Məhkəmə qərarları › İş №1(018)-22/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-22/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-22/2025 21.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1965-ci ildə Astara rayonu, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Astara şəhəri, Qum küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus pay torpaq sahəsinin qarşısından keçən küçədə həmin torpaq sahəsinin kimə məxsus olması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol qol nahiyəsinə qəsdən 1 dəfə bıçaqla zərbə vuraraq sol bazu nahiyəsində kəsilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəlidir, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır və əvvəllər aralarında mübahisələr olmamış, qərəzli münasibətləri yoxdur, yaşadığı yerdən təxminən 250- 300 metr aralıda 0,20 ha pay torpaq sahəsi var, təxminən 6 ildir ki, orada sitrus və meyvə ağacları əkir, həmçinin hər il ərazinin otunu biçir, qonşusu Cəbrayıl iddia edir ki, onun torpaq sahəsinin 0,20 ha hissəsi onundur, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Bir neçə dəfə aralarında mübahisə də olmuşdur, sonuncu dəfə 23.07 2024-cü il tarixdə saat 12 radələrində evə gedən zaman torpaq sahəsinin iki tərəfində qoyduğu taxta qapının açıq olduğunu görmüş, qapıları Cəbrayıl qəsdən açmşdır ki, mal-qara oraya daxil olsun meyvə ağaclarına ziyan vursun. Evə gedib çəkic, ip, yanmış məftil və kiçik mətbəx bıçağı götürüb oraya gəlmiş ki, taxta qapıları bağlasın və çəpərin dirəklərini bərkitsin, qapıya yaxınlaşanda Zərərçəkmiş şəxs idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə yoldan keçdiyini görmüş, Cəbrayıl onu görüb avtomobili saxlamış, Cəbrayıldan "qapını kim açıb" deyə soruşmuş, Cəbrayıl da ona "belə lazımdır, mən etdirmişəm" demiş, bu səbəbdən də aralarında mübahisə yaranmış, qapıya tərəf yaxınlaşmış, görmüş ki, Cəbrayıl onu telefonun kamerası ilə çəkir, Cəbrayıla deyəndə ki, “niyə məni çəkirsən”, Cəbrayıl ona “əcəb edirəm çəkirəm” demiş, həmin vaxt əsəbləşmiş, sağ əlində çəkic, sol əlində isə bıçaq və məftil var imiş, Cəbrayıl onu əsəbləşdirdiyi üçün məftil və bıçaq olan sol əli ilə onun qol nahiyəsindən itələyərək özündən uzaqlaşdırmış, daha sonra isə torpaq sahəsinə daxil olaraq oradan uzaqlaşanda mübahisəni görən qızı Şahid4 hadisə yerinə gələrək onları ayıraraq uzaqlaşdırmış, bundan sonra Cəbrayıl qolundan xəsarət aldığını görüb maşınına doğru hərəkət etmiş və telefonla çəkilişə davam etdiyi üçün qızı Fidan ona etirazını bildirmiş, bundan sonra hadisə yerinə qızı İstək də gəlmiş və mübahisə baş verdiyini görüb Cəbrayıla etirazını bildirmiş, orada yenidən münaqişə yaranmışdır. Astara rayon Rüdəkənar kəndində yerləşən mübahisəli torpaq sahəsinin torpağa mükiyyət hüququna dair JN-947 nömrəli aktı vardır və həmin torpaq sahəsinin ona məxsus olduğunu bilirmiş, qardaşı Qafur Mirzəyev torpağı Cəbrayıla satan zaman xəbəri olmamış, sonradan bu barədə məlumatlanmış və torpaq sahəsinin onun istifadəsində ola-ola başqasına satılmasına etiraz etmiş, lakin onlar ona məhəl qoymayaraq öz aralarında alqı-satqı edərək onun təxminən 27 ildir ki, istifadə etdiyi torpağı Qafur Cəbrayıla satmış, həmin vaxtdan Zərərçəkmiş şəxsla münasibətləri pisləşmiş və aralarında narazılıqlar yaranmağa başlamışdır. Mübahisə zamanı konkret olaraq Cəbrayılı özündən uzaqlaşdırmaq üçün sol əli ilə onun qoluna vuraraq itələmiş, həmin vaxt sol əlində bıçaq olduğu üçün Cəbrayıl xəsarət almışdır. Hadisə zamanı hirsli olmuş, hirsli başda isə ağıl olmur, əsla Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti olmamış, xəsarət yetirmək istəsə belə buna ürəyi gəlməzdi. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, onu tanıyır, əvvəllər aralarında mübahisələr olmamış, qərəzli münasibəti yoxdur, Şücaətin yaşadığı ünvandan 250-300 metr aralı pay torpaq sahəsi vardır, onun pay torpaq sahəsi ilə yanaşı Sücaətin qardaşı Mirzəyev Qafurun da pay torpaq sahəsi varmış, əvvəllər Şücaət Qafurun pay torpaq sahəsindən istifadə etmiş, orada meyvə və sitrus ağacları əkmiş, 2024-cü ilin əvvəllərində həmin 0,12 ha torpaq sahəsini rəsmi alqı-satqı edərək Qafurdan almış, bir müddət Sücaət oradan istifadə etməyə davam etmiş, 2024-cu ilin may ayında Şücaətə demiş ki, həmin yerə bir daha müdaxilə etməsin, lakin Şücaət onu aldığı torpaq sahəsinə buraxmamışdır. Mübahisənin baş verdiyi torpaq sahəsi ona məxsusdur, bu barədə Qafura demiş, Qafur da Şücaətə bildirmişdir ki, o öz yerini satıb, lakin bir nəticə olmamış və Şücaət Qafuru və onu nalayiq söyüşlərlə söymüş demiş ki, yer onundur, heç kimə verməyəcək, bu səbəbdən də bir neçə dəfə aralarında mübahisələri olmuş, 23 iyul 2024-cü il tarixdə saat 12 radələrində torpaq sahəsinin qapısını açaraq mal-qarasını otlamağa buraxmış, Şücaət onun qapını açdığını görüb gəlib bağlayaraq getmiş, evə qayıdan zaman torpaq sahəsinin qapısının yanında Şücaəti görmüş və idarə etdiyi maşınını saxlamış, Şücaətin əlində bıçaq varmış, ondan torpaqdan uzaqlaşıb getməyi tələb etmiş, eyni zamanda onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, daha sonra ona torpağın onun olduğunu deyəndə üzərinə hücum edərək bıçaqla sağ qoluna vuraraq xəsarət yetirmiş, xəsarət aldıqdan sonra xəstəxanaya getmək üçün maşına əyləşmək istəyəndə Şücaətin qızları İstək və Fidan gəlmiş, onu nalayiq söyüşlərlə söymüş, İstək köynəyini cırmış, onlardan qaçıb maşınına əyləşmiş və telefonla çəkiliş aparmağa başlamış, daha sonra İstək və Fidan yenidən onun üzərinə hücum edərək onları telefonla çəkməyinə etirazlarını bildirmiş, hər iki bacı hücum çəkmiş, maşında paltarını cırmış, baş və üz nahiyəsindən vurmuş, bu vaxt onun iki oğlu Zəfər və İzzət də gəlmiş, DİN-in 102 xidmətinə və təcili yardıma zəng vurmuş, təcili yardım gəlib onu xəstəxanaya aparmışdır. Astara rayon Rüdəkənar kəndində yerləşən torpaq sahəsinin ona məxsus olması barədə sənədləri qaydasındadır, Qafur Mirzəyevlə rəsmi alqı-satqı müqaviləsi bağlayıb torpağı almış, hazırda torpağın reyestrdan çıxarışı da var. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ona dəymiş ziyan təqsirləndirlən şəxs tərəfindən ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, Təqsirləndirilən şəxs da tanıyır, onlarla qonşuluqda yaşayır, əvvəllər aralarında mübahisə və qərəzli münasibət olmamış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan 250-300 metr aralı pay torpaq sahəsi vardır, onun pay torpaq sahəsi ilə yanaşı Sücaətin qardaşı Mirzəyev Qafurun da pay torpaq sahəsi varmış, əri Zərərçəkmiş şəxs 2024-cü ilin əvvəllərində Qafur Mirzəyevə məxsus 0,12 ha torpaq sahəsini rəsmi alqı-satqı edərək Qafurdan almış, bir müddət Sücaət oradan istifadə etməyə davam etmiş, 2024-cu ilin may ayında əri Cəbrayıl Şücaətə həmin torpaqda nə işi varsa bitirib oradan çıxmasını və bir də ora girməməsini bildirmiş, lakin Şücaət həmin torpaq sahəsinin onun olduğunu bildirərək torpaq sahəsindən istifadə etməyə davam etmiş və oradan çıxmamış, bu səbəbdən də bir neçə dəfə aralarında mübahisə olmuş, 23 iyul 2024-cü il tarixdə əri Cəbrayıl malqaranın otlamasından ötrü sözü gedən torpaq sahəsinin qapısını açmış, həmin vaxt Şücaət bağda olmuş və əri Cəbrayılın qapını açdığını və ona sözü gedən torpaq sahəsində olması barədə etirazını bildirdiyini görüb gəlib qapını bağlamış, bu səbəbdən aralarında münaqişə yaranmış, daha sonra əri oradan uzaqlaşaraq polis şöbəsinə getmiş, daha sonra geri qayıdanda Şücaəti yenidən həmin torpaq sahəsində görərək idarə etdiyi maşını saxlamış və ona niyə hələ də həmin torpaq sahəsində olduğunu soruşmuş, Şücaət də ona torpağın onun olduğunu bildirərək üzərinə hücum edərək torpaqdan uzaqlaşıb getməyi tələb etmiş, həmin vaxt onlar arasında mübahisə yaranmış və Şücaət əlindəki bıçaqla əri Cəbrayıla xəsarət yetirmiş, yaşadığı ev yaxınlıqda yerləşdiyindən səs-küyü eşidərək ora gəlmiş, hadisə yerinə gələndə artıq Şücaət əri Cəbrayılın qol nahiyəsinə bıçaqla xəsarət yetirmiş, əri xəsarət aldıqdan sonra xəstəxanaya getmək üçün maşına əyləşmək istəyəndə Sücaətin qızları İstək və Fidan gəlmiş, onları nalayiq söyüşlərlə söymüş, İstək əri Cəbrayılın üzərinə hücum edərək telefonla çəkiliş aparmağa etirazlarını bildirmiş, hər iki bacı hücum çəkib, maşında əyləşən ərinin əlindən telefonu almağa çalışmışlar. Mübahisə başlayandan sora hadisə yerinə gəlmiş, mübahisə zamanı orada kənar şəxs olmamış, mübahisədən sonra hadisə yerinə Şücaətin qızları Şahid4 və Şahid5 gəlmiş, daha sonra özü və oğlanları hadisə yerinə gəlmişlər. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram vuraraq təhsili ilə bağlı Naxçıvan şəhərində olduğundan 21 yanvar 2025-ci il tarixdə keçirilməli olan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır və əvvəllər aralarında mübahisələr olmamış, qərəzli münasibəti yoxdur, yaşadığı ünvandan təxminən 250-300 metr aralıda pay torpaq sahəsləri var, atası Təqsirləndirilən şəxs orada sitrus və meyvə ağacları əkmiş və ərazini abadlaşdırmış, həmçinin hər il ərazinin otunu biçir. Zərərçəkmiş şəxs iddia edir ki, həmin torpaq sahəsinin bir hissəsi onundur, bu səbəbdən aralarında narazılıqlar yaranmış, 23 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin torpaq sahəsində olan çəpəri sökmüş və inəklər girərək atası Şücaətin əkdiyi ağacları yemiş, atası Şücaət yoldan keçən zaman bunu görüb yaşadığı evin həyətinə gəlib çəkic, ip, yanmış məftil və kiçik mətbəx bıçağın götürüb oraya getmişdir ki, taxta qapıları bağlasın və çəpərin dirəklərini bərkitsin, atası Şücaət orada işləməyə gedən zaman, saat 12 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə yoldan keçirmiş və atası Şücaəti görüb avtomobili saxlayaraq onunla mübahisə etməyə başlamış, bundan əvvəl atası Şücaət evə gəlib çəpəri təmir etmək üçün ləvazimatları götürüb gedən zaman ona köməklik etmək üçün bir neçə dəqiqə sonra özü də onun arxasıyca getmiş, lakin gedən zaman onlar arasında baş verən mübahisə artıq davam edirmiş, mübahisə başladıqdan sonra ora getmiş və mübahisənin davam etdiyini, Cəbrayılın artıq qolundan xəsarət aldığını görmüşdür. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram vuraraq xəstə olduğundan 21 yanvar 2025-ci il tarixdə keçirilməli olan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılması barədə qərar qəbul edilmişdir (i.v.1). 23 iyul 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, hadisə ünvan 2 ünvanında baş vermişdir (i.v.16). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzinin 24 iyul 2024-cü il tarixli, 239 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol bazu nahiyyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.31-32). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum edilməmişdir (i.v. 29). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Suparibağ kəndində yerləşən 0.1183 ha torpaq sahəsi Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir(i.v.38-39). Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-947 seriyalı, 80109018 nömrəli Dövlət Aktının surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 23 aprel 1999-cu il tarixli, 11 saylı qərarı ilə 0.30 ha torpaq sahəsi X1 verilmişdir. (i.v.43-49). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Suparibağ kəndində yerləşən 0.1183 ha torpaq sahəsi X2 adına rəsmiləşdirilmişdir(i.v.91-91). “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 138-149). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək hadisə günü sağ əlində çəkic, sol əlində isə bıçaq və məftil olduğunu, Cəbrayılın onu əsəbləşdirdiyi üçün məftil və bıçaq olan sol əli ilə onun qol nahiyəsindən itələyərək özündən uzaqlaşdırdığını göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin hazırkı ifadəsini onun istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxsin və şahidin ifadələri, işin həqiqi halları ilə əlaqəli şəkildə tədqiq edərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadələri səmimi və həqiqəti əks etdirən ifadələr kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxsin “hirsli başda ağıl olmur” ifadəsi əslində onun öz əməlinin fərqində olduğunun göstəricisidir, “Cəbrayılın onu əsəbləşdirdiyi üçün məftil və bıçaq olan sol əli ilə onun qol nahiyəsindən itələyərək özündən uzaqlaşdırdığı” ifadəsi isə məsuliyyətdən yayınmaq üçün, özünümüdafiə xarakterli ifadə kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar