Məhkəmə qərarları › İş №1(018)-134/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-134/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-134/2024 04.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi: X12, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs , Müdafiəçi iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Künər vilayətində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Əfqanıstan İslam Respublikasının Künər vilayətində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, yaşamaq və işləmək üçün Azərbaycan Respublikasına gəlmək məqsədilə 25 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Astara sahil nəzarəti şöbəsinin Astara sahil nəzarəti bölməsinin Astara rayonu ərazisində yerləşən xidməti ərazisində, 1-ci (Astara) sahil nəzarəti bölməsinin sağ cinahında Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavası ilə qovuşma istiqamətində dənizdə üzərək, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, 25 avqust 2024-cü il tarixdə, saat 21:30 radələrində Astara sahil nəzarət şöbəsinin hərbi qulluqçuları tərəfindən 1-ci (Astara) sahil nəzarəti bölməsinin sağ cinahında Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavası ilə qovuşma istiqamətindən təqribən 500 metr solda, Astara rayonunda yerləşən “Yelkən” istirahət mərkəzinin ərazisində saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Əfqanıstan İslam Respublikasında yaşadığı müddətdə ölkədə şəriət rejiminin sərtliyi, o cümlədən maddi vəziyyətinin pis olması səbəbilə fərqli ölkələrə işləmək məqsədilə getmək niyyəti olmuşdur. Belə ki, ailə üzvləri ilə birlikdə 2022-ci ilin sonlarında Pakistan İslam Respublikasına köçmüşlər. Bir müddət Pakistan İslam Respublikasında yaşayıb işlədikdən sonra maddi dolanışığı qənaətbəxş olmadığından yenidən Əfqanıstan İslam Respublikasına qayıdıb, orada İran İslam Respublikasına getmək üçün elektron viza üçün müraciət etmişdir. Əfqanıstan İslam Respublikasına qayıtmasının səbəbi isə o olmuşdur ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı olduğundan Pakistan İslam Respublikasıdan üçüncü ölkəyə, yəni İran İslam Respublikasına getməsi üçün sənədləşmə işlərinin aparılması çətindir. Elektron vizanı əldə etdikdən sonra işləmək məqsədilə 2024-cü ilin iyul ayında İran İslam Respublikasına getmişdir. Həmin müddət ərzində İran İslam Respublikasının Tehran şəhərində plastik bağlamaların istehsalı fabrikində fəhlə işləmişdir. Tehran şəhərində yaşayıb işləsə də maddi vəziyyəti yaxşılaşmadığından, o cümlədən elektron vizasının müddətinin bitməsi səbəbi ilə həyat şəraiti və iş imkanları daha da yüksək olan Azərbaycan Respublikasına işləmək və yaşamaq məqsədilə gəlmək qərarına gəlmişdir. Bundan əlavə, İran İslam Respublikasında yaşayan digər həmyerlilərinin viza müddətinin uzadılması barədə müraciətləri rədd edildiyindən və belə rəddetmədən sonra onların dərhal Əfqanıstan İslam Respublikasına deportasiya edilməsi səbəbi ilə təşvişə düşərək viza müddətinin uzadılması ilə bağlı müraciət etməyə çəkinmiş, həmçinin, maddi vəziyyətində müsbət geri dönüş olmadığından İran İslam Respublikasında yaşamaq və işləmək fikrindən daşınmışdır. Lakin, təyyarə bileti almaq, qalacağı mehmanxanada otaq bron etmək üçün kifayət qədər pulu olmadığına görə, o cümlədən sərhədkeçmə zamanı piyada keçid zolağı vasitəsilə giriş-çıxışda məhdudiyyət tətbiq edildiyindən İran İslam Respublikasından qanunsuz olaraq Xəzər dənizinin sahili boyunca üzərək dövlət sərhədini keçib, Azərbaycan Respublikasına gəlməyi qərarlaşdırmışdır. 24 avqust 2024-cü il tarixdə İran İslam Respublikasından sərhədi keçəcəyi yerə - İran İslam Respublikasının Astara şəhərinin dənizkənarı sahilinə gedərək ümumi olaraq nəzər yetirmiş və nəzarətin zəif olduğu qənaətinə gəlmişdir. Həmçinin, oradan Azərbaycan Respublikası istiqamətində gedəcəyi marşrut xəttini internetdə naviqatorun köməkliyi ilə dəqiqləşdirmişdir. 25 avqust 2024-cü il tarixdə təxminən saat 20 radələrində İran İslam Respublikasının Astara şəhərinin sahilində dənizə girib, Azərbaycan Respublikası istiqamətində üzməyə başlamışdır. Təxminən 1 saat üzdükdən sonra Azərbaycan Respublikasının bayrağını gördükdən sonra artıq əmin olmuşdur ki, Azərbaycan Respublikasının ərazisindədir və dərhal sahilə tərəf üzməyə başlamışdır. Lakin, sahilə çatıb, dənizdən çıxan zaman dərhal hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Evli olduğunu, himayəsində uşaqları olduğunu və törətmiş olduğu əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1-ci Astara sahil nəzarəti şöbəsinin 1-ci Astara sahil nəzarəti bölməsinin rəisi, baş leytenant hərbi rütbəsində xidmət edən Şahid3 ifadəsində göstərmişdir ki, 25 avqust 2024-cü il tarixdə saat 19:30-dan 23:30-dək 1-ci Astara sahil nəzarəti bölməsinin sağ cinahında Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavası ilə qovuşma sahəsində “texniki müşahidə məntəqəsi” xidmətində olan miçman Şahid1 tərəfindən Xəzər dənizində su səthinin video müşahidəsi aparılarkən saat 20:32-də Astara çayının Xəzər dənizinə birləşən hissəsi istiqamətində sahil xəttindən təqribən 100 metr dərinlikdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin üzməsi müşahidə olunmuşdur. Şahid1 bu barədə sahil nəzarəti bölməsinə məruzə etmiş və sahil nəzarəti bölməsi dərhal “Toplanış!” komandası ilə qaldırılaraq sahil xətti boyu ərazinin qapadılması təmin olunmuşdur. Eyni zamanda 16-cı sərhəd zastavası və Astara sahil nəzarəti şöbəsi məlumatlandırılmışdır. Qeyd olunan şəxs 25 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Astara sahil nəzarəti şöbəsinin Astara sahil nəzarəti bölməsinin xidməti ərazisində, 1-ci Astara sahil nəzarəti bölməsinin sağ cinahında Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavası ilə qovuşma istiqamətindən təqribən 500 metr solda, Astara rayonunda yerləşən “Yelkən” istirahət mərkəzinin ərazisində sahilə çıxdıqda Astara SNŞ-nin və Astara SNB-nin mobil qrupu tərəfindən saxlanılaraq şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Saxlanılan şəxs onunla aparılan söhbət zamanı özünü xx xxxxx 1998-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etmiş, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1-ci Astara sahil nəzarəti şöbəsinin sahil nəzarəti üzrə zabiti X4, 1-ci Astara sahil nəzarəti şöbəsinin 1-ci Astara sahil nəzarəti bölməsinin nəzarətçisi Şahid1, 1-ci Astara sahil nəzarəti şöbəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişdirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. X2 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir: İş materialında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadənin 26 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyinə görə saxlanılmışdır. İş materialında olan 26 avqust 2024-cü il tarixli, hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı X1 İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətində Xəzər dənizində dövlət sərhədini pozaraq qeyri qanuni yolla üzərək Azərbaycan Respublikasına gəlmək məqsədilə Azərbaycan Respublikasının ərazi sularına daxil olmuş və 25 avqust 2024-cü il tarixdə saat 21:30 radələrində Astara sahil nəzarəti şöbəsinin 1-ci (Astara) sahil nəzarəti bölməsinin sağ cinahında Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavası ilə qovuşma istiqamətindən təqribən 500 metr solda, Astara rayonunda yerləşən “Yelkən” istirahət mərkəzinin ərazisində sahilə çıxdıqda saxlanılmışdır. İş materialında olan 27 avqust 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disk açıldıqda içərisində “TMM-1” və “TMM-2” adlı videogörüntülər müəyyən edilmişdir. 35 saniyədən ibarət olan “TMM-1” adlı videogörüntüdən müəyyən edilir ki, bir nəfər şəxs dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Xəzər dənizi ilə İran İslam Respublikasından dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikası istiqamətində üzməkdədir. Bununla da həmin videogörüntü yekunlaşmışdır. 10 saniyədən ibarət olan “TMM-2” adlı videogörüntüdən müəyyən edilir ki, bir nəfər şəxs Xəzər dənizində suyun səthini tərk edərək sahilə tərəf çıxmışdır. Bununla da həmin videogörüntü yekunlaşmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “TMM-1” və “TMM-2” adlı videogörüntülərdəki şəxs onun özüdür. 25 avqust 2024-cü il tarixdə təxminən saat 20 radələrində İran İslam Respublikasının Astara şəhərinin sahilində dənizə girib, Azərbaycan Respublikası istiqamətində üzməyə başlamışdır. Təxminən 1 saat üzdükdən sonra Azərbaycan Respublikasının bayrağını gördükdən sonra artıq əmin olmuşdur ki, Azərbaycan Respublikasının ərazisindədir və dərhal sahilə tərəf üzməyə davam etmişdir. Lakin, sahilə çatıb, dənizdən çıxan zaman hərbi qulluqçular tərəfindən saxlanılmışdır İş materialında olan 5 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 26 avqust 2024-cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar