Məhkəmə qərarları › İş №1(018)-174/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-174/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-174/2023 28.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 10 sentybar 1994-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə, saat 14 radələrində Astara şəhərində yerləşən “Mərkəzi Bazar” adalanan ərazidə tanışı, Astara şəhər sakini Şahid4 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni - 0,240 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib daşımaqla üzərində saxlamış, Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 31 avqust 2023-cü il tarixdə saat 20:05-də Astara şəhəri S.Vurğun küçəsində hərəkətdə olan zaman saxlanılaraq, Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, saat 20:55-də üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd göy rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 0,138 və 0,102 qram olmaqla, ümumi təmiz çəkisi - 0,240 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yaşayır. Subaydır, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxminən on ildir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 31 avqust 2023-cü il tarixdə saat 14 radələrində Astara şəhərində yerləşən Mərkəzi bazarın yanından keçən zaman tanışı, Astara şəhər sakini Şahid4 ilə rastlaşaraq onunla həmsöhbət olmuşdur. Fəridin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ondan pulu ilə narkotik vasitə istəmişdir. Fərid də cibindən iki bükümdə narkotik vasitə heroini çıxararaq, 20 manata ona satmışdır. Sonra Fəridlə sağollaşmış və oradan getmişdir. Həmin gün, saat 20:00 radələrində Astara şəhəri S.Vurğun küçəsində hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmiş, sonra onu avtomaşınla Astara rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş, verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmuşdur, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir, lakin satışı ilə məşğul olmur. Daha sonra ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynindəki cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 02 ədəd göy kağıza bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Həmin vaxt polis əməkdaşlarına təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin gün saat 14 radələrində tanışı Şahid4 iyirmi manat müqabilində aldığını bildirmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 02 ədəd büküm elektron tərəzidə çəkildikdə təxmini çəkisi 0,65 qram olması müəyyən edilmiş, sonra həmin bükümlər qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşimanlıq hissi keçirir, etdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaşayır. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir, təxminən bir il öncə Bakı şəhərində narkotik vasitələrə olan asılılığının qarşısının alınması məqsədilə müalicə alsa da müalicəsi bitdikdən bir neçə ay sonra, yəni təxminən 2023-cü ilin mart aylarından yenidən narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Müalicə aldığı vaxt Bakı şəhərində yalnız üzdən tanıdığı, adını bilmədiyi narkotik vasitə satışı ilə məşğul olan şəxsi görmüş və artıq qərarlaşdırmış ki, öz istifadəsi üçün narkotik vasitə olan heroini həmin şəxsdən alsın. Təxminən 22 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhərində olan zaman şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almağa görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yalnız üzdən tanıdığı, adını bilmədiyi şəxsə yaxınlaşmış və ağrıları olduğu üçün narkotik vasitə heroin almaq istədiyini bildirmiş, əvvəllər də həmin şəxsdən narkotik vasitə əldə etdiyi üçün həmin şəxs onu üzdən tanıyırmış və ondan bir neçə dəqiqə gözləməyini tələb edərək oradan uzaqlaşmış, bir neçə dəqiqə keçdikdən sonra həmin şəxs geri qayıdaraq əlində bir neçə büküm narkotik vasitə olduğunu bildirmiş, 60 manat ödəyərək, 9 ədəd bükümü şalvarının cibinə yerləşdirib oradan uzaqlaşmışdır. Bakı şəhərindən Astara şəhərinə geri qayıtdıqdan sonra əvvəlki tanışı Təqsirləndirilən şəxs ilə görüşmək və bir qədər həmsöhbət olmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq Astara şəhərində mərkəzi bazara getdiyini bilmiş, bu səbəbdən də 31 avqust 2023-cü il tarixdə, saat 14 radələrində onu axtarmaq üçün Astara şəhəri mərkəzi bazarına getmiş, bir neçə dəqiqə orada gözlədikdən sonra Cəlalın bazarın yaxınlığında piyada hərəkət etdiyini görmüş və ona yaxınlaşmışdır. Cəlalla bir qədər söhbət etdikdən sonra onun narkotik vasitə olan heroinə ehtiyacı olduğunu anlamış və ona Bakı şəhərindən əldə etdiyi üzərində olan narkotik vasitələrdən sata biləcəyini bildirmişdir. Cəlal onunla razılaşdıqdan sonra üzərində olan 9 büküm narkotik vasitə olan heroindən 2 bükümünü Cəlala 20 manata satmış, qalan bükümləri isə üzərində saxlayıb həmin ərazini tərk etmişdir. Həmin gün, yəni 31 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Astara şəhəri Qum küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, onu saxlayıb, özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirniş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Həmin səbəbdən də polis əməkdaşları onu Astara rayon polis şöbəsinin inzibati binasına gətirmiş, polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanımışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaret qutusunun içərisinə yerləşdirdiyi siqaretin göy kağızına bükülmüş 07 ədəd bükümü çıxarıb masanın üzərində qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 avqust 2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Sonra 31 avqust 2023-cü il tarixdə, saat 20:05-də şöbənin digər əməkdaşları - Şahid3 və Şahid2la birlikdə avtomobillə Astara şəhəri, S.Vurğun küçəsi yaxınlığına getmiş, həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs mərkəzi bazarın yaxınlığında olduğunu görmüş, dərhal ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Cəlal da onlara etiraz etməmiş və onu Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra vəkil, özü və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Cəlal da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən göy rəngli kağıza bükülmüş 02 ədəd bükümləri masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmişlər. Bundan sonra təhqiqatçı 01 (iki) ədəd göy rəngli kağızda olan bükümlərə baxış keçirdikdə onun içərisində toz şəklində olan narkotik vasitə heroinə bənzər kütlələri aşkar etmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi 02 (iki) büküm narkotik vasitə olan heroini Astara şəhər sakini Fərid adlı şəxsdən 20 manata aldığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Aşkar edilmiş heroin kütləsi elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.65 qram olması müəyyən edilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra həmin bükümlər onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 31 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, həmin tarixdə Astara rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə göy rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 0,65 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş 02 ədəd bükümün içərisində narkotik vasitə heroinə bənzər kütləni 31 avqust 2023-cü il tarixdə tanışı Fərid adlı şəxsdən 20 manata almışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 19/834 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “… Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd narkotikə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,138 və 0,102 qram, ümumi təmiz çəkisi - 0,240 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,240 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,140 qram qalmışdır.

3. Məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2023-cü il tarixli, 854 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələr dövriyyəsi qadağan edilən narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qram və ondan artıq miqdarı isə külli miqdar hesab edilir. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(018)-47/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. «Amnistiya aktının tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin rəisinin 02 dekabr 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş şəxslərin üzərlərindən məhkumluq götürülür. Qeyd olunan normativ huquqi aktları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Astara şəhəri Əhəd Muxtar küçəsi 245 saylı evdə yaşayır. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət xarakterli materiallar daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra xalis çəkisi 0,140 qram qalmış heroin narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan Astara rayon polis şöbəsi tərəfindən verilmiş şübhəli şəxs qismində tutulma haqqında qərardan və Astara Rayon Məhkəməsinin 02 sentyabr 2023cü il tarixli, 4(018)-88/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 sentyabr 2023-cü il tarixdə isə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs tutulduğu, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 31 avqust 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyata götürülməsini qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə - 0,140 qram qalmış heroin məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar