Məhkəmə qərarları › İş №1(018)-33/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-33/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-33/2023 28.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Astara rayonu Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, məhkum olunmamış, sürücü olmaqla əmək fəaliyyəti ilə məşğul olan, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə, saat 11:40 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Astara rayonu Ərçivan qəsəbəsində rayonun Pensər kəndi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəli şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara riayət etməyərək, hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və mikroavtobusun idarə olunmasından ayıraraq Astara rayonu Ərçivan qəsəbəsində yerləşən “Ərzaq və gündəlik tələbat malları” mağazasının qarşısında piyadaların yolu soldan sağa keçməsini nəzərə alıb mikroavtobusu öz hərəkət zolağında dayandırması üçün tədbir görməyərək, həmin vaxt yolu soldan sağa keçmək istəyən piyadaları vurmayacağını güman edib hərəkətini davam etdirərək sağa doğru hərəkət təhlükəsizliyini təmin etməyən manevr aparmaqla yolu keçən hər iki piyadanı yolun sağ çiynində vurmuşdur. Nəticədə ehtiyatsızlıqdan piyada X5 açıq kəllə beyin travması, kəllə və üz skeleti sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyinin ağır dərəcədə əzilib-dağılması (beyin toxuması bədən səthinə səpələnmiş formadadır), sağ bazu və said sümüklərinin sınıqları, sağ said nahiyəsində qançır ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma bədən xəsarətləri alıb hadisə yerində ölməsinə və digər piyada Zərərçəkmiş şəxs2 sol körpücük sümüyünün sınığı ilə müşayiət edilən sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı uşağı var. “BCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə özünə məxsus “Mercedes” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edir. Həmin avtobusla Astara-Ərçivan marşrutu üzrə sərnişin daşımaqla ailəsinin dolanışığını təmin edir. Belə ki, X10 Cəmiyyətində qeydiyyatdan keçməklə, təxminən 20 ilə yaxın müddətdir ki, sərnişin daşımaqla məşğul olmuşdur. İşi səhər saatlarından başlamış və axşam düşənə kimi həmin marşrutla sərnişin daşımışdır. İdarə etdiyi “Mercedes” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı həmin mikroavtobusla hər gün olduğu kimi, 18 oktyabr 2022-ci il tarixdə, saat 07:30-da işə çıxıb Astara şəhərinə sərnişin daşıyıb, təxminən saat 08:30da Ərçivan qəsəbəsindəki dayanacaqda olmuşdur. Saat 11 radələrində idarə etdiyi “Mercedes” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Ərçivan qəsəbəsinin içərisində mikroavtobusda olan sərnişinləri ünvanlarına aparmışdır. Həmin vaxt mikroavtobusda 6-7 nəfər sərnişin olmuş, mikroavtobusu təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Mikroavtobusu idarə edərkən bir nəfər yaşlı qadının azyaşlı uşağın əlindən tutub qaçaraq onun hərəkət hissəsinin sol tərəf hissəsindən sağ tərəfinə keçmək istədiyini görmüşdür. Həmin vaxt yolu keçmək istəyən həmin piyadalarla arasında təxminən 15-20 metr məsafə olmuşdur. Onlar onun yoluna çıxan kimi dərhal ayağı ilə əyləci basıb idarə etdiyi avtomobili saxlamaq istəmiş və mikroavtobusu da sağa doğru istiqamətləndirmişdir. Lakin, həmin piyadalar da onun hərəkətdə olduğu istiqamətdə qaçdıqları üçün idarə etdiyi mikroavtobusun qarşı tərəfi ilə onların hər ikisini vurmuş və hər ikisi mikroavtobusun qarşısına yıxılmışlar. İdarə etdiyi mikroavtobus piyadalara dəyən kimi yerində dayanmışdır. Dərhal yerə düşüb piyadalara baxanda həmin piyadalardan azyaşlı uşağın hadisə yerində öldüyünü, yaşlı qadının isə yaralı vəziyyətdə yerdə uzandığını görmüşdür. Hadisənin təsirindən özünü itirmiş, dərhal oraya toplaşan tanımadığı şəxslər ona su verərək kənarda otuzdurmuşlar. Daha sonra ora təcili yardım gələrək, yaralanmış qadını xəstəxanaya aparmışlar, uşağın meyiti isə hadisə yerində qalmışdır. Həmin vurmuş oduğu şəxslərdən azyaşlı uşağın X9 olduğu, qadının isə uşağın nənəsi Zərərçəkmiş şəxs2 olduğu məlum olmuşdur. Daha sonra ora polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Hadisə zamanı mikroavtobusu təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Hadisə ərəfəsində piyadaları görən zaman aralarındakı məsafə təxminən 15-20 metr olmuşdur. Hadisədən əvvəl idarə etdiyi mikroavtobusda heç bir nasazlıq olmamış, mikroavtobus saz vəziyyətdə olmuşdur. Həmin vaxt işıqlı, aydın olmuş, yolu görmə şəraiti də normal olmuşdur. Yol örtüyü isə asfalt olmaqla quru olmuşdur. Hadisə günü spirtli içki və ya hər hansı bir narkotik və psixotrop maddə qəbul etməmişdir. Hadisədən əvvəl səhhətində hər hansı bir problem olmamış, səhhəti normal olmuşdur. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərin heç biri də xəsarət almamışdır. Hazırda ehtiyasızlıqdan cinayət törətdiyini dərk edir, əməlindən peşmanlıq hissi keçirir. Zərərçəkmiş şəxs2 müalicəsi üçün 1400 (bir min dörd yüz) manat pul ödəmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri, işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, X9 onun oğludur. 2018-ci il təvəllüdlü oğlu Gülağa Əfsəlov 18 oktyabr 2022-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Hadisə baş verən günü işlə əlaqədar olaraq Rusiya Federasiyasının Moskva şəhərində olmuşdur. Həmin gün günorta saatlarında qardaşı Nicat ona zəng edərək, oğlu Gülağanın yol-nəqliyyat hadisəsi zamanı öldüyünü, anası Məlahətin isə ağır xəsarət aldığını və təcili gəlməli olduğunu bildirmişdir. Buna görə də dərhal bilet alıb, ertəsi Azərbaycan Respublikasına, yaşadıqları Ərçivan qəsəbəsinə gəlmişdir. Astara rayonu Ərçivan qəsəbəsinə gəldikdən sonra hadisənin necə baş verməsi barədə maraqlanmışdır. Ona məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes» markalı mikroavtobusla Astara rayonu Ərçivan qəsəbəsində yol-nəqliyyat hadisəsi törədərək, həmin vaxt yolu keçmək istəyən mərhum oğlu Gülağanı və anası Məlahəti vurmuşdur. Hadisə Təqsirləndirilən şəxs günahından baş vermiş, oğlu Gülağa hadisə yerində ölmüş, anası Məlahət isə müxtəlif bədən xəsarətləri almışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra da azadlıqda qalaraq avtomobili darə edir. Azyaşlı bir uşağını itirmək onun üçün çox ağırdır. Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Azadlıqda qalması Təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinə səbəb olar. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 18 oktyabr 2022-ci il tarixdə, saat 10:30 radələrində azyaşlı nəvəsi X9 ilə birlikdə kartdan pul çıxartmaq yaşadıqları Astara rayonu Ərçivan qəsəbəsindəki evlərindən çıxıb qəsəbədə yerləşən bankomata getmişlər. Bankomatdan pul çıxardıqdan sonra nəvəsinə istədiklərini almaq üçün mağazaya tərəf getmişlər. Həmin vaxt yolu digər tərəfə keçmək üçün nəvəsini sağ əli ilə tutmuşdur. Yolun sağ tərəf hissəsindən sonradan markasını və dövlət qeydiyyat nişanını bildiyi “Mercedes” markalı, “**-BF-***”dövlət qeydiyyat nişanlı mikroavtobusun gəldiyini görmüşdür. Yolu keçmək üçün nəvəsi ilə qaçmağa başlamışlar. Lakin, həmin mikroavtobus da onların üstünə gələrək onları vurmuşdur. Daha sonra nə baş verdiyini xatırlamamışdır. Astara rayon Mərkəzi Xəstəxanasında ayılarkən nəvəsi Gülağanın hadisə yerində öldüyünü, özünün də müxtəlif xəsarətlər aldığını bilmişdir. Həmin hadisə nəticəsində sol qol, sağ ayaq, sağ qabırğa nahiyyəsindən xəsarətlər almışdır. Həmin vaxt onlara məlum olumuşdur ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxsdur. Aldığı xəsarətlərə görə bu gün də müalicəsi davam etdirilir. Təqsirləndirilən şəxs tərəfindən yalnız bir dəfə 1400 manat xəstəxana məsrəfləri ilə bağlı ödəmə olmuşdur ki, özü və ailəsi bu məbləğdən dəfələrlə çox xərclər çəkmişlər. Həm nəvəsinin ölümünə, həm də özünün aldığı xəsarətlərə görə psixoloji sarsıntılar keçirir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra da azadlıqda qalaraq avtomobil idarə edir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edir. Azadlıqda qalması Təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinə səbəb olar. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, 18 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində Astara rayonu Ərçivan qəsəbəsinə getmək üçün dostu Nuru Nuriyevlə birlikdə yaşadığı evin yaxınlığında yerləşən məscidin yanından “Mercedes” markalı mikroavtobusa minmişdir. Həmin mikroavtobusu adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etmişdir. Həmin vaxt mikroavtobusda tanımadığı sərnişinlər də olmuşdur. Mindikdən sonra özü oturacaqda əyləşmiş, Nuru isə ayaq üstə dayanaraq onunla söhbət etmişdir. Ərçivan qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusla qəza törətmişdir. Dərhal mikroavtobusdan düşmüş, azyaşlı uşağın mikroavtobusun sağ qabaq təkərinin yanında uzanmış və beyni dağılmış vəziyyətdə olduğunu görmüşdür. Digər tərəfdə isə yaşlı qadın oturmuş vəziyyətdə görmüşdür. Həmin qadın ora gələn təcili yardım avtomobilinə mindirib yola salınmışdır. Uşağın meyiti isə hadisə yerində qalmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişdir. Hadisə zamanı mikroavtobusun sürətinin nə qədər olmasını dəqiq deyə bilməz. Hadisə nəticəsində nə özü, nə də mikroavtobusda olan digər sərnişinlər xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 və X6 şahid X2 ifadəsində göstərdiyi xüsusatları ifadələri ilə bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, yolnəqliyyat qəzası baş verən zaman hadisə yerində olmuşdur. Zərərçəkmiş şəxs2 azyaşlı nəvəsi X9 ilə birlikdə yolun kənarında olan zaman “Mercedes” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus onları vurmuşdur. Nəticədə azyaşlı uşaq vəfat etmiş, Zərərçəkmiş şəxs2 isə xəsarətlər almışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir:

1. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən avtomobil yolunda baş vermişdir. Yol örtüyü düz, quru, asfaltbeton olmaqla, ümumi eni 6,20 metrdir. Yol ikitərəflidir. Yolun hərəkət hissəsinin sağında və solunda tikililər vardır. Piyadanın vurulduğu yerə qədər cütlənmiş tormoz izinin olduğu müəyyən olundu. Sağ tərəfdəki tormoz izinin başlanğıcından mikroavtobusun sağ arxa təkərinə qədər məsafə 13,60 metr, sol tərəfdəki tormoz izindən mikroavtobusun sol arxa təkərinə qədər məsafə isə 12,40 metrdir. Həmin zaman mikroavtobusda 6-7 nəfər sərnişin olmuş, başqa yük olmamış, mikroavtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Meyitin olduğu yerlə asfalt yola qədər məsafə 1,60 metr olması müəyyən edilmişdir.

2. Məhkəmə-tibb ekspertizasının 07 noyabr 2022-ci il tarixli, 13 saylı rəyindən görünür ki, 2018-ci il təvəllüdlü X5 meyitində aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, kəllə və üz skeleti sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyinin ağır dərəcədə əzilib-dağılması (beyin toxuması bədən səthinə səpələnmiş formadadır), sağ bazu və said sümüklərinin sınıqları, sağ said nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 oktyabr 2022-ci il tarixdə hərəkətdə olan “Mersedes Benz” markalı mikroavtobusun təkərinin onun baş nahiyyəsinin üstündən keçməsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə başın küt travsması, açıq kəllə beyin travması, kəllə və üz skeleti sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyinin ağır dərəcədə əzilib-dağılması (beyin toxuması bədən səthinə səpələnmiş formadadır) səbəb olmuşdur.

3. Məhkəmə-tibb ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində – sol körpücük sümüyünün sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 oktyabr 2022-ci il tarixdə hərəkətdə olan mikroavtobusun qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.

4. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 8/3022 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes-Benz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozulmuş və həmin qayda pozuntuları ilə baş vermiş qəzanın nəticəsi arasında səbəbli əlaqə mövcud olmuş, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

5. Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan qeydiyyat nömrəsi 00252 olan sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair alkotestr nəticəsindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamış, ayıq olmuşdur.

6. BC seriyalı, 415705 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B C D kateqoriyalı avtomobil sürücüsüdür və sürücülük vəsiqəsi ona 19 dekabr 2014cü il tarixdə 10 (on) il müddətinə verilmişdir.

7. Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

8. Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 02 (iki) azyaşlı uşağı var.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

10. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Astara Rayon Məhkəməsinə ünvanlanmış ərizələrin məzmunundan görünür ki, onlar Təqsirləndirilən şəxs şikayətçidirlər və ona ağır cəza verilməsini məhkəmədən xahiş edirlər. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza verilməsi məsələsi ilə bağlı onu qeyd etməyi zəruri və əsaslı hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 13 noyabr 2018-ci il təvəllüdlü X9 vəfat etmiş, digər Zərərçəkmiş şəxs2 isə xəsarətlər almışdır. X5 hüquqi varisi, atası Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olmaqla, ona ağır cəza verilməsini tələb edirlər. Tərəflər arasında hər-hansı bir barışıq əldə edilməmişdir. Vurulmuş zərərdən yalnız 1400 manat pul Zərərçəkmiş şəxs2 müalicəsinə sərf edilmişdir. Qeyd olunanlara əsaslanan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş üzrə zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izah olunur ki, onlar Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanla bağlı mülki iddia qaldıra bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alana kimi barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar