Məhkəmə qərarları › İş №1(018)-25/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-25/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-25/2023 08.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 0,984 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 02 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində saxlanılaraq Astara rayon polis şöbəinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı 02 ədəd siqaretin gümüşü kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri: 0,501 qram və 0,483 qram olmaqla, ümumi təmiz çəkisi - 0,984 qram narkotik vasitə olan heroin onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Şahağacı kəndində yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq dolanışığını təmin edir. Yaşlı anası və xəstə atası onun himayəsində yaşayır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Təxminən üç ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. 02 noyabr 2022-ci il tarixdə, saat 8 radələrində Astara rayonu Şahağacı kəndində yerləşən yaşadığı evdən çıxaraq avtobus vasitəsilə Lənkəran şəhərinə öz istifadəsi üçün narkotik vasitə olan heroin almağa yola düşmüş, Lənkəran şəhəri mərkəzi bazarı adlanan əraziyə çatdıqdan sonra əvvəllər narkotik vasitə olan heroini aldığı, yalnız üzdən tanıdığı və adını bilmədiyi şəxsə narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs bir neçə dəqiqə gözləməyini istəyərək geri qayıdacağını bildirib oradan uzaqlaşmış, təxminən 15 dəqiqə keçdikdən sonra geri qayıdaraq ona 2 ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroini verdikdən sonra 17 manat pul ödəyib əldə etdiyi bükümləri əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sonra avtobusla Astara rayonu Şahağacı kəndinə geri qayıtmışdır. 02 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Astara rayonu Şahağacı kəndində yaşadığı evin yaxınlığında olduğu zaman bir-neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Dərhal başa düşmüşdür ki, polislər üzərində olan narkotik vasitəyə görə ona yaxınlaşmışdır. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər-hansı bir əşya varsa təqdim etməyini təklif etmiş, o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroini çıxarıb masanın üzərində qoymuşdur. Bundan sonra təhqiqatçı onun üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər-hansı əşya aşkar etməmişdir. Masanın üzərinə qoyduğu 02 (iki) ədəd siqaretin gümüşü kağızını bükümlərin içərisinə baxış keçirilən zaman həmin bükümlərin içərisindən toz şəklində narkotik vasitə olan heroin aşkar edilmiş, təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin təxminən 1,2 qram olması müəyyən edilmişdir. Polis əməkdaşlarının onunla apardıqları şifahi sorğu zamanı təqdim etdiyi 2 ədəd siqaretin gümüşü kağızı bükümlərində narkotik vasitə olan heroini Lənkəran şəhəri mərkəzi bazarı adlanan ərazidə yalnız üzdən tanıdığı adını bilmədiyi şəxsdən 17 manat qiymətinə öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra masanın üzərinə qoyduğu 2 ədəd siqaretin gümüşü kağızı bükümləri kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda əməlindən səmimi peşimanlıq hissi keçirir. Hesab edir ki, həbsdə qaldığı müddətdə tam olaraq islah olunmuşdur. Bir daha cinayət törətməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini və göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 noyabr 2022-ci il tarixdə Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla orada yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması və həmin tarixdə, saat 16 radələrində Astara rayonu Şahağacı kəndində olacağı barədə icraatına məlumat daxil olmuşdur. Həmin məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. 02 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində şöbənin digər əməkdaşları – Nicat Əliyev və Rauf Rzayev ilə birlikdə avtomobillə Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Astara rayon Şahağacı kəndinə, evin yaxınlığına getmiş, həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamışlar. Bu vaxt Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu görmüş və dərhal yaxınlaşaraq özlərini təqdim etmiş, sonra isə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlar Astara rayon polis şöbəsinin inzibati binasına gəlmişlər. Astara rayon polis şöbəsinə gəldikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər-hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd siqaretin gümüşü kağızı bükümlərini çıxarıb masanın üzərində qoymuşdur. Sonra Orxanın üzərində şəxsi axtarış keçirilmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər-hansı əşya aşkar etməmişdir. Bundan sonra 2 (iki) ədəd siqaretin gümüşü kağızı bükümlərinə baxış keçirildikdə, onun içərisində toz şəklində olan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin bükümlər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 02 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 02 noyabr 2022-ci il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 1.2 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş 2 (iki) bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlələri Lənkəran şəhərində yalnız üzdən tanıdığı şəxsdən 17 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 19/1141 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “… Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) büküm kütlə ...’’ sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 (iki) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri: – 0,501 qram və 0,483 qram olmaqla, ümumi təmiz çəkisi - 0,984 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 0,984 qram, tədqiqata sərf edildi - 0,1 qram (hər ob - 0,05 qram), qalıq - 0,884 qram qalmışdır.

3. Məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 1251 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşayır, subaydır. İş materiallarına əlavə olunmuş Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış xalis çəkisi 0,884 qram qalmış heroin narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 4(018)-93/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut kimi Astara Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,884 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar