Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-25/2024 13.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X22 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Tərcüməçi: X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi X11 iştirakları ilə, 23 sentyabr 1977-ci il tarixdə İran İslam Respublikasının Xalxal şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsili, İran İslam Respublikası ərazisində fəaliyyət göstərən "Aysel" şirkətində dərzi işləyən, əvvəllər məhkum olunmamış, İran islam Respublikasının Ərdəbil şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən və aviabilet almaq üçün maddi imkanı olmadığından Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədilə N dekabr 2023-cü il tarixdə, saat 11:25 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasının 2-ci sahəsinin xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, İran İslam Respublikası şəriət qanunları ilə idarə olunduğuna görə orada yaşamaq onun üçün çətin olmuş, bu səbəbdən Azərbaycan Respublikasında yaşamaq qərarına gəlmiş və bu məqsədlə işlədiyi "Aysel" şirkətindən könüllü azad olub 2023-cü ilin dekabr ayının 10-da Germi şəhərinin Azərbaycanla həmsərhəd olan Zəhra kəndinə gəlmiş, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmək istəmiş, lakin sərhəd xəttinə çatmağa təxminən 300-400 metr qalmış İran İslam Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır. Səhəri gün o, hakim qarşısına çıxarılmış, lakin törətdiyi əməlin ictimai təhlükəliliyi böyük olmadığı üçün azadlığa buraxılmışdır.Təxminən 3-4 gün Germi ərazisində çöl şəraitində qalmış və qanunsuz yolla Azərbaycana keçmək məqsədilə 15 dekabr 2023-cü il tarixdə İran İslam Respublikasının Astara rayonunun Qala kəndinə getmişdir. Gecəni Qala kəndinin ərazisində tərk edilmiş bir daxmada qalmış və N dekabr 2023-cü il tarixdə, saat təxminən 11:25 radələrində Astara çayından keçməklə İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına keçmiş və təxminən 200 metr irəliləmişdir ki, mülki geyimdə olan 2 nəfər əvvəllər tanımadığı şəxs onun kim olduğunu soruşmuşlar. O, həmin şəxslərə İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına keçdiyini demiş, sonra həmin şəxslər bu barədə dərhal aidiyyəti üzrə məlumat vermiş və təxminən 5-10 dəqiqə sonra əraziyə Azərbaycan sərhədçiləri gəlib onu saxlayaraq hərbi hissəyə aparmışlar. Bundan sonra sərhədçilər tərəfindən törədilməsində şübhə edildiyi əməlin mahiyyəti barədə ona ümumi məlumat verilmiş, sonra o müdafiəçi və tərcüməçi ilə 1 təmin edilmiş, daha sonra ona hüquq və vəzifələri izah edilmiş, inzibati qaydada tutulmuş, şəxsi axtarışa məruz qalmış və izahatı alınmışdır. O, İran İslam Respublikasından Azərbaycan Respublikasına quru sərhədləri bağlı olduğu üçün hava yolu ilə gəlməli olmuş, lakin aviabilet almaq üçün maddi imkanı olmadığından həmin ölkədən Azərbaycan Respublikasına qanunsuz yolla keçmişdir. O, əvvəllər qanuni və ya qanusuz yolla Azərbaycan Respublikasına gəlməmişdir. O, əvvəllər İran İslam Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd ərazilərinə gəlmiş və həmin ərazilərdən baxanda görünmüşdür ki, Azərbaycan hansı istiqamətdədir. Ona görə də ərazini tanımışdır. Ona nə İran İslam Respublikasında, nə də Azərbaycan Respublikasında sərhədi qanunsuz olaraq keçməyə köməklik göstərən şəxs olmamışdır. Onu Azərbaycan Respublikası ərazisində qarşılayan heç kəs olmamış, qanunsuz olaraq Azərbaycan Respublikasına keçəcəyi barədə heç kimə məlumat verməmişdir. Bu barədə özü qərara gəlmiş və bunu həyata keçirmişdir. O, soyadı, adı və atasının adının Təqsirləndirilən şəxs olduğunu, X2 isə onun qardaşı olduğunu bildirmişdir. Qardaşı X6 təxminən 30-31 il bundan öncə itkin düşmüş və onun barəsində heç bir məlumat əldə etməmişlər. Hazırda da onun sağ və ya ölü olmasından məlumatsızdırlar. O, saxlanıldıqdan sonra ondan anket məlumatları dəqiqləşdirilərkən özünü qardaşı X6 kimi təqdim etmişdir. Lakin şəxsi axtarış zamanı ondan aşkar edilərək götürülmüş şəxsiyyəti təsdiq edən sənəd tərcümə edilmiş və sərhədçilər tərəfindən ona oradakı məlumatların Təqsirləndirilən şəxs olduğu bildirilmişdir. Bu zaman o, düşünmüşdür ki, özünü qardaşının anket məlumatları üzrə, yəni X6 təqdim etsin ki, birdən o, öz ölkəsinə deportasiya edilsə onun yenidən sərhədi qanunsuz olaraq keçməyi bilinməsin. O, bundan əvvəl 10 dekabr 2023-cü il tarixdə ilk dəfə olaraq iran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçmək istəyən zaman öz anket məlumatları üzrə, yəni Əli adı ilə saxlanılmış, lakin sonra sərbəst buraxılmışdır. Düşünmüşdür ki, deportasiya edilsə ikinci dəfə bu əməli törətdiyi üçün bu dəfə ona sərt cəza verilər. Buna görə qardaşının anket məlumatları üzrə özünü X6 kimi təqdim etmişdir. Bu zaman həmin sənəddəki fotoşəkillə onun oxşarlığının olmadığı soruşulanda o demişdir ki, həmin sənəd onun deyil, qardaşınındır. Yəni yalandan demişdir ki, Əli adı ilə məlum olan şəxsin sənədi onun yox, qardaşınındır. Qardaşının sənədini özü ilə götürmüşdür ki, bəlkə ona lazım olar. O, özünü saxlanılan zaman buna görə Fazil kimi təqdim etmişdir. Ona görə də onun barəsində toplanılmış ilkin materiallarda adı Fazil kimi göstərilmişdir. Lakin o, Təqsirləndirilən şəxsdur və üzərindən aşkar edilərək götürülmüş sənəd ona məxsusdur. O, xarici görünüşcə qardaşı X3 bənzəmir, lakin qardaşının neçə ildir ki, fotoşəkli yoxdur və o, düşünmüşdür ki, gələcəkdə bundan fürsət kimi istifadə etsin. O, saxlanılarkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan digər əşyalarla yanaşı aşkar edilərək götürülmüş üç ədəd İran İslam Respublikasına məxsus mobil operatora aid simkart, üç ədəd həmin ölkəyə məxsus bank kartı barədə bildirmişdir ki, üç ədəd bank kartından ikisi onun adınadır və həmin kartlardan gündəlik tələbatları üçün istifadə edir. Digər bir ədəd kart isə tanışı Xosrova məxsusdur. Təxminən 1 ay bundan öncə Xosrovla birlikdə olarkən o, mağazaya gedəndə Xosrov həmin kartını ona verərək siqaret almasını xahiş etmiş və Xosrovun kartı onda qalmışdır. 3 ədəd simkartların isə hər biri onun özünə məxsusdur.Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, N dekabr 2023-cü il tarixdə, saat 07:40-dan saat 11:40-dək 2-ci sahədə “Müşahidə Məntəqəsi” sərhəd naryadını təşkil edərkən 1 nəfər şəxsin 2-ci sahədə, 141 nömrəli sərhəd nişanından 120 metr solda, Astara çayından keçməklə İran islam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət etdiyini müşahidə etmiş və o, dərhal bu barədə radiorabitə vasitəsilə aidiyyəti üzrə məruzə etmişdir. Daha sonra sərhəd zastavası “Silaha” komandasına qalxmış və ərazidə axtarış tədbirləri aparılmışdır. O və əsgər Gündüz Həsənov ərazidə işləyən "xxxx" MMC-nin ərazisində mülki şəxslərin yanında 1 nəfər naməlum şəxs görmüş, onlara yaxınlaşmış və həmin şəxsi təhvil almışlar. Onlara məlum olmuşdur ki, həmin şəxs iran islam Respublikasının vətəndaşıdır və o, dövlət sərhədini İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına keçmişdir. Onlar həmin şəxsi saxlayandan sonra həmin şəxsdən sərhədi qanunsuz olaraq keçməkdə ona köməklik göstərən hər hansı şəxsin olub-olmamasını soruşduqda, həmin şəxs Azərbaycan dilində onlara cavab verərək bildirmişdir ki, İrandan tək qanunsuz yolla, Astara çayından keçməklə Azərbaycana gəlmişdir. Onunla birlikdə heç kəs gəlməmiş və heç kim bu işdə ona köməklik göstərməmişdir. Onlar ərazidə axtarış aparan zaman həmin şəxsdən başqa ərazidə heç kəs olmamışdır. Məhkəmədə şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, N dekabr 2023-cü il tarixdə, saat 11:00 radələrində "Körpü Bina Tikinti” MMC-də onunla birlikdə işləyən X19 ilə əraziyə gündəlik nəzarət baxışını keçirərkən 1 nəfər mülkü geyimli naməlum şəxslə rastlaşmış və görmüşlər ki, həmin şəxs şirkətin işçisi deyildir. Söhbət zamanı məlum olmuşdur ki, həmin naməlum şəxs İran islam Respublikasının vətəndaşıdır və o, yaşamaq məqsədilə Azərbaycan Respublikasına qanunsuz yolla keçərək gəlmişdir. O, dərhal bu barədə ərazidə xidmət aparan sərhədçilərə məlumat vermiş və sərhədçilər saat 11:15 radələrində həmin naməlum şəxsi onlardan təhvil almışlar. Onlar həmin şəxsdən onunla birlikdə dövlət sərhədini qanunsuz olaraq keçən, keçməyə cəhd edən, yaxud bu işdə ona bələdçilik edən hər hansı şəxsin olub-olmamasını soruşmamışlar. Həmin şəxs onlara İran İslam Respublikasının vətəndaşı olduğunu və İrandan Azərbaycana qanunsuz yolla gəldiyini demiş, lakin tək, yaxud hər hansı şəxslə gəlməsi, həmçinin ona bu işdə köməklik göstərən hər hansı şəxsin olub- olmaması barədə heç nə deməmişdir. Onlar da həmin şəxsdən bu barədə heç nə soruşmamışlar. Onlar işlədikləri ərazidə özünü şübhəli aparan hər hansı digər şəxsin olduğunu müşahidə etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində X5 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir: İş materialında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandirinin N dekabr 2023-cü il tarixli, 3-38/2-16/3509 nömrəli məktubundan görünür ki, N dekabr 2023-cü il tarixdə, saat 21:45-də 15-ci sərhəd zastavasında "Müşahidə Məntəqəsi" sərhəd naryadı xidmətinə təyin olnmuş sərhəd naryadının başçısı əsgər X9 və sərhəd naryadının üzvü əsgər X1 zastavasının 2-ci sahəsində xidmət təşkil edərkən dövlət sərhəd xəttindən 50 metr aralıda, 141 nömrəli sərhəd nişanından 120 metr solda, İran İslam Respublikası - Azərbaycan Respublikası istiqamətində bir nəfərin dövlət sərhədini Astara sərhəd çayından pozaraq Azərbaycan Respublikası istiqamətində hərəkətini müşahidə etdiyi barədə məruzə etmişlər. Sərhəd zastavası dərhal "Silaha" komandasına qalxmış, ərazi qapadılmış, həyəcan qrupunun başçısı 15-ci sərhəd zastavasının rəisi, kapitan X16 rəhbərliyi altında sərhəd axtarışı təşkil olunmuşdur. Sərhəd pozucusu sərhəd çayını keçdikdən sonra 2-ci sahədə yerləşən "xxxx" MMC-nin 2 əməkdaşı tərəfindən (Biləsuvar rayon sakini X10 və Astara rayon sakini X13) tərəfindən 1 nəfər sərhəd pozucusu qismində (Təqsirləndirilən şəxs) sərhəd zastavasının 2-ci sahəsində, saat 11:25 radələrində saxlanılaraq sərhəd naryadlarına təhvil verilmişdir. İş materialında olan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi tərəfindən tərtib olunmuş N dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Fəthi X21 rayonunun Qapıcıməhəllə kəndində yerləşən 15-ci sərhəd zastavasının 2-ci sahəsini göstərərək bildirmişdir ki, həmin yer dövlət sərhədini pozduğu ərazidir və həmin yeri əli ilə göstərmişdir. Qeyd olunan yer dövlət sərhəd xəttindən 50 metr aralıda, 141 Ne-li sərhəd nişanından 120 metr solda, mühəndis- texniki çəpərindən 40 metr içəridə yerləşən ərazidir. Hadisə yeri olan 2-ci sahədə aparılmış baxış zamanı kolluq ərazidə əzilmələr aşkar olunmuş və İran islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əzilmələri həmin ərazidən keçən zaman onun tərəfindən edildiyini etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 4(009)-851/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il saat 14:50-dən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli N dekabr 2023-cü il saat 14:50-dən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli N dekabr 2023-cü il saat 14:50-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-25/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-25/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver