Məhkəmə qərarları › İş №1(018)-123/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-123/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-123/2024 02.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs – (31 avqust 1986-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, idman müəllimi işləyən, Masallı şəhəri Həzərxan Səmədov küçəsi 25 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Astara şəhəri İdman kompleksində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən bir dəfə yumruqla zərbə vuraraq, ona burun nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Masallı rayon Uşaq İdman-Şahmat Mərkəzində idman müəllimi işləyir. Gəncləri müxtəlif vaxtlarda müxtəlif yerlərə idman yarışına aparırlar. 02 sentyabr 2024-cü il tarixdə işlədiyi idman məktəbindən gəncləri zona üzrə yarışa Astara şəhərində yerləşən İdman kompleksinə gətirmişdir. Həmin vaxt tanıdığı Zərərçəkmiş şəxs da öz idmançılarını yarışa gətirmişdir. Həmin gün, saat 10 radələrində idman yarışı başlamış və saat 15 radələrində yariş başa çatmışdır. Yarış bitəndən sonra idmançılar idman zalından çıxmış, saat 15:30 radələrində Samirlə idman zalında durub yarışı müzakirə etmişlər. Bu zaman Samir ona “sən yarışa tələb olunan yaşdan yuxarı yaşı olan idmançıları da gətirmisən” deyə iradını bildirmiş, Samirə “mənim idmançıramın hamısı tələb olunan yaşa uyğun olan idmançılardır” deyə cavab vermişdir. Bu zaman aralarında baş verən mübahisə zamanı əsəbiləşmiş və bir dəfə yumruqla Samirin üz nahiyəsinə zərbə vuraraq oradan uzaqlaşmışdır. Baş vermiş hadisə zamanı orada kənar şəxs olmamış, hadisə ani baş vermiş və 2-3 dəqiqə çəkmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi ilə razıdır, o da cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Birlikdə idman müəllimi işləyirlər. 02 sentyabr 2024-cü il tarixdə işlədiyi idman məktəbindən gəncləri zona üzrə yarışa Astara şəhərində yerləşən İdman kompleksinə gətirmiş, həmçinin Təqsirləndirilən şəxs da öz idmançılarını yarışa gətirmişdir. Saat 10 radələrində idman yarışı başlamış, saat 15 radələrində yariş başa çatmışdır. Yarış bitəndən sonra idmançılar idman zalından çıxmış, saat 15:30 radələrində Cavadla idman zalında durub yarışı müzakirə etmişlər. Həmin vaxt Cavada “sən yarışa tələb olunan yaşdan yuxarı yaşı olan idmançıları da gətirmisən” deyə iradını bildirmiş, bu zaman onun dediyi söz Cavadın xoşuna gəlmədiyi üçün aralarında mübahisə baş vermişdir. Baş verən mübahisə zamanı Cavad əsəbiləşib bir dəfə yumruqla onun üz nahiyəsinə zərbə vurmuş və oradan uzaqlaşmışdır. Buna görə də Astara RPŞ-nə gəlib şikayət etmişdir. Dava-dalaş zamanı orada kənar şəxslər olmamış, hadisə ani baş vermiş və 2-3 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edib, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəyən zərəri tamamilə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından sonuncu onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. O, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsinə razıdır və bunu məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 308 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində – burun nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsüində əmələ gələ bilərdi, müddəti tibbi sənəddə göstərilən tarixə 02 sentyabr 2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən 12 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı rayon İHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı rayon İHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Masallı şəhərində yaşayır. Dövlət ittihamçısı çıxışında tərəflərin barışdıqlarının, şikayət vermiş şəxsə cinayətlə vurulan ziyanın ödənilməsinin nəzərə alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs ilə barışmalarını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar