Məhkəmə qərarları › İş №1(018)-28/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-28/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-28/2024 03.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 iyul 1983-ci ildə Astara rayonu, Seləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni -1,049 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 10 yanvar 2024-cü il tarixdə saat 19:00da Astara rayon Seləkəran kəndində hərəkətdə olan zaman saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş, saat 19:55-də üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi -1,049 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddət narkotik vasitələrdən istifadə etmiş, bu səbəbdən əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuşdur. O, 2022ci il tarixdə həbsdən çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. 10 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmazdan təxminən 2-3 gün əvvəl Astara rayon Seləkəran kəndində yol ilə hərəkətdə olan zaman yerdə bir ədəd siqaret qutusu görmüş və həmin qutunu yerdən götürərək içərisinə baxanda içərisində bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin kütləsi olduğunu görmüş, narkotik vasitə heroindən istifadə etdiyi üçün sonradan istifadə etməsi üçün həmin kütləni əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoymuşdur. 10 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Astara rayon Seləkəran kəndində küçədə hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra onu Astara şəhərində yerləşən polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq əvvəllər məhkum olunduğunu, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. Ona təklif üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunmuş, o da bu təklifdən sonra əynindəki qara rəngli gödəkçənin sol iç cibindən içərisində 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin kütləsini çıxarıb təqdim etmişdir. Daha sonra ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin var və ona məxsusdur. Həmin narkotik vasitə olan heroini təxminən 2-3 gün əvvəl yaşadığı Seləkəran kəndində yerdən tapmış, həmin narkotik vasitədən istifadə edə bilməmiş, heç kimə verməmiş, satmamış və bundan başqa onda narkotik vasitə yoxdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə və ya digər əşya aşkar olunmamışdır. Təqdim etdiyi içərisində narkotik vasitə olan heroin olan 01 ədəd büküm elektron tərəzidə çəkildikdə təxmini çəkisi -1.21 qram olamsı müəyyən edilmiş, sonra həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır.İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində yaşlı anasının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Daha sonra 10 yanvar 2023-cü il tarixdə, saat 19:00-da yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Seləkəran kəndinə getmişlər. Onlar Seləkəran kəndində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin kənddə piyada getdiyini görmüşlər və dərhal onun yanında avtomobili saxlamışlar və avtomobildən düşərək ona yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. O da həmin kənddə yaşadığından, ətrafdakı insanların onu tanıdığından küçədə yox, Astara RPŞ-nin inzibati binasında axtarış keçirilməsini xahiş etmişdir. X8 Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, sonra isə Mahir Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, o və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X12 Məmmədova üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkcənin sol yan cibindəki 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş heroinə bənzər kütləni çıxarıb Mahir Tahirliyə təqdim etmişdir. Daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir əşya aşkar etməmişdir.. Daha sonra aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,21 qram olması müəyyən edilmişdir. Narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra həmin bükümlər onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, o və digər iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 və X4 şahid X7 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə verilmiş 11 yanvar 2024-cü il tarixli, 19/24 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -1,049 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş -1,049 qram narkotik vasitə olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, -0,999 qram hissəsi qalıq qalmışdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 13 yanvar 2024-cü il tarixli, 24 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir – Təqsirləndirilən şəxs 0pioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay müddətində azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Astara RİHB-nın Seləkəran kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 80 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Bəşi oğlu həqiqətən nümayəndəliyin ərazisində yaşayır. Ailə üzvləri anası X2. İş materiallarında olan Astara RİHB-nın Seləkəran kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 80 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bəşi oğlu mənfi xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 10 yanvar 2024-cü il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra 1 bükümdə qalıq çəkisi – 0,999 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra 1 bükümdə qalıq çəkisi – 0,999 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar