Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-157/2024 26.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 müdafiəçisi vəkil X4 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittihamçı ərizəsində göstərmişdir ki, 1989-cu ildə Astara rayonunda anadan olmuşdur. X5 onun xalası qızıdır. Onlar 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həıyatı qurmuşlar. Onların birgə nikahlarından üç övladları anadan olmuşdur. O, Astara rayon Siyakü kənd orta məktıbində direktor müavini vəzifəsində işləyir. İlk vaxtlar ailə münasibətləri normal olmuş olsada, sonradan Mahnur Əliyevanın xasiyyətində baş verən dəyişiklik səbəbindən ailələrində hər gün söz söhbətlər yaranmağa başlamışdır. X11 bir neçə dəfə onun barəsində böhtan xarakterli əsaslarla Astara RPŞ-nə müraciətlər etmişdir. Onun etmiş olduğu müraciətdə göstərilən əsaslar sübuta yetirilmədiyindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Bundan sonra həyat yoldaşı Mahnur Əliyeva onun sosial şəbəkə platforması “TİK-TOK ” sosial şəbəkəsində “ZAUR544” adı ilə profil yaradaraq güya onun “Yaralı Ürək” profili olduğunu və həmin profil ilə “TİK-TOK” sosial şəbəkəsində əxlaqsız paylaşımlar etmişdir. Yuxarıda qeyd etdiyi kimi o, doğulub boya başa çatdığı kənddə məktəb direktorunun müavini vəzifəsində işləyir. Rayonda və doğma kəndində ziyalı bir müəllim kimi tanınır. Məktəbin müəllim və bötüvlükdə pedaqoji kollektivi arasında yüksək nüfuza sahib bir şəxsiyyətdir. “TİK-TOK” sosial səbəkəsi internet platformasında ən çox yayımlanan sosial şəbəkədir. Bu gün həyat yoldaşı qanunsuz olaraq onun adından həmin sosial şəbəkədə saxta profil yaradaraq tanımadığı şəxsə onun adından qeyri-etik sözlər yazıb paylaşmaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu və ən əsası şəxsiyyətini təhqir etmişdir. Ərizəsində qeyd olunanlara əsasən X2 Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 müdafiəçisi X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə dair müvafiq qərar qəbul olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmədiyini qeyd edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri təhlil etdikdən sonra hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-1-ci maddəsinin tərkibini yaradır. Maddənin Qeydinə əsasən Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual məcəlləsinin 37.3 maddəsinə əsasən İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual məcəlləsinin 215.3–cü maddəsinə əsasən İbtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100—113, 120—125, 126.3, 135— 138, 145, 146, 148-1, 149, 154-162, 162-1 (cinayət işi prokurorluqda başlandıqda), 163, 164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 192-2, 193-1 (cinayət işi prokurorluqda başlandıqda), 195, 195-1, 195-2, 202 - 203-1, 208, 210—212, 222, 223, 262, 268, 286—288, 290—302, 304, 307—315, 316-2.1, 317, 317-1.2, 318-1, 318-2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2-ci maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: (CPM-nin 302.2.2.) bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə. Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında verdiyi şikayət yuxarıda sadalanan Cinayət Prosessual qanunvericiliyinə əsasən ictimai-xüsusi ittiham qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.2-ci maddəsinə əsasən verilmiş şikayət baxılması üçün istintaq aidiyyəti üzrə Astara rayon Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.5, 302.2.2 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.2-ci maddəsinə əsasən verilmiş şikayət baxılması üçün istintaq aidiyyəti üzrə Astara rayon Prokurorluğuna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-157/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-157/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver