Məhkəmə qərarları › İş №1(018)-27/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-27/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-27/2024 08.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, T-17521 nömrəli, 12 kalibrli İJ-18E modelli, hamar lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş 01 ədəd 12 kalibrli ov tüfənginin kəsiyini (obrezi) qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 1 ünvanının yaxınlığına qədər üzərində qanunsuz gəzdirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Astara RPŞ-nin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə saat 19.15-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilib Şöbədə xidməti otaqların birində həmin gün saat 20.49-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində olan çantada saxladığı 01 ədəd lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş odlu silah 12 kalibrli ov tüfənginin kəsiyi (obrez) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bildi və göstərdi ki, o, Astara rayonu Ərçivan qəsəbəsində özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. 08 yanvar 2024-cü il tarixdə saat 19:15-də ünvan 1 ünvanının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Astara Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər və onu Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Şöbəyə gəlmişdir. Polis Şöbəsində onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillə təmin edilmişdir. O vəkillə tanış olub etirazı olmadığını bildirmişdir. Sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O etiraz etmədikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Ona üzərimdə qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qisim əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o sağ əlində saxladığı qara rəngli idman çantasının içərisində lüləsi və qundaq hissəsi kəsilmiş ov tüfəngi olduğunu bildirib sağ əlində saxladığı çantanı, əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Qara rəngli idman çanatasına baxış keçirilərkən çantanın içərisində lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi aşkar edilmişdir. Təqdim edilən 01 ədəd lülə və qudaq hissəsi kəsilmiş odlu silah 01 ədəd qara rəngli parça çantada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngini 7-8 ay öncə Artupa kəndinə gedən yolda yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında yerdən tapdığını, odlu silahlara marağı olduğu üçün saxlayaraq daşıdığını, hər-hansı məqsəd üçün istifadə etmədiyini bildirmişdir. Hal-hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşiman olmuşdur. Himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Göstərdiklərini nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin ibtidai istintaqında şahid kimi tanınaraq dindirilmiş Şahid məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Şahid iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Şahid ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, 08 yanvar 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1998-ci il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində tərkibinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat tədbirlərinin Astara rayonu ərazisində keçirilməsi nəzərə alınmaqla keçirilən əməliyyat tədbirində Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının da iştirak etməsi üçün icazə verilməsi barədə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət edilmişdir. Astara Rayon Polis Şöbəsinin əməkdaşı X3 RPŞ-nin rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə cəlb edilmişdir. Daha sonra Astara RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1 ünvanının qarşısına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 19:15 radələrində ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamaqda, eyni zamanda üstündə daşıyaraq gəzdirməkdə şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Astara Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Astara Vəkil Bürosunun vəkili X7 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs ilə müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamaqda, eyni zamanda üstündə daşıyaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qisim əşyalar və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli idman çantasının içərisində lüləsi və qundaq hissəsi kəsilmiş ov tüfəngi olduğunu bildirib sağ əlində saxladığı çantanı, əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Qara rəngli idman çanatasına baxış keçirilərkən çantanın içərisində lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi aşkar edilmişdir. Təqdim edilən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş tüfəng 01 ədəd qara rəngli parça çantada qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngini 7-8 ay öncə Artupa kəndində gedən yolda yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında yerdən tapdığını, odlu silahlara marağı olduğu üçün saxlayaraq daşıdığını, hər hansı məqsəd üçün istifadə etmədiyini bildirmişdir. Sonra şəxsi axtarış keçirilməs barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidin ifadələri, keçirilmiş məhkəmə-ballistik ekspertiza rəyi ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Astar RPŞ-nin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə saat 19.15-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilib Şöbədə xidməti otaqların birində həmin gün saat 20.49-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində olan çantada saxladığı 01 ədəd lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş odlu silah 12 kalibrli ov tüfənginin kəsiyi (obrez) aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 09 yanvar 2024-cü il tarixli 24/29 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd T-17521 №-li silah keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 12 kalibrli İJ-18E modelli, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd torbada qablaşdırılan 01 ədəd lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş, T-17521 nömrəli, 12 kalibrli İJ-18E modelli, ov tüfənginin kəsiyi (obrez) və şəxsi axtarış və götürmə aparılması barədə videogörüntüləri əks etdiriən 01 ədəd DVD diski maddi sübut kimi tanınmışdır və 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmiş, T-17521 nömrəli, 12 kalibrli İJ-18E modelli, ov tüfənginin kəsiyi (obrez) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1998-ci ildə Astara rayonu Ərcivan kəndində anadan olmaqla, həmin kənddə qeydiyyatdadır. Cinayət işinə əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayon Ərcivan qəsəbə üzrə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Astara rayon Ərcivan qəsəbə qeydiyyatda olmaqla, yaşayır. Cinayət işinə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində olan X2 16 mart 2023-cü il tarixdə anadan olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 27 may 2005-ci il tarixli qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd edilir ki, bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini,o cümlədən cəzanı yüngülləşdirən halları – cinayət əməlini etiraf etməklə, peşman olmasını, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini T-17521 nömrəli, 12 kalibrli İJ- 18E modelli, hamar lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş 01 ədəd 12 kalibrli ov tüfənginin kəsiyini (obrezi) təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsi həll edilməli, Təqsirləndirilən şəxs cəzanın əvvəlinin 08 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan T-17521 nömrəli, 12 kalibrli İJ-18E modelli, hamar lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hazırda öz təyinatını itirmiş 01 ədəd 12 kalibrli ov tüfənginin kəsiyi (obrez) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Madditexniki təminat baş idarəsinə təhvil verilsin, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar