Məhkəmə qərarları › İş №1(018)-163/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-163/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-163/2023 14.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X11, Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə, 23 mart 1985-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sürücü işləmiş, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Ərdəbil şəhəri, Yasir küçəsi 3 ünvanında qeydiyyatda olmaqla yaşmış, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X17 08 avqust 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən tərkibindəki tramadol güclü təsir edən maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən 26 ədəd böyük ölçülü bütöv, 10 ədəd kiçik ölçülü bütöv və 2 ədəd yarı bölünmüş həbləri əldə edib onlardan bir bükümdə 25 ədəd böyük ölçülü bütöv, 10 ədəd kiçik ölçülü bütöv, 2 ədəd yarı bölünmüş həbləri əyninə geyindiyi şalvarın sağ cibinə, 1 ədəd böyük ölçülü bütöv həbi isə şalvarının sol cibinə yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Dong Feng” markalı 37AA293/294 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə gələrkən 8 avqust 2023-cü il tarixdə Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətinə bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 14 radələrində sözügedən bölmədə üzərinə keçirilmiş şəxsi yoxlama zamanı həmin həblər aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, təxminən 16 ildir ki, sürücü işləyir və ailəsinin dolanışığını bu yolla təmin edir. O, tutulmazdan 2 ay əvvəldən həkim məsləhəti ilə “Tramadol” adlı həblərdən istifadə etmişdir. Onun İdarə etdiyi “Dong Feng” markalı “37AA293/294” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi dostu, İİR Ərdəbil şəhər sakini Cavad Əkbərzadə adlı şəxsə məxsusdur. Tutulmamışdan təqribən 2-3 gün əvvəl dostu Cavad Əkbərzadə ona həmin yük nəqliyyat vasitəsinə “radiator” yükü yüklədiyini və yükü Azərbaycan Respublikasına aparmalı olduğunu bildirmişdir. O, Cavadla razılaşaraq yük nəqliyyat vasitəsini təhvil alıb 8 avqust 2023-cü il tarixdə İran gömrüyünə gəlmiş və həmin gün İran-Azərbaycan sərhədini keçib Astara gömrüyünə daxil olmuşdur. Gömrük nəzarəti xəttində gömrük əməkdaşları tərəfindən idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub-olmaması barədə soruşmuşlar və əgər varsa həmin predmetləri təqdim etməyini təklif etmişlər. O həm idarə etdiyi yük nəqliyyat vasitəsində, həm də, üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını, idarə etdiyi yük nəqliyyat vasitəsində “qarışıq karqo” yükü olduğunu bildirmişdir. Bundan sonra, gömrük əməkdaşı hal şahidlərinin iştirakı ilə ilk növbədə idarə etdiyi “Dong Feng” markalı “37AA293/294” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı avtomobildən və avtomobilin kabinasında olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra gömrük əməkdaşı üzərində şəxsi yoxlama aparılacağı barədə ona məlumat verərək hal şahidlərinin iştirakı ilə üzərini yoxlamışdır. Şəxsi yoxlama zamanı gömrük əməkdaşı tərəfindən üzərində, əyninə geyindiyi göy rəngli şalvarın sağ cibində gömrük nəzarətindən gizlədilmiş formada şəffaf sellofona bükülmüş 1 ədəd büküm və sol cibində 1 ədəd böyük ölçüdə ağ rəngli, bir xəttli tramadol həbini aşkar edilmişdir. 1 ədəd bükümə baxış zamanı 25 ədəd böyük ölçüdə, 10 ədəd digərlərinə nisbətən kiçik ölçüdə ağ rəngli, bir xəttli tramadol həbləri və 2 ədəd ağ rəngli tramadol həbin parçası aşkar olunmuşdur. Gömrük əməkdaşı tərəfindən üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 36 ədəd tramadol həbi və 2 ədəd tramadol həbinin parçası onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və gömrük əməkdaşı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol tərcüməçi tərəfindən ona oxunmuş və doğru tərtib edildiyi üçün imzalamışdır. O, həmin həbləri təxminən hadisədən 4 gün əvvəl İran İslam Respublikasının Ərdəbil şəhərində yerləşən əczaxanaların birindən şəxsi istifadəsi üçün almışdır. Hazırda əməlindən peşman olmuşdur. Göstərdiklərini nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, “Azərterminalkompleks” Birliyi Analitik şöbənin Astara Gömrük İdarəsinə təhkim edilmiş inspektoru vəzifəsində xidmətini davam etdirir. 08 avqust 2023-cü il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün vəzifə borcunu yerinə yetirərkən saat 13 radələrində İran İslam Respublikası vətəndaşı X17 idarə etdiyi “Dong Feng” markalı “37AA293/294” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı o, X15 idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin, yəni, narkotik vasitə, psixotrop maddə, silah-sursat, dərman preparatları, qızıl-zinət və digər predmetlərin olub olmadığı barədə sual vermiş, Behzad isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. O, 2 nəfər hal şahidi dəvət edərək onlara hüquq və vəzifələrini izah edib, məsuliyyət barədə xəbərdarlıq etdikdən sonra X11 idarə etdiyi “Dong Feng” markalı “37AA293/294” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı X17 idarə etdiyi yük nəqliyyat vasitəsində heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan sonra zərurət yarandığından Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən hal şahidlərinin iştrakı ilə X11 üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı X11 üzərində, əyninə geyindiyi göy rəngli şalvarın sağ cibində şəffaf sellofona bükülmüş 1 ədəd büküm və sol cibində 1 ədəd böyük ölçüdə ağ rəngli, bir xətli naməlum həb aşkar edilmişdir. Behzadın əyninə geyindiyi şalvarın sağ cibində aşkar olunmuş sözügedən bükümə baxış zamanı 1 ədəd bükümdə 25 ədəd böyük ölçüdə, 10 ədəd digərlərinə nisbətən kiçik ölçüdə ağ rəngli, bir xətli naməlum həb və 2 ədəd ağ rəngli naməlum həb parçası olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra Behzadın üzərindən aşkar olunmuş ümumilikdə 36 ədəd həb və 2 ədəd həb parçası Behzadın və hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırılmışdır. Bununla bağlı tərəfindən müvafiq protokol tərtib edilmiş və tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən X3 və X5 da Şahid ifadəsi ilə eyni məzmunlu ifadə verməklə, onun göstərdiyi xüsusatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materillarına əlavə olunmuş “Astara” Gömrük İdarəsində tərtib edilmiş 08 avqust 2023-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, idarə etdiyi “Dong Feng” markalı 37AA293/294 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına radiator yükü gətirən İran İslam Respublikasının vətəndaşı X11 Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində üzərində aparılmış şəxsi yoxlama zamanı əyninə geyindiyi şalvarın sağ cibindən bir ədəd bükümdə 25 ədəd böyük ölçülü bütöv, 10 ədəd kiçik ölçülü bütöv, 2 ədəd yarı bölünmüş, sol cibindən isə 1 ədəd böyük ölçülü bütöv həb olmaqla ümumilikdə, gömrük orqanına bəyan etmədiyi tərkibindəki tramadol güclü təsir edən maddəsinin miqdarı 3,2 qram təşkil edən 26 ədəd böyük ölçülü bütöv, 10 ədəd kiçik ölçülü bütöv və 2 ədəd yarı bölünmüş həblər aşkar edilərək protokol əsasında götürülmüş və 203621 nömrəli polietilen paketdə qablaşdırılmışdır. Cinayət işinin materialına əlavə olunmuş 28 avqust 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokollardan görünür ki, istintaq zamanı X11 istifadəsində olmuş 1 ədəd “Samsung Galaxy AOS” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4256 saylı ekspert rəyindənməlum olur ki, tədqiqata təqdim edilmiş bir ədəd Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 203621 nömrəli polietilen paketdə olan 26 ədəd böyük ölçülü bütöv, 2 ədəd ½ hissə və 10 ədəd kiçik ölçülü ağ rəngli, dairəvi formalı həblərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Aparılmış tədqiqatlardan sonra böyük ölçülü tramadol həblərinin sayı 23 ədəd, yarı bölünmüş tramadol həblərinin sayı 2 ədəd ¼ hissə və kiçik ölçülü tramadol həblərinin sayı isə 8 ədəd qalıq olaraq qalmışdır. Adı çəkilən Mərkəzin 9 avqust 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 65 (altmış beş) manat təşkil edir. Cinayət işi üzrə 14 sentyabr 2023-cü il tarixli qərardan məlum olur ki, Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində X11 əyninə geyindiyi şalvarın sağ və sol ciblərindən aşkar edilərək götürülmüş tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən cəmi 26 ədəd böyük ölçülü, 10 ədəd kiçik ölçülü və 2 ədəd ½ hissə tramadol həbləri törədilmiş cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 23 ədəd böyük ölçülü, 2 ədəd ¼ hissə və 8 ədəd kiçik ölçülü tramadol həbləri məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərarı qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-ci il tarixli, 5335 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, X12 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan tramadolun qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materillarına əlavə olunmuş 18 sentyabr 2023-cü il tarixli “X1 Sistemində sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X17 12 mart 2014-cü il tarixdən mütəmadi olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və geri qayıtmış, sonuncu dəfə 26 iyul 2023-cü il tarixdə, saat 10:55-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş, 8 avqust 2023-cü il tarixdə, saat 13:15-də isə “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş «Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X11 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240-cı maddəsinin tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına bəyan edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. X11 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında X11 təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, X11 məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X13 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X11 barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarından görünür ki, X17 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 08 avqust 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından X11 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 08 avqust 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, X16 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda X9 narkomaniyadan məcburi müalicə təyin edilməsini, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs X11 törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 23 ədəd böyük ölçülü tramadol həbləri, 2 ədəd yarı bölünmüş tramadol həbləri, 8 ədəd ¼ hissə və kiçik ölçülü tramadol həbləri təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul X10 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə X13 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X17 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 08 avqust 2023-cü il tarixdən hesablansın. X17 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. X15 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 23 ədəd böyük ölçülü tramadol həbləri, 2 ədəd yarı bölünmüş tramadol həbləri, 8 ədəd ¼ hissə və kiçik ölçülü tramadol həbləri məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul X10 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X17 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum X16 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar