Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-15/2024 11.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs – (xx xxxx 1982-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində biri azyaşlı, ikisi yetkinlik yaşına çatmayan olmaqla 03 (üç) uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Səlivə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə, saat 23:30 radələrində yaşadıqları Astara rayonu Səlivə kəndində ara yolda qardaşı Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs üz və boyun nahiyəsinə yumruqla iki dəfə qəsdən vuraraq, ona sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançır, boyun nahiyəsində sıyrıq kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Astara rayonu Səlivə kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, beş uşağı var. Uşaqlarından biri azyaşlı, ikisi yetkinlik yaşına çatmayandır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs onun qardaşıdır. 17 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə olan zaman ona qardaşının sərxoş vəziyyətdə olması barədə məlumat verilmiş, o da qardaşı Bəhruza zəng edib ona “çıx gəl evinə, içki halda küçədə gəzmə” demişdir. Bundan sonra yaşadıqları evdən çıxıb ara yolla getmiş və saat 23:30 radələrində ara yolda qardaşı Bəhruzu görmüşdür. Bəhruza çox spirtli içki içməsini irad bildirmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Həmin vaxt əsəbləşib Bəhruzun üz və boyun nahiyələrinə yumruq zərbəsi vurmuş, sonra çıxıb yaşadığı evə getmişdir. Hadisə zamanı onların yanında kənar şəxslər olmamış, hadisə təxminən bir iki dəqiqə davam etmişdir. Hazırda qardaşı Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi ilə razıdır, o da cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 17 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində yaşadıqları Astara rayonu Səlivə kəndində olan mağazaya gedib ərzaq almaq istəmiş, həmin vaxt mağazanın sahibi Semih onun böyük qardaşı Təqsirləndirilən şəxs zəng edib onun səxoş olduğunu bildirmişdir. Buna görə də qardaşı Ceyhun ona zəng edərək onunla telefonda mübahisə etmiş, daha sonra saat 23:30 radələrində yaşadığı evin qarşısına gələndə qardaşı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq iradını bildirmişdir. Buna görə də aralarında mübahisə baş verdmiş, mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs onun sol göz nahiyəsinə və sağ boyun nahiyəsinə yumruq zərbələri vurmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəyən zərəri tamamilə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından sonuncu onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. O, barəsində olan sadələşmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsinə razıdır və bunu məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 364 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində - sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançır, boyun nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən 22 dekabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İHB-nın Şüvi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İbrahimov X1 yaşamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara rayon İHB-nın Şüvi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində biri azyaşlı, ikisi yetkinlik yaşına çatmayan olmaqla, beş övladı var. Dövlət ittihamçısı çıxışında tərəflərin barışdıqlarının, şikayət vermiş şəxsə cinayətlə vurulan ziyanın ödənilməsinin nəzərə alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs ilə barışmalarını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №1(018)-15/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-15/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver