Məhkəmə qərarları › İş №1(018)-28/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-28/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-28/2023 21.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, məhkum olunmamış, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında konkret bilinməyən tarixdə, saat 15 radələrində həyətində fəhlə kimi günəmuzd işlədiyi Astara rayonu Kakalos kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə ev sahiblərinin evdə olmadığından istifadə edib açıq qalan qapıdan qanunsuz daxil olub, yataq otağında olan çarpayının üzərindəki balıncın altından Zərərçəkmiş şəxs1 məxsus 500 (beş yüz) manat nəğd pulu götürməklə özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yenidən 2022-ci ilin iyul ayının sonlarında, konkret bilinməyən tarixdə, saat 16 radələrində həyətində fəhlə kimi günəmuzd işlədiyi Astara rayonu Kakalos kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə ev sahiblərinin evdə olmadığından istifadə edib açıq qalan qapıdan qanunsuz daxil olub yataq otağında olan çarpayının üzərindəki balıncın altından Zərərçəkmiş şəxs1 məxsus 1700 (bir min yeddi yüz) manat nəğd pulu götürməklə özgə əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yenidən 2022-ci ilin avqust ayında, konkret bilinməyən tarixdə, saat 17 radələrində həyətində fəhlə kimi günəmuzd işlədiyi Astara rayonu Kakalos kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə ev sahiblərinin evdə olmadığından istifadə edib açıq qalan qapıdan qanunsuz daxil olub yataq otağında olan çarpayının üzərindəki balıncın altından Zərərçəkmiş şəxs1 məxsus 17000 Rusiya rublunu, yəni həmin dövrün orta aylıq məzənnəsi ilə 475 manat 18 qəpik (dörd yüz yetmiş beş manat, on səkkiz qəpik) nəğd pulu götürməklə özgə əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yenidən 2022-ci ilin sentyabr ayının sonlarında, konkret bilinməyən tarixdə, saat 16 radələrində həyətində fəhlə kimi günəmuzd işlədiyi Astara rayonu Kakalos kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində olduğu zaman ev sahiblərinin həyətdə olmadığından istifadə edib evin giriş qapısında qoyulmuş qaloşun içərisindən Zərərçəkmiş şəxs2 məxsus 200 (iki yüz) manat nəğd pulu götürməklə özgə əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu Kakalos kəndində ailəsinə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, iki övladı vardır. Fərdi qaydada Astara və Lənkəran rayonları ərazisində əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. 2022-ci ilin iyul ayında həmkəndlisi Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 həyətində fəhlə kimi çalışmağa başlamışdır. Belə ki, onlar öz həyətlərini hasara aldıqları üçün orada digər işləri yerinə yetirmişdir. İşi həyətdə olan doğranmış ağacları xırda-xırda hissələrə ayırıb təndir üçün tədarük etmək, tikinti işində ustalara kömək etmək və həyətdə fəhlə kimi işləmək olmuşdur. Buna görə də İlhamə hər günün sonunda ona 15 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 ona pul verərkən yaşadığı evdə yataq otağına getdiyini gördüyü üçün pulların həmin otaqda saxlanıldığını bilmişdir. 2022-ci ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə, günorta saat 15 radələrində İlhamənin evdə olmamasından, həmçinin anası Qəmzənin də həyətdə olmasından istifadə edib evdən pul oğurlamaq fikrinə düşmüşdür. Buna görə də evin açıq olan qapısından icazəsiz olaraq içəri daxil olmuş, daha sonra evin giriş qapısından daxil olduda sağdakı qapıdan zala daxil olaraq oradan da yataq otağına açılan qapıdan daxil olub otaqda olan çarpayıların üzərindəki döşəkləri, balıncları qaldırıb baxmışdır. Bu zaman orada pulların olduğunu görüb dərhal həmin pulları götürüb cibinə qoymuş, ardınca evdən çıxıb işinə davam etmişdir. Günün sonunda da Zərərçəkmiş şəxs1 ona 15 manat pul vermiş, o da pulu alıb evinə getmişdir. Evdə olan zaman İlhamənin evindən oğurladığı pulları saymış və evdən 500 manat pul oğurladığı ona aydın olmuşdur. Həmin pullarla sabahısı gün evinə bazarlıq etmiş, qalan pulla da bir iki həftə kafelərdə yemək yeyib spirtli içkilər qəbul etmişdir. Bundan bir iki həftə sonra oğurladığı pullar bitmiş və yenə də İlhamənin evindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də dəqiq xatırlamadığı tarixdə İlhaməgilin həyətində olduğu zaman İlhamənin evdən çıxıb harasa getdiyini görmüş, həmin sırada anası Qəmzə də bağda iş görmüş, o da bundan istifadə edib yenə eyni qaydada evin açıq olan giriş qapısından evə daxil olub yataq otağına getmişdir. Bu dəfə də otaqda olan çarpayını axtarmış, lakin bundan öncə pulları götürdüyü çarpayıdakı döşəyin altında pul olmamış və digər çarpayını yoxladıqda orada pullar görmüşdür. Belə ki, pullar çarpayının üzərində qoyulmuş balıncın altında olmuş və pulları cibinə qoyub həyətə düşərək işinə davam etmişdir. Daha sonra axşam olduqda İlhamə ona gördüyü işin müqabilində 20 manat pul vermiş, o da həmin pulu ondan alıb yaşadığı evə getmişdir. Pulları sayarkən görmüşdür ki, bu dəfə 1700 manat pul oğurlamışdır. Bu pula da evi üçün bazarlıq etmiş və qalan pulla araq alıb kafelərdə yeyib-içmişdir. Daha sonra bir neçə həftədən sonra pulu bitmişdir. Əməlindən kimsə xəbər tutmadığı və ondan heç kim şübhələnmədiyi üçün yenə də oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin avqust ayında, dəqiq xatırlamadığı tarixdə İlhamə və anası Qəmzənin evdə olmadığından əmin olduqdan sonra evə daxil olub yataq otağına gedib çarpayıları yoxlamış, balıncların altında pul olmamış, döşəklərin altına baxdıqda orada rus pullarının olduğunu görüb bu pulları götürərək cibinə qoymuş, daha sonra evdən çıxıb həyətə düşmüş, bir neçə saat sonra İlhaməgilin həyətindən çıxıb evinə getmiş, tövlədə pulları saysa da oğurladığı bütün pulların rus pulları olduğunu görmüşdür. Sabahısı gün Lənkəran şəhərinə gedib orada bazarda rus rubllarını Azərbaycan manatına çevirdikdə ona 440 manat pul verilmişdir. O da bu pulla Lənkəranda özünə bir iki paltar almış, daha sonra bir kafeyə gedib orada yemək yeyib spirtli içki qəbul emiş, ardınca da evinə bazarlıq edib Astara rayonuna, yaşadığı Kakalos kəndində qayıtmışdır. Bu pullar da bitdikdən sonra 2022-ci ilin sentyabr ayında İlhaməgilin həyətində olan zaman onun anası Qəmzənin evin giriş qapısında pilləkəndə oturub pul saydığını, daha sonra həmin pulu öz qaloşunun içinə qoyduğunu görmüşdür. Bir saat keçdikdən sonra həyətdə heç kimin olmadığını görüb, həmin zaman pilləkənə yaxınlaşaraq qaloşun içində olan pulları götürüb cibimə qoymuş, daha sonra da işini görməyə davam etmişdir. Axşam çıxıb evinə gedən zaman evdə pulları saymış və Qəmzənin 200 manat pulunu oğurladığı bilmişdir. Bu pullarla da evinə bir qədər bazarlıq etdikdən sonra qalan pulu özünə saxlamış və sonrakı günlərdə araq alıb içmişdir. Sonuncu dəfə isə 2022-ci ilin oktyabr ayında bir daha İlhaməgilin evinə girib yataq otağında balıncın altından bir qədər pul götürmüş, lakin orada konkret olaraq nə qədər pul olduğunu bilməsə də, təxminən 80 manat pul olduğunu xatırlayır. Bu pulu götürüb evdən çıxarkən İlhamə onu görmüş və ona evində nə işi olduğunu soruşmuşdur. Bundan sonra İlhamə evindən olan oğurluqların onun tərəfindən edildiyindən şübhələndiyini bildirmişdir. İlhaməyə oğurluqların onun tərəfindən olunduğunu etiraf edərək pulları qaytaracağını bildirmiş və ondan polisə şikayət etməməsini xahiş etmişdir. İlhamə də ona vaxt vermiş, lakin maddi imkanı olmadığı üçün həmin pulları ödəyə bilməmişdir. Buna görə də İlhamə Astara rayon polis şöbəsinə şikayət etmişdir. Hazırda oğurladığı cəmi 2875,18 manat puldan 1000 manatını zərərçəkmiş şəxslərə ödəmişdir. İmkanı olan kimi qalan pulu da ödəyəcəkdir. Törətdiyi əmələ görə peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir. Ailəli olmaqla iki övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin kənddə anası Zərərçəkmiş şəxs2 ilə birlikdə eyni evdə yaşayırlar. Evlərinin həyətinin hasarı metal tor çəpərdən olmuş, buna görə də hasarı mişar daşı ilə əvəz edərək inşa edilməsi qərarına gəlmişlər. Buna görə də 2022-ci ilin iyul ayından başlayaraq usta və fəhlələr dəvət edərək həyətlərində günəmuzd olaraq işlətmişlər. Ustaların zəhmət haqqını sonda ödəmiş, fəhlələrin isə zəhmət haqqını gündəlik vermişdir. Yay fəsli olduğu üçün gündüzlər çox zaman evdə olmamış, ya inəkləri sahəyə aparmış, ya da həyət və bağında işləmişdir. Anası Zərərçəkmiş şəxs2 da xəstə və qoca oduğu, eyni zamanda qulaqları yaxşı eşitmədiyi üçün həmişə həyətdə oturmuşdur. Belə günlərin birində, daha dəqiq olaraq 2022-ci ilin iyul ayında, konkret xatırlamadığı tarixdə, evdə olmadığı vaxt inəkləri sahəyə aparmış və evdə olmamışdır. Özlərinə məxsus pulları adətən yataq otağında, çarpayıda olan döşəmənin və ya yastığın altında gizlədir. Buna görə də axşam evə gəldikdə anası ilə yatdığı otaqda çarpayının üzərinə qoyulmuş balıncı qaldırıb pulları yoxladığı zaman orada qoyduğu, özünə məxsus pulları görməmişdir. Belə ki, pulları adətən ya anası Qəmzənin balıncının altında, ya da öz balıncının altında gizlətmiş, buna görə də anasının balıncını qaldırıb yoxlayıb pulları orada da görmədikdə, ona məxsus 500 manat pulun oğurlandığına əmin olmuşdur. İlk öncə polisə məlumat vermək istəsə də, kimdənsə şübhələnmədiyi üçün bu fikrindən daşınmışdır. Həmin pul oğurlanan zaman balıncın altında dəsmala bükdüyü pullar olsa da, bu pullar oğurlanmamışdır. Buna görə daha oğurluq baş verməyəcəyini düşünüb, polisə məlumat verməmişdir. Ancaq bir neçə gün sonra təkrarən onun evindən oğurluq baş vermişdir. Belə ki, 2022-ci ilin iyul ayının sonlarında, bibisi qızının qaynı rəhmətə getmiş və onlara cüməyə getmiş, daha sonra axşam tərəfi evə qayıtdıqda pulları yoxlamış və bu dəfə həmin 1700 manat pulun oğurlandığının şahidi olmuşdur. 1700 manat 2022-ci ilin mart ayında həyətdə kəsib ətini satdığı erkək danadan qazandığı pullar olmuşdur. Bu pulu ayrı qoymuşdur ki, evinə televizor alsın. Bu oğurluq barədə qardaşı İslahat Əkbərova məlumat vermiş, qardaşı ondan kimdənsə şübhələnib-şübhələnmədiyini soruşduqda, qardaşına həyətdə işləyən fəhlələrdən birinin oğurladığı ehtimalının olmasını bildirmişdir. Qardaşı da ona hələ polisə şikayət etməmələrini bildirmiş, o da qardaşı ilə razılaşmışdır. Bir neçə həftə evdən oğurluq baş verməsə də, artıq həyətdə fəhlə işləyən Təqsirləndirilən şəxs şübhələnməyə başlamışdır. Çünki, Sərxan həyətdə işlədiyi vaxtlarda belə tez-tez evin içinə boylanıb baxmışdır. O da həyətdə bağda işləyərkən anası Qəmzənin mətbəxdə olub-olmadığını yoxlamaq məqsədilə Sərxanın mətbəxə boylanmasını bir-neçə dəfə görmüşdür. 2021-ci ildə Rusiyada olan bacısı Ağabacı Əkbərova ona Rusiya rublu göndərmiş, o da pulu elə rubl kimi saxlamış və xərcləməmişdir. Pulu oğurlandığı üçün bu rublları sandıqdan çıxarıb yavaş-yavaş xərcləməyə başlamış və onda 17000 rus rublu qalmışdır. 2022-ci ilin avqust ayında dəqiq xatırlamadığı bir gündə sahəyə getmiş və axşam saatlarında fəhlələrin pulunu vermək üçün evə gəlmişdir. Həmin günün səhəri pulları ayırıb mətbəxdə soyuducunun üzərinə qoymuş və həmin pulları götürüb fəhlələrin, o cümlədən Sərxanın da zəhmət haqqını ödəmişdir. Daha sonra ev işlərini görüb yataq otağına getdikdə yataq otağındakı çarpayının üzərində olan balıncı qaldırıb baxdıqda, 17000 Rusiya rublunun orada olmadığını görmüş və qardaşına bu barədə məlumat vermişdir. Qardaşı ona polisə məlumat verməsini bildirmişdir. Bundan sonra anası Qəmzəyə özünün evdə olmadığı zaman diqqətli olmasını tapşırmışdır. Bir neçə həftə evdən oğurluq edilməmiş, lakin 2022ci ilin sentyabr ayının sonlarında anası Qəmzə öz pensiyasını almış və aşağıda pilləkəndə əyləşdiyi üçün 200 manat pulu özünün qaloşunun içinə qoyub evin arxa tərəfinə gedib orada işləməyə başlamışdır. Özü də ustaların yanına gedib orada olan alaq otlarını təmizləməyə başlamış, həmin zaman küçədə işləyən Təqsirləndirilən şəxs həyətə girdiyini görsə də, buna fikir verməmiş və öz işinə davam etmişdir. Daha sonra fəhlələrin pulunu vermək üçün anasına həmin puldan götürəcəyini bildirmişdir. Anası da pulun qaloşun içində olduğunu bildirdikdə, pilləkənə tərəf gəlib qaloşun içinə baxan zaman pulun orada olmadığını görmüşdür. Bundan sonra qardaşı və dayısı oğlu Hüseynxan birlikdə Təqsirləndirilən şəxsla söhbət etmiş, Sərxan evdən götürülən pulları oğurladığını etiraf etmiş, qaytarması üçün vaxt istəmiş və polisə şikayət etməmələrini xahiş etmişdir. Sərxan pulları qaytarmadığı üçün ərizə ilə Astara rayon polis şöbəsinə müraciət etmişlər. İstintaq dövründə Təqsirləndirilən şəxs oğurladığı puldan 1000 manatını qaytarmış, qalan 1875 manat pulu isə hazırki dövrə kimi qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsini istəmir, lakin Sərxanın ona və anasına vurmuş olduğu ziyanı ödəməsini tələb edir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 yaşlı və xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak edə bilməməsini üzrlü hesab edərək onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla qonşu olmuşdur. Evlərinin həyətinin hasarını çəkdirən zaman digər şəxslər kimi Təqsirləndirilən şəxs da onların həyətlərində fəhlə kimi işləmişdir. 2022-ci ilin iyul ayında Sərxan qızı İlhaməyə məxsus 500 manat pulu, yenə iyul ayının sonlarında qızının 1700 manat pulunu, 2022-ci ilin avqust ayında qızına məxsus 17000 Rusiya rublunu oğurlamışdır. Bundan başqa özünə məxus qaloşun içərisinə qoyduğu pensiya pulundan olan 200 manat pul da Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Sonradan Sərxan evdən götürülən pulları oğurladığını etiraf etmiş, qaytarması üçün vaxt istəmiş və onlardan polisə şikayət etməmələrini xahiş etmişdir. Sərxan pulları qaytarmadığı üçün ərizə ilə Astara rayon polis şöbəsinə müraciət etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. «Baxış keçirilməsi haqqında» 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayonu Kakalos kəndində yerləşir. Hadisə yeri Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 məxsus birmərtəbəli fərdi yaşayış evidir, evin həyətdə bir sıra ağaclar əkilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, 2022-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda evdən ümumilikdə 2875 manat pul oğurlanmışdır. Baxış zamanı hadisə yerindən, yəni Zərərçəkmiş şəxs1 məxsus evdən yeddi ədəd əl-barmaq izi aşkar edilmiş və götürülmüşdür.

2. Hadisə yerindən götürülmüş yeddi ədəd əl-barmaq izləri ilə eyniləşdirilməsindən ötrü Təqsirləndirilən şəxs götürülmüş əl-barmaq izləri DİN-in Kriminalistik Tədqiqatlarına İdarəsinə göndərilmişdir. Sorğuya verilmiş 20 dekabr 2022-ci il tarixli, 011-14916-122 nömrəli cavab məktubundan görünür ki, “ADİS-in mərkəzi serverinə Astara rayon polis şöbəsindən xx xxxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi 15 dekabr 2022-ci il tarixdə daxil olmuşdur. Həmin şəxsin əl əksləri ADİS-in məlumat bankında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində Astara rayon polis şöbəsinin 07 noyabr 2022-ci il tarixli, 135-20354-1222 nömrəli məktubu vasitəsilə 04 noyabr 2022-ci il tarixdə Astara rayonu Kakalos kənd sakini vətəndaş Zərərçəkmiş şəxs1 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 05 ədədi xx xxxxxx 1983-cü il tarixdə Astara rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlin şəhadət, orta üzük barmağı və sol əlin ovucu (02 dəfə) (otaq qapısının üzərindən götürülmüş izlər) ilə eynilik təşkil etmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

4. Astara rayon İcra hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Kakalos kəndində yaşayır. Ailəlidir, iki övladı var.

5. Astara rayon İcra hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslərə vurduğu zərəri qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Kakalos kəndində yaşamaqla, Astara və Lənkəran rayonları ərazisində fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Kakalos kəndində olan, yaşadığı fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Kakalos kəndində olan fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır.

1. 06 noyabr 2022-ci il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

2. Astara Rayon Məhkəməsinin 08 noyabr 2022-ci il tarixli, 4(018)-94/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və ev dustaqlığında olmanın əvvəli tutulduğu vaxtdan, yəni 06 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı (06 noyabr 2022-ci il tarixdən 21 fevral 2023-cü il tarixədək) 03 (üç) ay 15 (on beş) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilməli, barasində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı (06 noyabr 2022-ci il tarixdən 21 fevral 2023-cü il tarixədək) 03 (üç) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Kakalos kəndində yerləşən və yaşadığı fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilsin. Barasində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar