Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-14/2023 26.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 1(018)-122/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 28 iyul 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu götürülməmiş və ödənilməmiş, Astara rayonu Rüdəkənar kəndində qeydiyyatda olmaqla hazırda Astara şəhər Səməd Vurğun küçəsi Hərbi şəhərcikdə yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 2022-ci ilin sentyabr ayında şəxsi istehlak miqdarından artıq miqdarda – 1,288 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Astara rayon polis şöbəsinə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 1,288 qram olan psixotrop maddə metamfetamin əynində olan idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Yeni ailə həyatı qumuşdur və həyat yoldaşı hazırda hamilədir. Atası vəfat etdiyi üçün yaşlı anası da onun himayəsində yaşayır. Fərdi qaydada Astara və Lənkəran rayonları ərazisində əmək fəailiyyəti ilə məşğul olaraq dolanışığını təmin edir. Arada narkotik vasitə qəbul etdiyi üçün üzərində metamfetamin adlı maddə olmuşdur. 26 sentyabr 2022-ci il tarixdə Astara rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə gətirmiş və müdafiəçinin iştirakı ilə vedoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Həmin vaxt şalvarının sağ yan cibində olan bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmiş və həmin psixotrop maddənin istifadəçisi olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Həmin metamfetamini tutulmazdan təxminən 20 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən almışdır. Hazırda arvadı və yaşlı anası onun himayəsində olmaqla ailədə yeganə qazanc gətirən şəxsdir. Fərdi əməklə məşğul olub ailəsinin dolanışığını təmin edir. Əməlindən səmimi peşimanlıq hissi keçirir, narkotik vasitələrin qəbulundan tam uzaqlaşmışdır. Hazırda sağlam həyat tərzi keçirir, bir də heç vaxt narkotik vasitə qəbul etməyəcəkdir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsində xidmət edir. Astara rayon polis şöbəsi CAB-ın baş əməliyyat müvəkkili X4 ilə birlikdə əldə olunmuş məlumata əsasən 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Astara şəhər Səməd Vurğun küçəsində tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasına səbəb onun narkotik vasitələrdən istifadə etməsinə və üzərində saxlamasına dair məlumatların olması olmuşdur. Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsində müdafiəçi təqdim olunmuş və videoçəkiliş vasitəsilə onun üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş kütlə aşkar olunmuş və həmin kütləyə baxış keçirilərkən bu kütlənin psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslə şifahi sorğu aparılarkən üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlənin psixotrop maddə metamfetamin olması və bu kütləni Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə qablaşdırılmış və qablaşmanın üzəri imzalarla təsdiq edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. 26 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 26 sentyabr 2022-ci il tarixdə Astara rayon polis şöbəsinin xidməti iş otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə çıxarıb təqdim etmiş, aşkar olunan kütlə elektron tərəzidə çəkildikdən sonra 1,5 qram olması müəyyən edilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq «Zərflər üçün № 84» möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş kütlə psixotrop maddə olan metamfetamindir və bu metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən almış öz istifadəsi üçün üzərində saxlamışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 19/1026 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 1,288 qram olan kustar üsulla hazırlanmış, ağ rəngli kristal formada olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir. (Siyahı İ) Qeyd: Metamfetaminin təmiz çəkisi – 1,288 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,238 qram qaldı.
3. Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 1020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbululu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metafetamin» olan psixotrop maddənin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 oktyabr 2022-ci il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 1(018)-122/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallrına əlavə olunmuş Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli, AM-43/03 saylı arayışdan görünür ki, «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elin edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə Astaar Rayon Məhkəmsinin 14 fevral 2022-ci il tarixli, 7 (018)-41/2022 saylı Qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 1(018)- 122/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşması cəzasının qalan hissəsini tam olaraq 28 iyul 2022-ci il tarixdə çəkib qurtarmış və şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı gündən bir il keçmədiyi üçün onun məhkumluğu ödənilməmişdir. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzası residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalı və ona ümumi əsaslarla cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Rüdəkəran kəndində qeydiyyatda olmaqla hazırda Astara şəhəri Səməd Vurğun küçəsi Hərbi şəhərciyində yerləşən mənzildə yaşayır, ailəlidir. İş materiallarına əlavə olunmuş Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailəli olmaqla himayəsində hamilə arvadının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərardan və Astar Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 4(018)-87/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2022-ci il tarixdə isə barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlama müddətinin əvvəlinin 26 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında olduğu 04 (dörd) ay (26 sentyabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək olan müddət) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında olduğu müddətdə artıq islah olunması qənaətinə gəlir və ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Ona görə də Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında olduğu müddəti, yəni 26 sentyabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək olan 04 (dörd) ay müddəti azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesablanmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra 1,238 qram qalıq qalmış metamfetamin psixotrop maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə narkomaniyadan məcburi müalicə olunmasını və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında olduğu 04 (dörd) ay (26 sentyabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək olan müddət) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası çəkilmiş (icra edilmiş) hesab olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Astara rayon polis şöbəsində saxlanılan və ekspertizadan sonra 1,238 qram qalıq qalmış metamfetamin psixotrop maddəsi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov