Məhkəmə qərarları › İş №1(018)-124/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-124/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-124/2023 10.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə xx xxxx 1977-ci ildə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə, saat 03 radələrində tanışı Astara rayonu Pensər kənd sakini Zərərçəkmiş şəxs Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evinə qonaq getdikdən sonra sonuncunun evin eyvanının girişində, karton qutunun altında pul gizlətdiyini görüb, özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə, saat 16 radələrində karton qutunun altından 3000 (üç min) manat məbləğində pulu götürüb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu, Mamusta kəndində yaşayır. Astara rayonu Pensər kənd sakini Zərərçəkmiş şəxs tanıyır, dostudur. Onunla Pensər kəndində yerləşən bazarda bir yerdə işləmişlər. 26 aprel 2023-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək Astara rayonu Pensər kəndindəki kafeyə çağırmışdır. Kafedə Valehlə yemək yemiş və spirtli içki qəbul etmişlər. Orada Zərərçəkmiş şəxs bankdan 5000 manata yaxın kreditə pul götürməsini bilmişdir. O, 27 aprel 2023-cü il tarixdə saat 03 radələrində Valehin evinə gəlmişdir. Həmin gecəni Valehgildə qalmış, səhər saat 08 radələrində Valeh onu yuxudan oyadıb, araq aldığını bildirib, araq içməyi təklif etmişdir. Həmin vaxtı Valehin evində fəhlə kimi işləyən 2 nəfər şəxslə içki içmişdir. Sonra Valeh araq almaq üçün mağazaya gedərkən döşəmənin üzərindəki örtüyün altından bankdan kreditə götürdüyü pulları çıxarıb, az bir miqdar pulu cibinə qoymuş və otağı tərk etmişdir. Valehin haraya getdiyini görmək üçün pəncərəyə yaxınlaşmış və Valehin qalan pulu evin eyvanının girişində karton qutunun altında qoyduğunu görmüşdür. Bundan sonra yenə də yerində uzanmışdır. Valehin evi tərk etməsindən bir neçə dəqiqə keçdikdən sonra, fəhlələr də evlərinə getmişlər və o, evdə tək qalmışdır. Həmin vaxtı pulu olmadığına və ona pul lazım olduğuna görə Valehin evindən pulu oğurlamaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, Valehin onunla yaxın münasibəti var və Valeh onun oğurluq etməyindən şübhələnməz. Buna görə də otağı tərk edib, eyvanın girişində, karton qutunun altından pulları götürmüşdür. Pulları saydıqda oğurladığı pulun 1300 manat olduğunu müəyyən etmişdir. Pulları oğurladıqdan sonra Valehin evini tərk edib, evinə gedib, 1000 manat pulu arvadı Nazimə Qurbanovaya vermiş ki, pulu saxlasın. Qalan pulu isə üzərində saxlayıb, Masallı rayonunda usta işlədiyi yerə getmişdir. 29 aprel 2023-cü il tarixdə Masallı rayonunda olduğu zaman Astara RPŞ-nin əməkdaşları yaxınlaşıb, izahat verməkdən ötrü onu polis şöbəsinə dəvət etmişlər. Astara RPŞ-də Valehin evindən oğurluq edilməsi ilə bağlı ondan izahat alınmış və törətdiyi əməli etiraf etmişdir. 30 aprel 2023-cü il tarixdə polislər onu yaşadığı evə aparmışlar və oğurladığı pulu polis əməkdaşlarına təqdim etmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Bütün bunları nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evində tək yaşayır, ailə üzvləri Bakı şəhərində yaşayır. Babayev X2 rayonu Mamusta kənd sakinidir, dostudur. 01 aprel 2023-cü il tarixdə təqaüd almaq hüququ qazanmış, ilk təqaüdünü 13 aprel 2023-cü il tarixdə almış, 26 aprel 2023-cü il tarixdə "xxxx" ASC-nin Astara rayon filialından kreditlə 5000 manat məbləğində pul götürmüşdür. 26 aprel 2023-cü il tarixdə saat 18 radələrində şam yeməyi yeməkdən ötrü tanışları ilə Astara rayonu Pensər kəndində yerləşən kafedə görüşmüşlər. Yemək yeyən zaman Təqsirləndirilən şəxs kafeyə gəlmiş, birlikdə oturub yemək yemişlər. Yemək yeyərkən kredit götürdüyünü, bununla bağlı qonaqlıq verdiyini demişdir. Həmin gün təxminən saat 22 radələrində yaşadığı evə getmişdir. 27 aprel 2023-cü il tarixdə saat 03 radələrində Fikrət evinə gəlmiş, mobil telefonunu ona verərək telefonunu kafedə unutduğunu demişdir. Fikrət həmin gecə onun evində qalmışdır. Növbəti gün səhər saat 08 radələrində, həmkəndlisi Şahid3 Yəğanəli oğlu onun evinə fəhlə kimi işləməyə gəlmiş və ot biçməyə başlamışdır. Təxminən saat 08:30-da bazarlıq etmək üçün evini tərk etmiş, yolda uzaq qohumu Şahid4 ilə qarşılaşmışdır. Zamiri də evinə dəvət etmiş, kənddəki mağazaların birindən 1 butulka araq, çörək və başqa ərzaq məhsulları alıb, evinə gəlmişdir. Sonra otaqda yatan Fikrəti yemək yeməyə dəvət etmişdir. Lakin Fikrət yatmaq istədiyini bildirmişdir. Kreditə götürdüyü 5000 manat puldan 1900 manat xərcləmiş və onun 3100 manat pulu qalmışdır. Həmin pulu Fikrətin yatdığı otaqda döşəmənin üzərinə örtdüyü örtüyün altında gizlətmişdir. Həmin gün saat 11 radələrində yataq otağına daxil olub Fikrətin gözlərinin bağlı olduğunu gördüyündən dərhal örtüyün altından bütün pulları götürüb cibinə qoymuşdur. Həmin puldan 100 manat pulu cibinə salmış, qalan 3000 manat pulu isə evin girişində, evin eyvanında qoyulmuş karton qutunun altında gizlətmişdir. Yenidən mağazaya gedib, araqla siqaret alıb, taksi ilə evinə göndərmişdir ki, Əkbərəliyə versinlər. Həmin gün, təxminən saat 19 radələrində yaşadığı evə gəlmiş, evə gəldikdə Fikrətin evdə olmadığını görmüşdür. Fikrətin pullarını oğurlayacağını fikirləşib, dərhal karton qutunun altına baxmış və 3000 manat pulunun yerində olmadığını görmüşdür. Sonra isə baş vermiş oğurluq hadisəsi ilə bağlı Astara RPŞ-nə məlumat vermişdir. Məlum olmuşdur həmin 3000 manat pulu Təqsirləndirilən şəxs oğurlamışdır. Sonra Təqsirləndirilən şəxs ona 1200 manat pul ödəmiş, qalan 1800 manat pulu isə ödəməmişdir. Buna baxmayaraq onunla aralarında razılaşmışlar ki, Fikrət tutulmasa işləyib pulun qalan hissəsini də ödəyəcəkdir. Bu səbəbdən də Fikrətin tutulmasını istəmir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs uzaq qohumudur, həmçinin qonşuluqda yaşayır. 27 aprel 2023cü il tarixdə, səhər saatlarında Valehlə küçədə rastlaşmış, Valeh həmkəndliləri Şahid3 Yəğanəli oğlunun evində olduğunu, həyəti səliqəyə saldığını bildirib, ondan da köməklik etməyini istəmişdir. Təqsirləndirilən şəxs da orada olmuşdur. Valehin evində Əkbərəli və Valehlə birlikdə yemək yemiş, Valeh evinin yataq otağına daxil olub, Fikrəti yeməyə dəvət etmişdir. Fikrətin yemək yeməyə gəlməmişdir. Valeh yenə də mağazaya gedib spirtli içki almış, sonra isə həmin içkini evə gətirmişdir. Valeh araq alıb gətirdikdən sonra evə daxil olmuş, sonra isə çıxıb getmişdir. Təqsirləndirilən şəxs həyətə düşmüş, onunla və Əkbərəli ilə yemək yeyib spirtli içki qəbil etmişdir. İkinci dəfə araq içdikdən sonra o, Valehin evini tərk edərək getmişdir. Növbəti gün Valeh ona Fikrətin evindən 3000 manat məbləğində pul oğurladığını demişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da məhkəmə iclasında əsasən Şahid4 ilə eyni məzmunlu ifadə verməklə onuun göstərdiyi xüsusatları bir daha da təsdiq etdilər. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 29 aprel 2022-ci il tarixli “hadisə yerinə baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Astara rayonun Pensər kəndində Zərərçəkmiş şəxs yaşadığı evdir. Ev bir mərtəbəlidir, Zərərçəkmiş şəxs həmin evdə tək yaşayır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 27 aprel 2023-cü il tarixdə onun evində qonaq olan Təqsirləndirilən şəxs evin eyvanının girişində, karton qutunun altında gizlətdiyi 3000 manat pulu oğurlamışdır. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 30 aprel 2022-ci il tarixli “baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, Astara rayonun Pensər kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdən 3000 manat pulu oğurlamaqda şübhəli bilinən Lənkəran rayonu Mamusta kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən 1300 manat pul oğurladığını, həmin pulun 400 manatını xərclədiyini, 900 manatını isə Astara rayonu Ərçivan qəsəbəsində kirayədə yaşadığı evdə saxladığını bildirdiyindən Astara rayonu Ərçivan qəsəbəsində yerləşən həmin evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs evdə olan çarpayının üzərindəki döşəyin altında saxladığı 900 manat pulu təqdim etmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Lənkəran rayonu İcra Hakimiyyəti Başçısının Lənkəran rayon Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinə əlavə edilən Lənkəran rayonu İcra Hakimiyyəti Başçısının Lənkəran rayon Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş 18 may 2023-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Babayev X2 rayon Mamusta kənd qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Cinayət işinə əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilən 06 may 2023-cü il tarixli “şühbəli şəxsin tutulması haqqında protokoldan” məlum olur ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 19:30-da şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilən 08 may 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında qərardan” məlum olur ki, Təqsirləndirilən şəxs haqqında 08 may 2023-cü il tarixdə saat 17:40-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə, saat 03 radələrində tanışı Astara rayonu Pensər kənd sakini Zərərçəkmiş şəxs Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evinə qonaq getdikdən sonra sonuncunun evin eyvanının girişində, karton qutunun altında pul gizlətdiyini görüb, özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə, saat 16 radələrində karton qutunun altından 3000 (üç min) manat məbləğində pulu götürüb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin bir hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəməsini cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Astara və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə, Lənkəran rayon Mamusta kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda qeydiyyatda olmaqla, yaşadığı Lənkəran rayon Mamusta kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 08 may 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məhkəmədə mülki iddia qaldırmaq hüququ olması izah edilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 02 (iki) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayon Mamusta kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məhkəmədə mülki iddia qaldırmaq hüququ olması izah edilsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar