Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-148/2024 17.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi -Astara Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Astara rayon məhkəməsinin 09 iyun 2022cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,həmin cəzanı şəkmiş, lakin məhkumluğu ödənilməmiş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 1,286 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 06 avqust 2024-cü il tarixdə, saat 15:15-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsində saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd sellofan bükümündə təmiz çəkisi 1,286 qram psixotrop maddə metamfetamin əynində olan göy rəngli şortikin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bildiyini qeyd etsədə daha sonra ifadəsində psixotrop maddə metamfetamin qəbul etdiyinə görə özünü təqsirli bildiyini bildirmişdir.Fərzullayev ifadəsində göstərmişdir ki, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır,subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. 3 ildir ki, psixotrop maddə olan olan metamfetamindən istifadə edir. Psixotrop maddəni Bakı şəhərindən əldə etdiyini qeyd etmişdir. 06 avqust 2024-cü il tarixdə saat 15 radələrində Astara rayonu Ərçivan qəsəbəsində onu Astara Rayon Polis Şöbəsinin əməkdaşları saxlamışlar. Bundan sonra polis əməkdaşları ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Daha sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması təqdirdə təqdim etməyi tələb etmişlər.Çəkiliş zamanı üzərində psixotrop maddə olmasını bildirsədə əsl həqiqətdə üzərində heç bir psixotrop maddə olmamışdır. Polis şöbəsinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor tətbiq olunmamışdır. Bədənində hər hansı bir xəsarət olmamışdır.Bölmədə videoşəkilişlə üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasını vəkilin yanında bildirmişdir.Lakin əsl həqiqətdə həmin maddədən xəbəri olmamışdır.Özünü yalnız psixotrop maddə istifadə etdiyinə görə təqsirli bilir.Bundan başqa təqsirləndirilən şəxs sonuncu dəfə oktyabr ayında barəsində cinayət işinin gedişatı zamanıda psixotrop maddədən istifadə etdiyini səmimi etiraf etmişdir.Son sözündə valideyinlərinə görə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin verdiyi ziddiyyətli ifadəsi cinayət işinin digər sübutları ilə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünü məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki ,məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 avqust 2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuşdur. Bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuşdur. Həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 06 avqust 2024-cü il tarixdə, saat 15:15 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Ərçivan qəsəbəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin kənddə piyada hərəkətdə olduğu görülmüşdür. Dərhal sonuncunun yanında avtomobili saxlayaraq avtomobildən düşmüşlər və sonuncuya yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onun üzərində videoçəkilişlə axtarış aparmış, axtarış zamanı Vüsalın üzərində olan göy rəngli şortikin sol yan cibindən 01 ədəd şəffaf sellefon bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə 01 ədəd sellefon bükümdə olan psixotrop maddə metamfetamin çəkilmiş və çəkisinin 1,3 qram olaması müəyyən edilmişdir. Üzərindən başqa hər hansısa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonuncu psixotrop maddənin çəkisi ilə razı olduğunu bildirmiş, bundan sonra götürülmüş predmentin qablaşdırılmasına başlanılmışdır. Qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuşdur. Özcan Quluzadə tərəfindən üstü yoxlanılan zaman aşkar edilmiş bükümün qablaşdırıldığı zərf yenidən açılaraq baxış keçirilmişdir. bükümə baxış keçirilən zaman orada Vüsal və müdafiəçi onunla birlikdə iştirak etmiş, bükümə baxış keçirilən zaman çəkisinin 1,3 qram olması müəyyən edilmişdir. Daha sonra boş zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman qeydə alınmış videogörüntü olan 01 ədəd “DVD” diskə baxış keçirilmək üçün “BENQ” markalı komputerə daxil edilmişdir. “My computer” pəncərəsində “Təqsirləndirilən şəxs mp4” adlı videogörüntü açılmış, 09 dəqiqə 05 saniyədən ibarət olan videogörüntünün 01:45 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan göy rəngli şortikin sol yan cibindən bir ədəd sellofon bükümün aşkar olunmuşdur. Orada Təqsirləndirilən şəxs həmin bükümün psixotrop maddə olan metamfetamin olduğunu bildirməsi əksini tapmışdır. Sonradan videogörüntü də əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 06 avqust 2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına məlumat daxil olmuşdur. Bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmişdir. Ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 06 avqust 2024-cü il tarixdə, saat 15:15 radələrində yaradılmış əməliyyataxtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Ərçivan qəsəbəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin kənddə piyada hərəkətdə olduğu görülmüşdür. Dərhal sonuncunun yanında avtomobili saxlayaraq avtomobildən düşmüşlər və sonuncuya yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli şortikin sol yan cibindən 01 ədəd şəffaf sellefon bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş predmentin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra Vüsal ilə birlikdə Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuşdur.Sonra isə sonuncu tərəfindən qəbul edilmiş qərarla Vüsal şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsi ondan öncə dindirilən Şahid2 ifadəsinə oxşar olmus və işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarının tədqiqi; İş materiallarına əlavə edilmiş 06 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki,videoçəkiliş aparılmaqla 06 avqust 2024-cü il tarixdə saat 15:15dən saat 15:24-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan göy rəngli şortikin sol yan cibindən 01 ədəd sellofon bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 1,3 qram olması müəyyən edilmiş və qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar edilən “Samsung” markalı mobil telefon isə götürülmüşdür. İş materiallarına əlavə edilmiş (iş vərəqi 11-12 və 31-32) 06 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması” və “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollardan görünür ki, həmin tarixdə saat 16:10-dan saat 16:30-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli şortikin sol yan cibindən aşkar edilərək götürülmüşdür. İçərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 01 ədəd zərf açılmışdır. Bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə baxış keçirilmiş, həmin büküm elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisi 1,3 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Vüsal Fərzulayev ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, kütləni 05 avqust 2024-cü il tarixdə, saat tanımadığı şəxsdən aldığını, lakin ondan istifadə etmədiyini, heç kimə vermədiyini və bir neçə ildir ki, metamfetamindən çəkmə üsulu ilə istifadə etdiyini bildirmişdir. İş materiallarında olan (iş vərəqi 40) xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən məhkəmə kimyəvi ekspertizası üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 19/601 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «tədqiqata təqdim edilmiş üzərində» Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 1,286 qram olan məddə ağ rəngli kristallardan ibarət matamfetamindir. (ekspertiza tədqiqatından sonra qalıq-1,236 qr.) İş materiallarında olan (iş vərəqi 92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 12 avqust 2024-cü il tarixli, 649 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ki, “Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan (iş vərəqi 83-84) xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs üzərindən götürülmüş,ekspertiza tədqiqatından sonra qalıq qalan,ümumi çəkisi 1,236 qram psixotrop maddə olan metamfetamin,həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Psixotrop maddə olan metamfetamin iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir.Üstü yoxlanılan zaman aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 DVD disk cinayət işinin materialına əlavə edilmşdir. İş materiallarında olan (iş vərəqi 89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4 ” X6 29 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında (səh 15) olan xx.xx.2024-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 50) xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında (iş vərəqi 67-69) olan Astara rayon prokuroru Əli Əliyevin xx.xx.2024-cü il tarixli “vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” qərarından məlum olur ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi haqqında Astara RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Rzazadə Nurlanın xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməmiş və O, saxlandığı Astara RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında (iş vərəqi 70-72) olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 94) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə Astara rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 11 iyul 2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 16 gün hissəsindən şərti olaraq vaxtın əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş (iş vərəqi 117) xx.xx.2022-ci il tarixli Astara Rayon Məhkəməsinin 1(018)-83/2022 nömrəli hökmündən də görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan (iş vərəqi 130-137) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,236 qram narkotik vasitə psixotrop maddə olan metamfetamin saxlanılması üçün Astara RPŞ-nın maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında əlavə edilmiş Lənkəran rayon Mərkəzi Xəstəxanasının tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs Exoqarfik olaraq qaraciyərdə hepatoz, pankreasda steatoz əlamətləri vardır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs iclas zalında vermiş olduğu ifadəsində göstərdiyi təfərruatların cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə xarakterli olması qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün qismən etirafı, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə psixotrop maddə metamfetamin əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Təqsirləndirilən şəxs oğuna cəza təyin edərkən, ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3 az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib qurtarmış ,lakin məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs anasının göz xəstəliyindən əziyyət çəkməsini, özünün isə qaraciyər xəstəliyindən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) gün ona təyin olunacaq azadlığın məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alır və Təqsirləndirilən şəxsnün ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Astara Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,236 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə xərcinə aid edilən ekspertiza tədqiqatının dəyəri – 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) gün ona təyin olunmuş 01 (bir) il 06 (altı) il müddətinə azadlığın məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İ saylı Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,236 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmün icrası Astara rayon Polis şöbəsinə və İ saylı Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-148/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-148/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver