Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-17/2025 28.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu, Sım kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə Astara rayonu, Sım kəndi ərazisində qardaşı oğlu Şahid2 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 27,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 08 may 2024-cü il tarixdə, saat 11:10-da Astara rayonu, Sım kəndi ərazisində saxlanılaraq Astara Rayon Polis Şöbəsinə dəvət olunmaqla həmin gün saat 13:20-dən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə xeyli miqdarda 27,47 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 onun qardaşı oğludur. O, Astaranın Sım kəndində yaşasa da, tez-tez Bakı şəhərinə işləməyə gedir. Orada daş karxanalarında fəhlə kimi işləyir. Uzun müddətdir ki, arabir narkotik vasitə olan marixuanadan yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni təsadüfən rayon ərazisində rastlaşdığı üzdən tanıdığı lakin adını bilmədiyi şəxslərdən almışdır. xx.xx.2024-cü il tarixdə qardaşı oğlu Şahid2 ona zəng edərək işləmək üçün Bakı şəhərinə getdiyini bildirib, onu Bakı şəhərinə getmək üçün şəxsi əşyaları ilə birlikdə kənd ərazisindən əsas yola kimi aparmağını xahiş etmişdir. O, razılaşıb Astara rayonu, Sım kəndi ərazisində yerləşən Afşinin yaşadığı evin yaxınlığına özünə məxsus olan “VAZ 2121” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmişdir. Yolun kənarında Afşin artıq onu qutularda və torbalarda yığılmış şəxsi əşyaları ilə gözləmişdir. O, maşından enməmiş, Afşin isə bağlı qutularda olan deməsinə görə şəxsi əşyalarını avtomobilin arxa yük yerinə yığmışdır. Maşına əyləşdikdən sonra onlar Astara-Bakı magistral şossesi tərəfə yollanmışlar ki, orada Afşin digər yol maşınları ilə Bakı şəhərinə getsin. Yolla gedən zaman Afşin cibindən bir bükümdə olan marixuana çıxarıb ona hədiyyə vermiş və o, şəxsi istifadəsi üçün narkotiki üzərində saxlamışdır. Həmin gün saat 11:10 dəqiqədə Astara rayonu, Sım kəndinin çıxışında asfalt yola çıxıb avtomaşını saxladıqda onlara 4 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Astara RPŞ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunaraq buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra şəxsi axtarış zamanı polislərin təklifinə əsasən o, əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə olan qurudulmuş marixunanı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 34 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Cinayət törətdiyini başa düşür, əməlindən peşimandır. İşi yetkinlik yaşına çatmış oğlu vardır, onlardan biri Gəray Xalıqov antiterror əməliyyatında iştirak etmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. İbtidai istintaqda şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 məhkəmədə elan edilmiş ifadəsində göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 08 may 2024-cü il tarixdə saat 11.10-da Astara rayonu, Sım kəndində, yol kənarında Təqsirləndirilən şəxs idarə etdiyi «Niva” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomaşında qardaşı oğlu Şahid2lə birlikdə saxlanılaraq hər ikisi xidməti maşınla Astara RPŞ-nin inzibati binasına gətirilmiş, avtomobil isə şöbənin həyətinə yerləşdirilmişdir. Həmin şəxslərin saxlanılan zaman üzərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Astara RPŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və Şahid2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixunaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən bir ədəd mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, iki ədəd plastik bank kartı, bir ədəd avtomobil açarı və bir manat pul aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, iki ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, bir ədəd avtomobil açarı və pul vəsaiti ona geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Şahid2 bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi iki ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Sonra aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartları bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid2 məhkəmədə elan edilmiş ifadəsində göstərilmişdir ki, təxminən 3-4 gün əvvəl instaqram sosial şəbəkəsində əvvəl tanımadığı şəxs onun profilinə yazmış və sonradan instaqram vasitəsi ilə ona zəng etmişdir. O, həmin şəxslə danışanda həmin şəxs özünü təqdim edib, Abbas adlı İran vətəndaşı olduğunu və İranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu demişdir. Abbas onun barəsində eşitdiyini və onun Bakıda fəhləlik etdiyini bilmişdir. Onun Abbasa köməklik etdiyi halda varlaşacağını və onun bir daha fəhlə işləməyə ehtiyacının olmayacağını Abbas ona demişdir. Bunun üçün nə etməli olduğunu Abbasdan soruşmuş, Abbas çox asan, onun ancaq yaşadığı kənd ərazisindən qoyacağı narkotikləri götürüb asfalt yola çıxartmalı olduğunu bildirmişdir. Bunun müqabilində ona bir dəfəyə 40.000 manat pul verəcəyini demişdir. O, maddi vəziyyəti ilə bağlı dərhal Abbasla razılaşmış və Abbasın xahişinə əsasən öz telefon nömrəsini Abbasa vermişdir. Sonrakı telefon danışıqları zamanı Abbas ona 60 kiloqram narkotik vasitə marixuana göndərəcəyini bildirmişdir. O, artıq Abbasla razılaşmışdır. Onun yaşadığı Sım kəndi İran İslam Respublikası ilə sərhəddə yerləşir və o, həmin narkotiki Abbasın İrandan kiminsə vasitəsi ilə onun yaşadığı evin yaxınlığına göndərdiyini anlamışdır. 08 may 2024-cü il tarixdə Abbas ona zəng edib narkotiki göndərdiyini demiş, yerini izah etmişdir. O, həmin yerə getmişdir. Həqiqətən də marixuana yaşadığı evin yaxınlığında yolun kənarında qutularda və torbalarda gizlədilmişdir. Həmin qutu və torbaları çıxarıb yolun kənarına səliqəli yığmışdır. Kənddən çıxmaq və narkotiki çıxartmaq üçün taksi tapa bilmədiyini görüb əmisi Xətaiyə zəng edib yalandan guya o, işləməyə Bakı şəhərinə gedəcəyini demiş və Xətaidən idarə etdiyi maşınla onun əşyaları ilə birlikdə asfalt yola kimi aparmasını xahiş etmişdir. Xətai razılaşmışdır. Xətaini gözləyən zaman o, iranlının göndərdiyi narkotikdən bir qədər götürüb iki büküm düzəltmişdir. Əmisi Xətainin narkotik vasitə marixuana çəkdiyini eşitdiyi üçün, bir bükümü Xətaiyə hədiyyə etmək, ikinci bükümü isə özünün çəkməsi üçün düzəltmişdir. Bir neçə dəqiqədən sonra əmisi yaşadığı evin yaxınlığında onun gözlədiyi yerə gəlmişdir. Xətai maşından enməmişdir. O, qutuları və torbaları Xətainin idarə etdiyi maşının arxa yük yerinə yığmış və maşına əyləşmişdir. Əmisi Xətaiyə uzun müddətli Bakıya işləməyə getdiyini, bu səbəbdən əşyalarının belə çox olduğunu demişdir. Onu asfalt yola kimi aparmasını xahiş etmişdir və onun oradan yol maşını ilə Bakıya yollanacağını bildirmişdir. Əslində onun Bakıya getmək fikri olmamışdır. Sadəcə həmin yerdə əmisi oradan uzaqlaşdıqdan sonra narkotikləri gizlədib iranlıya məlumat verməli imiş. Yolda gedən zaman o, əmisinə bir bükümdə marixuana hədiyyə etmiş, həmin marixuananı ona dostunun hədiyyə etdiyini və onun çəkmədiyi üçün Xətaiyə hədiyyə etdiyini demişdir. Xətai narkotiki götürüb ona çox sağ ol demişdir. Həmin gün saat 11:10 dəqiqədə Astara rayonu, Sım kəndinin çıxışında asfalt yola çıxıb avtomaşını saxladıqda onlara 4 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib barələrində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Astara RPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmin vaxt o, çox həyacanlanmış və qorxmuşdur. Çünki həmin iranlı Abbasın narkotikini daşımış və bundan başqa da əmisini də aldadıb əmisinin maşınına şəxsi əşyaları adı ilə narkotikləri yükləmişdir. Belə ki, onlar polislərlə razılaşıb polislərin idarə etdikləri avtomobilə əyləşmişlər. Üç polis əməkdaşı onlarla bir maşına əyləşmiş, digər polis əməkdaşı isə Xətainin avtomobilinə əyləşmiş və onlar Astara rayon polis şöbəsinə yollanmışlar. Şöbədə üzərlərinə baxış keçirilən zaman əmisi Təqsirləndirilən şəxs üzərindən onun hədiyyə olaraq verdiyi 34 qram qurudulmuş marixuana müəyyən edilərək götürülmüşdür. Həmin cinayət işi 01 noyabr 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrıli cinayət işi materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrılaraq ********* nömrə altında istintaqı aparılmışdır. 01 noyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 09 may 2024-cü il tarixli 7/716№li rəyində göstərilir ki, Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki bir ədəd qara rəngli polietilen bükülüdə təmiz çəkisi - 27,47 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanadır. Qurudulmuş marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələfin siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş -27,47 qram narkotik vasitə olan qurudulmuş marixuananın 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, -27,42 qram hissəsi qalıq qalmışdır. İş materialında olan məhkəmə-narkolojı ekspertizasının 24 iyun 2024-cü il tarixli 4370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin narkomaniya xəstəliyinun əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan DİN-in BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 may 2024cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:10-da Astara rayonu Sım kəndində idarə etdiyi «Niva» markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Şahid2lə birlikdə saxlanılaraq Astara Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 27,47 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Astara RİHB-nın Pəlikəş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 800 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Sım kəndində arvadı, 2003-cü il təvəllüdlü Hacıbaba Xalıqov və 2004-cü il təvəllüdlü Gəray Xalıqovdan ibarət tərkibdə ailə üzvləri ilə birlikdə yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli 3-13-7/2-4796/2024 saylı əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs “Abbas” adlı şəxs və ya qeyriləri ilə narkotik vasitənin dövriyyəsi ilə əlaqədar hər hansı əlaqəsi aşkar edilməmişdir. İşdə olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs oğlu X7 19-20 sentyabr 2023-cü il tarixlərdə “Lokal xarketrli antiterror əməliyyatlarında” iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, oğlunun ölkənin müdafiəsi uğrunda döyüşlərdə iştirak etməsini, ailədə qazanc gətirən olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, X2 təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4 (005)- 627/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin 08 may 2024cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdən 28 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan 01 ədəd kağız paketdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 27,42 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 06 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdən 28 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə 08 (səkkiz) ay 20 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 05 (beş) ay 10 (on) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Sım kəndində yerləşən evi gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 06 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd kağız qabda qablaşdırılmış ekspertiza təhqiqatında sonra qalıq çəkisi 27,42 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-17/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-17/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver