Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-170/2023 31.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs – (10 avqust 1980-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində biri azyaşlı olmaqla 03 (üç) uşağı olan, məhkum olunmamış, sürücü işləyən, Astara rayonu Burzubənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə, saat 16:10 radələrində Astara rayonu Deqədi kəndində yolda tanışı Zərərçəkmiş şəxs arasında sürücü kimi marşrutun gecikməsi ilə bağlı aralarnıda baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs sol əl nahiyəsinə vintaçanla bir dəfə qəsdən vuraraq, ona sol əl nahiyəsində əzilmiş-deşilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Astara rayonun Burzubənd kəndində yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı olmaqla üç övladı var. Astara avtovağzalında müqavilə əsasında Astara-Pəlikəş marşurutu üzrə **-KT- *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz 308D» minik markalı avtomaşınla sərnişin daşımaqla ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə gəlir gətirən şəxsdir. Zərərçəkmiş şəxs ilə tanışdır, münasibətlərin yaxşı olmuşdur. 29 sentyabr 2023-cü il tarixdə, saat 09 radələrində cədvəl əsasında avtomobili idarə etməli olmuş, lakin sərnişinlərdən biri gecikdiyi üçün avtomobilini 09:05 radələrində hərəkət etdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi marşurutla onun yanında saxlayıb niyə gecikdiyini soruşub, nalayiq ifadə işlətmiş, bu zaman aralarında bununla bağlı mübahisə yaranmış, o da marşurutdan düşüb ona yaxınlaşan zaman Zərərçəkmiş şəxs marşurutu sürüb getmişdir. Saat təxminən 16:10 radələrində Pəlikəş kəndindən üzü Astara rayonu istiqamətinə avtomobillə hərkətdə olan zaman Deqədi kəndində yol kənarında Xəyyamın marşurutu dayandığını görüb, avtomobili saxlayıb ona yaxınlaşmış və ona söyməsini irad bildirmişdir. Xəyyam da ona “əcəb etdim” demiş, bu zaman əsəbləşib avtomobilini düzəldən zaman cibində qalmış vintaçanla onun sol əl nahiyəsinə bir dəfə zərbə vuraraq, avtomobilə oturub hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı onların yanında kənar şəxslər olmamış, hadisə təxminən bir iki dəqiqə davam etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi ilə razıdır, o da cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə tanışdır, hər ikisi marşrut surucusu kimi işləməklə ailələrinin dolanışığını təmin edirlər. Münasibətləri daim yaxşı olmuşdur. 29 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi mikro avtobusla Astara rayonu Deqədi kəndində dayanan zaman Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusu saxlayıb onun yanına gəlmişdir. Həmin vaxt Tərlan ona “sən məni niyə söyürsən” demiş və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Tərlan əlində olan vintaçanla onun sol əl nahiyəsinə bir dəfə zərbə vurmuş, o da Tərlana heç bir söz demədən çıxıb hadisə yerindən getmiş və polis şöbəsinə ərizə vermişdir. Aralarında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə yerində onlardan başqa heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edib, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəyən zərəri tamamilə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından sonuncu onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. O, barəsində olan sadələşmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsinə razıdır və bunu məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2023-cü il tarixli, 307 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində - sol əl nahiyəsində əzilmiş-deşilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət uclu alətin təsəirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələr uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən 07 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Xudaquliyev X1 yaşamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində biri azyaşlı olmaqla üç övladı var. Dövlət ittihamçısı çıxışında tərəflərin barışdıqlarının, şikayət vermiş şəxsə cinayətlə vurulan ziyanın ödənilməsinin nəzərə alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs ilə barışmalarını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №1(018)-170/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-170/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver