Məhkəmə qərarları › İş №1(018)-15/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-15/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-15/2025 05.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkiliMüdafiəçi iştirakları ilə, xx xxxxx 1975-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 06 avqust 2018-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtarmamış və məhkumluğu odənilməmiş, Astara şəhəri, Qum küçəsi, ev 159 ünvanında qeydiyyatda olmaqla yaşamış, 15 sentyabr 2024-cü il tarixdə barəsində Astara rayon məhkəməsinin qərarı ilə 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda -0,240 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 sentyabr 2024-cü il tarixdə, saat 17:39 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri, Qum küçəsi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd sellofon bükümdə, təmiz çəkisi -0,240 qram olan narkotik vasitə olan heroin əynində olan qırmızı rəngli köynəyin ön cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 13 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində ittihamda göstərilən kimi Qum küçəsində deyil, həmin gün saat 11-12 radələrində Astara rayonunda yerləşən Kapital Bankın qarşısından polis əməkdaşları tərəfindən aparılmışdır.O, polis şöbəsinə gedərkən üzərində heç bir narkotik vasitə olmamış, o, polis əməkdaşlarının təzyiqi altında üzərindən aşkar edilən heroinin ona məxsus olduğunu bildirmişdir. Ona polis əməkdaşı Şəhriyar və digərləri təzyiq göstərmişdir. Düzdü ona fiziki olaraq heç bir xəsarət yetirilməsə də, polis əməkdaşlarının sözlü təzyiqi altında o məcbur qalıb onların dediklərini qəbul etmişdir. O, qeyd edilənləri nəzərə alıb məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri onun tərəfindən törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə etmək məqsədilə uydurulmuşdur. Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, işin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki,saxlanılmamışdan 5 gün əvvəl, yəni 08 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Astara şəhər ərazisindəki qəbristanlıqdan keçən zaman yerdə sellofonun içərəsində balaca bir bükümü görmüş, maraq üçün yerdən götürmüş, həmin bükümü götürəndə narkotik vasitə olan heroin olduğunu bilmiş, ətrafdan heç kəsin görmədiyinə əmin olduqdan sonra dərhal bükümü cibinə qoymuş, yoluna davam etmiş, gündəlik onu istifadə edəcəyini düşünsə də vaxt eləyib istifadə eləyə bilməmiş, 13 sentyabr 2024-cü il tarixdə, saat 17:39 radələrində Qum küçəsində hərəkətdə olan zaman anidən yanında avtomobil dayanmış, avtomobildən düşən şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərinə baxış keçiriləcəyini bildirmişlər. Ona könüllü şəkildə üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməyini təklif etmişlər, o da həmin şəxslərə əynində olan qırmızı rəngli köynəyin ön cibindən yerdən tapdığı heroini təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, zərfdə qablaşdırılaraq möhürlənmiş, üzərində o və iştirakçılar imzalarını çəkmişlər. Onunla şifahi sorğu aparılmış, sonra polis əməkdaşları avtomobilləri ilə onu Astara RPŞ-nin inzibati binasına gətirmiş, polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün müdafiəçi çağırılmış, daha sonra isə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərindən aşkar edilmiş bükümə yenidən baxış və üzərinə şəxsi axtarış keçirilmiş, üzərində şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən bir ədəd dəsmal, köynəyinin ön cibindən bir ədəd alışqan aşkar edilmiş, əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmış, təhqiqatçı tərəfindən büküm zərfdən çıxarılmış, yenidən elektron tərəzidə çəkilmiş, bükümün çəkisi ilə razılaşmış, büküm yenidən zərfdə qablaşdırılmış, o, müdafiəçisi və iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkmişlər. Yekunda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçisi və iştirak edən digər şəxslər protokolu imzalamışlar. Üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofon bükümün içərisində olan heroini saxlanılmamışdan 5 gün əvvəl, yəni 08 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Astara şəhəri ərazisindəki qəbristanlıqdan keçən zaman yerdən tapmış, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, indiyədək kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Yalnız narkotik vasitə olan heroindən çəkmə üsulu ilə istifadə etmiş, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün saxlamış, həmin kütlədən kiməsə nə satmış, nə də ki, vermiş, həmin kütlədən heç özü də istifadə edə bilməmiş saxlanılmışdır. Ona qarşı hansısa qeyri-qanuni hərəkətlər edilməmiş, heç kəs zor tətbiq etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 13 sentyabr 2024-cü il tarixdə, saat 17:39 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara şəhəri, Qum küçəsinə getmişlər. Onlar Qum küçəsində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs küçədə piyada hərəkət etdiyini görmüşlər, dərhal Elmanın yanında avtomobili saxlamışlar, avtomobildən düşərək yaxınlaşmışlar, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələrinin saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra Elmana üzərində qanunla qadağa edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsini istəmişlər, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qırmızı rəngli köynəyin ön cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, bundan sonra Elmanın təqdim etdiyi narkotik vasitə olan heroin çəkisi müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş, çəkisinin 0,37 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüş, üzərindən başqa hər hansısa bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, onlar Elmanla birlikdə Astara RPŞ-yə gəlmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, sonra isə sonuncu tərəfindən qəbul edilmiş qərarla Elman şübhəli şəxs qismində tutulmuş, Özcan Quluzadə tərəfindən üstü yoxlanılan zaman aşkar edilmiş bükümün qablaşdırıldığı zərf yenidən açılmış, bükümə baxış keçirilmiş, bükümə baxış keçirilən zaman orada o, Elman, müdafiəçi və Şahid2 iştirak etmiş, bükümə baxış keçirilən zaman çəkisinin 0,3 qram olması müəyyən edilmiş, boş zərfdə qablaşdırılmış, möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən, sonuncu bükümü saxlanılmamışdan 5 gün əvvəl, yəni 08 sentyabr 2024-cü il tarixdə Astara şəhərindəki qəbristanlıqdan tapdığını, kütlədən istifadə etmədiyini, satmadığını, vermədiyini, heroindən çəkmə üsulu ilə istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman qeydə alınmış videogörüntü olan 01 ədəd “DVD” diskə baxış keçirilmək üçün “BENQ” markal kompyüterə daxil edilmiş, “My computer” pəncərəsində “Təqsirləndirilən şəxs.mp4” adlı videogörüntü açılmış, 07 dəqiqə 14 saniyədən ibarət olan videogörüntünün 01:35 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli köynəyin ön cibindən bir ədəd sellofon bükümün aşkar olunması, orada Təqsirləndirilən şəxs həmin bükümün narkotik vasitə olduğunu bildirməsi əksini tapmışdır. Sonradan videogörüntü də əhəmiyyət kəsb edən məlumat aşkar edilməmiş, sonda bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılar tərəfindən heç bir əlavə qeyd edilmədən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Bəhrəm oğlu Şahid1 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 13 sentyabr 2024-cü il tarixdə, saat 17:39 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara şəhəri, Qum küçəsinə getmişlər. Onlar Qum küçəsində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs küçədə piyada hərəkət etdiyini görmüşlər, dərhal Elmanın yanında avtomobili saxlamışlar, avtomobildən düşərək yaxınlaşmışlar, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələrinin saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra Elmana üzərində qanunla qadağa edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsini istəmişlər, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qırmızı rəngli köynəyin ön cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, bundan sonra Elmanın təqdim etdiyi narkotik vasitə olan heroin çəkisi müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş, çəkisinin 0,37 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüş, üzərindən başqa hər hansısa bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, onlar Elmanla birlikdə Astara RPŞ-yə gəlmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, sonra isə sonuncu tərəfindən qəbul edilmiş qərarla Elman şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 19/659 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -0,240 qram olan məddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (тядгигата сярф олунду 0,05 гр., галыг 0,190 гр). İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 17 sentyabr 2024-cü il tarixli, 704 saylı rəyindən ki, “Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nın təqdim etidyi ********** nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:39-dan saat 17:47-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qırmızı rəngli köynəyin cibindən sellofon bükümdə narkotik vasitə olan heroin bənzər kütlə aşkar edilərək götürümüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 0,37 qram olması müəyyən edilmiş və qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, kütləni 5 gün əvvəl Astara şəhəri ərazisindəki qəbristanlığın yaxınlığında tapdığını, lakin ondan istifadə etmədiyini, gələcəkdə istifadə edəcəyini, heç kimə vermədiyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2018-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1469 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzər əalır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xaraketizə olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin (sadə) residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 15.09 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olaniki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmaqla, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1 ədəd bükümdə 0.190 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CMnin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) günü Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş 1 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2024-cüil tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 02 ədəd disk iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.190 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis şöbəsinə və İ saylı Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar