Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-154/2025 03.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X1, Müdafiəçilər - Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 2002-ci ildə Əfqanıstan İslam Respublikasında doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Badğis vilayətində qeydiyyatda olmaqla yaşamış, 26 sentyabr 2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.2001-ci il tarixdə Əfqanıstan İslam Respublikası, Faryab vilayətində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Əfqanıstan İslam Respublikasının Faryab vilayətində qeydiyyatda olmaqla yaşamış, 26 sentyabr 2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabacadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişlər. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 yaşamaq və işləmək üçün Türkiyə Respublikasına qanunsuz olaraq getmək məqsədi ilə, həmyerlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir şəxs halında 23 sentyabr 2025-ci il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonu, Armudlu kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının xidməti sahəsindən piyada hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, daha sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafları, şahidlərin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Əfqanıstan İslam Respublikasında dolanışığı zəif olduğundan işləmək məqsədilə saxlanılmasından təxminən bir ay əvvəl tanışı olan Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz yolla Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına getmişlər. İran İslam Respublikasının Tehran şəhəri, Kərəc kəndində fəhləliklə məşğul olsalar da, orada da işlərin zəif olduğunu, maddi vəziyyətlərini düzəldə bilməyəcəklərini anladıqlarından fikirləşmişlər ki, Türkiyə Respublikasına miqrant kimi gedib orada qalıb işləsinlər. Bunun üçün də maraqlandıqlarında əvvəlcə Azərbaycan Respublikasına, oradan Gürcüstana, Gürcüstandan da Türkiyə Respublikasına gedib orada yaşayıb işləmək qərarına gəlmişlər. Lakin, Azərbaycan Respublikasına gedə bilmək üçün Azərbaycan Respublikasında quru sərhədlərin bağlı olduğunu bilmişlər, eləcə də aviareysə bilet almaq üçün də kifayət qədər maddi imkanları olmamışdır. Bu məqsədlə də fikirləşmişlər ki, Azərbaycan Respublikası ərazisinə yalnız qanunsuz yolla gedə bilərlər. Bunun üçün də 23 sentyabr 2025-ci il tarixdə mobil telefonlarında olan "Google Map" proqramından istifadə edərək İran İslam Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədinin kəsişdiyi yeri müəyyənləşdirib həmin yerə yaxınlaşaraq havanın qaralmasını gözlədikdən sonra 23 sentyabr 2025-ci il tarixdə, saat 21 radələrində dövlət sərhədindən tanışı Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz yolla keçib İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişlər. Dövlət sərhədinin qanunsuz yolla keçdikdən sonra bir müddət meşəlik ərazidə gizləndikdən sonra 25 sentyabr 2025-ci il tarixdə, saat 04 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Əfqanıstan İslam Respublikasında dolanışığı zəif olduğundan işləmək məqsədilə saxlanılmasından təxminən bir ay əvvəl tanışı olan Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz yolla Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına getmişlər. İran İslam Respublikasının Tehran şəhəri, Kərəc kəndində fəhləliklə məşğul olsalar da, orada da işlərin zəif olduğunu, maddi vəziyyətlərini düzəldə bilməyəcəklərini anladıqlarından fikirləşmişlər ki, Türkiyə Respublikasına miqrant kimi gedib orada qalıb işləsinlər. Bunun üçün də maraqlandıqlarında əvvəlcə Azərbaycan Respublikasına, oradan Gürcüstana, Gürcüstandan da Türkiyə Respublikasına gedib orada yaşayıb işləmək qərarına gəlmişlər. Lakin, Azərbaycan Respublikasına gedə bilmək üçün Azərbaycan Respublikasında quru sərhədlərin bağlı olduğunu bilmişlər, eləcə də aviareysə bilet almaq üçün də kifayət qədər maddi imkanları olmamışdır. Bu məqsədlə də fikirləşmişlər ki, Azərbaycan Respublikası ərazisinə yalnız qanunsuz yolla gedə bilərlər. Bunun üçün də 23 sentyabr 2025-ci il tarixdə mobil telefonlarında olan "Google Map" proqramından istifadə edərək İran İslam Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədinin kəsişdiyi yeri müəyyənləşdirib həmin yerə yaxınlaşaraq havanın qaralmasını gözlədikdən sonra 23 sentyabr 2025-ci il tarixdə, saat 21 radələrində dövlət sərhədindən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz yolla keçib İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişlər. Dövlət sərhədinin qanunsuz yolla keçdikdən sonra bir müddət meşəlik ərazidə gizləndikdən sonra 25 sentyabr 2025-ci il tarixdə, saat 04 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən N №-li hərbi hissənin əməliyyat-axtarış şöbəsinin baş əməlliyyat müvəkkili, mayor Şahid2 ifadəsində göstərmişdir ki, 25 sentyabr 2025-ci il tarixdə Astara rayonu, Lovain kəndi ərazisində 2 (iki) nəfər xarici ölkə vətəndaşlarının olması barədə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumatın dəqiqləşdirilməsi məqsədilə əməlliyyat müvəkkili olan baş leytenant Şahid1 ilə birlikdə qeyd olunan istiqamətdə hərəkət etmişlər. xx.xx.2025-ci il tarixdə, saat 04 radələrində Astara rayonu, Lovain kəndi ərazisində həqiqətən də 2 (iki) nəfər xarici ölkə vətəndaşını saxladıqdan sonra aparılan filtirasiya tədbirləri nəticəsində həmin şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər olmaları məlum olmuş, həmin şəxslər 23 sentyabr 2025-ci il tarixdə, saat 21 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən qanunsuz yolla piyada hərəkət etməklə gəldiklərini səmimi olaraq etiraf etmişlər. Bundan sonra adları qeyd olunan şəxslər dövlət sərhədindən qanunsuz yolla keçdikləri yeri göstərdiklərində həmin yerin N nömrəli hərbi hissənin 12-ci sərhəd zastavasının 16-cı sahəsi olması müəyyən edilmişdir Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 12-ci sərhəd zastavasının operatoru, əsgər Şahid1 Şahid2 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 sentyabr 2025ci il tarixdə 12-ci sərhəd zastavasında olduğu zaman sərhəd zastavasına 2 (iki) nəfər xarici ölkə vətəndaşı gətirilmiş, aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, qeyd olunan şəxslər xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində 12-ci sərhəd zastavasının 16-cı sahəsi istiqamətində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən qanunsuz yolla piyada hərəkət etməklə gəlmişlər. Bundan sonra Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədindən qanunsuz yolla keçdikləri yeri göstərdiklərindən həmin yerin N nömrəli hərbi hissənin 12-ci sərhəd zastavasının 16-cı sahəsi olması müəyyən edilmişdir. əsasən sərhəd zastavasında "əsas qüvvələrin cəmləşmə istiqaməti" 2-4-cü sahələr təyin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid1 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: N nömrəli hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 26 sentyabr 2025-ci il tarixli, 3-38/2-16/3465/25 nömrəli məktubundan və 12-ci sərhəd zastavasinin rəisi vəzifəsini müvəqqəti icra edən kapitan Şahid4 26 sentyabr 2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində 12-ci sərhəd zastavasının 16-cı sahədən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə pozulma əlamətləri aşkar olunmuşdur. Əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat təqribən 04 radələrində Astara rayon Lovain kəndi ərazisində 2 nəfər şəxs sərhəd pozucusu qismində saxlanılmışdır. 25 sentyabr 2025-ci il tarixli dövlət sərhədinin pozulduğu əraziyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları ərazi N №-li hərbi hissənin Astara rayonu Armudlu kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının 16-cı sahəsidir. Qeyd olunan yer 136 nömrəli sərhəd nişanından 1500-1600 metr sola, dövlət sərhəd xəttindən 120-140 metr aralı, mühəndis texniki çəpərdən çöldə yerləşən ərazidir. Ərazi meşəlik və kolluq relyefə malikdir. Hadisə yeri olan 16-cı sahədə aparılmış baxış zamanı dövlət sərhədinən mühəndis-texniki çəpərinə gedən yoldakı kolluqlarda müəyyən qədər əzilmələr, nəzarət iz zolağındakı müxtəlif sayda ayaq izləri, həmçinin mühəndis texniki çəpərin aşağıdan məftilin boşalması aşkar edildi. Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əzilmələri və məftillərin kəsimələri, eyni zamanda nəzarət iz zolağındakı ayaq izlərini həmin ərazidən keçən zaman onlar tərəfindən edildiyini etiraf etmişlər. “İnzibati qaydada tutma haqqında” 25 sentyabr 2025-ci il tarixli Protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İXM-nin 570-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən 25 sentyabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. “İnzibati qaydada tutma haqqında” 25 sentyabr 2025-ci il tarixli Protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 570-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən 25 sentyabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. “Anket məlumatlarının dəqiqləşdirilməsi haqqında” 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarında saxlanılan şəxsin anket məklumatlarının dəqiqləşdirlməsi və Əfqanıstan İslam Respublikası vətəndaşının soyadı və adının “Təqsirləndirilən şəxs1”, Əfqanıstan İslam Respublikası vətəndaşının soyadı və adının “Təqsirləndirilən şəxs2” kimi tanınması və oxunması qərara alınmışdır. İAMAS-dan daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in haqqında “Giriş-çıxış və qeydiyyat” İAMAS sitemində məlumat mövcud deyil. DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 26 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 sentyabr 2025-ci il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 26 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 sentyabr 2025-ci il tarixdə saat 11:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-538/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 25 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-539/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 25 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin özünün ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərindən səmimi peşmanlıq hissi keçirmələrini cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmaları yalnız onların cəmiyyətdən təcrid edilmələri yolu ilə mümkün olduğundan onlara müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 sentyabr 2025-ci il tarixdən tutulmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzalarının əvvəli 25 sentyabr 2025-ci il tarixdən hesablanmalı, həmçinin onların barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xarici ölkə vətəndaşı olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-154/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-154/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver