Məhkəmə qərarları › İş №1(018)-20/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-20/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-20/2025 14.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2001-ci il tarixdə İran İslam Respublikasının Kermanşah şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, İran İslam Respublikasının Kermanşah şəhərində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda qəsdən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, yaşamaq və işləmək üçün Azərbaycan Respublikasına gəlmək məqsədilə 1 oktyabr 2024-cü il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən 14-cü sərhəd zastavasının 17-ci sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, N oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin yaxınlığında saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxsr oğlu Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, İran İslam Respublikasının Kermanşah şəhərində fəhlə işləməklə dolanışığını çox aşağı səviyyədə təmin etmişdir. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün işləmək və yaşamaq məqsədilə Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişdir. Lakin, təyyarə bileti almaq üçün kifayət qədər pulu olmadığına görə, o cümlədən sərhədkeçmə zamanı piyada keçid zolağı vasitəsilə giriş-çıxışda məhdudiyyət tətbiq edildiyindən Azərbaycan Respublikasına yerüstü keçə bilməyəcəyindən və başqa seçimi qalmadığından İran İslam Respublikasından qanunsuz olaraq dövlət sərhədini keçib, Azərbaycan Respublikasına gəlməyi qərarlaşdırmışdır. 28 sentyabr 2024-cü il tarixdə yaşadığı İran İslam Respublikasının Kermanşah şəhərindən velosipedlə yola düşərək, babasının yaşadığı Çaluz şəhərinə getmişdir. 2 gün babasıgildə qaldıqdan sonra 30 sentyabr 2024-cü il tarixdə gecə saatlarında velosipedlə İran İslam Respublikasının Astara şəhərinə getmişdir. 1 oktyabr 2024-cü il tarixdə, saat 03 radələrində İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədyanı ərazisinə gələrək, fikirləşmişdir ki, Xəzər dənizi ilə üzüb, Azərbaycan Respublikasına keçsin. Lakin, dəniz vasitəsilə sərhəd nəzarəti daha ciddi olduğundan qərara gəlmişdir ki, dövlət sərhədini quru yolla keçsin. Odur ki, 1 oktyabr 2024-cü il tarixdə, saat 4 radələrində “Dövlət Körpüsü” adlanan yerin 6-7 kilometr uzaqlığında olan ərazidən mühəndis-texniki çəpərin tikanlı məftillərini aralayıb, qarşı tərəfə keçmiş və Astaraçayın sahilinə çatmışdır. Belə ki, mühəndis-texniki çəpərin tikanlı məftillərini aralayan zaman əlində çapıq yaranmışdır. Bundan sonra velosipedi atıb, piyada hərəkət etməyə başlamışdır. Astaraçayı keçdikdən sonra beton divarla qarşılaşmışdır. Həmin divarın alçaq hissəni tapıb, üzərindən aşaraq Azərbaycan Respublikası istiqamətində irəliləməyə davam etmişdir. Bu zaman qarşısına yenidən mühəndis-texniki çəpəri çıxmışdır. Həmin çəpərin yanındakı ağaca dırmaşaraq, çəpərin üzərində atlayıb qarşıya keçmişdir. Dırmaşdığı ağacdan tullanan zaman sol qolu yerə dəymişdir və bu səbəbdən sol qolunda çiyninə yaxın nahiyədə göyərti yaranmışdır. Bir az məsafə qət edəndən sonra 2-ci mühəndis-texniki çəpər qarşısına çıxmışdır. Həmin çəpərin üzərinə çıxan zaman ayağını basdığı məftil qırılmış və həmin hissədən digər məftilləri də aralayıb qarşı tərəfə keçərək, çəpərboyu şumlanmış əraziyə daxil olmuşdur. Şumlanmış ərazini də sonadək qət etdikdən sonra yolun kənarı ilə irəliləməyə davam etmişdir. Təxminən 6 saat piyada getdikdən sonra Lənkəran şəhərinə çatmışdır. Yolda təsadüfən əl işarələri vasitəsilə gedib-gələn avtomobillərdən kömək istədiyi zaman, bunu görən yük avtomobilinin sürücüsü dayanmışdır. Həmin yük avtomobili ilə Bakı şəhərinə gəlmişdir. Sözügedən yük avtomobilinin markası, qeydiyyat nişanını və sair buna oxşar eyniləşdirici məlumatları xatırlamamaqdadır. Sürücünü isə əvvəllər tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Bakı şəhərində olan zaman başa düşmüşdür ki, burada ona uyğun heç bir iş yoxdur və yaşamağı da qeyri-mümkündür. O səbəbdən də Azərbaycan Respublikasında qalmaq fikrindən daşınmış və qərara gəlmişdir ki, Rusiya Federasiyasına getsin. Lakin, üzərində pasport olmadığından, habelə Rusiya Federasiyasına getmək üçün viza lazım olduğundan qanunsuz yolla dövlət sərhədini keçmək ehtimalını yoxlamaq üçün Xudat şəhərinə gəlib, hər hansı bir vasitə axtarmaq istəmişdir. Bu məqsədlə Bakı şəhərindən Xaçmaz rayonu istiqamətində yolda dayanaraq əl işarələri ilə gedib-gələn avtomobillərdən kömək istəmişdir. Təsadüfi şəkildə saxlayan 3 fərqli avtomobillə Xaçmaz gəlmişdir. Xaçmaz rayonunda küçədə gecələdikdən sonra piyada Xudat şəhərinə doğru getməyə başlamışdır. N oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Xudat şəhərində hərbi hissənin ətrafından keçən zaman bir nəfər hərbi qulluqçu ona yaxınlaşmış və həmin hərbi qulluqçuya könüllü olaraq səmimi bütün əməllərini etiraf etmişdir. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Qoşunlarının N nömrəli hərbi hissəsinin əməliyyataxtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, hərbi hissəyə N oktyabr 2024-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində şübhəli əcnəbi vətəndaşın olması barədə məlumat daxil olmuşdur. Bu məlumat əsasında həmin tarixdə, saat 14 radələrində bir nəfər şəxsi N nömrəli hərbi hissənin yaxınlığında aşkar edərək saxlamışdır. Saxladıqdan sonra müəyyən olmuşdur ki, həmin şəxs İran İslam Respublikasının vətəndaşı Taherabadi Mohamməddir və o, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Xudat şəhərinə gəlməkdə məqsədi isə qanunsuz olaraq Rusiya Federasiyasına keçmək olmuşdur. İş materialında olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Zaur Qasımovun 3 oktyabr 2024-cü il tarixli, 3-38/2- 16-2824/24 nömrəli məktubundan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 1 oktyabr 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçdiyinə görə N oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Xaçmaz rayonu, Xudat şəhərində saxlanılaraq sərhəd naryadlarına təhvil verilmişdir. İş materialında olan, N oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs N oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində saxlanıldığı yer – Xaçmaz rayonu, Xudat şəhərində yerləşən N nömrəli hərbi hissənin yaxınlığında asfalt yolun kənarıdır. İş materialında olan, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən 14-cü sərhəd zastavasının 17-ci sahəsində dövlət sərhəd xətti tərəfindən tərtib olunmuş 03 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən 14-cü sərhəd zastavasının 17-ci sahəsində dövlət sərhəd xətti sayılan ərazidir. Ərazi dağlıq-qayalıq relyefə malikdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 1 oktyabr 2024-cü il tarixdə, saat 04 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyi yeri əl ilə işarə etdi. Həmin yer 141 saylı dövlət sərhəd nişanından 600 metr sağda, dövlət sərhəd xəttindən 200 metr məsafədə olan ərazidir. İş materialının 24-31-ci səhifələrində əks edilən fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyi yeri əl ilə işarə edir və hərəkət istiqaməti həmin fotoşəkillərdə əks olunur. İş materialında olan şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında 0N oktyabr 20224-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 1(bir) ədəd bel çantası, geyim dəstləri, 60 rubl aşkar edilmişdir. İş materialında olan, 5 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)- 530/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 0N oktyabr 2024-cü il tarixdən saat 14:00-dan hesablanmağa başlamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli anket məlumatlarının dəqiqləşdirilməsi haqqında qərardan görünür ki, İran İslam Respublikası vətəndaşı X2 tam adının Təqsirləndirilən şəxs olaraq tanınması və oxunması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, istintaq protokolları, onun özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə təsdiqini taparaq onun Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir.Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 0N oktyabr 2024-cü il tarixdən tutulmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 0N oktyabr 2024-cü il saat 14:00-dən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından CM-in 58.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 0N oktyabr 2024-cü il saat 14:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar