Məhkəmə qərarları › İş №1(018)-141/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-141/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-141/2025 02.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ojakəran kəndində qeydiyyatda olan və yaşayan, 05 oktyabr 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs naməlum mənbədən xeyli miqdarda -9,434 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 oktyabr 2025-ci il tarixdə, saat 02:51 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ojakəran kəndi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd kibrit qutusunda, təmiz çəkisi - 9,060 qram və 01 ədəd salfet bükümdə, təmiz çəkisi -0,374 qram olan narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videoçəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 03 oktyabr 2025-ci il tarixdə, təxminən saat 15:20 radələrində Astara rayonu, Ojakəran kəndi ərazisində piyada gəzən zaman kənd stadionunda yerdən 01 ədəd kibrit qutusu və 01 ədəd salfet büküm tapmışdır. Qutunun içərisinə marixuana olduğunu görmüş və şalvarının cibinə qoymuşdur. 04 oktyabr 2025-ci il tarixdə, təxminən saat 02:50 radələrində kənddə piyada gəzən zaman anidən yanında avtomobil dayanmış, həmin vaxt qorxduğu üçün qaçmağa başlasa da avtomobildən düşən polis əməkdaşları onu saxlamaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Ondan üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet olduğunu soruşmuşlar. O da üzərində marixuana, yəni “nəşə” olduğunu bildirmişdir. Üstü yoxlanıldıqda, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd nokia markalı mobil telefon, sağ yan cibindən 01 ədəd kibrit qutusunda və salfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkarlanmışdır.Sorğu zamanı marixuananı Ojakəran kəndi ərazisindəki stadiondan yerdən tapdığını dedmişdir. Sonra polis əməkdaşları avtomobilləri ilə onu Astara RPŞ-nin inzibati binasına gətirmişdir. Orada hüquq və vəzifələri izah edilmiş,daha sonra hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi çağırılmışdır. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərindən aşkar edilmiş bükümə yenidən baxış keçirilmişdir. Büküm yenidən zərfdə qablaşdırılmış, o, müdafiəçisi və iştirak edən digər şəxslər zərfin üzərində imzaları çəkmişlər. Daha sonra son sözündə təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirdiyini,marixuanadan istifadə etmədiyini, bir daha belə səhfə yol verməyəcəyini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, 03 oktyabr 2025-ci il tarixdə Astara rayonu, Ojakəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 04 oktyabr 2025ci il tarixdə, saat 02:51-də Astara rayonu, Ojakəran kəndi ərazisində hərəkətdə olarkən Təqsirləndirilən şəxs yolun kənarında dayandığını görmüşlər, dərhal avtomobili yanında saxlamışlar. Onlar avtomobildən enən zaman Asim qaçmağa başlamış, saxlamaqdan ötrü arxasınca qaçıb dayandırmışlar. Orada özlərini Asimə təqdim etmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu üzərində narkotik vasitə olan marixuana kütləsi olmasını bildirmişdir. Sonra tərəfindən üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda və 01 ədəd salfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu üzərindən aşkar edilmiş marixuanaya bənzər kütləni 03 oktyabr 2025-ci il tarixdə Astara rayonu, Ojakəran kəndindəki futbol meydançasında piyada gəzən zaman yerdən tapdığını, bildirmişdir. Götürülmüş predmetlər zərfdə qablaşdırılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhür ilə möhürlənmişdir. Bundan sonra Astara RPŞ-yə gəlmişlər, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin müstəntiqi Samir Rəsulluya həvalə olunmuş, Samir Rəsullu tərəfindən Asimin üzərindən aşkar edilmiş bükümlərin qablaşdırıldığı zərf yenidən açılmış, bükümə baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakşılar protokolu imzalayaraq gördüklərini təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 ondan öncə dindirilmiş Şahid1 ifadəsində oxşar ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı və digər iki şahidin ifadələri nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan şahidlər X2 və Şahid4 Mügabil oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadələr təqsirləndirilən şəxsin və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan sübutların təhlili: İş materiallarında olan (iş vərəqi 07-08) 04 oktyabr 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 02:51-dən saat 03:00-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda və 01 ədəd salfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürümüş və qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi istintaq hərəkətinin nəticələri Astara RPŞnin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 tərəfindən videokamera vasitəsilə videoçəkiliş aparılmış və həmin videoçəkiliş DVD köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 29-31) 04 oktyabr 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 04:18-dən saat 04:32-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olan 01 ədəd zərf açılmış, 01 ədəd kibrit qutusunda və 01 ədəd salfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, aşkar edilmiş maddə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan (iş vərəqi 78) 05 oktyabr 2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərində qanunla qadağan edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs da üzərində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, daha sonra üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda və 01 ədəd salfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuana kütləsi və qara rəngli şalvarın sol yan cibindən “Nokia” markalı mobil telefon götürülmüş, başqa da üstü yoxlanılan zaman hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra götürülmüş predmetlərin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş və 84 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu aşkar edilən kütlələri 03 oktyabr 2025-ci il tarixdə Ojakəran kəndi ərazisindəki futbol meydançasında gəzən zaman yerdən tapdığını demişdir. İş materiallarında olan (iş vərəqi 38-41) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının 04 oktyabr 2025-ci il tarixli, 19/384 saylı rəyin nəticə hissəsindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində «Astara rayonu, Ojakəran kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunraq götürülmüş kütlələr....” sözlər və imzalar olan zərfin içərisində digər zərfdə, 1 ədəd kibrit qutusunda və 1 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: -9,060 qr; -0,374 qr: ümumi təmiz çəkisi: -9,434 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə görə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. (Tədqiqatdan sonra qalıq 9,334 qram, tədqiqatın dəyəri 60 manat). İş materiallarında olan (iş vərəqi 105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 07 oktyabr 2025-ci il tarixli, 529 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sidik nümunəsində narkotik və psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materillarında olan (iş vərəqi 90-91) xx.xx.2025-ci il tarixli “əşyanın maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,334 qram narkotik vasitə qurudulmuş marixuana və baxış zamanı aparılmış videoçəkilişləri əks etdirən iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İki ədəd DVD disk iş materiallarında saxlanılmış , 9,334 qram narkotik vasitə qurudulmuş marixuana isə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin gedişatını əks etdirən digər sənədlər. İş materiallarında olan (iş vərəqi 107-108) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X16 xx.xx.2025-ci il tarixli, № 285 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan (iş vərəqi 14) “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 51-52) “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona ittiham elan edilmişdir. İş materiallarında olan (iş vərəqi 73-74) “qətimkan tədbiri seçmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o dərhal Astara RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 104) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxdir. İş materiallarında olan (iş vərəqi 111) Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Əhmədov tərəfindən verilən xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyələnir. Onun barəsində son aylar heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan (iş vərəqi 110) Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Əhmədov tərəfindən verilən xx.xx.2025-ci il tarixli 2016 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Astara rayon Ojakəran kəndində qeydiyyatdadır və ailəsi ilə brlikdə orada yaşayır. Ailə tərkibi – anası X6, Arvadı- X3 , qızı- xx.xx.2016-cı il təvəllüdlü X7, digər qızı – xx.xx.2018-ci il təvəllüdlü X8 və oğlu xx.xx.2022-ci il təvəllüdlü X10 . Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı şahid ifadələri, ekspert rəyləri, mütəxəssis rəyi, baxış və götürmə protokolları, maddi sübut, diskə baxış protokolları tam şəkildə təhlil edilib bir biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - qurudulmuş marixuana qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd olunan müddəanın tələbinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs CM-in 59.1.4-ci maddəsinə əsasən 3 azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdıran halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə baxıb törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alır. Maddi sübutla bağlı məsələyə baxıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,334 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara rayonu və Lənkəran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,334 qram narkotik vasitə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar