Məhkəmə qərarları › İş №1(018)-180/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-180/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-180/2023 28.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1993-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən məhkumluğu üzərindən götürülmüş, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 0,725 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31 avqust 2023-cü il tarixdə, saat 14 radələrində Astara şəhərində yerləşən “Mərkəzi Bazar” adlanan ərazidə 02 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,240 qram narkotik vasitə hesab edilən heroini tanışı Şahid2 20 manata satmışdır. Daha sonra 31 avqust 2023-cü il tarixdə, saat 20:05-də Şahid2 Astara şəhəri, S. Vurğun küçəsində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə Şahid2 üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd göy rəngli kağız bükümündə, ayrı-ayrılıqda çəkiləri - 0,138 qram və 0,102 qram olmaqla, ümumi təmiz çəkisi 0,240 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Daha sonra əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə, saat 22:15-də Astara şəhəri Qum küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindəki “LinX” siqaret qutusunun içindən satış məqsədilə üzərində saxlayaraq daşıdığı 07 (yeddi) ədəd siqaretin göy rəngli kağızı bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri: 0,062 qram, 0,094 qram, 0,047 qram, 0,063 qram, 0,102 qram, 0,050 qram və 0,067 qram olmaqla ümumi təmiz çəkisi - 0,485 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır, subaydır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq dolanışığını təmin edir. Bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən bir il öncə Bakı şəhərində narkotik vasitələrə olan asılılığının qarşısının alınması məqsədilə müalicə alsa da, müalicəsi bitdikdən bir neçə ay sonra, yəni 2023-cü ilin mart aylarından etibarən yenidən narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, müalicə aldığı vaxt Bakı şəhərində yalnız üzdən tanıdığı adını bilmədiyi narkotik vasitə satışı ilə məşğul olan şəxsi görmüş və artıq öz istifadəsi üçün narkotik vasitə olan heroini həmin şəxsdən almağa qərar vermişdir. Təxminən 22 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhərində olduğu zaman şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almağa görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yalnız üzdən tanıdığı adını bilmədiyi şəxsə yaxınlaşmış və ağrıları olduğu üçün narkotik vasitə heroin almaq istədiyini bildirmiş, əvvəllər də həmin şəxsdən narkotik vasitə əldə etdiyi üçün həmin şəxs onu üzdən tanımış və ondan bir neçə dəqiqə gözləməyini tələb edərək oradan uzaqlaşmış, bir neçə dəqiqə keçdikdən sonra həmin şəxs geri qayıdaraq əlində bir neçə büküm narkotik vasitə olduğunu demiş, həmin şəxsin əlində olan bütün bükümləri almaq istədiyini bildirmiş və həmin şəxsə 60 manat ödəyərək 9 ədəd bükümü şalvarının cibinə yerləşdirib oradan uzaqlaşmışdır. Narkotik vasitələrdən müalicə aldığı üçün sıx-sıx narkotik vasitələrdən istifadə etməkdə tərəddüd etmiş və aldığı narkotik vasitə olan heroin bükümlərini bir neçə gün sonra istifadə etmək məqsədilə üzərində saxlamış, Bakı şəhərindən Astara şəhərinə geri qayıtdıqdan sonra əvvəlki tanışı Şahid2 ilə görüşmək və bir qədər həmsöhbət olmaq qərarına gəlmişdir. Şahid2 mütəmadi olaraq Astara şəhərində mərkəzi bazara getdiyini bilmiş və bu səbəbdən də 31 avqust 2023-cü il tarixdə saat 14 radələrində Cəlalı axtarmaq üçün Astara şəhəri mərkəzi bazarına getmiş, bir neçə dəqiqə orada gözlədikdən sonra Cəlalın bazarın yaxınlığında piyada hərəkət etdiyini görmüş və yaxınlaşmış, Cəlalla bir qədər söhbət etdikdən sonra Cəlalın narkotik vasitə olan heroinə ehtiyacı olduğunu anlamış və Cəlala Bakı şəhərindən əldə etdiyi üzərində olan narkotik vasitələrdən sata biləcəyini demiş, Cəlal razılaşdıqdan sonra o, üzərində olan 9 büküm narkotik vasitə olan heroindən 2 bükümünü Cəlala vermiş, Cəlaldan pul istəməsə də, Cəlal ona 20 manat pul vermişdir. Qalan bükümləri öz istifadəsi üçün üzərində saxlayıb həmin ərazini tərk etmişdir. Həmin gün, yəni 31 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Astara şəhəri Qum küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu demişdir. Dərhal polislərin üzərində olan narkotik vasitəyə görə yaxınlaşmasını başa düşmüş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu demiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər-hansı bir əşya varsa təqdim etməsini təklif etmiş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaret qutusunun içərisinə yerləşdirdiyi siqaretin göy kağızına bükülmüş 07 ədəd bükümü çıxarıb masanın üzərində qoymuşdur. Sonra təhqiqatçı üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, masanın üzərinə qoyduğu 07 ədəd siqaretin göy kağızı bükümünə baxış keçirilən zaman həmin bükümlərin içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, təqdim etdiyi 07 ədəd bükümlər elektron tərəzidə çəkilmiş və çəkisinin 0,7 qram olması müəyyən edilmişdir. Polis əməkdaşlarının apardıqları şifahi sorğu zamanı təqdim etdiyi 07 ədəd bükümdə narkotik vasitə olan heroini Bakı şəhərində tanımadığı şəxsdən aldığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra masanın üzərinə qoyduğu 07 ədəd bükümdə olan narkotik vasitə heroin kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 31 avqust 2023-cü il tarixdə, saat 14 radələrində Astara şəhərində yerləşən mərkəzi bazarın yanından keçən zaman tanışı, Astara şəhər sakini Təqsirləndirilən şəxs ilə rastlaşaraq həmsöhbət olmuşdur. Təqsirləndirilən şəxs onun narkorik vasitə istifadəçisi olduğunu bilmiş və bu səbəbdən ona üzərində narkotik vasitə olduğunu və sata biləcəyini demişdir. Bədənində ağrılar olduğundan və narkotik vasitə qəbul etməyə ehtiyacı olduğundan Fəridlə razılaşmış və Fərid cibindən 2 (iki) bükümdə narkotik vasitə heroini çıxararaq, 20 manat müqabilində ona satmışdır. Bundan sonra Fəridlə sağollaşmış, həmin gün saat 20:00 radələrində Astara şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona demiş, sonra onu avtomaşınla Astara şəhərində yerləşən polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra, üzərinə video çəkilişlə axtarış keçirilməyə başlanmış, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq əvvəllər məhkum olduğunu, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə etdiyini bildirmiş, sonra ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 02 (iki) ədəd göy kağıza bükülmüş bükümləri çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq etiraf edərək təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olmasını və özünə məxsus olduğunu, həmin gün saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs əldə etdiyini, həmin narkotik vasitədən istifadə edə bilmədiyini demişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə və ya digər əşya aşkar olunmamış, təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 02 ədəd büküm elektron tərəzidə çəkildikdə təxmini çəkisi 0,65 qram olması müəyyən edilmişdir. Sonra həmin bükümlər zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər edilmiş, həmin zərfin üzərinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması, satması və həmin tarixdə, saat 22 radələrində Astara şəhəri, Qum küçəsi yaxınlığında olacağı barədə icraatına məlumat daxil olmuşdur. Bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Daha sonra 31 avqust 2023-cü il tarixdə, saat 22 radələrində şöbənin digər əməkdaşları Elmar Məmmədov və İslam Talıbov ilə birlikdə avtomobillə Fəridin olacağı Astara şəhəri, Qum küçəsinə doğru getmişlər. Həmin ərazidə gözləmə mövqeyində dayanıb, ətrafı nəzərdən keçirməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs həmin ərazidə küçədə olduğunu görmüş və dərhal Fəridə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Fəridi polis şöbəsinə dəvət etmiş, Fərid etiraz etməmiş və onlar birlikdə Astara rayon polis şöbəsinin inzibati binasına gəlmişlər. Astara rayon polis şöbəsinə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Elnur Məmmədova həvalə olunmuş, sonra isə Elnur Məmmədov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Fəridin üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı X5 üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmişdir. Həmin vaxt Fərid əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində olan 07 ədəd siqaretin göy kağızı bükümlərində narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Fəridin üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmişdir. Fəridin üzərindən aşkar olunan həmin 07 (yeddi) ədəd siqaretin göy kağızı bükümündə narkotik vasitə heroinə bənzər kütlə iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdər. Daha sonra təhqiqatçı Elnur Məmmədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, iştirakçılar həmin protokolu imza etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhərində yalnız üzdən tanıdığı adını bilmədiyi şəxsdən aldığını, həmin şəxsdən aldığı narkotik vasitə heroin bükümlərindən 02 ədədini 31 avqust 2023-cü il tarixdə Cəlal adlı şəxsə 20 manata satdığını, qalan 07 ədəd bükümü öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Astara rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 07 (yeddi) ədəd siqaretin göy rəngli kağızı bükümlərində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdən sonra, ümumi təxmini çəkisinin 0.7 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara rayon polis şöbəsinin 84 saylı möhürü ilə möhürlənmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 19/835 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... X3 üzərindən aşkar olunmuş 07 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 07 (yeddi) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,062 qr; - 0,094 qr; - 0,047 qr; - 0,063 qr; - 0,102 qr; - 0,050 qr; - 0,067 qram olmaqla, ümumi təmiz çəkisi - 0,485 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində "... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 07 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə ..." və "... Şahid2 üzərindən aşkar edilmiş 2 büküm heroin Rəy №19/834 ..." sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 9 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 0,485 qram, cəmi tədqiqata sərf edildi - hər obyekt üzrə 0,03 qram olmaqla, ümumilikdə 0,21 qram, qalıq - 0,275 qram heroin qaldı.

3. Məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2023-cü il tarixli, 853 salı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitələrdir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanununu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 07 (yeddi) büküm narkotik vasitə olan heroinlə yanaşı, 02 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,240 qram narkotik vasitə hesab edilən heroini tanışı Şahid2 20 manata satması Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını tam olaraq təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundun görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli, 1(018)-25/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş şəxslərin üzərlərindən məhkumluq götürülür. Qeyd olunan normativ huquqi aktları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,275 qram olan narkotik vasitə – heroin təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərlə yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 31 avqust 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Astara rayon polis şöbəsində saxlanılan, ekspertizadan sonra qalıq qalmış 0,275 qram olan narkotik vasitə – heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş videoçəkilişin qeydə alındığı 01 ədəd SD diskinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar