Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-131/2023 07.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi və tərcüməçi X3 iştirakı ilə, 23 avqust 1973-cü il tarixdə İran İslam Respublikasının Qəzvin şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Qəzvin şəhəri, Vəliəs xiyabanı, ev 18 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən bir ədəd sellofan bükülüdə 0,098 qram tiryək narkotik vasitəsini əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsüllardan istifadə etməklə idarə etdiyi “Scania” markalı, RS024NX dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, HH422T dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının salonunda yerləşən yataq yerinin üzərində olan çantadakı şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan kiçik ölçülü qara rəngli qabın içərisində gizlədib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedərkən 12 iyun 2023-cü il tarixdə Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə saat 19 radələrində nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə göstərilən yerdən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, 25 ildir yük nəqliyyat vasitəsi sürücü işləyir, adətən beynəlxalq yük daşımalar ilə məşğul olur. “Scania” markalı, RS024NX dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, HH422T markalı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ona məxsus deyildir, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Saxlanıldığı tarixdən təxminən 5 gün əvvəl İran-Azərbaycan sərhədindəki Ləvəndəvil kəndində adını bilmədiyi sürücü “Scania” markalı, RS024NX dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, HH422T markalı qoşqudan ibarət yük nəqliyyat vasitəsinə “soğan” yükü yükləyib nəqliyyat vasitəsini İran İslam Respublikasından Gürcüstana daşınması üçün avtomobil parkına yerləşdirmişdir. O, nəqliyyat vasitəsinin yükləndiyini bildikdən sonra 11 iyun 2023cü il tarixdə parka gedərək açarı oradan götürmüşdür və 12 iyun 2023-cü il tarixdə yol düşərək İran-Azərbaycan dövlət sərhədinə çatıb Azərbaycan Respublikasının Astara Gömrük İdarəsinin idxal xəttinə daxil olmuşdur. O, yoxlama xəttində olarkən tanımadığı gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində, ona məxsus əşyalarda və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o isə öz növbəsində üzərində, ona məxsus əşyalarda və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onun idarə etdiyi yük nəqliyyat vasitəsində xidməti it tətbiq etməklə yoxlama aparmağa başlamış və xidməti it nəqliyyat vasitəsinin dartıcısının kabinəsinə reaksiya vermişdir. Bunun ardınca gömrük əməkdaşı həmin yerə 2 hal şahidi dəvət edərək onun, hal şahidlərinin və başqa bir gömrük əməkdaşının iştirakı ilə nəqliyyat vasitəsinin dartıcısının kabinəsində yoxlama aparmağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində - arxa yataq yerinin üzərində olan çantadakı şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş qara rəngli qabdan şəffaf rəngli sellofana bükülmüş 1 ədəd büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində qara rəngli naməlum maddə olduğu məlum olmuşdur. Bundan sonra həmin maddə onun və hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülmüş və Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağa gətirilərək elektron tərəzidə çəkilmiş, bunun nəticəsində qara rəngli naməlum maddənin qablaşdırması ilə birlikdə ümumi təqribi çəkisinin 0,05 qram olduğu müəyyən edilmiş, yekunda həmin maddə araşdırma ilə əlaqədar qablaşdırılaraq götürülmüşdür. Aşkar olunmuş tiryək narkotik vasitəsi ona məxsus deyildir, həmin maddənin kimə məxsus olmasını bilmir, onun nəqliyyat vasitəsinə “soğan” yükünü yükləmiş adını bilmədiyi sürücüyə məxsus olduğunu güman edir. O, İrandan Azərbaycana keçdikdən sonra Azərbaycan gömrüyündə nəqliyyat vasitəsinin yoxlanması üçün növbə gözləyərkən nəqliyyat vasitəsinin salonunu səliqəyə salmaq istədikdə tiryək narkotik vasitəsinin aşkar edildiyi, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş qara rəngli qabı dartıcının salonunda görüb onun həmin sürücüyə aid olduğunu düşünərək qabı daha sonra həmin sürücüyə qaytarmaq üçün özünə məxsus, qeyd edilən qabın aşkar edildiyi böyük ölçülü çantaya yerləşdirmişdir. O, əslində göstərilən qabın qeyd etdiyi sürücüyə aid olubolmadığını dəqiq bilmir, sadəcə ondan əvvəl nəqliyyat vasitəsini həmin şəxs idarə etdiyindən o, qabın da sonuncuya məxsus olduğunu güman edir. Göstərdiklərini nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun özünü Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində tərsirli bilməməsi, məhkəmə iclasında verdiyi ifadəsi məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə uydurulmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında, cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri və məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizaslarının rəyi ilə tam sübuta yetirilmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, «Astara» Gömrük İdarəsində, Rəsmiləşdirilmə Mərkəzinin 1-ci bölməsində inspektor vəzifəsində işləyir. 12 iyun 2023-cü il tarixdə o, iş bölgüsünə əsasən İdarənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 19 radələrində idarə etdiyi “Scania” markalı, RS024NX dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, HH422T dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Gürcüstana “təzə soğan” yükü aparan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. O, ilk öncə Təqsirləndirilən şəxs ilə şifahi formada sorğu-sual apararaq üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində və əl yükündə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə üstündə, idarə etdiyi yük nəqliyyat vasitəsində və əl yüklərində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hərəkətləri ona şübhə doğurduğu üçün idarə etdiyi yük nəqliyyat vasitəsinə “Cesi” ləqəbli kinoloji xidmət iti tətbiq etməklə yoxlamışdır. Yoxlama zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyindən nəqliyyat vasitəsinə qanunvericiliyə uyğun olaraq gömrük yoxlaması tətbiq edilmişdir. O, iki nəfə hal şahidinin, Şahid2 və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun idarə etdiyi nəqliyyat vasitəsini yoxlayarkən nəqliyyat vasitəsinin kabinəsində - arxa yataq yerinin üzərində olan çantadakı şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş qara rəngli qabdan şəffaf rəngli sellofana bükülmüş 1 ədəd büküm aşkar etmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində qara rəngli narkotik vasitə tiryəkə oxşar maddə olduğu məlum olmuşdur. Həmin tiryəkə oxşar maddə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Höcətulla oğlu ifadəsində göstərdi ki, o, fəhlə kimi Astara gömrüyündə ayrı-ayrı şəxslərin mallarının yüklənibboşaldılmasını həyata keçirməklə günəmuzd işləyir. 12 iyun 2023-cü il tarixdə, təxminən saat 19 radələrində Astara Gömrük İdarəsinin inspektoru Şahid1 onu və onunla birlikdə fəhləlik edən Şahid3 Astara Gömrük İdarəsinin yük idxal xəttinə çağıraraq İran İslam Respublikasından gələn, əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi etdiyi “Scania” markalı, RS024NX dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, HH422T dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsini yoxlayacağını söyləmiş və onlardan həmin yoxlamada hal şahidi qismində iştirak etməyi xahiş etmişdir. Onlar da razılaşaraq yoxlama aparılacağı yerə getmişlər. Onlar həmin yerə getdikdən sonra Şahid1 onu, Şahid4, Təqsirləndirilən şəxs və digər gömrük əməkdaşı Şahid2 iştirakı ilə “Scania” markalı, RS024NX dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, HH422T dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin kabinəsində yoxlama aparmağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində - arxa yataq yerinin üzərində olan çantadakı şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş qara rəngli qabdan şəffaf rəngli sellofana bükülmüş 1 ədəd büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində qara rəngli maddə olduğu məlum olmuşdur. Daha sonra həmin maddə çəkilmiş və 1 ədəd zərfdə qablaşdırılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materillarına əlavə olunmuş “Astara” Gömrük İdarəsində tərtib edilmiş 12 iyun 2023-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, 12 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı “RS024NX/HH422T” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Cesi” ləqəbli kinoloji xidmət iti tətbiq edilmişdir. Kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyindən nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində - arxa yataq yerinin üzərində olan çantadakı şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş qara rəngli qabdan şəffaf rəngli sellofana bükülmüş 1 ədəd büküm aşkar edilmişdir. bükümə baxış zamanı bükümün içərisində qara rəngli narkotik vasitə tiryəkə oxşar maddə olduğu məlum omuşdur. Daha sonra həmin maddə qablaşdırması ilə birgə elektron tərəzidə çəkilmiş, bu zaman onun çəkisinin təxminən 0,05 qram olduğu müəyyən edilmiş, qeyd edilən maddə ardınca qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin materillarına əlavə olunmuş 17 iyun 2023-cü il tarixli, “tiryək narkotik vasitəsinin aşkar edildiyi qaba baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti olan qab qara rəngli süni dəridən hazırlanmışdır, qabın uzunluğu 15 sm, hündürlüyü 9 sm, eni 3 sm-dir, qabın hər birinin ağız hissəsi zəncirbəndlə bağlanan, biri kiçik tutumlu, digərləri isə böyük tutumlu 3 cibi vardır, ciblərin birinin giriş hissəsi qabın ön tərəfində, digər ikisinin giriş hissəsi qabın üst tərəfində yerləşir, giriş hissəsi öndən olan cib kiçik tutumlu, girişləri üst tərəfdən olan ciblər isə böyük tutumludur, qabın üzərində markasını bildirən hər hansı qeyd mövcud deyildir, qabın səthi zədəsizdir, zəncirbəndlərin hər biri işlək vəziyyətdədir. Ön cibə, eləcə də üst tərəfdə yerləşməklə, ön cibə yaxın olan cibə baxış zamanı hər hansı əşya müəyyən edilmədi. Üst tərəfdə yerləşən digər cibə baxış zamanı isə onun içərisindən 1 ədəd ağ rəngli, elektrik yuvasına daxil etmək üçün nəzərdə tutulan qidalandırıcı (adapter başlığı), 1 ədəd ağ rəngli, avtomobillərdə olan elektrik yuvasına daxil etmək üçün nəzərdə tutulmuş qidalandırıcı (adapter başlığı), 1 ədəd ağ rəngli, C tipli (Type C) USB naqili, 1 ədəd boz rəngli, Mikro B tipli (Type Micro B) USB naqili, 1 ədəd ağ-qara rəngli, səs ötürmək üçün istifadə edilən AUX tipli naqil aşkar edilmişdir. Bundan başqa baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən iz və ya əşya aşkar edilməmişdir. Cinayət işinin materillarına əlavə olunmuş 19 iyun 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon “Redmi Note 8” markalı, “M1908C3JGG” modelli olmaqla, sensorludur, smartfondur, işlək vəziyyətdədir, üzərində 1 ədəd +**********15 nömrəli SİM-KART vardır, 1-ci İMEİ **********04267, 2-ci İMEİ isə **********04275-dir, yaddaş kartı yoxdur. Bundan sonra mobil telefonun “Mesajlar”, “Adlar”, “Zənglər” və “Qalareya” bölmələrinə, həmçinin telefonun yaddaşına olan mobil əlavələrə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb etmədən hər hansı məlumat aşkar edilməmişdir. Bundan əlavə tiryək narkotik vasitəsinin aşkar edildiyi qara rəngli qabda müəyyən edilmiş 1 ədəd ağ rəngli, C tipli (Type C) USB naqilinin, 1 ədəd boz rəngli, Mikro B tipli (Type Micro B) USB naqilinin və 1 ədəd ağ-qara rəngli, səs ötürmək üçün istifadə edilən AUX tipli naqilin həmin mobil telefonda istifadə edilməyə uyğun gəlib-gəlməmələri yoxlanılmış, bu zaman 1 ədəd ağ rəngli, C tipli (Type C) USB naqilinin mobil telefonun enerji doldurulması üçün nəzərdə tutulmuş yuvasına, səs ötürmək üçün istifadə edilən AUX tipli naqilin isə telefonda səs ötürmək üçün nəzərdə tutulan yuvaya uyğun gəldiyi məlum olmuşdur. Cinayət işinin materillarına əlavə olunmuş 19 iyun 2023-cü il tarixli “X1 Sistemində sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək dəfələrlə yalnız “Scania” markalı, RS024NX dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, HH422T markalı qoşqudan ibarət yük nəqliyyat vasitəsini idarə edərək getdiyi istiqamətdən asılı olaraq “Astara” və “Qırmızı Körpü” sərhəd nəzarət məntəqələrindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisindən tranzit keçərək İran İslam Respublikasından Gürcüstana və əks istiqamətdə hərəkət etmişdir. O, sonuncu dəfə 12 iyun 2023-cü il tarixdə, saat 19:10-da “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 19/642 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd polietilen paketdəki təmiz çəkisi 0,098 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı 0,098 qram tiryək narkotik vasitəsinin 0,05 qramı sərf edilmiş, qalıq çəki 0,048 qram təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 03 iyul 2023cü il tarixli, 4116 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş «Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına bəyan edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 12 iyun 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 12 iyun 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,048 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kağız qutu məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,048 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-131/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-131/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver