Məhkəmə qərarları › İş №1(018)-188/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-188/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-188/2023 21.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü ildə Astara şəhərində anadan olmuş, AR vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Astara şəhəri H.Əliyev prospekti 17 ünvanında yerləşən Astara rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında hər hansı bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Astara rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid4 xidməti otağında uca səslə nalayiq sözlər işlədərək həmin otaqda olan masaya bir dəfə təpik zərbəsi vurub masanın üst hissəsini sındırmış və həmin vaxt masanın üzərində olan bir ədəd “hp” markalı komputerin monitor saxlayıcı hissəsini zədələyib ümumilikdə Astara rayon İcra və Probasiya Şöbəsinə 60 manat məbləğində maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara şəhəri İ.Kaverin küçəsi ev 124 ünvanında qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə həmin ünvanda yaşayır, Astara və Lənkəran rayonlarının ərazisində fəhləlik etməklə ailəsini dolandırır. Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il islah işləri cəzasına məhkum olunmuşdur. Cəzasının icra olunması üçün hökm Astara rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Orada onun işi böyük icra məmuru Şahid4 icraatında olmuşdur. O, cəzasının icra olunmasında maraqlı olduğuna görə dəfələrlə icra və probasiya şöbəsinə gedərək Şahid4 qəbulunda olmuşdur.xx.xx.2023-cü il tarixdə 10 radələrində Şahid4 qəbuluna girib ondan işini həll etməsini xahiş etmişdir. Həmin vaxt Şahid4 ona, məşğulluğa müraciət edildiyini, onun özünün iş axtarıb tapmasını demişdir. Həmin zaman o, bir qədər əsəbi olduğuna görə Şahid4 ilə mübahisə etməyə başlayaraq sonuncudan ona iş tapmasını tələb etmişdir. Həmin zaman Şahid4 otağa mühafizə polisinin işçisi Elşəni çağırmışdır. O, bundan əsəbiləşib bir anlıq özündən çıxaraq otaqdakı masanın üzərinə bir dəfə təpik zərbəsi vurmuşdur. Zərbənin təsirindən masanın üzərində olan komputer aşmışdır. Bu zaman dəhlizdə olan Elşən adlı polis işçisi gəlmiş və o həmin polislə birlikdə binadan çölə çıxmışdır. Hazırda əməlindən çox peşman olnuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ondan şikayət və tələbi yoxdur. Himayəsində olan 3 nəfər azyaşlı uşağı təkbaşına böyüdür. Göstərdiklərini nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahid ifadələri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Astara rayon İcra və Probasiya Şöbəsində böyük icra məmuru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlə əlaqədar olaraq şöbədən çıxmışdır. Saat 11 radələrində şöbəyə gələndə iş yoldaşı Şahid4 xidməti otağındakı masanın üst hissəsinin yerindən qopduğunu, masanın üzərində olan komputerin aşdığını, sənədlərin isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, Şahid4 nə baş verdiyini soruşduqda ona demişdir ki, Təqsirləndirilən şəxs adlı məhkum heç bir səbəb olmadan otaqdakı masaya təpik zərbəsi vuraraq onun ünvanına nalayiq sözlər işlətmişdir. Həmin səsküy səbəbindən şöbənin iş fəaliyyəti təxminən 3-5 dəqiqə müddətində pozulmuş, şöbənin digər işçilərinin diqqəti işdən yayınaraq narahatlığa səbəb olmuşdur. Hadisə nəticəsində komputerin monitor saxlayıcı hissəsi zədələnmiş, nəticədə 40 manat maddi ziyan dəymişdir. Bundan başqa təpik zərbəsindən otağdakı masanın üst hissəsi qopduğu üçün 20 manat maddi ziyan dəymişdir. Astara rayon İcra və Probasiya şöbəsinə ümumilikdə 60 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Astara rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir. 18 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində xdməti otağında olarkən Astara şəhər sakini, Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 il müddətə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs onun xidməti otağına gələrək qapının ağzında dayanıb təyin olunmuş islah işləri cəzası ilə əlaqədar olaraq onu işlə təmin etməsini tələb etmişdir. O da Təqsirləndirilən şəxs izah edib bildirmişdir ki, məşğulluq xidmətində onun qeydiyyata alınmasını təmin etmişlər, əgər başqa yerdə iş tapa bilirsə, iş tapıb işləsin. Daha sonra bildirmişdir ki, əgər işləmək istəmirsə, ərizə yazıb ona seçilmiş cəzasının dəyişdirilməsini xahiş etsin. Təqsirləndirilən şəxs isə aqresiv şəkildə ondan işinin həll edilməsini israrla tələb etmişdir. Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsa da, sonuncu sakitləşmədiyi üçün o, mühafizə bölməsinin polis nəfəri polis serjantı Şahid3 çağıraraq Təqsirləndirilən şəxs yola salmağını təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs uca səslə onun ünvanına nalayiq sözlər işlədərək otağındakı masaya bir dəfə təpik zərbəsi vurub masanı və üstündəki komputeri aşırmışdır. Təqsirləndirilən şəxs hərəkətləri təxminən 5 dəqiqə müddətində davam etmiş və həmin zaman orada kimsə olmasa da, sonradan səs-küyə şöbənin digər işçiləri də otaqlarından çıxıb dəhlizdə toplaşmış, icra şöbəsinin normal iş fəaliyyəti pozulmuşdur. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs onu vurmamış heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs sadəcə olaraq uca səslə nalayiq sözlər işlədərək xidməti otaqdakı masaya bir dəfə təpik zərbəsi vurmuş və zərbənin təsirindən həmin masanın üzərində olan bir ədəd “hp” markalı komputer aşaraq zədələnmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərdən Şahid2, Şahid1 və Şahid3 da məhkəmə iclasında əsasən zərərcəkmiş şəxs Şahid4 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatları təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi, şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materialına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Baxış keçirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ictimai yer hesab olunan Astara rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında yerləşən böyük icra məmuru Şahid4 xidməti otağıdır. Hadisə gündüz vaxtı olduğuna görə Astara rayon İcra və Probasiya Şöbəsinin işçilərinin iş fəaliyyəti qısa müddət də olsa pozulmuş və narahatlığa səbəb olmuşdur. Baxış zamanı həmin otaqdakı masanın üzərinin qopması və masanın üzərində olmuş “hp” markalı komputerin aşmış vəziyyətdə olması və nəticədə həmin komputerin monitor saxlayıcı hissəsinin zədələnməsi aşkar olunmuşdur. Cinayət işinin materialına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 01 ədəd “hp” markalı komputerin monitor saxlayıcı hissəsinin zədələnməsi nəticəsində 40 manat və 01 ədəd 64x137 sm ölçüdə olan yazı masasının üst hissəsinin qopması nəticəsində 20 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliy BƏSİİ-nin 20 noyabr 2023-cü il tarixli tələbnaməsindən və Astara Rayon Məhkəməsinin 30 mart 2023cü il tarixli, 1(018)-53/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(018)-53/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş Astara rayon İcra və Probasiya Şöbəsinin məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(018)-53/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər törədilməsinə, 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Cinayət işinə əlavə olunmuş “Cinayət törətməkdə şühbəli şəxsin tutulması haqqında” 18 oktyabr 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023cü il tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş 20 oktyabr 2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 20 oktyabr 2023-cü il tarixdə buraxılmışdır. Cinayət işinə əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər üzrə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və himayəsində 3 nəfər azyaşlı uşağı vardır. Cinayət işinə əlavə olunmuş Astara RİH Başçısının Astara Astara şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi, şəxs üzərində zor tətbiq olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, himayəsində 3 nəfər azyaşlı uşaq olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda ünvan 1 ünvanda yaşayır. Astara və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə ailəsini dolandırır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara şəhəri İ.Kaverin küçəsi ev 124 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(018)-53/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il müddətə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia, maddi subut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixli, 1(018)-53/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il müddətə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən iki günü bir gün hesabı ilə nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilib, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş, 01 (bir) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri İ.Kaverin küçəsi ev 124 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar