Məhkəmə qərarları › İş №1(018)-139/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-139/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-139/2025 26.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1, X5 və onların müdafiəçisi Astara Rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, X2 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayət vermiş X4 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X10 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, Astara rayon, Ojakəran kənd sakini X11 və onun həyat yoldaşı X2 2025-ci ilin sentyabr ayının 29-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdirlər ki, guya o onların qızının dalınca düşüb, nəticədə məlum olmuşdur ki, belə bir şey yoxdur sadəcə qarşı tərəfin ona qarşı yönləndirdiyi şər böhtan xarakterli planlarıdır. O öz yaşadığı kəndə maşınla istərsə də piyada gəlib gedə bilmir. Onu təhqir edir və onu yandırmaqla hədələyir. Ondan dəfələrlə şikayət edib lakin heç bir əhəmiyyəti olmayıb məlum olub ki, ancaq şərdir. O daha bezmişdir, insanı nə qədər təhqir edə və ictimaiyyət arasında rüsvay edərlər. Onu kənd camaatı içərisində biyabır ediblər. Namusuna toxunan ifadələr işlədərək onu onun qızının dalınca düşməsini iddia edirlər. Hüqüuq mühafizə orqanlarında araşdırılma aparıb məlum olub ki, günahsizdır və qarşı tərəfə dəfələrlə xəbərdarlıq olunubki, bu barədə əsassız şikayətlər etməsinlər. Ona görə də Azərbaycan Respublikasinin vətəndaşları X3 və X11 barəsində hüquqi tədbir görülməsini və törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək AR CM nin müvafiq maddələrinə uyğun olaraq cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X10 xüsusi ittiham qaydasında verdiyi ərizəsini müdafiə edərək şikayətinin icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X5 müdafiəçisi X12 verilmiş şikayətdə imzanın və sübutların olmamasını əsas gətirərək icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasına əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X10 şikayət ərizəsinə imza çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X4 vermiş olduğu X2 və X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar