Məhkəmə qərarları › İş №1(018)-16/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-16/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-16/2025 21.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən bir bükümdə, xeyli miqdarda 0,477 qram metamfetamin psixotrop maddəsi və 1 bükümdə 0,590 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, əynindəki boz rəngli şortun (qısa şalvarın) sağ yan cibində yerləşdirib saxlamış, idarə etdiyi “Man” markalı, **-BH-***/**-ZX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən üzərində daşımış və 21 avqust 2024-cü il tarixdə saat 09 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarəti zamanı psixotrop maddə və narkotik vasitə aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, Rusiya Federasiyasının müxtəlif şəhərlərinə meyvə-tərəvəz yükləri daşımış, 2-3 dəfə də İran İslam Respublikasına getmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Man" markalı, **-BH-*** / **-ZX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasına boş vəziyyətdə yola düşmüşdür. Həmin nəqliyyat vasitəsi Racu adlı şəxsə məxsus olmuş, o, sürücü kimi çalışmış, həmin şəxs isə sürdüyü yol müqabilində ona maaş vermişdir. Getməzdən əvvəl “Whatsapp” mobil tətbiqində qoşulduğu sürücü qruplarının birindən İranın Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə daşımaq üçün yük tapmış, danışıb razılaşmışdır. Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən nəqliyyat vasitələrinin sayı çox olduğundan İranın Astara şəhərindəki gömrük terminalına daxil olmaq üçün 3 gün növbədə gözləmiş, növbədə olduğu zaman bir taksiyə minib ərzaq məhsulları almaq üçün onu mağazaya aparmasını bildirmişdir. Taksi sürücüsünün adını, idarə etdiyi nəqliyyat vasitəsinin markasını və dövlət qeydiyyat nişanını bilməmiş, fars hərfləri və rəqəmləri ilə yazılmışdır. Taksi sürücüsü onun araq gətirib-gətirmədiyini soruşmuş, olduğu təqdirdə narkotik vasitə ilə dəyişə biləcəyini demiş, o, araq gətirmədiyini demişdir. Taksi sürücüsü ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o isə istifadə etdiyini bildirmişdir. Həmin şəxs cibindən 2 ədəd kiçik büküm çıxarıb ona vermiş və çəkməyini bildirmişdir. O, bükümlərin içərisində nə olduğunu soruşduqda sürücü “nəşə” olduğunu bildirmiş, o isə götürüb əyninə geyindiyi boz rəngli şortun sağ yan cibinə qoyaraq borcunun nə qədər olduğunu soruşmuş, sürücü narkotik vasitəyə görə ondan pul istəməmişdir. Sonra idarə etdiyi nəqliyyat vasitəsinin yanına qayıtmış, növbə ona çatdıqda terminala daxil olaraq idarə etdiyi “Man" markalı, **-BH-*** / **-ZX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə qarışıq meyvə yükü yüklənmiş, sonra Azərbaycan Respublikasına qayıtmaq üçün İranın Astara gömrüyünə daxil olmuşdur. İranlı taksi sürücüsündən əldə etdiyi narkotik vasitə bükümü cibində olmuş, istifadə etməmişdir. İranın gömrük nəzarətindən keçdikdən sonra Azərbaycan Respublikasının Astara Gömrük İdarəsinə daxil olub pasport nəzarətindən keçmişdir. Həmin ərəfədə o, gömrük yoxlamasına daxil olmaq üçün bir qədər gözləmiş, çünki iş növbəsi dəyişilmiş, əvvəlki növbə gömrük əməkdaşları yeni növbə ilə əvəz olunmuşdur. Yükün sənədlərini gömrük əməkdaşlarına təqdim etmiş, növbə ona çatdıqda idarə etdiyi nəqliyyat vasitəsini yoxlama yerinə, talvarın altına sürmüşdür. Avtomobildən enib kənarda dayanmış, bu zaman gömrük əməkdaşları ona yaxınlaşıb yoxlamaya hazır olub-olmadığını soruşmuşlar. O, yoxlamaya hazır olduğunu bildirmiş, gömrük əməkdaşı ondan üzərində, idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş, məhdudlaşdırılmış mallar olub-olmadığını, soruşmuş, o isə cibində saxladığını, içərisində narkotik vasitə olan 2 ədəd bükümü gömrük əməkdaşına təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Yadından çıxdığı üçün həmin “nəşə” dediyi narkotik vasitə cibində qalmışdır. Bundan sonra gömrük əməkdaşı onun idarə etdiyi avtomobildə başqa qadağan olunmuş maddələr olub-olmadığını soruşmuş, o isə başqa qadağa edilmiş maddə daşımadığını bildirmişdir. İdarə etdiyi “Man" markalı, **-BH-*** / **- ZX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi hal şahidlərinin iştirakı ilə əraflı yoxlanılmış və başqa qadağan olunmuş mal aşkar edilməmişdir. Yoxlamalar başa çatdıqdan sonra əynindəki boz rəngli şortun sağ yan cibindən aşkar olunmuş bükümlərə baxış keçirilmiş və sonda həmin maddə araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. O, özünü təqsirli bilmədiyini, üzərində olan narkotik vasitələri bəyan etdiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:00-da iş növbəsinə başlamış, həmin vaxt bir neçə nəqliyyat vasitəsi idxal yoxlama xəttində gömrük yoxlaması üçün gözləmişdir. O, sənədləri sistemdə qeydiyyata alınan nəqliyyat vasitələrindən birinə gömrük yoxlaması keçirmək üçün talvarın altına gəlmiş, sağ tərəfdə dayanan “Man" markalı, **-BH-*** / **-ZX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi talvarın altında yoxlama yerində olmuşdur. O, Təqsirləndirilən şəxs yaxınlaşıb nəqliyyat vasitəsini yoxlamaya hazırlamasını, özünün də yoxlamaya hazır olmasını bildirib kənarda dayanmışdır. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin mühərrik, saxlanc bölmələrinin qapılarını açıb kabinaya qalxmış, o isə kabinaya daxil olub içəridəki saxlanc bölmələrinə baxış keçirməyə başlamışdır. O, Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş, bəyan edilməli mallar varsa təqdim etməsini, eləcə də ciblərində olan əşyaları baxışa təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əyninə geyindiyi şortun sağ cibindən 2 ədəd kiçik büküm çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bu zaman o həmin bükümlərə baxış keçirilməsi və nəqliyyat vasitəsinin əsaslı yoxlanılması, şəxsin üzərində şəxsi yoxlama aparılması üçün 2 nəfər hal şahidi dəvət etmişdir. Aparılan yoxlamalar nəticəsində Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Man" markalı, **-BH-*** / **-ZX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən qadağan olunmuş və ya bəyan edilməli başqa predmet aşkar edilməmişdir. O, hal şahidlərinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs əynindəki şortun sağ cibindən aşkar edilmiş 2 ədəd bükümə baxış keçirmiş və elektron tərəzidə çəkilmişdir. Nəticədə 1 ədəd bükümün içərisində açıqyaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu və qablaşması ilə birlikdə təqribi çəkisinin 0,07 qram, digər bükümün içərisində isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə olduğu və qablaşması ilə birlikdə təqribi çəkisinin 0,05 qram olduğu məlum olmuşdur. Sonra bu barədə protokollar tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmış və iş araşdırılması üçün Astara Gömrük İdarəsinin təhqiqat şöbəsinə verilmişdir. Təqsirləndirilən şəxs yoxlamaya hazırlaşmasını bildirmiş, bu sürücünün nəqliyyat vasitəsinin bütün qapılarını, saxlanc yerlərini açıb gözləməli olduğu mənasına gəlmişdir. Təqsirləndirilən şəxs da bu qaydada idarə etdiyi nəqliyyat vasitəsinin qapılarını açmış, o isə yoxlama prosesinə başlamış, nəqliyyat vasitəsinin çöl tərəfində olan saxlanc yerlərinə baxış keçirmiş və kabinaya daxil olmuşdur. Təqsirləndirilən şəxs da onunla birlikdə kabinaya qalxmış, o, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində, şəxsi əşyalarının içərisində və üzərində qadağan olunmuş, bəyan edilməli mallar olubolmadığını soruşmuş, olduğu halda təqdim etməsini təklif etmiş və ciblərini baxışa təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs, əynindəki şortun ciblərində olan 2 ədəd bükümü çıxartmışdır. O, Təqsirləndirilən şəxs ciblərində olan əşyaları təqdim etməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs həmin bükümləri çıxartmış, bu zaman artıq yoxlama prosesi başlamış və davam etmişdir. O, gömrük nəzarəti qaydasında “Man" markalı, **-BH-*** / **-ZX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirməyə başlamış və sürücü Təqsirləndirilən şəxsla şifahi sorğu-sual aparmışdır. Təqsirləndirilən şəxs onun bildirməyinə əsasən ciblərində olan bükümləri çıxarıb təqdim etdikdən sonra, o, əsaslı gömrük yoxlaması qaydasında yoxlama aparmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğunu bilmədiyini demiş, sonradan içərisində narkotik vasitə olduğunu etiraf etmişdir. Məhz bu səbəbdən, o, əvvəlcə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əvvəlcə gömrük nəzarəti tətbiq etmişdir. Təqsirləndirilən şəxs onun tələbi ilə ciblərindən bükümləri çıxardıqdan sonra, o, hal şahidlərinin iştirakı ilə əsaslı yoxlama aparmış və üzərində gizlətdiyi digər qadağan olunmuş malların aşkar edilməsi üçün şəxsi yoxlama aparmışdır. Sürücülər gömrük nəzarətindən üzərilərində, idarə etdikləri nəqliyyat vasitələrində narkotik vasitələrin, psixotrop maddələrin keçirilməsinin cinayət əməli olduğunu yaxşı bilmişlər. Həmçinin sürücülər şübhə olduğu halda üzərlərində gömrük əməkdaşlarının şəxsi yoxlama aparmaq hüquqları olduğunu bilmişlər. Əgər Təqsirləndirilən şəxs onun tələbiylə ciblərindən həmin bükümləri çıxarıb təqdim etməsəydi, o, şəxsi yoxlama zamanı özü aşkar edəcəkdi. Təqsirləndirilən şəxs onun tələbinə əsasən gömrük nəzarəti başlandıqdan sonra həmin bükümləri çıxarıb təqdim etmişdir. Gömrük qanunvericiliyinin və Gömrük Məcəlləsinin tələblərinə əsasən gömrük orqanının vəzifəli şəxsinin yoxlama niyyətini bildirdikdən sonra malların bəyan edilməsi bəyan etmə hesab edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Astara Gömrük İdarəsində yükləmə-boşaltma işlərində fəhləlik etməklə dolanışığını təmin etmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində gömrük əməkdaşı Sultan müəllim onu və onunla birlikdə işləyən Nurxanı Cənub-Astara gömrük postunun yük idxal xəttinə dəvət edərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar gömrük əməkdaşının xahişini qəbul edərək birlikdə həmin yerə getmişdir. Orada gömrük əməkdaşı onları şəxsiyyəti sonradan onlara məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim edərək idarə etdiyi “Man” markalı, **-BH-***/**- ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə keçiriləcək baxışda üzərinin yoxlanılmasında hal şahidi qismində iştirak edəcəkləri barədə məlumat vermiş və onlara hüquq və vəzifələrini izah etmişdir. Sultan müəllim Təqsirləndirilən şəxs gömrük baxışı zamanı əynindəki şortun cibindən 2 ədəd büküm çıxarıb təqdim etdiyini, içərisində narkotik vasitə olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxs da bunu təsdiq edərək gömrük baxışı zamanı gömrük əməkdaşının tələbi ilə həmin bükümləri çıxarıb gömrük əməkdaşına verdiyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əsaslı yoxlama keçirmiş və üzərində şəxsi yoxlama aparmış, yoxlamalar nəticəsində başqa qanunsuz əşyalar aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd büküm onların iştirakı ilə açılmış və içərisinə baxış keçirilmişdir. Bükümün birinin içərisində qurudulmuş marixuana narkotik vasitəsinə oxşar maddə olduğu və qablaşdırması ilə birlikdə çəkisinin 0,07 qram olduğu, digər bükümün içərisində isə kristallik formada, metamfetaminə oxşar maddə olduğu və qablaşdırması ilə birlikdə çəkisinin 0,05 qram olduğu məlum olmuşdur. Bundan sonra sənədlər tərtib edilmiş, onlar da həmin sənədləri imzalamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir: Astara Gömrük İdarəsində tərtib edilmiş 21 avqust 2024-cü il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs gömrük yoxlaması başlamadan əvvəl, sorğu-sual zamanı əyninə geyindiyi boz şortun sağ yan cibindən 2 (iki) ədəd bükümü çıxardaraq gömrük orqanına təqdim etmişdir. Gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “ Man” markalı “99BH191/99ZX191” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən hər hansı başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama başa çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətinə təqdim etdiyi 2 (iki) ədəd büküm götürülmüş, Əməliyyat və Təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilərək elektron tərəzidə çəkilmiş və içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə 1 (bir) ədəd bükümün qablaşması ilə birlikdə təqribi çəkisinin 0,07 (sıfır tam yüzdə yeddi) qram olduğu, içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddənin çəkisinin isə 0,05 (sıfır tam yüzdə beş) qram olduğu məlum olmuşdur. Sonda həmin maddələr araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 22 avqust 2024-cü il tarixli, 19/615 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “2 ədəd büküm ...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,477 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metafetamindir 1 ədəd bükümdə təmiz çəkisi 0,590 qram olan bitki hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrinin siyahısına “ daxildir (Siyahı İ ). Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir(Siyahı İ).Aparılmış tədqiqatdan sonra metamfetamin psixotrop maddəsinin qalığı 0,427 qram, qurudulmuş marixuana narkotik vasitəsinin qalığı 0,540 qram təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 19 sentyabr 2024-cü il tarixli, 6362 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metamfetamin» olan psixotrop maddənin 0,15 qramdan artıq hissəsi şəxsi «xeyli», 2 qramdan artıq miqdar «külli», 400 qramı və ya ondan artıq hissəsi isə «xüsusilə külli miqdar» hesab olunur. Həmin Qanuna əsasən «marixuana» olan narkotik vasitənin 5 qramdan artıq hissəsi şəxsi «xeyli», 500 qramdan artıq miqdar «külli», 50000 qramı və ya ondan artıq hissəsi isə «xüsusilə külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq Gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir: Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Nəzərə almaq lazımdır ki, CM-in 206.2-ci maddəsinin dispozisiyasında bu normada göstərilən predmetlərin, o cümlədən narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən “gömrük nəzarətindən kənar”, “gömrük nəzarətindən gizli”, “sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə”, “bəyan etməməklə” keçirilməsi qaçaqmalçılıq cinayətinin törədilməsinin alternativ və bu səbəbdən fərqli faktiki məzmuna malik olan üsulları kimi göstərilmişdir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi İran İslam Respublikasından tanımadığı şəxsdən aldığı narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetaminin cibində olmasını unutması və gömrük əməkdaşının ona üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə olub –olmamasından sonra özünün həmin vasitələri təqdim etməsini bəyan etmə kimi qiymətləndirməsi və buna görə əməlində hər hansı cinayət tərkibinin olmaması barədə göstərdiyi hallara qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs cibində olan və sərhəddən qaçaqmalçılıq yolu ilə keçirdiyi narkotik vasitə və psixotrop maddə olan metamfetamini Astara Gömrük İdarəsinin böyük inspektoru Şahid1 tələbindən sonra təqdim etməsi əvvəlcədən bəyan etmə kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin hallarla bağlı cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İşdə olan 24 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materialında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı üç nəfər övladı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək, 206.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 206.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablanmalı və CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra 0,427 qran metamfetamin və 0,540 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2–ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra 0,427 qran metamfetamin və 0,540 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X1 həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar