Məhkəmə qərarları › İş №1(018)-146/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-146/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-146/2025 09.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Astara rayonu, Deqədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Astara rayonu, Deqədi kəndində qeydiyyatda oolmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 8,458 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 30 avqust 2025-ci il tarixdə saat 19:17 radələrində Astara rayonu, Deqədi kəndi ərazisində saxlanılaraq üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən kibrit qutusunda 8,458 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videoçəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, təxminən 2003-cü ildən bu günə qədər narkotik vasitə qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir, 29 avqust 2025-ci il tarixdə, saat 15-16 radələrində Astara rayonu, Səlivə kəndi ərazisində olarkən həmin kənddə yerləşən qəbristanlığın yaxınlığında olan ağacın yanında, yerdə 1 ədəd siqaret qutusu və 1 ədəd kibrit qutusu görmüş, yaxınlaşıb siqaret qutusunun içərisinə baxdıqda 2 ədəd siqaret aşkar etmiş, sonra isə kibrit qutusunun içərisinə baxdıqda, narkotik vasitə qurudulmuş marixuana aşkar etmişdir. Həmin marixuanadan bir qədər götürmüş, qalan hissəni isə elə kibrit qutusunda götürdüyü yerə qoymuşdur. Götürdüyü marixuananı istifadə etmişdir. Səhərisi gün həmin yerə getmiş və qurudulmuş marixuananın həmin yerdə olduğunu görmüş və götürüb cibinə qoymuşdur. 30 avqust 2025-ci il tarixdə saat 19:17 radələrində Astara rayonu, Deqədi kəndi ərazisində yolda piyadə hərəkətdə olan zaman polis əməkdaşları yaxınlaşaraq şübhəli şəxs kimi onu saxlamışlar, üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. O, cavab olaraq üzərində nəşə olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları üzərinə yoxlama keçirmişlər. Yoxlama zamanı əynində olan şalvarın cibindən qurudulmuş marixuana aşkar edilərək götürülmüş və zərfdə möhürlənmişdir. Daha sonra onu Astara rayon polis şöbəsinə gətirmişlər. Vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, baxış zamanı üzərindən aşkar edilmiş kütləni Astara rayonu, Səlivə kəndi ərazisində yerləşən qəbristanlığın yaxınlığında yerdən tapdığını bildirmişdir. Son sözündə təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirdiyini,bir daha belə səhfə yol verməyəcəyini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, 30 avqust 2025-ci il tarixdə Astara rayonu, Deqədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 30 avqust 2025-ci il tarixdə, saat 19:17-də Astara rayonu, Deqədi kəndi ərazisində hərəkətdə olarkən Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman görmüşlər, dərhal avtomobili yanında saxlamışlar. Orada özlərini təqdim etmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu üzərində narkotik vasitə olan marixuana kütləsi olmasını bildirmiş, ondan sonra tərəfindən üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüşdür, Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu üzərindən aşkar edilmiş marixuanaya bənzər kütləni 29 avqust 2025-ci il tarixdə Astara rayonu, Səlivə kəndindəki kənd qəbristanlığından tapdığını, 01 dəfə istifadə etdiyini, heç kəsə satmadığını, istifadəçisi olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş maddə qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhür ilə möhürlənmişdir. Bundan sonra onlar İlqar ilə birlikdə Astara RPŞ-yə gəlmişlər, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin baş təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, Mahir Tahirli tərəfindən İlqarın üzərindən aşkar edilmiş bükümün qablaşdırıldığı zərf yenidən açılmış, bükümə baxış keçirilmiş, bükümə baxış keçirilən zaman orada o, Təqsirləndirilən şəxs, müdafiəçi və Şahid2 iştirak etmişdir. Bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılar tərəfindən heç bir əlavə qeyd edilmədən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər; Şahid2, Şahid3 və Şahid4 onlardan öncə dindirilmiş Şahid1 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar eyni məzmunlu ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişlər. İş materiallarında olan sübutların təhlili: İş materiallarında olan (iş vərəqi 09-11) 30 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokol və protokola əlavə edilmiş DVD diskdən görünür ki, həmin tarixdə saat 19:17-dən saat 19:25-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürümüş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütləni Səlivə kənd qəbristanlığında yerdən tapdığını, narkotik vasitələrdən istifadə etdiyini, heç kimə vermədiyini bildirmişdir. Protokolun tərtib edilməsi videoçəkiliş ilə həyata keçirilmişdir. Samsung A24 markalı mobil telefon vasitəsilə aparılan videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan (iş vərəqi 31-34) 30 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokol və protokola əlavə edilmiş DVD diskdən görünür ki, həmin tarixdə saat 20:45-dən saat 20:59-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd zərf açılmış, 01 ədəd kibrit qutusunda yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üstü yoxlanılan zaman bildirdiyi məlumatları təkrar olaraq qeyd etmişdir. Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi istitnaq hərəkatının nəticələri Astara RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid2 tərəfindən videokamera vasitəsilə çəkiliş aparılmış və həmin videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 39-41) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının 31 avqust 2025-ci il tarixli, 19/352 saylı rəyin nəticə hissəsindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində «Astara rayonu, Deqədi kənd sakini Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, digər zərfin içərisində 1 ədəd kibrit qutusunda təmiz çəkisi: -8,458 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: tədqiqatdan sonra qalıq -8,408 qram. İş materiallarında olan (iş vərəqi 96) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 488 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetindən qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan (iş vərəqi 79-80) 04 sentyabr 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -8,408 qram qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan qurudulmuş marixuana, iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, üstü yoxlanan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin gedişatını əks etdirən digər sənədlər. İş materiallarında olan (iş vərəqi 93-94) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 05 sentyabr 2025-ci il tarixli, № 249 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan (iş vərəqi 13) 30 avqust 2025-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsin ilə nəzərdə tutulan cinayəti törətməklə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 51-52) 01 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan (iş vərəqi 63-64) 01 sentyabr 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o dərhal Astara RPŞnin MSY-dən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 91-92) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 22 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan (iş vərəqi 122-129) 16 noyabr 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -8,408 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasma təhvil verilmiş, üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan (iş vərəqi 117) 30 oktyabr 2025-ci il tarixli 21 nömrəli Astara RİHB-nın Şuvi kənd İƏD üzrə nümayəndə VMİE Minə Təqairzadə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şuvi İƏD-üzrə nümayəndəliyində heç bir şifahi və yazılı şikayət, irad və təklif daxil olmamışdır. İş materiallarında olan (iş vərəqi 118) 30 oktyabr 2025-ci il tarixli 899 nömrəli Astara RİHB-nın Şuvi kənd İƏD üzrə nümayəndə VMİE Minə Təqairzadə tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı: X4 – xx.xx.1989-cu il təvəllüdlü, qızı: X8 – xx.xx.2009-cu il təvəlüdlü, qızı: X11 – xx.xx.2010-cu il təvəllüdlü, oğlu: X12i – xx.xx.2014-cü il təvəllüdlü və qızı X5 – xx.xx.2019-cu il təvəllüdlüdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, 4 uşağının olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Yuxarıda göstərilənləri və təqsirləndirilən şəxsin bundan öncə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum olunmasını, 2003-cü ildən narkotik vasitələrdən istifadə etməsini və bundan nəticə çıxartmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı və cəzaçəkməsinin əvvəli 09 dekabr 2025-ci il tarixdən hesablanmalıdıır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,408 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 göndərilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,408 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar