Məhkəmə qərarları › İş №1(018)-184/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-184/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-184/2023 05.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(018)-144/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə, saat 01 radələrində Astara rayon Kakalos kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq, ona sağ 8-9-cu qabırğanın sınığı, üst dodaq nahiyəsində əzilmiş yara, burun, alt və üst dodaq nahiyəsində sıyrıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağir zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs bir həmkəndlisi kimi tanıyır. Aralarında həmin hadisəyə kimi hər-hansı bir narazılıq olmamış, əksinə münasibətləri daim yaxşı olmuşdur. 10 noyabr 2023-cü il tarixdə, saat 01 radələrində Astara rayonu Kakalos kəndində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə spirtli içki qəbul edib ara yolla yaşadıqları evə getmişlər. Yolda olan zaman Elçinlə zarafat etmiş, həmin zarafatdan Elçinin xoşu gəlməmişdir. Elçin də içkili olduğu üçün onun ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbəsi vuraraq onu döymüş, sonra ayrılıb yaşadığıları evə getmişlər. Mübahisə Astara rayonu Kakalos kəndində ara yolda baş vermiş, mübahisə ani baş verib bitmiş, həmin vaxt hadisə yerində onlardan başqa heç kim olmamışdır. Hazırda cinayət törətdiyini başa düşür, əməlindən peşmanlıq hissi keçirir. Zərərçəkmiş şəxslə barışmış və ona dəyən zərəri ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxsin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir həmkəndlisi kimi tanıyır. Onunla aralarında əvvəllər yaxşı münasibətlər olmuşdur. 10 noyabr 2023-cü il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra sərxoş olub yaşadığları evə getmişlər. Yolda Təqsirləndirilən şəxs onunla zarafat etmiş, Vahidin zarafatı xoşuna gəlmədiyi üçün ona öz iradını bildirmişdir. Buna görə də aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbəsi vuraraq onu döymüşdür. Mübahisə Astara rayonu Kakalos kəndində ara yolda baş vermiş, təxminən 1-2 dəqiqə davam etmiş, hadisə yerində onlardan başqa heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 11 noyabr 2023-cü il tarixli, 337 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində, sağ 8-9-cu qabırğasının sınığı, üst dodaq nahiyəsində əzilmiş yara, burun, altı və üst dodaq nahiyəsində sıyrıqlar kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağir zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin arayışından və Astara Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(018)-144/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli, İŞ-243585/03 saylı arayışdan görünür ki, Astara Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(018)-144/2023 saylı hökmü 11 oktyabr 2023-cü il tarixdə icraata qəbul olunmuş, 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qeydiyyata alınmışdır. Hazırda Təqsirləndirilən şəxs 01 (bir) il müddətə islah işləri cəzası çəkilməmiş qalmışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyinin bu tələbinə əsasən cinayət əməlini törədən vaxt Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmuş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Astara Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(018)-82/2022 saylı qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs ba Məcəllənin 72-73-2-ci və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd olunan cinayət qanunu normasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bir dəfə zərərçəkmiş şəxslə barışmaqla cinayət məsuliyyətində azad edildiyi üçün, hazırda onun zərərçəkmiş şəxslə barışması və dəyən ziyanı ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Kakalos kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – törətdiyi cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanunun sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm ilə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirməli və bu halda qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qəti cəza təyin edərkən cinayət qanunun bu və digər tələblərinin tətbiqini əsaslı hesab edir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin ediləcək islah işləri cəzası Astara Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(018)- 144/2023 saylı hökmü ilə ona təyin olunmuş aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmalar başlandığı andan hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm ilə təyin edilmiş cəzaya Astara Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(018)-144/2023 saylı hökmü ilə təyin olunmuş aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsi, yəni aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza – aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmağa başlandığı andan hesablansın. Hökmün icrası Astara rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar