Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-33/2024 31.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Əliyağa oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 21 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Astara şəhəri, H.Əliyev prospektində yerləşən qızıl-zinət əşyaları satılan mağazaya müştəri qismində daxil olaraq, satıcı Şahid1 diqqətini yayındırmaq məqsədi ilə qızıl boyunbağı almaq istədiyini bildirib, boyunbağının qiymətini maraqlanmışdır. Şahid1 boyunbağının qiymətini hesablayan zaman sonuncunun diqqətinin kalkulyatorda olduğunu görüb, vitrinin üzərində olan manekendən 750 əyarlı, 5,6 qram çəkidə İtalya istehsalı olan 840 (səkkiz yüz qırx) manat dəyərində 01 (bir) ədəd qızıl üzüyü götürüb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla özgə əmlakını tamah məqsədilə gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı uşağı var. Hazırda heç bir yerdə işləmir. Ürəyində problemlər olduğu üçün həkim tərəfindən ona dəniz havası qəbul etmək məsləhət görülmüşdür. Ona görə də 20 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında dəniz havası qəbul etmək məqsədi ilə Bakı şəhərindən Astara rayonuna yola düşmüş, həmin gün, təxminən saat 17 radələrində Astara şəhərinə çatmış, dənizə yaxın olan otellərin birinə getmişdir. Astara şəhərində otel və restoran qiymətləri baha olduğundan Astaranı tərk edib, Bakı şəhərinə getmək qərarına gəlmiş, üzərində istirahət etmək üçün pul qalmamışdır. Astara şəhərində heç kimi tanımadığı üçün, yol pulu və gəlir əldə etmək məqsədilə oğurluq etmək qərarına gəlmişdir. Oğurluq edəcəyi münasib bir yer tapmaq məqsədi ilə Astara şəhərinin mərkəzində gəzməyə başlamış, 21 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində Astara şəhərində Ləvəngi adlanan yerdə gəzərkən qızıl-zinət əşyaları satılan mağazada satıcının qadın olduğunu və qadının tək olduğunu görmüşdür. Həmin mağazaya daxil olub, qadın satıcının fikrini yayındırıb, mağazadan qızıl-zinət əşyaları oğurlamağı fikirləşmişdir. Həmin mağazaya daxil olub, ilk öncə mağazaya göz gəzdirmiş, mağazanı müşahidə etdikdə şüşə vitrinin üzərində manekenlərin qoyulduğunu və manekenlərdə qızıl-zinət əşyalarının nümayiş etdirildiyini görmüş, artıq həmin manekenlərdən qızıl-zinət əşyaları oğurlamağı qətiləşdirmişdir. Satıcının fikrini yayındırmaq məqsədilə şüşə vitrinin içərisindən bir ədəd boyunbağını satıcıya göstərib, həmin boyunbağıya baxmaq istədiyini demiş, satıcı qadın vitrinin içərisindən göstərdiyi boyunbağını çıxarıb ona vermişdir. Boyunbağıya baxdıqda yalandan satıcıya boyunbağını bəyəndiyini deyib, boyunbağının qiymətini deməsini istəmiş, satıcı kalkulyatoru əlinə alıb, boyunbağının qiymətini hesablamağa başlamışdır. Satıcının fikrinin kalkulyatorda olduğunu görüb, vitrinin üstündəki manekenin üzərində olan dəstdən sol əliylə bir ədəd qızıl üzük götürmüş, oğurladığı üzüyü sağ əlinin ovcunda gizlətmiş, oğurladığı üzüyün görünməməsi üçün sağ biləyinin üstünə qoyduğu gödəkcəni əlinin üstünə tam olaraq örtmüşdür. Satıcı boyunbağının qiymətini hesabladıqdan sonra məbləğini demiş, satıcının onun oğurluq etməsindən şübhələnmədiyini görüb, boyunbağını bəyəndiyini demiş və satıcının onun oğru olmasından şübhələnməməsi üçün satıcıya beh vermək qərarına gəlmişdir. Satıcıya üzərində az pul olduğunu bildirib, bir nəfərin pul gətirəcəyini deyib, satıcıya 20 manat beh vermiş və saat 14 radələrində mağazaya gələrək, boyunbağının pulunu tam olaraq verib, boyunbağını götürəcəyini bildirmişdir. Satıcı da inanıb, 20 manat pulu götürmüş, satıcı ondan mobil nömrəsini istəmiş və o da satıcıya yalandan bir mobil nömrə vermişdir. Sonra isə mağazanı tərk edib, taksi ilə Bakı şəhərinə getmişdir. 22 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Səbail rayonu ərazisində Astara şəhərində qızıl-zinət mağazasından oğurladığı bir ədəd qızıl üzüyü tanımadığı şəxsə 530 manata satmışdır. Oğurluq edərkən onu heç kim görməmiş, satıcının da diqqətini yayındırıb, oğurluğu törətmiş, oğurluğu tək törətmiş, bununla bağlı kimsə ona köməklik etməmişdir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə məhkum olunandan sonra heç vaxt oğurluq etməmiş, sadəcə olaraq Astara şəhərindən, Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etmiş, başqa cinayət hadisəsi törətməmiş, oğurladığı üzük İtalya istehsalı olmuş, çəkisini dəqiq xatırlamasa da çəkisi 5 qramdan çox olmuşdur. Hazırda etdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. İmkanı olan kimi dəyən zərəri ödəyəcəkdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolları, mütəxəssis rəyləri və işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara şəhəri H.Əliyev prospekti 153 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Astara şəhəri H.Əliyev prospektində Astara rayon Mərkəzi Bazarının qarşısında qızıl mağazası vardır və həmin mağazada qızıl-zinət əşyaları satmaqla ailəsinin dolanşığını təmin edir. Hər gün, saat 08 radələrində arvadı Şahid1 ilə birlikdə mağazaya gedib, mağazanın qapılarını açaraq ticarətə başlayır və saat 14 radələrində mağazanı bağlaraq evlərinə gedirlər. Hər gün evə getməzdən əvvəl qızılları vitrinlərdən yığaraq evə aparmış, səhər mağazaya gedəndə yenə də qızılları evdən götürüb, mağazaya apararaq vitrində düzmüşdür. 22 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində həmişə olduğu kimi arvadıyla birlikdə mağazaya getmiş, arvadı qızıl-zinət əşyalarını vitrinlərə yığarkən qızıl dəstinin içərisində 1 ədəd üzüyün olmadığını demiş, ilk öncə üzüyün evdə çantadan düşdüyünü və ya kiməsə satıldığını fikirləşmiş, lakin hər bir halda həmin üzüyün oğurlanacağından da şübhələndiyi üçün kameraya baxmaq qərarına gəlmişdir. Kameraya baxdıqda 21 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində bir nəfər şəxsin mağazaya daxil olub, arvadının başını qarışdırıb, gizli formada vitrinin üzərində qoyduğu manekenin üzərində olan qızıl dəstindən 1 ədəd üzük oğurladığını görmüşdür. Həmin görüntünü arvadı Minaya göstərdikdə, Minay ona oğurluğu törədən şəxsin dünən ona beh verən şəxs olduğunu demişdir. Həmin şəxs mağazaya gəlib, qızıl boyunbağılardan birini bəyəndiyini deyərək, boyunbağı ilə bağlı arvadı Minaydan maraqlanmış, Minay həmin boyunbağının qiymətini hesablayan zaman oğurluğu törədən şəxs manekenin üzərindəki dəstdən 1 ədəd qızıl üzük oğurlamış, boyunbağını alacağını deyib, arvadı Minaya 20 manat beh vermiş və saat 14-də gəlib, həmin boyunbağını götürəcəyini demişdir. Həmin şəxsin verdiyi mobil nömrəyə zəng etdikdə telefonu götürən şəxsin başqa biri olduğunu görmüş və hansısa rəqəmin səhv qeyd edildiyini zənn etmiş, lakin sonradan oğurluğu törədən şəxsin bilərəkdən nömrəni səhv verdiyini başa düşmüşdür. Üzüyün oğurlandığını görüb, polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi 21 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində baş vermiş, həmin vaxt namaz qılmağı getmiş, arvadı Minay isə mağazada malları satmaqla məşğul olmuşdur. Mağazasından yalnız 1 ədəd 750 əyarlı, 5,6 qram çəkidə İtaliya istehsalı olan qızıl üzük oğurlanmışdır. Həmin üzüyün dəyəri 840 manat olmuş, oğurlanmış üzüyün üzərində qaş olmamış, üzük “ramaşka” adlanmışdır. Video görüntüdən də görünür ki, oğurluğu törədən şəxs Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs ona dəyən zərəri ona ödəməmişdir. Lakin, buna baxmayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadəsi tədqiq edilmiş Şahid1 da ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Onların Astara şəhəri, H.Əliyev prospektində “Ləvəngi” bazarının qarşısında qızıl mağazası vardır və həmin mağazanı işlədərək ailələrini saxlayırlar. 21 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində mağazada olmuş, mağazada olan zaman bir nəfər altmış yaşlarında olan şəxs mağazaya daxil olub, mağazanın sağ hissəsində, vitrinin içərisində olan qızıl-zinət əşyalarına baxmağa başlamışdır. Həmin şəxs vitrinin içərisindən bir ədəd qızıl boyunbağını bəyənib, boyunbağının qiymətini hesablamasını istəmiş, boyunbağını vitrinin içərisindən çıxarıb həmin şəxsə təqdim etmiş, sonra isə kalkulyatorla boyunbağının qiymətini hesablamış və qiyməti 2000 manat olmuşdur. Boyunbağını almaq istəyən şəxs üzərində o qədər pulun olmadığını, bir nəfər tanışının ona pul gətirəcəyini deyib, ona 20 manat beh verərək boyunbağının pulunu saat 14-dək gətirib, boyunbağını götürəcəyini demiş və əlaqə üçün ona mobil nömrəsini vermiş, mağazanı tərk edərək getmişdir. Saat 14 radələri olsa da, 20 manat beh verən şəxs gəlib boyunbağını almamış, əri Səxavət həmin şəxsin mobil nömrəsinə zəng etmiş, lakin ona zəng çatmamış, həmin gün beh verən şəxsi gözləsə də, həmin şəxs mağazaya gəlməmişdir. Mağazanı bağladıqları vədə çatanda, mağazada olan qızıl-zinət əşyalarını yığaraq əri Səxavətlə birlikdə evlərinə getmişlər. 22 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında əri Səxavətlə birlikdə mağazaya gəlmiş, malları vitrinlərə yığarkən qızıl dəstinin içərisində 1 ədəd üzüyün olmadığını görmüş və bununla bağlı əri Səxavətə məlumat vermişdir. Səxavət mağazada olan təhlükəsizlik kameralarına baxmış və onlara məlum olmuşdur ki, beh verən şəxs, o boyunbağının qiymətini hesablayan zaman vitrinin üstündə qoyulmuş manekenin üzərindəki dəstdən 1 ədəd qızıl üzüyü oğurlamışdır. Oğurluq hadisəsi 21 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində baş vermiş, oğurlanmış qızıl üzük “ramaşka” adlanmaqla italya istehsalı olmuş, 750 əyarlı olmuş, çəkisi 5,6 qram, qiyməti isə 840 manat olmuşdur. Bu barədə polisə məlumat vermişlər, o cümlədən oğurluq edən şəxsin hərəkətləri olan diski təqdim etmişlər. Araşdırma nəticəsində mağazadan oğlurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 22 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara şəhəri, H.Əliyev prospektində, Astara rayon mərkəzi bazarının qarşısında, Astara şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sol tərəfində yerləşən mağaza olmuşdur. Mağazanın üzərində “Qızıl Tac” sözləri yazılmaqla mağazanın 2 giriş qapısı və 2 otağı olmuş, mağazada olan otaqların birindən digərinə sərbəst keçmək mümkün olmuş, otaqların arasında qapı qoyulmamış, mağazada müxtəlif qızıl-zinət əşyaları satılmışdır. Mağazanın hər iki otağında şüşə vitrinlər, həmçinin divarlarında quraşdırılmış rəflərdə manekenlər olmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs mağazanın sağ otağında, mağaza ilə üzbəüz qaldıqda sol tərəfdə yerləşən otaqda, şüşə vitrinin üstündə qoyulmuş manekendəki qızıl dəstini göstərib, həmin dəstdən 1 ədəd qızıl üzüyün oğurlandığını, oğurlanan üzüyün 750 əyarlı, italya istehsalı olduğunu, çəkisinin 5,6 qram, dəyərinin isə 840 manat olduğunu bildirmişdir. Oğurluq hadisəsi 21 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində baş verdiyini, hadisənin mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alındığını bildirmişdir. Baxış zamanı mağazada quraşdırılmış təhlükəsizlik kameralarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində boyu təxminən 165-175 sm olan, təxminən 55-60 yaşında bir nəfər şəxs mağaza ilə üzbəüz qaldıqda sağ tərəfdə yerləşən qapıdan mağazaya daxil olaraq sol otağa keçmiş, vitrində olan mallara baxmış, bir müddət sonra satıcı Şahid1 vitrinin arxasında keçmiş, naməlum şəxs əli ilə Şahid1 vitrinin içərisindən 1 ədəd boyunbağı göstərmiş, Şahid1 boyunbağını naməlum şəxsə təqdim etmişdir. Sonra isə həmin şəxs boyunbağını Şahid1 qaytarmış, Şahid1 kalkulyatorla hesablama aparan zaman naməlum şəxs satıcının diqqətinin kalkulyatorda olduğunu görüb, sol əlini vitrinin üzərində qoyulmuş manekenə aparıb, manekenin üzərindən 1 ədəd üzük götürüb, sağ əlinin ovucuna qoymuşdur. Şahid1 kalkulyatorun monitorunu həmin şəxsə göstərdikdə, o sağ biləyinin üstünə qoyduğu gödəkcəsini əlinin üstünə örtmüş və Şahid1 1 ədəd üzüyün oğurlandığını görməmiş, naməlum şəxs üzüyü oğurladıqdan sonra satıcıya pul verərək mağazanı tərk etmişdir. Qeyd olunan görüntüləri kameranın yaddaşından götürmək mümkün olmadığından həmin görüntülər DVD diskə köçürülməsindən ötrü mobil telefona çəkilmişdir.
2. “Diskə baxış keçirilməsi haqqında» 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 21 oktyabr 2023-cü il tarixdə Astara şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilən zaman təhlükəsizlik kameralarının yaddaşından götürülmüş görüntülərin köçürüldüyü 01 ədəd “DVD” diskə təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi X1 iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə X2 Səmədova məxsus qızıl-zinət əşyaları satılan mağazaya müştəri qismində daxil olub, satıcı ilə danışıqlar aparmış, bu əsnada satıcı vitrinin içərisindən 1 ədəd boyunbağını çıxarıb, Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs boyunbağıya baxdıqdan sonra satıcıya qaytarmış, satıcı kalkulyatorla hesablama aparmış, Emin Quluyev satıcının diqqətinin kalkulyatrorda olduğunu görüb, sol əlini şüşə vitrinin üzərində qoyulmuş manekenə tərəf aparıb, manekendən bir ədəd qızıl üzük götürərək sağ əlinin ovucuna qoymuş, satıcı kalkulyatorun monitorunu Emin Quluyevə göstərdikdə Emin Quluyev sağ biləyinin üstünə qoyduğu gödəkcəsini əlinin üstünə örtmüş və satıcı 1 ədəd üzüyün oğurlandığını görməmişdir. Baxışda iştirak etmiş Emin Quluyev video görüntülərdə görünən, oğurluğu törədən şəxsin özünün olduğunu, Zərərçəkmiş şəxs məxsus mağazadan qızıl üzüyü oğurladığını, əməlinə görə peşman olduğunu bildirmişdir.
3. Liman şəhər X3 Cəmiyyəti tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli mütəxəssis arayışından görünür ki, 1 ədəd 750 əyarlı, 5,6 qram çəkidə, İtalya istehsalı olan “ramaşka” adlanan üzüyün 2023-cü ilin oktyabr ayına olan orta bazarda təklif qiyməti 830 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Cinayət qanunvericilik aktı normalarına əsasən Təqsirləndirilən şəxs məhkumluğu hazırda ödənilmişdir. (Cinayət Məcəlləsinin 83-cü maddəsi). İş materiallarına əlavə edilmiş Tərtər Rayon İcra Hakimiyyəti Başçısının MİTİS üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər həbsdə olmuşdur. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon İcra Hakimiyyəti Başçısının MİTİS üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində bir azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan 16 fevral 2024-cü il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» qərar və protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında 16 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə, saat 22:30-da tutulmuş və həmin tarixdə, yəni 16 fevral 2024-cü il tarixdə isə azad edilərək, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (16 fevral 2024-cü il tarixə olan müddət), yəni 01 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Bundan başqa Astara Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 1(018)- 33/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Astara rayon polis şöbəsinin 07 may 2024-cü il tarixli, 65/2- 8062/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə tutularaq Astara rayon polis şöbəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə onun tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 06 may 2024-cü il tarixdən hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (16 fevral 2024-cü il tarixə olan müddət), yəni 01 (bir) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin İbrahimov