmışdır. Ərazidə axtarış tədbirləri keçirildikdən sonra saxlanılan şəxs sərhəd zastavasına aparılmışdır. Daha sonra həmin şəxsin Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X4 Sıngh) olduğu və Azərbaycan Respublikasından İran İslam Respublikasına qanuni yolla gedə bilmədiyi üçün dövlət sərhədini pozduğunu bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:
1. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi tərəfindən tərtib olunmuş 22 may 2023-cü il tarixli «hadisə yerinə baxış» protokolundan görünür ki, Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X4 Sıngh) oğlu 22 may 2023-cü il tarixdə dövlət sərhədini Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz yolla keçməyə cəhd etdiyi ərazini göstərmiş və həmin ərazi N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 15-ci sahəsi olmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri vəzifələrini müvəqqəti icra edən mayor Elməddin Əsədovun 22 may 2023-cü il tarixli məktubundan görünür ki, 22 may 2023-cü il tarixdə dövlət sərhədini Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edən şəxs - Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X4 Sıngh) oğlu sərhəd naryadı tərəfindən saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(005)-169/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273-2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Eyni zamanda həmin hökmlə Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun barəsində hazırki cinayət işi ilə bağlı Bakı şəhər Səbayıl Rayon Məhkəməsinin 4(009)-345/2023 saylı, 23 may 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu hazırkı cinayət işi üzrə törətdiyi cinayət əməlini Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(005)-169/2023 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də ona resedivə görə cəza təyin edilməməli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(005)-169/2023 saylı hökmü ilə təyin edilən cəza, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə cinayətlərin məcmusu üzrə toplamaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 4(009)-345/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 may 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 22 may 2023-cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (X3 Sınqh) oğluna təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(005)-169/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs (X3 Sınqh) oğluna təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlunun cəzasının əvvəli 22 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs (X3 Sınqh) oğlu əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs (X3 Sınqh) oğluna hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov