Məhkəmə qərarları › İş №1(018)-136/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-136/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-136/2025 16.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum edilməmiş, Astara rayonu, Siyaku kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə 26 iyul 2025-cü il tarixdə, saat 21 radələrində qohumu, həmçinin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus Astara rayonu, Siyaku kəndində yerləşən yaşayış sahəsi sayılan fərdi yaşayış evinə yaxınlaşıb, evin ikinci mərtəbəsinə bitişən balkona dırmaşaraq balkonun qapısına fiziki müdaxilə edib, içəriyə qanunsuz daxil olduqdan sonra evin birinci mərtəbəsində yerləşən mətbəxdə olan dolabın gözündən, meyvə qabının içərisindən 400 manat dəyərində 583 əyarlı 4.00 qram çəkidə 01 cüt qızıl sırğa, 1000 manat dəyərində 583 əyarlı 9.0 qram çəkidə 1 cüt qızıl sırğa, 500 manat dəyərində 4.0 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük, 300 manat dəyərində 3.0 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük, hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 60 manat olan, bijuteriya əşyaları hesab edilən 1 ədəd qızılı rəngli boyunbağı, 1 ədəd qızılı rəngli bilərzik və 1 ədəd qızılı rəngli üzüyü, dolabın digər gözündən, çaydanın içərisindən 330 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2590(iki min beş yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Siyaku kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Astara və Lənkəran rayonlarında fəhləlik etməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır, ögey əmisi oğludur, yaşadığı evə gedən yol Zərərçəkmiş şəxs həyətindən keçir, bir neçə dəfə onların evinə gedəndə artıq onların pulları və qızılları harada saxlamaları barədə təxmini məlumatı varmış, 26 iyul 2025-ci il tarixdə, saat 21 radələrində yaşadığı evə gedən zaman Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə avtomobili ilə harasa getdiklərini görmüş, həmin vaxt spirtli içkinin təsirində olmuş, eyni zamanda pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmiş, yaşadığı ev istiqamətində getmiş, həyətə həyət qapısını açaraq daxil olmuş, Zərərçəkmiş şəxs evi istiqamətində getmiş, evin giriş qapısı bağlı olduğundan balkona qalxmış, balkondan evə giriş qapsı açıq olmuş, oradan evə daxil olmuşdur. Sonradan qızıl və pulların saxlandığı yeri təxminən bildiyi üçün birinci mərtəbəyə düşərək mətbəxə daxil olmuş, mətbəxdə dolabın gözlərini axtarmış və ilk öncə dolabda olan çaydanın içərisində pul olduğunu görüb həmin pulları götürmüş, lakin həmin pulları götürən zaman saymamış, bundan sonra yenidən dolabı axtarmış və digər gözündə meyvə qabının içərisində qızıl-zinət əşyaları olduğunu görüb onları da götürüb əynində olan şalvarın cibinə qoymuş, daha sonra balkon vasitəsilə evi tərk edərək yaşadığı evə getmiş, qızıl-zinət əşyalarını və pulları əvvəlcə ailə üzvlərimdən xəbərsiz yataq otağında çəkməcənin içərisinə qoymuş, sabahısı gün polislərin Zərərçəkmiş şəxs evin gəldiyini görüb həmin qızıl və pulları yaşadığı evin axrasında divarın içərəsində boşluq olan yerdə gizlətmişdir. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Astara rayonu, Siyaku kəndində yerləşən fərdi yaşayış evində yaşayır, 26 iyul 2025-ci il tarixdə, saat 21 radələrində ailə üzvlərilə birlikdə Abşeron istirahət mərkəzinə getməkdən ötrü yaşadıqları evdən çıxmış, evdən çıxan zaman evin giriş qapısını açarla bağlamış, sonra da idarə etdiyi avtomobil ilə həyətdən çıxaraq Abşeron istirahət mərkəzinə getmiş, həyətdən çıxan zaman həyətin giriş qapsını kilidləməmiş, çünki qonşuya yol onun həyətindən keçirmiş, saat 23:45 radələrində yaşdığı evə qayıtmış və evdə hər hansı bir əşya yerini dəyişmədiyindən həmin vaxt evə oğru girməsinin fərqinə varmamışlar, 27 iyul 2025-ci il tarixdə səhər saat 08 radələrində evdə olmayan vaxtı həyat yoldaşı Şahid1 ona zəng edərək bazara getmək istədiyini bildirmiş, ona pul götürüb getməsini bildirmiş, həmin vaxt Nuranə 330 manat pulu saxladığı yerə, məbəxdə dolabın içərisindəki çaydanın içərisinə baxdıqda orada pul olmadığını görüb oğurluq hadisəsinin baş verməsindən şübhələnərək qızılları saxladığı yerə də baxmış və 2 cüt qızıl sırğa və 2 ədəd qızıl üzüyün qoyduğu yerdə olmadığını görüb artıq evdə oğurluq hadisəsi baş verməsini aşkar etmiş, həmin vaxt onunla əlaqə saxlamağa cəhd etsə də olduğu yerdə dalğa olmadığından əlaqə saxlaya bilməmiş, axşam saat 19 radələrində yaşadığı evə gələndə ona bu barədə bildirmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümümilikdə 2590 manat məbləğində maddi ziyan dəymiş, belə ki, qızıllarının ümümilikdə qiyməti 2200 manat olmuş, bundan başqa qızılların yanında qızıl olmayan, 60 manat dəyərində bijuteriya kimi istifadə olunan 1 ədəd boyunbağı, 1 ədəd bilərzik və 1 ədəd üzük olmuş, əlavə olaraq da 330 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Təqsirləndirilən şəxs qohumudur, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyul 2025-ci il tarixdə, saat 21 radələrində ailə üzvlərilə birlikdə Abşeron istirahət mərkəzinə getməkdən ötrü yaşadıqları evdən çıxmış, evdən çıxan zaman evin giriş qapısını açarla bağlamışlar, sonra da əri Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə həyətdən çıxaraq Abşeron istirahət mərkəzinə getmişlər, həyətdən çıxan zaman həyətin giriş qapsını kilidləməmiş, çünki qonşuya yol onların həyətindən keçirmiş, saat 23:45 radələrində yaşdığı evə qayıtmışlar, evdən hər hansı bir əşya yerini dəyişmədiyindən həmin vaxt evə oğru girməsini bilməmiş, 27 iyul 2025-ci il tarixdə səhər saat 08 radələrində bazara getmək üçün əri Kamranla danışmış və Kamran da ona mətbəxdə dolabın gözündəki çaydanın içərisində saxladıqları puldan götürüb bazara gedə biləcəyini demiş, mətbəxdəki dolabın yanına gedib çaydandan pul götürmək istəyəndə pulun orada olmadığını görmüş və oğurluq hadisəsinin baş verməsindən şübhələnərək qızılları saxladığı yerə də baxmış, 2 cüt qızıl sırğa və 2 ədəd qızıl üzüyü qoyduğu yerdə olmadığını görüb artıq evdə oğurluq hadisəsi baş verməsini aşkar etmiş, həmin vaxt Kamranla əlaqə saxlamağa cəhd etsə də olduğu yerdə dalğa olmadığından əlaqə saxlaya bilməmiş, axşam saat 19 radələrində yaşadığı evə gələndə ona bu barədə bildirmiş, daha sonra Kamran Azərbaycan Respublikası DİN-nin "102" xidməti-zəng mərkəzinə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 iyul 2025-ci il tarixdə Astara rayonu, Siyaku kəndində yaşayan Zərərçəkmiş şəxs Astara RPŞ-yə ərizə ilə müraciət edərək, yaşadığı fərdi yaşayış evindən qızıl-zinət əşyaları və 330 manat pul vəsaitinin oğurlanması barədə verdiyi məlumat əsasında əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerində olmuş, daha sonra həmin oğurluğu edən naməlum şəxsin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, 14 avqust 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli olan şəxs Təqsirləndirilən şəxs Astara RPŞ-yə dəvət edilmiş və onunla aparılan şifahi sorğu zamanı törətdiyi əməli etiraf etmiş, Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs kimi dindirildikdən sonra onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti Astara RPŞ-nin müstəntiqi, polis kapitanı Samir Rəsullunun, şöbənin PPXB-nin polis nəfəri Şahid3 və Zərərçəkmiş şəxs iştirakı ilə həyata keçirilmiş, istintaq hərəkəti başlarkən Təqsirləndirilən şəxs təklifi ilə Astara rayonu Siyaku kəndində Zərərçəkmiş şəxs evinin həyət darvazasına doğru hərəkət etməyə başlamış, həmin darvazaya çatdıqdan sonra Təqsirləndirilən şəxs onun evinə gedən yolun Zərərçəkmiş şəxs həyətindən keçdiyini, bu səbəbdən həmin həyətin darvazasından sərbəst girib-çıxa bildiyini, oğurluq zamanı da həmin həyətə darvazadan daxil olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin balkonunu göstərərək oradan evə daxil olduğunu, evin ikinci mərətəsindən pilləkənlə birinci mərtəbəsinə getdiyini və birinci mərtəbədə yerləşən mətbəxə daxil olub, mətbəxdə olan dolabın gözündəki meyvə qabının içərisindən qızıl-zinət əşyalarını və dolabın digər gözündən pul vəsaitini götürərərk cibinə qoyub gəldiyi yerdən evi tərk etdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs təklifi ilə həmin evin yerləşdiyi həyətə bitişik yaşadığı ünvanına getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinyət əşyalarını və pulu yaşadığı evin yataq otağında əvvəlcə çəkməcəyə qoyduğunu, daha sonra isə evin arxa divarında, daş olmayan boşluqa salaraq orada gizlətdiyini bildirərək həmin oğurladığı əşyaları və 150 manat pul vəsaitini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işininin başlanması və istintaqın aidiyyəti üzrə göndərilməsi haqqında” 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanılması, cinayət işinə ********* qeydiyyat nömrəsinin verilməsi, cinayət işinin ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Astara RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi haqqında” 27 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Astara rayonu, Siyakü kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, naməlum şəxs və ya şəxslər fərdi yaşayış evinə oğurluq məqsədilə evin 2-ci mərtəbəsindəki balkona qalxmış, balkondan evə olan giriş qapısından evə daxil olmuş, daha sonra pilləkənlə evin birinci mərtəbəsinə düşərək mətbəxdəki ağ-qara rəngli dolabın gözündəm olan şüşə materialdan hazırlanmış meyvə qabının içərisindəki qızıl-zinət əşyalarını və dolabın digər gözündən çaydanın içərisində olan 330 manat pul vəsaitini oğurlamışdır. Baxış zamanı Zərərçəkmiş şəxs oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin evin balkondan giriş qapısını açıq olduğundan oradan daxil olduğunu güman etdiyini bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə, saat 18:00-da tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklifi ilə Astara rayonu Siyakü kəndi istiqamətində gedən zaman o, Zərərçəkmiş şəxs evini görüb avtomobili saxlamağı bildirmiş, daha sonra həmin evin həyətinə doğru hərəkət etməyə başlamış, həmin həyətə çatdıqdan sonra bildirmişdir ki, həmin həyətə həyətin giriş darvazasından daxil olmuş, həmin vaxt darvaza açarlı olmamış, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin balkonunu göstərək balkona heç bir alət istifadə etmədən qalxdığını bildirmiş, bundan sonra evin içərisinə daxil olub evin birinci mərtəbəsində, evin mətbəxində olan dolabın gözlərindəki meyvə qabını və digər gözündə olan çaydanı göstərərk pulu və qızıl-zinət əşyaları götürdüyü yeri təqdim etmişdir. Bundan sonra Rahil həmin qızıl-zinət əşyalarını və pul vəsaitini gizlətdiyi yer istiqamətində hərəkət etmiş və həmin həyətə bitişik həyətdə öz yaşadığı evin arxa tərəfinə gedərək evin arxa tərəfində, divarında boş olan yeri göstərərək 02 cüt qızıl sırğanı, 02 ədəd qızıl üzüyü, 01 ədəd qızılı rəngli boyunbağı, 01 ədəd qızılı rəngli bilərzik və 01 ədəd qızılı rəngli bijuteriya əşyalarını və 150 manat pulu oradan çıxararaq təqdim etmiş və maddi sübut kimi götürülmüşdür. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi haqqında” 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirlən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Astara RPŞ-nin MSY-dən azad olunmuşdur. “Cənub Qiymətləndirmə MMC” tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlanmış qızıl-zinət əşyaların ümumi dəyərinin 2200 manat və oğurlanmış olan 03 ədəd bijuteriya əşyalarının dəyərinin isə 60 manat olması müəyyən edilmişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli Qərardan görünür ki, 02 cüt qızıl sırğa, 02 ədəd qızıl üzük, 03 ədəd bijuteriya əşyaları və qalıq qalan 150 manat pul vəsaitinin maddi sübut hesab edilməsi və məhkəmə baxışına qədər saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. “Əşyaların təhvil verilməsi haqqında” 26 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, Astara rayonu Siyaku kənd sakini Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfindən evindən oğurlanmış 2260 manat dəyərində 02 cüt qızıl sırğanı, 02 ədəd qızıl üzüyü, 03 ədəd bijuteriya əşyalarını və 150 manat pul vəsaitini müstəntiq Samir Rəsulladan təhvil almışdır. 26 sentyabr 2025-ci il tarixli Ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona dəyən maddi ziyanın tam ödənildiyi, Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmadığını qeyd etmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi” tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Astara rayon İHB-nın Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 oktyabr 2025-ci il tarixli 1200 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, arvadı-X2, qızı- xx.xx.2017-ci il təvəllüdlü X3 və qızı- xx.xx.2023-cü il təvəllüdlü X4 ilə birlikdə Astara rayonu, Siyaku kəndində yaşayır. “Sübutların qiymətləndirilməsi haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkanın dəyişdirilmədən qüvvədə saxlanılması, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilməsi, 26 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlanmış 2200 manat dəyərində qızıl zinət əşyalarının, 60 manat dəyərində bijuteriya əşyalarının və 150 manat pul vəsaitinin maddi sübut hesab edilməsi və məhkəmə baxışına qədər saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərrəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardadndır; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardadndır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid edilmədən də mümkündür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinə ehtiyac olmaması qənaətinə gəlir. Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Astara və Lənkəran rayonlarının inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs dəymiş zərərin tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - 02 cüt qızıl sırğa, 02 ədəd qızıl üzük, 03 ədəd bijuteriya əşyaları və qalıq qalan 150 manat pul vəsaitinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdən 16 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi zərərin tam ödənilməsi və maddi sübut - 02 cüt qızıl sırğa, 02 ədəd qızıl üzük, 03 ədəd bijuteriya əşyaları və 150 manat pul vəsaitinin qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar