Məhkəmə qərarları › İş №1(018)-137/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-137/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-137/2025 16.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Əfqanıstan İslam Respublikasının Herat şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Gercüstan Respublikasının Tiflis şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada ölkə ərazisinə gələ bilmədiyindən, Azərbaycan Respublikasına hava yolu ilə gəlməyə maddi imkanı olmadığından, habelə üzərində ümumvətəndaş pasportu olmadığına görə, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək üçün 19 sentyabr 2025-ci il tarixdə saat 22:10-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Züngüləş kəndində yerləşən 13-cü sərhəd zastavasının 6-cı sahəsindən, 138 nömrəli sərhəd nişanından 600 metr sağa, dövlət sərhəd xəttindən 80 metr aralı qanunsuz olaraq piyada hərəkət etməklə, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Astara rayonunun Vəznəş kəndində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, həmin gün saat 23:15də saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Əfqanıstan İslam Respublikasında yaşamış, milliyətcə əfqan olmuşdur. İşləmək məqsədilə əvvəlcə İran İslam Respublikasına getmiş, müəyyən müddət orada qaldıqdan sonra əmək fəaliyyəti üçün Türkiyə Respublikasına keçmişdir. Türkiyədə təxminən üç gün qaldıqdan sonra iş tapa bilmədiyindən Gürcüstana getmək qərarına gəlmiş və bu məqsədlə Türkiyə ərazisindən Gürcüstan ərazisinə qanunsuz yolla daxil olmuşdur. Gürcüstanda hotellərin birində işləməyə başlamış, fasiləsiz olaraq təxminən beş il orada yaşamışdır. Maddi vəziyyətinin çətinləşməsi səbəbindən sonradan yenidən Türkiyəyə getmək qərarını vermiş və qanunsuz yolla bu ölkəyə daxil olmuşdur. Türkiyədə təxminən altı ay fəhlə işləmişdir. Daha sonra Türkiyə Respublikasının polis əməkdaşları onun ölkə ərazisində qanunsuz yaşadığını müəyyən edərək saxlamış, daha sonraTürkiyə–İran sərhədinə aparılaraq ondan İran tərəfinə keçməsi tələb edilmiş, onların göstərişinə əsasən sərhədi keçərək 2025-ci ilin sentyabr ayının əvvəlində İran İslam Respublikasına daxil olmuşdur. İranda olduğu müddətdə Tehranda yaşayan dostunun yanında qalmış, iş tapa bilmədiyindən yaşayış və işləmək məqsədilə Azərbaycan Respublikasına keçmək qərarına gəlmiş, 19 sentyabr 2025-ci il tarixdə, saat 22:10 radələrində mobil telefonunda quraşdırılmış “Google Maps” tətbiqindən istifadə etməklə İran ərazisindən Azərbaycan Respublikası istiqamətində keçmiş, tanımadığı kəndə çataraq orada bir müddət qalmış, saat 23:15 radələrində Azərbaycan Respublikasının sərhədçiləri tərəfindən həmin kəndin ərazisində saxlanılmışdır. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X3 N nömrəli hərbi hissəsinin 13-cü sərhəd zastavasının baş atıcısı snayperçi vəzifəsində xidmət edən əskər Şahid3 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2025-ci il saat 22:00-dan 20 sentyabr 2025-ci il saat 02:00-dək əsgər Şahid1 ilə birlikdə xidməti tapşırığa əsasən sərhəd zastavasının məsuliyyət sahəsində 1-ci və 2-ci sahələrdə “Sərhəd gözətçisi” xidməti aparmaq üçün təyin olunmuşdur. Onun ifadəsinə görə, xidməti tapşırığın icrası zamanı saat 22:00 radələrində xidməti əraziyə hərəkət edərkən, həm də xidmət bitdikdən sonra geri qayıdarkən mühəndis-texniki çəpər diqqətlə yoxlanılmışdır. Bu zaman çəpərin bütövlüyünü təmin etmək məqsədilə xətt fənər vasitəsilə işıqlandırılaraq müşahidə olunmuşdur. Hərbi qulluqçu bildirib ki, xidmət aparılan müddətdə, sərhəd pozuntusunun baş verdiyi 6-cı sahə istiqamətinə də xüsusi diqqətlə vizual müşahidə aparmış, baxış zamanı mühəndis çəpərində dövlət sərhədinin pozulması ilə bağlı hər hansı hal və əlamətlər aşkar edilməmişdir. O, əlavə etmişdir ki, xidməti vəzifələrin icrası zamanı bütün hərəkətlər nizamnaməyə uyğun qaydada həyata keçirilmiş, xidməti ərazi tam şəkildə yoxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X3 N nömrəli hərbi hissəsinin 13-cü sərhəd zastavasının atıcısı, əskər Şahid1 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X3 N nömrəli hərbi hissəsinin 13-cü sərhəd zastavasının 2-ci atıcı manqa komandiri, baş cavuş Şahid4 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2025-ci il saat 20:00-dan 20 sentyabr 2025-ci il saat 00:00-dək növbətçi operator qismində sərhəd naryadına təyin olunmuşdur. Xidməti fəaliyyət dövründə sərhəd zastavasının 6-cı sahəsi mövcud videomüşahidə kameraları ilə tam əhatə olunmadığından həmin istiqamət müşahidə imkanlarından kənarda qalmışdır. Bu səbəbdən dövlət sərhədini pozan şəxsin məhz 6-cı sahədən keçməsi faktı videomüşahidə vasitələri ilə qeydə alınmamış və onun tərəfindən müşahidə edilməmişdir. Hərbi qulluqçu əlavə etmişdir ki, xidməti növbəsi ərzində ona aid sahələr üzrə kameralar vasitəsilə fasiləsiz müşahidə aparılmış, digər istiqamətlərdə hər hansı sərhəd pozuntusu qeydə alınmamışdır. Ona həvalə olunan xidməti vəzifələr tam şəkildə və nizamnaməyə uyğun qaydada icra edilmişdir. Şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X3 N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantının vəzifələrini icra edən mayor Şahid2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işinin başlanması, cinayət işinin ********* nömrəsi altında qeydiyyata alınması qərara alınmışdır. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Rauf Abdullayevin” 20 sentyabr 2025-ci il tarixli, 3-38/2-16/3419/25 nömrəli məktubundan görünür ki, Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçdiyinə görə 19 sentyabr 2025-ci il tarixdə, saat 22:10 radələrində Astara rayonu, Vəznəş kəndində saxlanılaraq sərhəd naryadlarına təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” 20 sentyabr 2025-ci il tarixli Protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 570-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən 20 sentyabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması, həmçinin əşya və sənədlərin götürülməsi haqqında” 20 sentyabr 2025-ci il tarixli Protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 1(bir) ədəd “Samsunq A” markalı telefon, 170 ABŞ dolları və geyim ləvazimatları aşkar edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 sentyabr 2025-ci il tarixli Protokoldan görünür ki, Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Astara rayonunun Züngüləş kəndi ərazisində yerləşən 13-cü sərhəd zastavasının 6-cı sahəsində keçdiyi ərazini göstərərək bildirmişdir ki, dövlət sərhədini pozduğu ərazidir və həmin yeri əl işarələri ilə qeyd etdi. Qeyd olunan yer 138 nömrəli sərhəd nişanından təxminən 600 metr sola, dövlət sərhəd xəttindən 80 metr aralıda yerləşən ərazidir. Ərazi meşəlik və dağlıq relyefə malikdir. Bundan əlavə əraziyə baxış zamanı mühəndis texniki çəpərində və sərhədboyu zolağa hər hansı bir əyilmə, kəsilmə və sair əlamətlər aşkar olunmadı. Hadisə yerinə baxış zamanı faktiki vəziyyətin tam şəkildə əks etdirilməsi məqsədilə foto-şəkillər və video görüntülər çəkilmiş, həmin materiallar protokola əlavə olunaraq iş materiallarına daxil edilmişdir. “Fotoşəkillərdən” görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyi yeri əl ilə işarə edir və hərəkət istiqaməti həmin fotoşəkillərdə əks olunur. “Astara Rayon Məhkəməsinin 3(018)-690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından” görünür ki, Təqsirləndirilən şəxs Surqul oğlu 3 gün müddətə inzibati qaydada tutulmuş, tutmanın əvvəli 20 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. “Anket məlumatlarının dəqiqləşdirilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarında saxlanılan şəxsin anket məklumatlarının dəqiqləşdirlməsi və şəxsin vətəndaşlığı, soyadı və adının “Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs” kimi tanınması və oxunması qərara alınmışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2025-ci il tarixdə saat 09:30 da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-518/2025 saylı, 22 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin 20 sentyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. “Anket məlumatlarının dəqiqləşdirilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarında saxlanılan şəxsin anket məklumatlarının dəqiqləşdirilməsi və şəxsin vətəndaşlığının “Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs” kimi tanınması və oxunması qərara alınmışdır. “Təqsirləndirlən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 22 sentyabr 2025-ci il tarixdə elan edilmiş ittiham dəyişdirlərək və əlavələr edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. “İAMAS-dan daxil olmuş sorğuya cavabdan” görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə müəyyən olunmadığından, müvafiq çıxarışların göndərilməsi mümkün olmamışdır. “DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan” görünür ki, təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyil. “DTX-dən daxil olmuş məktubdan” görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində əməliyyat əhəmiyyətli və nüfuzdan salan məlumatlar daxil olmamışdır. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosundan” daxil olan məktubdan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs beynəlxalq axtarışda olması barədə məlumat yoxdur. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi” tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Maddi sübut kimi tanınma haqqında” 22 sentyabr 2025-ci il tarixli Qərardan görünür ki, “Samsung” markalı tünd göy rəngli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. “Sübutların qiymətləndirilməi haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə elan olunmuş ittihamın öz qüvvəsində saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, baxış protokolu və cinayət işi üzrə digər sənədlərin irəli sürülmüş ittiham üzrə sübut növü kimi qəbul edilməsi, 22 sentyabr 2025-ci il tarixli qərarla hadisə yerində aparılmış baxış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən "CD disk" və 22 sentyabr 2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı tünd göy rəngli mobil telefonun maddi sübut qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs barəsində 22 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da, barəsində 21 sentyabr 2025-ci il tarixdə inzibati tutma haqqında qərar qəbul edilmiş, tutulma müddəti 20 sentyabr 2025-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən isə inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq həbsetmənin əvvəlinin 20 sentyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 20 sentyabr 2025-ci il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından CM-in 58.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 52ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübut kimi hadisə yerində aparılmış baxış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən "CD disk" iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - «Samsung» markalı tünd göy rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - «Samsung» markalı tünd göy rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar