Məhkəmə qərarları › İş №1(018)-21/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-21/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-21/2025 14.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda məhkumluğu ödənilməmiş ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda -11,344 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 14 avqust 2024-cü il tarixdə, saat 00:28-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara şəhəri, Gənclər küçəsində yerləşən kafedə saxlanılaraq üzərində baxış keçirilən zaman 02 ədəd kibrit qutularında təmiz çəkisi - ayrı-ayrılıqda təmiz çəkiləri:-5,368 qram və -5,976 qram olmaqla ümumi təmiz çəkisi: -11,344 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan boz rəngli şortikin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək göstərmişdir ki, təxminən 3 il müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, 13 avqust 2024-cü il tarixdə, saat 09-10 radələrində Astara şəhərində yerləşən Bulvar ərazisində avtomobillərin dayanacaqda parkinq edilməsinə köməklik göstərdiyi vaxt yerdə 02 ədəd kibrit qutusunu görmüş, həmin kibrit qutularını götürüb içərisinə baxdığı zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu aşkar etmiş, narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğu üçün dərhal həmin kibrit qutularını şəxsi istifadəsi məqsədilə cibinə yerləşdirmiş, təxminən bir neçə saat sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana kütləsinin bir hissəsini siqaret kağızına dolduraraq çəkmək yolu ilə istifadə etmiş, daha sonra qalan kütlələri kibrit qutuları ilə birgə əynində olan şortikin cibinə yerləşdirmiş, həmin gecə, yəni 14 avqust 2024-cü il tarixdə saat 00:30 radələrində Astara şəhəri, Gənclər küçəsində kafede spirtli içki qəbul edərkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, onu saxlayıb, özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, dərhal başa düşmüş ki, polislər onun üzərində olan narkotik vasitəyə görə ona yaxınlaşmış, polis əməkdaşları üzərində axtarış keçirilməli olduğunu bildirmiş və həmin səbəbdən də kafenin otaqlarından birinə salmış, həmin otaqda olduğu zaman polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməyi tələb etmiş, əynində olan boz rəngli şortikin sağ yan cibindən 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, 02 ədəd kibrit qutusunun içərisinə polislər tərəfindən baxış keçirilən zaman həmin kibrit qutularının içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, daha sonra polis əməkdaşları üzərində axtarış keçirmiş və üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, daha sonra üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan narkotik vasitə kütlələri zərfdə qablaşdırılmış və həmin zərfin üzəri möhürlənmiş, daha sonra polis əməkdaşları onu Astara RPŞ-nin inzibati binasına gətirmiş, polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və Müdafiəçi iştirakıyla videoçəkilişdən istifadə edilməklə üzərindən aşkar olunmuş və zərfdə qablaşdırılmış 02 ədəd kibrit qutusun içərisinə baxış keçirilmiş, baxış keçirilən zaman həmin kibrit qutularının hər birinin içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, daha sonra 02 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilərək çəkiləri müəyyən edilmiş, bundan sonra 02 ədəd kibrit qutusu yenidən kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmış, həmin protokola özü də öz imzasını çəkmişdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur və üzərindən aşkar olunan kütlələri öz istifadəsi üçün saxlamış, onları satmaq fikri yoxmuş. Hazırda əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, DİN-nin Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 avqust 2024-cü il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 14 avqust 2024-cü il tarixdə, saat 00:28-də yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə Astara şəhəri, 28 may küçəsi istiqamətində getmiş, Astara şəhər, 28 may küçəsində olan zaman Təqsirləndirilən şəxs həmin küçədə yerləşən “Gənclik” kafesində əyləşdiyini görüb dərhal ona yaxınlaşmış, özünü Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şortikin sağ yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin kütlə narkotik vasitə marixuanadır, istifadə etmək məqsədilə üzərində saxlayırmış, daha sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və çəkisinin 16.6 qram olması müəyyən edilmiş, daha sonra həmin içərisində kütlələr olan kibrit qutuları onların və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, özü və digər iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs və üzərindən aşkar olunmuş kütlələr Astara RPŞ-yə gətirilərək araşdırmanın davam etdirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilmiş, toplanmış materialın icrası Astara RPŞ-nin təhqiqatçısı Özcan Quluzadəyə həvalə edilmiş, Özcan Quluzadə tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, özü və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə 14 avqust 2024-cu il tarixdə tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli şortikin sağ yan cibindən götürülmüş iki ədəd kibrit qutusunda, yaşıl rəngli, ümumi çəkisi 16.6 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə ölçülərək çəkisinin 16.5 qram olması müəyyən edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, 2 gün əvvəl, Astara şəhərində dənizin sahilində yerdən tapdığını, həmin qurudulmuş marixuanadan bir dəfə istifadə etdiyini, hamın kütlənı öz istifadəsi üçün göturdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, arada bir ancaq marixuanadan istifadə etdiyini, üzərindən aşkar edilmiş kütlədən onunla birlikdə saxlanılan tanışı Şahin Qənbərlinin məlumatı olmadığını, həmin kütlədən heç kimə vermədiyini, satmadığını, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulduğunu, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Əməliyyat-axtarış tədbiri keçirilərkən videçəkiliş aparılan zaman və ilkin araşdırma sənədlərində Təqsirləndirilən şəxs saxlanıldığı yeri səhvən Astara şəhəri, Gənclər küçəsi kimi qeyd etmiş, sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanıldığı yer Astara şəhəri, 28 may küçəsində yerləşən “Gənclik” kafesidir. Məhkəmə iclasında Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri şahidlər Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarına əlavə edilmiş 14 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” haqqında protokoldan görünür ki, həmin tarixdə saat 00:28-dən 00:37-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan bozara rəngli şortikin sağ yan cibindən 02 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 14 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” haqqında protokoldan görünür ki, həmin tarixdə saat 01:55-dən 02:05-dək Astara RPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan boz rəngli şortikin sağ yan cibindən aşkar edilərək götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 02 ədəd kibrit qutusuna baxış keçirilmiş, həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-bioloji ekspertizası üzrə verilmiş 14 avqust 2024-cü il tarixli, 19/610 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri -5,368 qr; - 5,976 qram, ümumi təmiz çəkisi: -11,344 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (tədqiqatdan sonra qalıq 11.144 qram). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məcburi tibbi yoxlama” üzrə verilmiş 30 sentyabr 2024-cü il tarixli, 731 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “kannabinoidlərin” qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,144 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə saat 01:20-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Astara rayon prokurorunun vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlandığı Astara RPŞ-nin MYS-dən azad edilmişdir. İş materiallarında olan 15 avqust 2024-cü il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Astara rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya idarəsinin xx.xx.2025-ci il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixədək cəzasının 01 il 03 ay 27 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi isə 01 il 08 ay 03 gün təşkil edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuananı əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(018)-117/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 08 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilərək ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara-Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını məqsədəmüvafiq sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,144 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 03 (üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilərək Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,144 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar