Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-147/2023 10.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla olaraq həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Astara rayonu Şahağacı kəndində yaşadığı həyətin çəpərinin küçə tərəfindən tapdığı bir ədəd dibçəyin içərisində olan 5 ədəd çətənə (kannabis) bitkisini həmin gün yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq torpağa əkmiş, həmin bitkilərə mütəmadi olaraq aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmişdir. 27 iyun 2023-cü il tarixdə, saat 12:35-də Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirlən zaman həmin evin həyətindəki tövlənin arxa tərəfində, çəpərin yanında torpağa əkdiyi yerdən xeyli miqdarda, əkilibbecərilməsi qadağan olunan 5 (beş) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi - 265 qram olan narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu Şahağac kəndində yaşayır. Subaydır, Astara və Lənkəran rayonları ərazisində fəhləlik etməklə dolanışığını təmin edir. Özündən başqa heç kimi yoxdur, tək yaşayır. Təxminən səkkiz ay bundan əvvəl, yəni 2023-cü ilin mart ayında yaşadığı evin qarşısında, küçədə çəpər düzəldən zaman daş hasarın dibində olan dibçəyin içərisində beş ədəd narkotik tərkibli olan çətənə bitkiləri görmüş, həmin bitkiləri özünə məxsus olan fərdi yaşayış evinin həyətinə gətirmişdir. Narkotik vasitə istifadəçisi olmasa da, həmin bitkilərin çətənə bitkisi olduğunu qoxusundan və yarpaqlarının quruluşundan bilmiş, həmin 5 ədəd çətənə bitkisini gələcəkdə istifadə etmək məqsədilə həyətdə yerləşən mal-qara saxlanılması üçün nəzərdə tutulan tövlənin arxa hissəsində dibçəklərdən çıxarıb torpağa əkmişdir. Əkdiyi narkotik tərkibli çətənə bitkilərinə mütəmadi olaraq özü tək qulluq etmiş, onların dibin yumşaldıb su vermiş, əkdiyi çətənə bitkilərindən kiməsə verməmiş, saxlamaqda əsas məqsədi yetişdikdən sonra onları qurudub istifadə etmək olmuşdur. 27 iyun 2023-cü il tarixdə, saat 12:30 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları onun həyətinə gəlib yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri olmasını bildirib həyətə baxış keçirilməsini ona təklif etmişdir. Həyətinə baxış keçirilməsinə etirazı olmamasını bildirdikdən sonra onunla birlikdə polis əməkdaşları aqronom mütəxəssisin iştirakı ilə həyətə baxış keçirmiş, yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətdən onun əkdiyi və qulluq göstərdiyi həmin 05 ədəd çətənə bitkisini əkdiyi yerdən aşkar etmişlər. Bundan sonra aşkar olunmuş həmin çətənə bitkiləri təhqiqatçı tərəfindən qablaşdırılmış, tərtib olunmuş protokola imzalar etmiş, həyətinə baxış keçirildikdən sonra polis əməkdaşları ilə birlikdə Astara rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində onu şübhəli şəxs qismində tutduqdan sonra vəkil dəvət olunaraq üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Həyətdə təsərrüfat işləri ilə yalnız özü məşğul olduğundan, ondan başqa kimsə orada yaşamadığından əkilmiş çətənə bitkilərindən hər hansı bir başqa şəxsin məlumatı olmamışdır. Hazırda törətdiyi əmələ görə peşimandır. İlk dəfə cinayət törətməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Astara rayonu Şahağacı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitksi əkibbecərməsi barədə məlumat əldə etdikdən sonra şöbə rəhbərliyinin müvafiq göstərişi əsasında həmin şəxsin saxlanılması və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evdə olduğu müəyyən edilərək 27 iyun 2023-cü il tarixdə, saat 12 radələrində şöbənin digər əməkdaşları və aqronom ilə birlikdə Təqsirləndirilən şəxs Astara rayon Şahağacı kəndində yerləşən evinə gedilmişdir. Həmin vaxt evdə olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləcəyi izah olunduqdan sonra o, buna heç bir etiraz etməmiş və daha sonra onun yaşadığı ünvana video görüntü vasitəsi ilə baxış keçirilmişdir. Həyətə baxış keçirilən zaman tövlənin arxa tərəfində, çəpərin yanında xüsusi hazırlanmış yerdə müxtəlif 60-120 sm ölçülərdə 5 (beş) ədəd torpağa basdırılmış vəziyyətdə, yaş halda olan aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Baxışda iştirak edən aqronom (mütəxəssis) aşkar olunmuş həmin 05 ədəd bitkiyə baxarkən onların naroktik tərkibli çətənə bitkisi olması və onlara aqrotexniki qaydada qulluq olunması barədə rəyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş bitkilərin çətənə bitkisi olduğunu, təxminən 2023-cü ilin mart ayında çəpərinin yanından, küçə tərəfdən 1 ədəd dibçəyin içərisindən taparaq gətirib həyətində əkdiyini, həmin bitkilərə qulluq göstərdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bitkilər iştirakçıların köməkliyi ilə dartılıb yerindən çıxarılmış, daha sonra təhqiqatçı tərəfindən aşkar olunmuş həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 1 ədəd bağlamaya qoyulmuş və Astara rayon polis şöbəsinin 84 saylı möhürü ilə möhürlənmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. 27 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı Astara rayon Şahağac kəndində fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindəki tövlənin arxa hissəsində, çəpərin yanında yerdə təxminən 60-120 sm ölçülərdə, 05 (beş) ədəd, yaş halda, torpağa basdırılmış vəziyyətdə çətənə bitkisinə oxşar kollar aşkar edilərək götürülmüşdür.
2. Mütəxəssis-aqronom tərəfindən verilmiş 27 iyun 2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Astara rayon Şahağac kəndində fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindəki tövlənin arxa hissəsində, çəpərin yanında yerdə təxminən 60-120 sm ölçülərdə, 05 (beş) ədəd, yaş halda, torpağa basdırılmış vəziyyətdə çətənə bitkisinə oxşar kollar aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmiş, yəni suvarılmış, gübrələnmiş, alaq otlarldan təmizlənmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin X4 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 28 iyun 2023-cü il tarixli, 19/690 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “... Astara rayon Şahağacı kənd sakini Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 05 ədəd narkotik xassəli bitki ekspertizaya təqdim edilməsi ...” sözlər və imzalar olan paketin içərisində, hündürlükləri 80-120 sm aralığında, ümumi sayı 05 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 265,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: 05 (beş) ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmışdır.
4. Məhkəmə-narkoloji ekspertizasının 06 iyul 2023-cü il tarixli, 694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən tərkibində narkotik maddələr olan və qanunsuz olaraq kultivasiya edilən 3-15 ədəd çətənə növlü bitkilər «xeyli miqdar» hesab olunur. Məhkəmə qanunvericilik aktının bu normasına əsasən də Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsiv edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Astara rayon HB-nın Şahağac kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. İş materiallarında olan Astara rayon İH-nin Şahağac kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şahağac kəndində fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ilk dəfə olaraq qəsdən az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxsnu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Şahağac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, eyni zamanda Astara və Lənkəran rayonları ərazisində fərdi əmək faliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Şahağac kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalmış 05 (beş) ədəd çətənə bitkisi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 27 iyun 2023-cü il tarixli qərar və protokoldan və «tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında» 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29 iyun 2023-cü il tarixdə azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu (27 iyun 2023-cü il tarixdən 29 iyun 2023cü il tarixədək) 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu (27 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək) 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Şahağac kəndində yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Astara rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra 05 (beş) ədəd çətənə bitkisi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov