Məhkəmə qərarları › İş №1(018)-124/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-124/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-124/2025 04.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə xx.xx.2002-ci il tarixdə Əfqanıstan İslam Respublikası Bamyan şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Əfqanıstan İslam Respublikası Bamyan şəhərində qeydiyyatda olmaqla, İran İslam Respublikası Qum şəhərində yaşayan, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə və xx.xx.1999-cu il tarixdə Əfqanıstan İslam Respublikası Bamyan şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Əfqanıstan islam Respublikası Bamyan şəhərində qeydiyyatda olmaqla, İran İslam Respublikası Qum şəhərində yaşayan, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1, həmyerlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikasına qanunsuz olaraq keçib, oradan Avropa ölkələrinə getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 iyul 2025-ci il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Astara çayını keçib qəsdən, qanunsuz olaraq iran islam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, daha sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2, həmyerlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasına qanunsuz olaraq keçib, oradan Avropa ölkələrinə getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 iyul 2025-ci il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Astara çayını keçib qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, daha sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı aşağıdakı ardıcıllıqla təhlil edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, o, 2002-ci ildə Əfqanıstan İslam Respublikası Bamyan şəhərində anadan olmuş, doğulduqdan bir neçə ay sonra yaşamaq üçün ailəsi ilə birlikdə İran İslam Respublikasının Qum şəhərinə köçmüşdür. Almaniyada yaşayan xalalarının yanına getməyi planlaşdımıışdır. Bu məqsədlə o, 2025-ci ilin İyul ayında Qum şəhərində yaşayan qohumu Qasimi Rza ilə danışıb razılaşmışlar. Belə ki, Qasimi də həyat yoldaşının yaşadığı Hollandiya dövlətinə getmək istədiyini ona bildirmişdir. Onlar qeyri-qanuni yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmək oradan isə Gürcüstana, oradanda Hollandiya və Almaniya getmək qərarına gəlmişlər. Bu məqsədlə onlar xx.xx.2025-cı il tarixdə Qum şəhərindən çıxaraq İranın Astara şəhərinə getmişlər. Orada smart tipli mobil telefonlarında olan “Google maps" proqramı vasitəsilə Azərbaycan Respublikası ilə İran islam Respublikası arasındakı dövlət sərhədinə yaxınlaşmışlar. Havanın qaralmasını və ərazinin sakit olmasını gözləmişlər. Onlar ərazidə hər iki dövlətin hərbi qulluqçuların olmadığından əmin olduqdan sonra Astara çayını Qasimi ilə birlikdə keçərək qeyri-rəsmi yolla Azərbaycan Respublikası ərazisinə daxil olmuşlar. Onlar Azərbaycan Respublikası ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra hərbiçilər tərəfindən saxlanılmışlar. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, səmimi etirafını, cavanlığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə istintaqı zamanı tərcüməçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1999cu ildə Əfqanıstan İslam Respublikası Bamyan şəhərində anadan olmuş, orta təhsilini Bamyan şəhərində almışdır. 2021-ci il tarixdə Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanistan İslam Respublikasından anası, bacısı və qardaşı ilə İran İslam Respublikasına getmişlər. Bir müddət yaşadıqdan sonra İran İslam Respublikasından deport olunmuşdur. Əfqanistan İslam Respublikasına qayıtmaq istəmədiyindən Holandiyada yaşayan həyat yoldaşının yanına getməyi planlaşdırmışdır. Qum şəhərində yaşayan qohumu Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən tez bir zamanda hər hansı bir yolla Avropaya getmək qərarına gəlmişlər. O, Hollandiyaya, qohumu isə Almaniyaya getmək istəmişdir. Çünki Rza da Almaniyada yaşayan xalasının yanına işləməyə getməyə çalışmışdır. Onlar qeyri-qanuni yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmək qərarına gəlmişlər. Belə ki, Azərbaycandan da Avropaya getmək istəmişlər. Bu məqsədlə onlar xx.xx.2025-cı il tarixdə Qum şəhərindən çıxaraq İranın Astara şəhərinə getmişlər. Burada smart tipli mobil telefonlarında olan “Google maps" proqramı vasitəsilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı dövlət sərhədinə yaxınlaşmışlar. Havanın qaralmasını və ərazinin sakit olmasını gözləmiş, onlar ərazidə hər iki dövlətin hərbi qulluqçuların olmadığından əmin olduqdan sonra Astara çayını birlikdə keçərək qeyri-rəsmi yolla Azərbaycan Respublikası ərazisinə daxil olmuşlar. Onlar Azərbaycan Respublikası ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra hərbiçilər tərəfindən saxlanılmışlar. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, səmimi etirafını ,cavanlığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DSX-nın “N” saylı sərhəd zastavasının əsgəridir. Xidmət apardığı xx.xx.2025-ci il tarixdə saat 00:00-dan saat 05:00-dək növbətçi opetarot xidmətinə təyin olunmuşdur. O xidmətinin təşkili zamanı saat 04:04 radələrində 16-cı sərhəd zastavasının 5-ci sahəsində quraşdırılmış “stasional” tipli müşahidə kamerasında 5-ci sahədə 143 №-li sərhəd nişanından 500 metr sağa, dövlət sərhəd xəttindən 200 metr aralıda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq 2 nəfərin hərəkət etdiyini müşahidə etmişdir. O dərhal bu barədə aidiyyəti üzrə sərhəd zastavasında cavabdeh cavabdehlik xidmətini təşkil edən cənab leytenant Şahid1 məruzə etmişdir. Daha sonra sərhəd zastavasının şəxsi heyəti “Həyəcan” komandasına qalxmış və həmin istiqamətdə hərəkət edərək 2 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşlarını saxlamışlar. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DSX-nın “N” saylı zastavasının rəis müavinidir. xx.xx.2025-ci il tarixdə zastava cavabdehi olduğu zaman saat 04:04 radələrındə növbətçi operator xidmətini təşkil edən əsgər Şahid2 ona 2 nəfər sərhəd pozucusunun 5-ci sahədə müşahidə edildiyini məruzə etmişdir. O, dərhal bu barədə zastava rəisi vəzifəsini müvəqqəti icra edən baş leytenant Nadir Mustafayevə məruzə etmişdir. Daha sonra şəxsi heyət "Həyəcan” komandasına qaldırılmış və N.Mustafayevin rəhbərliyi altında əraziyə doğru hərəkət edilmişdir. Təqribən saat 04:10 radələrlındə həmin istiqamətdə 2 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşlarını saxlamışlar.Həmin şəxslərin zalda əyləşən təqsirləndirilən şəxslərin olduğunu bir daha təsdiq etmişdir. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (səhifə 5-6) “N” nömrəli hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 30 iyul 2025-ci il tarixli, 3-38/2-16/2780/25 nömrəli məktubundan və sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra edən baş leytenant Nadir Mustafayevin 30 iyul 2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:04 radələrində 16-cı sərhəd zastavasının 5-ci sahəsində 2 nəfər sərhəd pozucusunun İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə nəzarət iz zolağına keçməsi və hərəkət etmələri müşahidə olunmuşdur. Saat 04:05 radələrində sərhəd zastavası və sərhəd komendaturası silaha komandasına qalxaraq hadisə baş vermiş yerə hərəkət etmiş, müvafiq istiqamətlər qapadılmışdır. 5-ci sahədə, 143№ li sərhəd nişanından 500 metr sağa, dövlət sərhəd xəttindən 200 metr aralıda saat 04:10 radələrində 2 nəfər sərhəd pozucu qismində saxlanılmış və sərhəd zastavasına gətirilmişdir. Sərhəd pozucuların üzərlərinə və çantalarına baxış zamanı 2 ədəd samsung markalı telefon, 2 ədəd adapter, 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qol saatı, 1 ədəd bank kartı, 6 konvalut müxtəlif ağrıkəsici dərman, 1 falakon vitamin, 445 ABŞ dolları, 29 600 000 İran rialı, şəxsi gigiyena və geyim əşyaları aşkar olunmuşdur. İlkin dindirilmə zamanı saxlanılan sərhəd pozucuların Əfqanistan İslam Respublikası vətəndaşları xx.xx.1999-cu il təvəllüdlü X16 və xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 olmaları müəyyənləşmişdir. İş materiallarında olan (səhifə 35-36) 30 iyul 2025-ci il tarixli Dövlət sərhədinin pozulduğu əraziyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və X5 rayonunun Rüdəkənar kənd ərazisində yerləşən 16-cı sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində saxlandıqları ərazini göstərərək bildirdilər ki, dövlət sərhədini pozduqları ərazidir və həmin yeri əl işarələri ilə qeyd etdilər. Qeyd olunan yer 143 №-li sərhəd nişanından 500 metr sağa, dövlət sərhəd xəttindən 200 metr aralı, mühəndis-texniki çəpərdən 8 metr içəridə yerləşən ərazidir. Ərazi meşəlik və kolluq relyefə malikdir. Hadisə yeri olan 5-ci sahədə aparılmış baxış zamanı dövlət sərhədindən mühəndis-texniki çəpərinə gedən yoldakı kolluqlarda za halda əzilmələr aşkar edildi. Həmin vaxtı Əfqanıstan İslam Respublikası vətəndaşları X2 və X13 əzilmələrin həmin ərazidən keçən zaman onlar tərəfindən edildiyi etiraf olundu. Bundan əlavə əraziyə baxış zamanı mühədin texniki çəpərində, nəzarət iz zolağında və sərhədboyu zolağa hər hansı əyilmə, kəsilmə və sair əlamətlər aşkar olunmadı. İş materiallarında olan (səhifə 43) 16-cı sərhəd zastavasının sahəsinin sxemindən görünür ki, sərhədin dəqiq olaraq hansı hissəsindən keçməkləri aşkar təsvir olunmuşdur. Digər prosessual sənədlər; İş materiallarında olan (səhifə 26) 30 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, 30 iyul 2025-ci il tarixdə saat 08:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş X2 inzibati qaydada tutulmuşdur. İş materiallarında olan (səhifə 60) 31 iyul 2025-ci il tarixli şübhəli şəxs qismində tutulmaq haqqında qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində qeyd olunan cinayəti törətməkdə şübhə yarandığından, həmçinin ona tərtdiyi cinayət əməli ilə bağlı ittiham elan edilməsi üçün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (səhifə 127-128) 01 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materialında olan (səhifə 152-155) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-401/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (səhifə 170) xx.xx.2025-ci il tarixli 3-38/1-4536/25 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan (səhifə 25) 30 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, 30 iyul 2025-ci il tarixdə saat 08:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş X13 inzibati qaydada tutulmuşdur. İş materiallarında olan (səhifə 84) 31 iyul 2025-ci il tarixli şübhəli şəxs qismində tutulmaq haqqında qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (səhifə 111-112) 01 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materialında olan (səhifə 156-159) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-400/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (səhifə 171) xx.xx.2025-ci il tarixli 3-38/1-4536/25 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan (səhifə 59) 31 iyul 2025-ci il tarixli anket məlumatların dəqiqləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxslər Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxslərin səmimi etirafı ilə yanaşı şahid ifadələri, baxış və götürmə protokolları, sxemlər tam şəkildə təhlil edilib bir-biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsaslar yoxdur. Cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Qanunvericilik: Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinə əsasən bu Məcəllənin 318.1ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. . Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır.Məhkəmə hesab edir Azərbaycan Respublikasının sərhədlərini pozan şəxslərə qarşı cəza sərt olmalıdır ki ,digər əcnəbi şəxslər bu cür cinayətləri törətməkdən çəkinsinlər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilininib azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzasının əvvəli faktiki tutulduğu vaxtdan, yəni 30 iyul 2025-ci il tarixdən hesablanlanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilininib azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzasının əvvəli faktiki tutulduğu vaxtdan, yəni 30 iyul 2025-ci il tarixdən hesablanlanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xarici ölkə vətəndaşları olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. İş üzrə maddi subut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar