Məhkəmə qərarları › İş №1(018)-125/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-125/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-125/2023 02.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində bu cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda –1,364 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 25 aprel 2023-cü il taixdə saat 08:24 radələrində yaşadığı Astara rayonu Şahağacı kəndində yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən evin otaqlarının birində olan televizor altlığının altından 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,230qr; -0,438; -0,413; -0,283 qram olmaqla ümumi təmiz çəkisi: -1,364 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara rayonu Şahağacı kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 7 il olar ki, narkotik vasitələrdən heroin istifadə etmişdir. Narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən almışdır. 24 aprel 2023-cü il tarixdə günorta saatlarında Lənkəran şəhərindəki stadionun yaxınlığında üzdən tanıdığı bir nəfər şəxsdən 4 ədəd sellofan bükümdə 20 manat narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitələri valideynlərinə heç bir söz demədən yaşadığı evdə televizor altlığının içərisinə qoymuşdur ki, lazım olanda götürüb istifadə edər. 25 aprel 2023-cü il tarixdə təxminən saat 08:20 radələrində fərdi yayış evində olan zaman özlərini təqdim edərək, Astara RPŞ-nin işçiləri onun yaşadığı evin qapısını döyərək, atası Ələddin Məmmədovun evdə olub-olmamasını soruşduqda o, atasının evdə olmadığını bildirmişdir. Daha sonra polis işçiləri Astara rayon məhkəməsinin evdə axtarış aparılması ilə bağlı qərarı ona oxumuşlar və qərarın sürətini ona təqdim etmişlər. O da qərarın sürətini aldıqdan sonra onlar ona evdə axtarış aparılmamışdan əvvəl evdə hər-hansı qanunsuz əşya və ya predmet olması və təqdim edilməsini təklif etmişlər. O da özünə məxsus olan 04 ədəd bükümdə narkotik vasitə olan heroini televizor atlığından götürüb təqdim etmişdir. Müvafiq sənədləşmə aparıldıqdan sonra o, Astara RPŞ-nə aparılmışdır. RPŞ-də xidməti otaqlardan birində Müdafiəçi iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən hər-hansı başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi narkotik vasitə heroin olan kütlələr ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfdə qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-cimaddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Astara rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Astara rayonu Şahağacı kənd sakini Ələddin Məmmədov və onun oğlu Təqsirləndirilən şəxs birlikdə yaşadıqları evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat əldə etdikdən sonra həmin evdə axtarış aparılması üçün Astara rayon Məhkəməsinin həmin qərarına əsasən 25 aprel 2023-cü il tarixdə saat 08 radələrində həmin ünvana getmişlər. Həmin vaxt evdə Ələddin Məmmədov evdə olmasa da, oğlu Təqsirləndirilən şəxs evdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin qərarını elan etdikdən sonra həmin qərara əsasən evdə axtarış aparmalı olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, evdə qanunsuz əşya, o cümlədən narkotik və ya psixotrop maddə varsa, təqdim etsin. Bu təklifdən sonra o, otaqların birində olan televizor altlığının içərisində olan sellofan kəsiyinə bükülmüş 04 ədəd göy rəngli siqaret kağızı bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra həmin bükümlərə baxıldıqda içərisində toz şəkilli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını və öz istifadəsi üçün evində saxlamasını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroinə oxşar kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ora müdafiəçi dəvət olunmuşdur. Daha sonra video görüntü vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra edilmiş hərəkətlər barədə müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmlşdlr. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı X5 da Şahid2 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarından məlum olur ki, X2 Astara rayonu Şahağacı kəndində yerləşən fərdi yaşayış evində və həyətindəki yardımçə tikililərdə axtarış və götürmə istintaq hərəkətlərinin aparılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəis müavini tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 25 aprel 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Ələddin Məmmədov və oğlu Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 aprel 2023-cü il tarixli «axtarış və götürmə aparılması barədə»protokoldan görünür ki, 25 aprel 2023-cü il tarixdə Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Şahağacı kəndində yerləşən evində otaqların birində televizor altlığının altında olan sellofana bükülmüş 04 ədəd göy rəngli siqaret kağızı bükümdə içərisində naroktik vasitə heroin olan kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə 25 aprel 2023-cü il tarixli 19/484 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, - Tədqiqata təqdim edilmiş üzərində: “Astara rayonu Şahağacı kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunmuş 04 bükümdə kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,230 qr; - 0,438 qr; -0,413 qr; -0,283 qram : ümumi təmiz çəkisi -1,364 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: narkotik vasitə heroin təmiz çəkisi 1,364 qram olmuş, 04 ədəd bükümdə kütləsinin hər büküm üçün 0,05 qram olmaqla cəmi 0,2 qram hissə tədqiqata sərf edilmiş və 1,164 qram hissəsi qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 25 aprel 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 27 aprel 2022-ci il tarixli, 476 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokollardan götünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,367 qram olmuş, tədqiqatdan sonra 1,167 qram qalan narkotik vasitə heroin və şəxsi axtarış və evə baxış aparılan zamanı qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 04 may 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və doğum haqqında olan şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla, həmin kəndd yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan təmiz çəkiləri tədqiqatdan sonra 1,167 qram qalan narkotik vasitə heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs cəzasının əvvəlinin 25 aprel 2023cü il tarixdən hesablanmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalan təmiz çəkisi 1,167 qram qalan narkotik vasitə heroin məhv edilsin. Videoçəkilişlərin aparıldığı 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar