Məhkəmə qərarları › İş №1(018)-154/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-154/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-154/2023 03.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2 avqust 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,692 qram qurudulmuş marixuana narkotik vasitəsini sellofan bükümdə qablaşdırıb özünə məxsus göy rəngli şalvarın sağ cibində yerləşdirərək idarə etdiyi “DAF” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında saxlamışdır. Təqsirləndirilən şəxs 2 avqust 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara rayonu inzibati ərazisində yerləşən «Astara» Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin birinci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Hazırda heç bir yerdə işləmir. 01 avqust 2023-cü il tarixdə İran İslam Respublikasının Astara şəhərində yerləşən terminalda olan zaman şəxsi istifadəsi üçün tanımadığı iran vətəndaşından bir bükümdə narkotik vasitə marixuana almış və həmin marixuananın bir qismini istifadə etdikdən sonra yerdə qalan hissəsini şəffaf rəngli sellofan bükümə bükərək əynində olan göy rəngli cins şalvarın sağ cibinə yerləşdirmişdir. Terminal ərazisində olan zaman əynində olan göy rəngli cins şalvarı çıxardaraq idarə etdiyi yük avtomobilinin kabinasındakı əl yükünün içərisinə qoymuş və başqa paltar geyinmişdir. 02 avqust 2023-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Daf” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası «Astara» gömrüyünə daxil olmuşdur. Həmin vaxt idxal yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, eləcə də idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı, həmçinin gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Gömrük əməkdaşına üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunvericiliklə qadağan olunmuş, həmçinin gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı tərəfindən onun idarə etdiyi “Daf” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan sonra nəqliyyat vasitəsinin kabinasında əl yükünün içərisində olan ona məxsus göy rəngli cins şalvara gömrük əməkdaşı tərəfindən baxış keçirilmiş və bu zaman şalvarın sağ cibində gömrük nəzarətinə bəyan edilməmiş, sellofan paketə bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı içərisində narkotik vasitə marixuana olduğu məlum olmuşdur. Sorğu-sual zamanı gömrük əməkdaşına gömrük yoxlaması zamanı ona məxsus göy rəngli cins şalvarın sağ cibindən aşkar edilmiş, İran İslam Respublikasından əldə edərək ölkə ərazisinə gətirdiyi narkotik vasitə olan marixuananı unutduğu üçün gömrükdən keçirdiyini bildirmişdir. Hazırda etdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi “Azəterminalkompleks” X3 İdarəsinə təhkim olunmuş inspektoru vəzifəsində xidmət edir. 02 avqust 2023-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq «Astara» Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 17 radələrində şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal yoxlama xəttinə daxil olmuşdur. İlk öncə onunla şifahi sorğu-sual apararaq idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş, həmçinin gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş, həmçinin gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra idxal yoxlama xəttinə dəvət etdiyi iki nəfər hal şahidinin iştirakı ilə saat 18:00-da Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış və yoxlama zamanı nəqliyyat vasitəsində hər hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra nəqliyyat vasitəsinin kabinasında Təqsirləndirilən şəxs məxsus əl yükünə baxış keçirmiş və bu zaman əl yükünün içərisində olan göy rəngli cins şalvarın sağ cibindən gömrük nəzarətinə bəyan edilməmiş şəffaf sellofan paketə bükülmüş bir ədəd büküm aşkar etmişdir. Həmin bükümə baxış zamanı içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs məxsus, gömrük nəzarətinə bəyan edilməmiş göy rəngli şalvarın sağ cibindən aşkar edilmiş bir ədəd büküm götürülərək qablaşdırılmış, elektron tərəzidə çəkilmiş və möhürlənmişdir. Bununla bağlı tərəfindən müvafiq protokollar tərtib edilmiş və tərtib olunmuş protokollarla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 fadəsində göstərdi ki, 02 avqust 2023cü il tarixdə, saat 17 radələrində «Astara» Gömrük İdarəsinin qarşısında olan zaman Elmar adlı gömrük əməkdaşı onu və onunla birlikdə orada olan Şahid3 idarənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət edərək, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə və üzərinə gömrük yoxlaması keçirəcəyini və onlara da həmin yoxlamalarda hal şahidi qismində iştirak etmələrini təklif etmişdir. İlk öncə gömrük əməkdaşı Elmar şifahi sorğu-sual apararaq Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş, həmçinin gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olub-olmamasını soruşmuş, cavabında Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətinə bəyan edilməli, həmçinin gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra saat 18:00-da Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı nəqliyyat vasitəsi gömrük əməkdaşı Elmar tərəfindən əsaslı yoxlanılmağa başlanılmış və yoxlama zamanı nəqliyyat vasitəsində heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra nəqliyyat vasitəsinin kabinasında Təqsirləndirilən şəxs məxsus əl yükünə baxış keçirilmiş və bu zaman əl yükünün içərisində olan göy rəngli cins şalvarın sağ cibindən gömrük nəzarətinə bəyan edilməmiş şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs məxsus, gömrük nəzarətinə bəyan edilməmiş göy rəngli şalvarın sağ cibindən aşkar edilmiş bir ədəd büküm gömrük əməkdaşı tərəfindən götürülərək qablaşdırılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. "Astara" Gömrük İdarəsində tərtib edilmiş 2 avqust 2023-cü il tarixli “malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 02 avqust 2023-cü il tarixdə, saat 17 radələrində «Astara» Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş və həmin tarixdə onunla şifahi sorğu-sual aparılaraq üzərində, idarə etdiyi nəqliyyat vasitəsində və özünə məxsus əl yükündə gömrük nəzarətinə mütləq bəyan olmalı, gömrük nəzarətində gizlədilmiş hər-hansı predmetin olub-olmaması soruşulmuş, cavabında Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi nəqliyyat vasitəsində və özünə məxsus əl yükündə gömrük nəzarətinə mütləq bəyan olmalı, gömrük nəzarətində gizlədilmiş hərhansı predmetin olmadığını bildirmişdir. Daha sonra iki nəfər hal şahidinin də iştirakı ilə keçirilmiş gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 99SH497/99ZD496 qeydiyyat nişanlı nəqliyyat vasitəsindən heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Nəqliyyat vasitəsinin kabinasında Təqsirləndirilən şəxs məxsus əl yükünə keçirilmiş baxış zamanı göy rəngli cins şalvarın sağ cibindən gömrük nəzarətinə bəyan edilməmiş şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli, 19/769 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülümş, tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,692 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahıya daxilildir. Qeyd: Qurudulmuş marixuananın təmiz çəkisi - 0,692 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,642 qram qaldı.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 5268 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir: «Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır». 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”ndan görünür ki, qurudulmuş marixuananın 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarında olsa da, 0,692 qram qurudulmuş marixuana narkotik vasitəsini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyi baxımından da düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti başçısının 01 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış narkotik vasitə – 0,642 qram qurudulmuş marixuana təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Yevlax şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,642 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar