Məhkəmə qərarları › İş №1(018)-25/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-25/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-25/2025 04.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə və saxlanac yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını qəsdən gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 16 sentyabr 2024-cü il tarixdə saat 03 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Astara rayonu, Şahağacı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi sayılan evin çəpərindən həyətyanı sahəsinə keçərək yaşayış olmayan evdə gizlənmiş, 16 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində həyətyanı sahədə yerləşən Zərərçəkmiş şəxs yaşadığı bir mərtəbəli fərdi yaşayış evinə yataq otağının açıq qalmış nəfəsliyindən əlini içəri salaraq pəncərəni açıb mənzilə qanunsuz daxil olaraq həmin otaqdakı saxlanc yeri hesab edilən sandığın kilidini masanın üzərindən götürdüyü açarla açmaqla boz rəngli qutuya qoyulmuş 3000 manat və 6 ədəd 100 ABŞ dolları əskinası formasında, 1 ədədinin qiyməti 1 manat 70 qəpik olmaqla, ümumilikdə 1020 manat dəyərində pul vəsaitini, 1975-ci ildə alınmış, 4 qram çəkidə, üzərində qırmızı rəngli qaşı olan, Rusiya istehsallı, 400 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd qəhvəyi rəngli pul kisəsinin içərisindən 1 ədəd 100 manatlıq pul əskinasını götürərək Zərərçəkmiş şəxs ümumilikdə 4520 (dörd min beş yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını qəsdən gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 1999-cu ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, ailəlidir, 2 azyaşlı övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs babasıdır, aralarında qərəzli münasibət olmamış, münasibətləri yaxşı olmuş, mütəmadi olaraq babasının Astara rayon Şahağacı kəndində yaşadığı evə gedib gəlmişdir. Zərərçəkmiş şəxs evində pul və qızıl-zinət əşyalarının olduğunu bilmiş, lakin miqdarı barədə məlumatı olmamışdır. Həmin evdə babası Şaməddin nənəsi Mənsumə Əsədova ilə birlikdə yaşamışdır. Babası və nənəsi mütəmadi olaraq onların ailəsinə maddi dəstək olmuşlar. Maddi sıxıntıları olduğundan və pula ehtiyacı olduğundan babası Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 16 sentyabr 2024-cü il tarixdə saat 03 radələrində Astara rayon Şahağacı kəndinə, babası Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına gedib həyəti müşahidə etmişdir. Həyətdə heç kimin olmadığını görüb çəpərdən həyətə atlamışdır. Həmin həyətdə 3 ev olmuş, bir evdə Zərərçəkmiş şəxs nənəsi Mənsumə ilə birlikdə yaşamış, digər evlərdə heç kim yaşamamışdır. Həyətə daxil olduqdan sonra babası Şaməddinin yaşadığı evə daxil olmaq üçün fürsət gözləmişdir. Lakin fürsət tapa bilmədiyindən gecəni həyətdəki evlərdən birində keçirmişdir. Səhər açıldıqdan sonra, yəni 16 sentyabr 2024-cü il tarixdə, saat 07 radələrində yenidən babası Şaməddinin evinə daxil olmaq üçün evi izləyərək fürsət axtarmışdır. Fürsət tapdıqdan sonra qaçaraq evə yaxınlaşmış və nəfəslikdən əlini salaraq pəncərəni açmaqla evə daxil olmuşdur. Evə daxil oldqudan sonra pulların harada saxlanıldığını bildiyi üçün birbaşa sandığın olduğu yerə getmiş və sandığın qıfıllandığını görmüşdür. Sandığın qıfılının açarlı olduğunu görüb onu sındırarsa səs-küy olacağını düşünmüş və evdən dərhal çıxaraq geri qayıdaraq yenidən gecələdiyi evin yanındakı çəpərin yanına getmişdir. Heç kimin gəlmədiyinə əmin olduqdan sonra təkrar eyni yerdən evə daxil olaraq açarı axtarmış və Mənsumənin yatağının yanındakı balaca masanın üzərindəki əl torbasının içinə baxanda açarın orada olduğunu görmüşdür. Açarı götürərək sandığın qıfılını açmış və əvvəlcə qəhvəyi rəngli pul kisəsini görmüşdür. Pul kisəsinin içinə tələsik baxmış və pul olmadığını, lakin kartlar olduğunu görmüşdür. Bundan sona sandığın künc tərəfində boz rəngli mücrü olduğunu və həmin mücrünü açdıqda içərisində qızıl üzük və pul olduğunu görmüşdür. Həmin vaxt pulları saymamış və çöldən səs eşitdiyi üçün dərhal sandığı qıfıllayıb əvvəlki vəziyətə qaytararaq evdən çıxıb gecələdiyi evə qayıtmışdır. Orada pul kisəsinin və sandıqçanın içinə yenidən baxmış, pul kisəsinin içində pul olmamışdır. Sandıqçanın içindəki pulları götürüb cibinə qoyduqdan sonra sandıqçanı və pul kisəsini həmin evdə yatağın sağında və solunda olan kiçik dolabların altında gizlətmişdir. Daha sonra isə dərhal evdən çıxaraq uzaqlaşmış, evdən çıxandan sonra yolda pulu saymış və 3000 manat, 600 ABŞ dolları olduğunu bilmişdir. Evdən çıxdıqdan sonra taksi ilə Astara şəhərinə gəlmiş, Kapital Banka gələrək sandıqçadan götürdüyü 600 ABŞ dollarını bankda xırdalamış və 1014 manat pul əldə etmişdir. Daha sonra isə taksi ilə bazara getmiş və bazarda qızıl mağazalarından birinə girərək qızıl üzüyün özünə məxsus olduğunu deyərək sonradan adını bildiyi Ümid adlı mağazada satıcı işləyən şəxslə 220 manata razılaşaraq satmış və şəxsiyyət vəsiqəsinin surətini də Ümidə təqdim etmişdir. Daha sonra isə mağazadan çıxmış və bazarda yerləşən telefon mağazalarından birinə gedərək 380 manata oradan “Redmi 12” markalı mobil telefon almışdır. Bundan sonra bazardakı mağazalardan birindən özünə 70 manat dəyərində paltar almışdır. Bazarın qarşısında olan zaman tanışı, Astara rayon, Maşxan kənd sakini Murad adlı şəxsin idarə etdiyi Mercedes Benz 190 markalı avtomobillə hərəkət etdiyini görmüş və əl ilə maşını saxlamasına işarə etmişdir. Muradla söhbət əsnasında Bakıya getməli olduğunu ona demiş, Murad ona Bakıya avtomobilin nömrəsini dəyişməyə gedəcəyini bildirmişdir. Razılaşdıqdan sonra Muradın avtomobilinə əyləşərək Bakıya yola düşmüş, yolda Kənan adlı dostlarını da özləri ilə götürmüşlər. Bir müddət sonra Astara rayon polis şöbəsindən ona zəng edilərək polis şöbəsinə dəvət edilmiş və polis şöbəsində ifadə verməyə gəlmişdir. Oğurluq hadisəsini tək törətmiş və bu əməli törədərkən qabaqcadan heç kimlə əlbir olmamış, oğurluq edəcəyi barədə heç kimə xəbər verməmişdir. Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən zaman onu heç kim görməmiş, evə girməzdən əvvəl heç kimin onu görməməsi üçün ətrafa baxmışdır. Zərərçəkmiş şəxs evindən oğurluq edərək əldə etdiyi pulları xərcləyən zaman ailə üzvləri, Kənan və Murad adlı tanışlarının pulların oğurlanması barədə məlumatı olmamışdır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1941-ci ildə Astara rayon Şahağacı qəsəbəsində anadan olmuş, ailəlidir, 5 övladı vardır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Yaşadığı evdən oğurluq edilməsi barədə DİNin 102 xidmətinə və Astara RPŞ-yə müraciəti özü etmişdir. O və arvadı X1 rayon Şahağacı kəndində birlikdə yaşamış, övladları onlarla birlikdə yaşamamışlar. Pensiya və təqaüd alaraq pul toplamış və həmin pulu yaşadığı evdə arvadı Mənsumənin yatdığı otaqda olan sandığın içərisində kiçik sandıqçada saxlamışlar. Həmin sandıq həmişə qıfıllı olmuş və açar isə arvadı Məsnumədə olmuşdur. Mənsumə həmin açarı adətən əl torbasının içinə qoyaraq boynundan asmış, yatanda isə həmin torbanı yatağının yanındakı kiçik masanın üzərinə qoymuşdur. Astara rayon Şahağacı kəndində yaşayan qızı Gülbəniz Əsədova həftə sonları onların yaşadıqları evə gələrək ev işlərini görməkdə köməklik etmişdir. Gülbəniz sonuncu dəfə 13 sentyabr 2024-cü il tarixdə onların yaşadığı evə gəlmiş, bir gün sonra, saat 10 radələrində evi yığışdıranda Mənsumə Gülbənizdən vəsiqəsini yataq otağındakı çamadanın içindəki pul kisəsinin içinə qoyduğunı istəmişdir. Gülbəniz vəsiqəni çamadana qoyandan sonra çamadanı səliqəyə salıb qıfıllayıb açarı Mənsuməyə vermişdir. Həmin vaxt çamadanda olan qara rəngli pul kisəsinin içərisində 1 ədəd 100 manat, 3 ədəd pensiya kartı, bir ədəd ağ rəngli sandıqçanın içərisində isə 3000 manat, 600 ABŞ dolları pul vəsaiti, 1 ədəd 400 manat dəyərində qızıl üzük olmuşdur. 17 sentyabr 2024-cü il tarixdə pul lazım olduğundan arvadı Mənsuməyə sandığı açıb pul verməsini bildirmişdir. Mənsumə sandığı açdıqdan sonra bir ədəd qəhvəyi rəngli pul kisəsi və bir ədəd ağ rəngli içərisində pul və qızıl olan sandıqçanın orada olmadığını görmüş və ona bu barədə bildirmişdir. Əvvəlcə bəlkə harasa qoymuş və unutmuşlar deyə evi axtarmışlar. Lakin tapa bilmədiklərindən oğurluq olması qənaətinə gəlib DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Oğurlanmış qızıl üzüyü 1975-ci ildə həyat yoldaşı üçün almışdı, 4 qram çəkidə idi, üzərində qırmızı rəngli qaşı var idi, Rusiya istehsalı idi, dəyəri 400 manat olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4520 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs öz nəvəsidir, tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Belə ki, istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qiyabi tanımış, sonuncu onun yaşadığı kənddə avtoyuma məntəqsində işləmişdir. Münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 16 sentyabr 2024-cü tarixdə saat 20 radələrində Astara şəhərində, H.Əliyev prospektində dəmir yolunu keçən zaman Vüsalın əks istiqamətdə hərəkətdə olan markasını və nömrəsini xatırlamadığı maşından əl ilə saxla işarəsi etdiyini görmüş və bir qədər irəlidə avtomobili saxladıqdan sonra Vüsal ona yaxınlaşmış və Bakı şəhərinə gedən maşın lazım olduğunu bildirmişdir. O isə Vüsala Bakıya maşının nömrəsini dəyişməyə gedəcəyəyini demişdir. Astara şəhərində işini bitirdikdən sonra Astara şəhərində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin yanında Vüsalı maşına götürmüş və Bakı şəhərinə yola düşmüşdür. Bundan əvvəl tanışı Kənanla Bakı şəhərinə getməyi planlaşdırdığı üçün sonuncu ilə də, əlaqə saxlamış və Kənanı da özü ilə birlikdə Bakı şəhərinə aparmışdır. Maşında söhbət əsnasında Vüsal əmisi oğlunun inzibati həbs olunduğunu və əmisi oğlunu görmək üçün Astara rayonuna gəldiyini, hazırda Bakı şəhərində işlədiyi yerə qayıtdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs da tanımamışdır. Astara şəhərində yerləşən mərkəzi bazarda qızıl-zinət əşyaları satılan mağazada işləyir. 16 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs mağazaya yaxınlaşaraq özünə məxsus olan 1 ədəd qızılı üzüyü satdığını bildirmiş, həmin qızılın kimə məxsus olduğunu soruşanda üzüyün özünə məxsus olduğunu demiş, şəxsiyyət vəsiqəsi təqdim etməsini istəmiş və qiymətdə razılaşdıqdan sonra şəxsiyyət vəsiqəsinin surətini götürərək yazdığı qaiməyə əlavə etmişdir. Həmin qızıl üçün Təqsirləndirilən şəxs 220 manat pul vermişdir. Qızılı Vüsaldan təhvil aldıqdan sonra Vüsal mağazadan çıxaraq getmiş, 17 sentyabr 2024-cü il tarixdə həmin üzüyün qaşını çıxararaq emala vermişdir. Həmin üzüyün oğurluq olması barədə məlumatı olmamış, polis şöbəsinə dəvət edilən zaman bu barədə bilmişdir. Vüsalın mağazaya təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini və üzüyü almağı barədə qaiməni polisə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işininin başlanması və icraata qəbul edilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır (i.v.1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs Kamil oğluna məxsus fərdi evdə baxış keçirilmiş, baxış zamanı oğurlanması aşkar edilmişdir (i.v. 6-8). “Sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmnədən saxlanılmış, 1975ci ildə alınmış, 4 qram çəkidə olan, üzərində qırmızı rəngli qaşı olan, Rusiya istehsalı, dəyəri 400 manat olan qızıl qadın üzüyünün Zərərçəkmiş şəxs Kamil oğluna qeyd olunan məbləğlərə uyğun olaraq verilməsi nəzərə alınmışdır (i.v. 123-131). 16 sentyabr 2024-cü il tarixli 0000712vnömrəli qaimə faturadan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd 4 qram çəkidə olan qaşlı qızıl qadın üzüyünü 220 manata satmışdır (i.v. 101). 08 dekabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs Kamil oğlu tərəfindən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərova ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Kamil oğlu nəvəsi Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, nəvəsi ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. (i.v. 135). “Şübhəli şəxsin tutulması haqqında” 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə, saat 23:45-də tutulmuşdur (i.v.41). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Astara RPŞ-nin MSY-dən azad edilmişdir (i.v.85-86). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 27 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 90). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Astara Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 27 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 90). AZ-İV 543060 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Astara rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2 qeyd edilmişdir. AZ-V 051097 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Astara rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2 qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərrəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, həmçinin, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Astara, Lənkəran şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Zərərçəkmiş şəxs dəymiş zərərin tam ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 54 (əlli dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 54 (əlli dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi zərərin tam ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar