Məhkəmə qərarları › İş №1(018)-29/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-29/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-29/2023 07.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Astara şəhəri Əhəd Muxtar küçəsi, ev 156-da yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən başı ilə zərbə endirərək, ona sol maksilyar sinusun ön, lateral, göz yuvasının aşağı divarında, almacıq sümüyünün qövsündə, almacıq sümüyünün alın çıxıntısında (sol göz yuvasının lateral divarını təşkil edir) yerdəyişmiş və basılmış sınıqlar, sol göz almasına yayılmış qansızma, sol göz qapaqları - gözaltı nahiyədə qançır, sağ dirsək nahiyəsində sıyrıqla müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı uşağı var. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs tanyır, qohumluq münasibətləri olmuşdur. Belə ki, Famil Məlikov onun kürəkənidir, Famil onun bacısı Günel Abbasova ilə iki il əvvəl ailə həyatı qurmuşdur. 2022ci ilin may-iyun aylarında bacısı Günellə qayınanası, yəni kürəkəni Familin anasının arasında mübahisə olmuş, buna görə də bacısı Günel Məlikzadə oradan çıxıb onun yaşadığı evə gəlmişdir. Famil özü də buna görə bir neçə dəfə onun yaşadığı evə gəlib, uşağa dəyib getmiş, bacısı ilə Familin arasında hər-hansı bir mübahisə və narazılıq olmamışdır. 25 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Familin bacısı Esmira Ələkbərova, əri Faiq Ələkbərov və onların oğlu Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə gəlmişlər. Gələnləri qarşılamış, daha sonra atası Nadir Abbasov həyətə düşmüş və gələn şəxsin hansı məqsədlə gəlməsini soruşmuşdur. Məqsəd bilindikdən sonra atası qonaqlara demişdir ki, Günellə Familin qayınanası arasında mübahisə təzə olub, buna görə bir müddət keçəndən sonra ara sakitləşər və Günel evə qayıdar. Bu sözdən sonra Fəridin atası Faiq onun atasına “baş üstə” deyib, çıxıb gedərkən onun atası Nadir əlini Fəridin kürəyinə qoyub “mənim balam, sən də çıx get“ deyə bildirmişdir. Fərid onun atasının əlini öz çiynindən itələyib, onun atasını əli ilə itələmişdir. Bunu görüb Fəridə yaxınlaşmış və Fəridi həyətdən çıxarmağa çalışmışdır. Fərid onu da itələmiş və yumruq atmağa başlamışdır. Buna görə də hirslənərək Fəridə kəlləsi ilə zərbə vurmuş, Fəridin atası Faiq də onun üstünə gələndə Faiqi də vurmuşdur. Bundan sonra Faiqlə arvadı Esmira oğlanları Fəridi götürərək onların evindən getmişlər. Hadisə zamanı orada onun atası Nadir Abbasov, Faiq Ələkbərov, Faiqin arvadı Esmira olmuş, kürəkəni Famil isə həyət darvazasının qarşısında dayanmışdır. Hazırda törətdiyi əmələ görə peşimanlıq hissi keçirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı uşağı var. Famil Məlikov onun dayısıdır. 2022-ci ilin iyun ayında Familin arvadı Günellə anası, yəni Günelin qayınanası Sudabə arasında mübahisə olmuş, buna görə də Günel evdən çıxıb getmişdir. Günel evdən getdiyinə görə dayısı Famil onun anasından xahiş etmişdir ki, bir böyük kimi Günelin atası Nadirgilə gedib xahişlə Güneli evə qaytarsınlar. Buna görə də özü, anası Esmira Ələkbərova, atası Faiq Ələkbərov və dayısı Famil Məlikov 25 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Günelin atası Nadirin yaşadığı evin həyətinə getmişlər. Həyətdə olan X3 Vahid Nadir oğlu onları görüb, gəlib qapını açmış və atasını çağırmışdır. Nadir Abbasov həyətə düşmüş və salamlaşmadan “gəlin dəniz qırağına gedək” deyə bildirmişdir. Bu sözdən sonra atası Faiq “nə dəniz qırağı, ayıbdır, biz gəlmişik ki, Günellə Famili barışdırıb gəlini götürüb aparaq” deyə cavab vermişdir. Nadir də əsəbi şəkildə onlara çölə çıxmağı bildirmişdir. Onun atası Faiq də Nadirə cavabında “baş üstə” deyə bildirmiş və anası Esmiraya getmələrini bildirmişdir. Həmin vaxt qəflətən Təqsirləndirilən şəxs onun üzərinə gələrək, onun baş nahiyəsinə kəllə ilə zərbələr yetirmiş, zərbənin təsirindən huşumu itirərək yerə yıxılmış, Vahid onu yerdə tə təpiklə vurmuşdur. Həmin yerdə hüşunu itirmiş, sonradan gecə ilə gözünü xəstəxanada açmış və ayılmışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulan zərbələr nəticəsində üz almacığı və çənə sümüyü sınmışdır. Aldığı xəsarətlərin ağırlığına görə Bakı şəhər Respublika Klinik xəstəxanasına göndərilmiş və orada müalicə almışdır. Belə ki, üz almacığı və çənəsindən əməliyyat olunmuş və çənə sümüyünün hər ikisinə implant (platin) qoyulmuşdur. Müalicəsi halhazırda da davam etdirilir. Müalicəsinə çoxlu miqdarda pullar xərcləmiş və xərcləməkdə davam edir. Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyandan bir manat da olsa ödəməmişdir. Hazırda müalicəsi ilə bağlı borca da düşmüşdür. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Ailləsi ilə birlikdə ünvan 2 ünvanda yaşayırlar. Famil Məlikov onun qaynıdır. 2022-ci ilin iyun aylarında Familin arvadı Günellə qayınanası Sudabə arasında mübahisə olmuş, buna görə də Günel evdən çıxıb getmişdir. Günel evdən getdiyinə görə qaynı Famil onun arvadından, yəni bacısından xahiş etmişdir ki, bir böyük kimi Günelin atası Nadirgilə gedib xahişlə Güneli evə qaytarsınlar. Buna görə də özü, arvadı Esmira Ələkbərova, qaynı Famil Məlikov və oğlu Zərərçəkmiş şəxs 25 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Günelin atası Nadirin yaşadığı evin həyətinə getmişlər. Həyətdə olan X3 Vahid Nadir oğlu onları görüb, gəlib qapını açmış və atasını çağırmışdır. Nadir Abbasov həyətə düşmüş və salamlaşmadan “gəlin dəniz qırağına gedək” deyə bildirmişdir. Buna görə də Nadirə “nə dəniz qırağı, ayıbdır, biz gəlmişik ki, Günellə Famili barışdırıb gəlini götürüb aparaq” deyə cavab vermişdir. Nadir də əsəbi şəkildə onlara çölə çıxmağı bildirmişdir. Həmin vaxt Nadirə “baş üstə” deyə bildirmiş və Esmiraya getmələrini bildirmişdir. Həmin vaxt qəflətən Təqsirləndirilən şəxs onun oğlu Fəridin üzərinə gələrək, Fəridin baş nahiyəsinə kəllə ilə zərbələr yetirmiş, zərbənin təsirindən Fərid huşunu itirərək yerə yıxılmışdır. Vahid oğlunu yerdə də təpiklə vuran zaman onun qarşısını almaq üçün ona tərəf getmiş, həmin vaxt Vahid onu da kəlləsi ilə vurmuşdur. Həmin vaxt oğlu Fərid huşunu itirərək yerə yıxılmış, buna görə də təcili olaraq onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs tərəfindən vurulan zərbələr nəticəsində oğlu Fəridin üz almacığı və çənə sümüyü sınmışdır. Aldığı xəsarətlərin ağırlığına görə oğlunu Bakı şəhər Respublika Klinik xəstəxanasına aparmış, oğlu orada müalicə almış və cərrahi müdaxilə olunmuşdur. Oğlu Fərid üz almacığı və çənəsindən əməliyyat olunmuş və çənə sümüyünün hər ikisinə implant (platin) qoyulmuşdur. Oğlunun müalicəsi halhazırda da davam etdirilir. Müalicəsinə tərəflərindən çoxlu miqdarda pullar xərcləmiş və xərcləməkdə davam edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu ziyandan bir manat da olsa ödəməmişdir. Ona görə də oğlu oğlu Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 şahid X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Famil Məlikov isə onun yeznəsidir, Famil onun qızı Günellə iki il bundan öncə evlənmiş, lakin 2022-ci ilin may-iyun aylarında qızı Günel Məlikzadə ilə qayınanası, yəni kürəkəni Familin anasının arasında mübahisə olmuş, buna görə də Günel Məlikzadə oradan çıxıb onun evinə gəlmişdir. Famil özü də buna görə bir neçə dəfə onun evinə gəlib uşağa dəyib getmiş, onun qızı ilə Familin arasında hər hansı bir mübahisə və narazılıq olmamışdır. 25 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Familin bacısı Esmira Ələkbərova, Esmiranın əri Faiq Ələkbərov və oğlanları Zərərçəkmiş şəxs onun həyətinə gəlmişlər. Əvvəlcə onun oğlu Vahid həyətə düşüb qonaqları qarşılamış, daha sonra özü həyətə düşmüş və Faiqə demişdir ki, bir az müddət keçsin, sonra ailələrin barışma məsələsinə baxarlar. Bu sözdən sonra Faiq Ələkbərov ona “baş üstə” deyə bildirib çıxıb getmək istəmişdir. Həmin vaxt Faiqin oğlu Fərid də orada olduğu üçün əlini Fəridin kürəyinə qoymuş və Fəridə “mənim balam, sən də çıx get” demişdir. Fərid onun əlini öz çiynindən itələmiş, sonra isə onu əli ilə itələmişdir. Bunu görən onun oğlu Vahid Fəridə yaxınlaşmış və Fəridə həyətdən getməsini bildirmişdir. Lakin, Fərid onun oğlunu da itələmiş və yumruq atmağa başlamışdır. Onun oğlu Vahid də həmin vaxt Fəridə baş zərbəsi endirmiş, bundan sonra Faiqlə arvadı Esmira Fəridi götürüb aparmışlar. Hadisə iki ailənin arasında ailə münaqişəsi zəminində baş vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Astara şəhəri Əhəd Muxtarov küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətidir. Baxış zamanı Zərərçəkmiş şəxs həyət qapısını göstərərək bildirmişdir ki, mübahisə həyətin giriş qapısının yanında baş vermişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 təkrar ekspertizalar şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli, T449/2022 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol maksilyar sinusun ön, lateral, göz yuvasının aşağı divarında, almacıq sümüyünün qövsündə, almacıq sümüyünün alın çıxıntısında (sol göz yuvasının lateral divarını təşkil edir) yerdəyişmiş və basılmış sınıqlar, sol göz almasına yayılmış qansızma, sol göz qapaqları - gözaltı nahiyədə qançır, sağ dirsək nahiyəsində sıyrıq olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 25 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən başla vurulan zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs almacıq sümüyünün açıq repozisiyası cərrahi əməliyyatı icra olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət xarakteri materiallar daxil olmamışdır. İş materiallarında olan tibbi rəylərdən, xəstəxana tərəfindən verilmiş epiqrizlərdən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə bağlı Bakı şəhər Respublika Klinik xəstəxanasında müalicə almış, üz almacığı və çənəsindən əməliyyat olunmuş və çənə sümüyünün hər ikisinə implant (platin) qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini qismən etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən eyni zamanda onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu ziyandan bir manat da olsa, ödəməmişdir. Zərərçəkmiş şəxs baş vermiş cinayət hadisəsi nəticəsində cərrahi müdaxiləyə məruz qalmış, onun kəllə sümüyünə implant yerləşdirilmiş, müalicəsi hazırda da davam etdirilir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs zərərçəkmişə vurmuş olduğu ziyanı ödəməsini təsdiq edən heç bir sübut yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş edir və hesab edir ki, bu onun çəkdiyi fiziki və mənəvi iztirabını az da olsa azaldar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar