Məhkəmə qərarları › İş №1(018)-142/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-142/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-142/2025 02.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Zahir Zahir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X12, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 avqust 1992-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikası Kayakentskiy rayonu, Karanoy-aul kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, əvəllər məhkum olunmamış, evli, orta təhsilli, sürücü işləyən, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakentskiy rayonu, Karanoy-aul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təsiredici maddəsinin miqdarı 3140,2 qram təşkil edən 20 ədəd ağ rəngli və ümumi təsiredici maddəsinin miqdarı 9112,96 qram təşkil edən 58 ədəd narıncı-göy rəngli, ümumilikdə isə təsiredici maddəsinin miqdarı 12253,16 qram təşkil edən 78 ədəd kapsul güclü təsir edən maddəni – preqabalini və 2 sellofan paketdə 0,509 və 0,503 qram, ümumilikdə isə 1,012 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək narkotik vasitəni əyninə geyindiyi qara rəngli idman şalvarının sağ cibinə, güclü təsir edən maddəni isə sol cibinə yerləşdirib saxlamış, həmin gün idarə etdiyi “Volvo” markalı, “C418PE-05/AK2828-05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən həmin gün saat 5 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Cənub-Astara” postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə saat 08:50 – 09:30 müddət ərzində üzərində keçirilmiş şəxsi yoxlama zamanı qeyd edilən narkotik vasitə və güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək bildirmişdir ki, evlidir, üç övladı vardır, Rusiya Federasiyası Dağıstan Respublikası, Kayakentskiy rayonu, Karanoy-aul kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən beş ildir ki, sürücü kimi Beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğuldur. İdarə etdiyi “Volvo” markalı, “C418PE-05/AK2828-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Daqtrans-d” firmasına məxsusdur və bu nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə, saat təqribən 05:00 radələrində, idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə “0107308” nömrəli CMR və xx.xx.2025-ci il tarixli “04” nömrəli invoysa əsasən “gavalı” yükünü daşıyırdı. Həmin tarixdə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş və bir müddət növbədə gözlədikdən sonra nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüşdür. Gömrük əməkdaşı tərəfindən ona şifahi sorğu-sual aparılmış, nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuşdur. Cavab olaraq belə bir predmetin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcəyini bildirmiş və o bu yoxlamaya etiraz etməmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilmiş, nəticədə heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan sonra gömrük əməkdaşı hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi yoxlama aparılacağını bildirmişlər. Üzərində olan maddələrin aşkarlanacağını anlayıb əynindəki qara rəngli idman şalvarının sol cibindən açıq şəkildə ağ rəngli 20 ədəd və narıncı-göy rəngli 58 ədəd olmaqla ümumilikdə 78 ədəd preqabalin adlı dərman preparatını, sağ cibindən isə 2 ədəd sellofan paketdə olan yaşıl rəngli narkotik vasitə marixuananı çıxararaq gömrük əməkdaşlarına təqdim etmişdir. Sərhədi keçməmişdən qabaq həmin maddələri tullamaqı düşünmüş, lakin növbədə bir qədər yatmış oyandıqda isə unutduğundan üzərində qalmışdır. Son sözündə təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, 3 azyaşlı uşağının olmasını, birinin isə yeni doğulduğundan heç üzünüdə görmədiyini, ailəsinə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alaraq ona ailə vəziyyətinə görə bir şans verilərək cərimə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1, ifadəsində göstərmişdir ki, o, Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə xidməti vəzifəsini yerinə yetirirdi. Həmin gün saat təqribən 05:00 radələrində Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən idarə olunan “Volvo” markalı, “C418PE-05/AK2828-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə, “0107308” nömrəli CMR və xx.xx.2025-ci il tarixli “04” nömrəli invoysa əsasən “gavalı” yükü aparmaqda idi və həmin nəqliyyat vasitəsi gömrük postunun idxal xəttinə daxil oldu. Sürücü ilə şifahi formada sorğu-sual aparıldıqda o, idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış heç bir predmetin olmadığını bildirdi. Lakin sürücünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat vasitəsinə “Elvis” ləqəbli kinoloji xidmət iti tətbiq edildi. İt nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyinə görə gömrük yoxlaması aparıldı. Yoxlama zamanı nəqliyyat vasitəsində hər hansı hüquqpozma predmeti aşkar edilmədi. Daha sonra zərurət yarandığından Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparılması barədə qərar qəbul edildi. Bu barədə ona məlumat verildi və onunla təkrar sorğu-sual aparıldı. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində olan yad predmetlərin aşkar olunacağını anlayaraq, əynindəki qara rəngli idman şalvarının sol cibindən ona məxsus 20 ədəd ağ və 58 ədəd narıngı-göy rəngli olmaqla ümumilikdə 78 ədəd naməlum kapsulanı, sağ cibindən isə yaşıl rəngli 2 ədəd sellofan paketdə olan açıq yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddəni çıxararaq təqdim etdi. Daha sonra nəqliyyat vasitəsi “NUCTECH MT1213DE” markalı mobil rentgen qurğusundan keçirilmiş, əlavə olaraq heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar başa çatdıqdan sonra təqdim olunmuş 78 ədəd kapsula və 2 ədəd sellofan paketdəki maddə elektron tərəzidə çəkildi. Nəticədə, bir sellofan paketdə 0.9 qram, digərində 0.8 qram olmaqla maddələrin ümumi çəkisi təqribən 1.7 qram müəyyən edildi. Bütün maddələr və kapsulalar araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürləndi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, Astara Gömrük İdarəsində yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. xx.xx.2025-ci il tarixdə, saat təqribən 05:00 radələrində Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun inspektoru Nicat onu və onunla birgə fəhləlik edən Vüqarı yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə çağıraraq bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən idarə olunan “Volvo” markalı, “C418PE-05/AK2828-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcək və onların hal şahidi qismində iştirak etmələri təklif olunmuşdur. Onlar bu təklifi qəbul etmişlər. Daha sonra inspektor Nicat onların iştirakı ilə qeyd olunan nəqliyyat vasitəsinə kinoloji xidmət iti ilə birlikdə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı heç bir hüquqpozma predmeti aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparıldl. Sorğu-sual zamanı sürücü üzərində olan qara rəngli idman şalvarının sol cibindən özünə məxsus, açıq şəkildə ağ rəngli 20 ədəd və narıngı-göy rəngli 58 ədəd olmaqla ümumilikdə 78 ədəd naməlum kapsulanı, sağ cibindən isə özünə məxsus yaşıl rəngli 2 ədəd sellofan paketdə açıq yaşıl rəngli narkotik vasitə olan marixuanaya oxşar maddəni çıxararaq gömrük əməkdaşlarına təqdim etdi. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin əlavə hüquqpozma predmetləri aşkar edilməmişdir. Nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin "Cənub-Astara" gömrük postunun inzibati ərazisində yerləşən “NUCTECH MT1213DE” markalı mobil rentgen qurğusundan keçirilmiş, lakin heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra sürücünün təqdim etdiyi 78 ədəd kapsula və 2 ədəd sellofan paketdəki maddə inspektor tərəfindən götürülmüş həmin maddələr qablaşdırılmış, möhürlənmiş və bu barədə müvafiq sənədlər tərtib olunmuş və iştirakçılar sənədləri imzalamışlar. İş üzrə Şahid3 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini elan edilərək tədqiq edilmişdir. Şahid3 ifadəsi şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla yoxlayıb təhlil etmişdir. İş materiallarında olan sənədlər: Cinayət işinin materiallarına əlavə edilmiş, “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 05:00-də İran İslam Respublikasından gələrək Astara sərhəd nəzarət buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarından olan (iş vərəqi 26-28) 06 sentyabr 2025-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi açıq şəkildə ağ rəngli 20 (iyirmi) ədəd və narıncı-göy rəngli 58 (əlli səkkiz) ədəd olmaqla ümumilikdə 78 (yetmiş səkkiz) ədəd naməlum kapsullar və yaşıl rəngli 2 (iki) ədəd sellofan paketdə açıq yaşı rəngli narkotik vasitə marixuana oxşar maddə götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan (iş vərəqi 78-81) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsi tərəfindən verilmiş 06 sentyabr 2025-ci il tarixli, 19/357 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd polietilen paketdəki 2 ədəd kiçik paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,509 qram və 0,503 qram ümumi təmiz çəkisi 1,012 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidir. Tədqiqat sonra qalıq çəki 0,912 qram təşkil etmişdir. İş materiallarında olan (iş vərəqi 82-87) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2025-ci il tarixli, 6/2986 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş paketin içərisində 20 ədəd ağ rəgli 58 ədəd göy-narıncı rəngli ümumulikdə 78 ədəd dərman kapsullarının tərkibində preqabalin olduğu müəyyən edilmişdir. Preqabalini standart nümunəsi mövcud olmadığından ayrı-ayrılıqda ümumi miqdarını müəyyən etmək mümkün olmamışdır. Tədqiqatdan sonra qalıq 74 ədəd kapsul. İş materiallarında olan (iş vərəqi 168-169) 10 sentyabr 2025-ci il tarixli “Əşyaların maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında” qərardan görünür ki, iş üzrə ekspertiza tədqiqatından əvvəl çəkisi 1,012 qram təşkil edən, 0,1 qramı tədqiqata sərf edilmiş, qalıq çəkisi 0,912 qram olan narkotik vasitə marixuana, ekspertiza tədqiqatından əvvəl 78 ədəd tərkibində preqabalin olan kapsulları tədqiqata 4 ədəd sərf edildikdən sonra qalıq qalan 74 ədəd kapsul maddi sübut qismində tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan (iş vərəqi 207) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X11”-nin 09 oktyabr 2025-ci il tarixli, 341 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş kapsulların tərkibində preqabalin güclü təsir edən maddənin mövcudluğu müəyyən edilmişdir. Ağ rəngli kapsulların tərkibində preqabalin adlı fəal təsiredici maddənin 157.01 mq kapsula, narıncı göy rəngli kapsulların tərkibində preqabalin adlı fəal təsiredici maddənin miqdarının 157.12 mq kapsula olduğu təsbir edilmişdir. Tədqiqatdan sonra qalıq 66 ədəd kapsullar təşkil etmişdir. İş materiallarında olan (səhifə 208) 14 oktyabr 2025-ci il tarixli predmetin saxlan üçün təhvil verilməsi barədə protokoldan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 66 ədəd kapsul preqabalin Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan (iş vərəqi 228-229) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli, 5975 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. Təqsirləndirilən şəxs Kannabinoidlərdən və narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalindən istifadə etmə halları olub. Müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Digər prosessual sənədlər: İş materiallarında olan (iş vərəqi 29-30) «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, 3-33-1300/020/002584 nömrəli material üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməklə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 124-125) «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan (iş vərəqi 149-156) xx.xx.2025-ci il tarixli 4(004)-688/2025 saylı Yasamal Rayon Məhkəməsinin qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməyərək, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 157-158) «qətimkan tədbiri seçilməsi haqqında» xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 192) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi xx.xx.2025-ci il tarixli tələbnaməsinə əsasən 10 avqust 1992-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan (iş vərəqi 231-239) 28 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübutlar ekspertiza tədqiqatından əvvəl çəkisi 1,012 qram təşkil edən, 0,1 qramı tədqiqata sərf edilmiş, qalıq çəkisi 0,912 qram olan narkotik vasitə marixuana, olan tərkibində güclü təsir edən maddə olan 78 ədəd preqabalinin kapsulları tədqiqata 12 ədəd sərf edildikdən sonra qalıq 66 kapsuldur. Maddi sübutlar cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan (səhifə 180) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin növbə rəisi Məmmədov Sahib tərəfindən verilmiş arayışdan görünür ki, Rusiya Respublikasının vətəndaşı X5 09 sentyabr 2025-ci il tarixdən LİNKOİL-İ MMC nin Sumqayıt şəhəri Yaşma qəsəbəsində yerləşən 1 saylı yanacaq doldurma məntəqəsində işçilər üçün nəzərdə tutulmuş istirahət otaqların birində müvəqqəti olaraq qalmaq (yaşamaq) üçün yer verilib. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 601 nömrəli Dağıstan Respublikası Bələdiyyə qurumu “Qarakənd rayonu Qaranayul kəndi” BQ başçısı Kubatov N.İ tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Dağıstan Respublikası, Qarakənd rayonu, Qaranayul kəndində yaşayan xx.xx.1992 təvəllüdlü X4 Qaranayul kəndində fəhlə ailəsində anadan olub və böyüyüb yaşa çatıb. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. M.M.Paşayev özünü dürüst və vicdanlı insan kimi göstərib, ona dair qonşulardan şikayət və irad daxil olmayıb, ictimai asayişi pozmayıb, nümunəvi ailə başçısıdır, üç azyaşlı uşaq böyüdür. Əməksevərdir, ünsiyyətçildir və nəzakətlidir, əyyaşlığı, mübahisə və dava dalaşda iştirakı qeydə alınmayıb. X3 dair kənddə yaşadığı müddət ərzində kənd administrasiyasının rəhbərliyi tərəfindən irad və şikayətlər yoxdur. İş materiallarında olan Rusiya DİN-in Qayakənd rayonu üzrə UUP polis baş leytenantı Arslanqereyev B.R tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X4 Qaranayul tam orta məktəbində təhsil almışdır, təhsil müddətində idman tədbirlərində fəal iştirak etmişdir, yaxşı qiymətlərlə oxumuşdur. Yaşayış yerində özünü müsbət tərəfdən xarakterizə etmişdir, qonşularla ünsiyyətcildir, dostluq münasibətlərini qoruyur, fəal həyat tərzi sürür. Spirtli içkilərdən sui-istifadə etməsi, psixotrop, narkotik və toksik maddələrdən, eləcə də tibbi preparatlardan istifadə etməsi müşahidə olunmayıb. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinin Qayakənd rayonu üzrə şöbəsinə gətirilməmişdir. Rusiya DİN-in Qayakənd rayonu üzrə şöbəsində vətəndaş X4 haqqında kompromat xarakterli materiallar yoxdur. İş materiallarında olan Qaranayul kənd BQ başçısı Kubatov N.İ tərəfindən verilmiş arayışdan görünür ki, X2 ailə üzvləri – Yoldaşı X10 xx.xx.1993-cü il təvəllüdlü, oğlu X6 xx.xx.2017-ci il təvəllüdlü, oğlu X9 xx.xx.2019-cu il təvəllüdlü və qızı X8 xx.xx.2025-cü il təvəllüdlü. İş materiallarında doğum haqqında şəhadətnamədən görünür ki, X6 15 avqust 2017-ci il tarixdə anadan olmuşdur anası X10, atası X1. İş materiallarında doğum haqqında şəhadətnamədən görünür ki, X9 29 iyul 2019-cu il tarixdə anadan olmuşdur anası X10, atası X1. İş materiallarında doğum haqqında şəhadətnamədən görünür ki, X8 25 oktyabr 2025-ci il tarixdə anadan olmuşdur anası X10, atası X1. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Baxılan iş üzrə sübutlar müqayisəli şəkildə qiymətləndirilmişdir.Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsivasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun narkotik vasitə və güclü təsir edən maddələri Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Gömrük İdarəsinin “Cənub Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməşi tamamilə sübuta yetirildi. Qanunvericiliyə istinadlar: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir: «Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır». İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs güclü təsir edən maddə preqabalin və 2 sellofan paketdə 0,509 və 0,503 qram, ümumilikdə 1,012 qram qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Həmin maddələrin miqdarı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 240.1 madələrinin tərkibini yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyi baxımından da düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi, törətdiyi əməli səmimi etiraf edərək peşimanlıq hissi keçirməsini, himayəsində 3 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə tərəfindən cəzanı yüngüllüəşdirən hallar kimi nəzərə alınmış hallarla yanaşı Təqsirləndirilən şəxs CM-nin 206.2-ci maddəsinin predmetini təşkil edən narkotik vasitə həcminin az olmasını güclü təsir edən maddəni isə şəxsi istehlak məqsədilə gətirməsini məhkəmə nəzərə alıb hesab edir ki, qeyd edilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətinin və törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla onun cəmiyyətdən təcrid edilməsi zərurətini aradan qaldırır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə nümunəvi səciyyələndirilməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olması kimi ayrı-ayrı halları, həmçinin bu halların məcmusunu müstəsna hallar kimi nəzərə alır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Əməllərin kriminallaşdırılmasında Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm- cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi öz növbəsində onları əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onun islah olunacana dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi Cinayət Məcəlləsinin fundamental pirinsiplərindən olan ədalət və humanizim pirinsipləri baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmənin fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan daha sərt cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə hesab edir ki, cinayətin məqsədi və motivi, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışları ilə bağlı hallar habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62ci mаddəsi tətbiq edilməli və оna təqsirli bilindiyi mаddənin sanksiyasında nəzərdə tutulandan da daha yüngül cəza təyin olunması məqsədəuyğun hesаb olunmalıdır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. -cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; -cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə əsas verən və şəxsiyyətini müsbət xarakterizə edən, eyni zamanda, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alıb barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tətbiqini və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulandan da daha yüngül cəza cərimə cəzasının təyin edilməsini mümkün və məqsədəuyğun hesab edir. Cərimə cəzası təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı oldmadığını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,912 qram olan narkotik vasitə marixuana və 66 ədəd tərkibində güclü təsiredən maddə olan preqabalin kapsulları təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, ekspertizadan sonra qalıq qalmış 0,912 qram olan narkotik vasitə marixuana və 66 ədəd tərkibində güclü təsiredən maddə olan preqabalin kapsulları hökm qanuni qüvəsini aldıqdan sonra məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 145 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 6.000 (altı min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 sentyabr 2025-ci il tarixdən 07 sentyabr 2025-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət nəzərə alınmaqla CM-nin 69.4-cü maddəsinə əsasən cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 5000 (beş min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 0,912 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi, ekspertiza tədqiqatından sonra qalıq qalan 66 ədəd tərkibində güclü təsiredən maddə olan preqabalin kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 145 (yüz qırx beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına aid hissədə hökmün icrası Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxsna hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar