Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-34/2025 04.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Astara rayonu Siyaku kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücülük fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Astara rayonu, Siyaku kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Astara Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 15 noyabr 2024-cü il tarixdə barısində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində tanışı Şahid1 məxsus, “DAF” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə olmadan Astara rayonu, Pensər kəndindən Astara şəhəri istiqamətində idarə edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək yük avtomobilni yaşayış məntəqəsi daxilində 64 km/saat sürətlə idarə edib yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan piyada X3 yolun sağ çiyinindən hərəkət hissəsinə doğru hərəkət etdiyini gördükdə nəqliyyat vasitəsini sürətini tam dayanma həddinə azaltmayaraq ehtiyatsızlıqdan avtomobilin sağ qabaq tərəfi ilə piyadanı vuraraq Nazim Baxşiyevə kəllə sümüklərinin (hər iki gicgah-alın-təpə) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, sol tərəfli İ qabırğanın sınığı, sol körpücük sümüyünün sınığı, sağ baldır, sağ bud, burun, alt çənə və hər iki almacıq sümüklərinin sınıqları, alın, sağ əl nahiyələrində əzilmiş yaralar, sağ bud, sağ dirsək, sol pəncə nahiyələrində sıyrıqlar, başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (alın, hər iki gicgah, təpə) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma ilə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, sonra həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər verməli və xəsarət alana tibbi yardım göstərməli olduğu halda, bunlara əməl etməyib yol-nəqliyyat hadisəsi yerindən yük avtomobilə ilə qaçmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində günün qaranlıq zamanı tanışı Şahid1 məxsus “Daf” markalı, “**-BK- ***” dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək Lənkəran şəhərindən Astara rayonu istiqamətinə gələn zaman, Astara rayonu, Pensər kəndi ərazisindəki sürətə nəzarət üçün quraşdırılmış kameranı keçdikdən sonra təxminən 15 metr məsafədən yolun hərəkət hissəsinin kənarında adını sonradan bildiyi X4 görmüşdür. Nazim Baxşiyevin yolun hərəkət hissəsinə çıxacağını güman etməmişdir. Həmin şəxsə 3-4 metr qalan zaman avtomobilin tam qarşısına çıxdığından dərhal əyləci sıxmış, ancaq avtomobili saxlaya bilmədiyindən Nazim Baxşiyevi avtomobilin ön hissəsi vurmuşdur. Sükanı yolun əks istiqamətinə tərəf çevirib hərəkətinə davam etmiş, avtomobilin sağ təkərlərindən biri ilə Nazimin üzərindən keçdiyini hiss etmişdir. Həmin an qorxduğundan avtomobili saxlamayıb hadisə yerindən uşaqlaşmışdır. Sonradan hadisədən xəbər tutan polis əməkdaşları onu Astara RPŞ-yə gətirmişlər. Əməlindən peşman olduğunu, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etdiyini,himayəsində iki uşağının olmsını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, X1 onun atası olmuşdur. 30 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində kənddə olan zaman qohumu ona zəng vurub atasını Pensər kəndi ərazisində avtomobil vurduğunu demişdir. Dərhal hadisə yerinə getmişdir. Pensər kəndinə çatan zaman artıq atasının Lənkəran RMX-yə aparıldığı ona məlum olmuşdur. Oradan Lənkəran rayon mərkəzi xəstəxanasına getmiş və orada artıq atasının vəfat etdiyini öyrənmişdir. Hadisə baş verən zaman o, hadisə yerində olmamışdır. Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edərək notarial qaydada təsdiq edilmiş barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1986-cı ildə Astara rayonu, Siyaku kəndində anadan olmuş, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun əmisi oğludur. “Daf” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur.Həmin nəqliyyat vasitəsini idarə etmək üçün əmisi oğlu Təqsirləndirilən şəxs vermişdir. Lakin etibarnamə verməmişdir. 30 oktyabr 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs avtomobillə Nazim adlı şəxsi vurduğunu eşitmiş və dərhal həmin yerə getmişdir. Hadisə yerinə çatan zaman Təqsirləndirilən şəxs və yük avtomobilinin orada olmadığını görmüşdür. O, digər şəxslərlə köməkləşərək X4 xəstəxanaya aparmışlar və nə lazımdırsa köməklik göstərmişlər. Lakin məhrum xəstəxanada ölmüşdür. Hadisə ilə bağlı məlumatı ona Təqsirləndirilən şəxs verməmişdir. Məlumatı toy şənliyində olduğu zaman həmkəndlilərindən eşitmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə hadisənin birbaşa görməyən hal şahidlərinin teleqramlarını və təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq hal şahidləri Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edərək tədqiq edilməsini mümkün hesab etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1989-cu ildə Astara rayonu, Pensər kəndində anadan olmuş, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda Astara rayonu, Pensər kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. 30 oktyabr 2024-cü il tarixdə, təxminən 19:50 radələrində Lənkəran şəhərindən Astara rayonu, Pensər kəndi istiqamətinə hərəkətdə olan zaman yolda sıxlıq olduğunu və çox sayda insanların toplaşdığını görmüş, avtomobili kənarda saxlayıb oraya yaxınlaşdıqda yerdə adını sonradan bildiyi X3 meyitini görmüş, orada ona Nazimi avtomobilin vurduğunu və hadisədən sonra qaçdığını demişlər. Lakin heç kimin görmədiyi üçün kimin vurduğunu bilməmiş, polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər, o da orada olduğundan polislər onu çağırıb, baxışda hal şahidi qismində iştirak etməyini təklif etmişlər, ona və digər hal şahidinə hüquq və vəziləri elan edildikdən sonra hadisə yerinə baxış keçirilməyə başlanmış, baxış zamanı hadisə yeri metrə ilə ölçülmüş, hadisə yerinin foto şəkilləri çəkilmiş, bununla bağlı protokol və sxem tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və baxışda iştirak edən digər şəxslər tərtib edilmiş protokolu imzalamışlar. Ondan sonra isə hadisəni törədinin “Daf” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən Siyaku kəndindən olan Təqsirləndirilən şəxs olduğunu və saxlanılaraq Astara RPŞ-yə aparıldığını eşitmişdir. O, hadisənin baş vermə anını görməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan digər sübutlar: Cinayət işinin 4-11 vərəqlərində olan 30 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Astara rayonu, Pensər kəndində baş vermiş, Təqsirləndirilən şəxs “DAF” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Lənkəran rayonundan Astara şəhəri istiqamətində hərəkətdə olan zaman yolun hərəkət hissəsinə çıxan piyada Nazim Baxşiyevi avtomobilin ön hissəsi ilə vurmuşdur. Hadisə yerində yol asfalt örtüklüdür. Asfalt yolun hərəkət hissəsinin eni 6,40 metr, sol zolağın eni 3,20 metr, sağ zolağın zolağın eni 3,20 metrdir. Piyadanın vurulduğu yerdən meyitin olduğu yerədək məsafə 5,30 metr, meyitin olduğu yerdən yolun sağ tərəfinə məsafə 0,63 metr, 1.5 metr nişanlanma xəttinə olan məsafə 2,57 metrdir. Piyadanın vurulduğu yerdən 1.5 metr nişanlanma xəttinə olan məsafə 0,30 metr, solun sağ tərəfinə məsafə 2,90 metrdir. Avtomobilin sol təkərinin tormoz izi 23,20 metr, sağ təkərinin tormoz izi 19,60 metrdir. Hərəkət hissəsinin müəyyən edilmiş yol həddi 60 km/saatdır. Ətrafda işıq dirəkləri yoxdur. Cinayət işinin 12-14 vərəqlərində olan 30 oktyabr 2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, yük avtomobilinin ön radiator barmaqlıqlarının yol-nəqliyyat hadisəsi zamanı tamamilə zədələnməsi və qalıqlarının hadisə yerində qalması müəyyən edilmişdir. Cinayət işinin 108-114-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli, 22 nömrəli rəyindən məlum olur ki, mərhum 1980-ci il təvəllüdlü X3 bədəni üzərində - kəllə sümüklərinin (hər iki gicgah-alın-təpə) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, sol tərəfli İ qabırğanın sınığı, sol körpücük sümüyünün sınığı, sağ baldır, sağ bud, burun, alt çənə və hər iki almacıq sümüklərinin sınıqları, alın, sağ əl nahiyələrində əzilmiş yaralar, sağ bud, sağ dirsək, sol pəncə nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan yük maşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığın ağır zərə vurmanın əlamətlərinə malikdirlər. Mərhumun ölümünə - başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (alın, hər iki gicgah, təpə) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma səbəb olmuşdur. Məhkəmə - kimya müayinəsi zamanı məhrum X3 qanında 1,2 ml qr faiz etil spirti aşkar edilmişdir. Qanda tapılmış etil spirtinin miqdarı canlı şəxslər yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Cinayət işinin 135-137-ci vərəqlərində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 8/3252 saylı rəydən məlum olur ki, Daf markalı, 07BK642 dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən haidsə yerindən getdiyindən onun hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 37-ci maddəsinin 4-cü hissəsinin” tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 26-cı vərəqində olan 31 oktyabr 2024-cü il tarixli, 001502 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. Cinayət işinin 106-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Lənkəran Rayonlarası Qeydiyyat İmtahan və X13 alınmış 29 noyabr 2024-cü il tarixli, 10956/2024 saylı məktubundan məlum olur ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Astara rayonu, Siyaku kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə «BCE» kateqoriyalı BD-083723 saylı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Cinayət işinin 139-145-ci vərəqlərində olan 21 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Astara RPŞ-nin istintaq bölməsinin müstəntiqi X2 qərarından görünür ki, “DAF” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobil və hadisə zamanı həmin yük avtomobilinin zədələnmiş ön radiator barmaqlıqları iş üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün mülkiyyətçisi Şahid1 qaytarılmışdır. Cinayət işinin 27-28-ci vərəqlərində olan 31 oktyabr 2024-cü il tarixli "şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə saat 23:05-də Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinində olan 01 noyabr 2024-cü il tarixli "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 67-70-ci vərəqlərində olan Astara Rayon Məhkəməsinin 4(018)- 74/2024 saylı 01 noyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 91-96-cı vərəqlərində olan Astara Rayon Məhkəməsinin 4(018)- 77/2024 saylı 15 noyabr 2024-cü il tarixli qərardan məlum olur ki,zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 87-88 vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 85-86-cı vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X5,11 fevral 2009-cu il təvəllüdlü qızı X9 və oğlu 13 noyabr 2012-ci il tvəllüdlü X8 ilə birlikdə Astara rayonu, Siyaku kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 89-cu vərəqində olan Astara rayon Xüsusi notariusu Cavid Mircavadovun təsdiqlədiyi 15 noyabr 2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 Təqsirləndirilən şəxs barışmışdır. Ona vurulan ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Bununla bağlı gələcəkdə heç bir şikayət və tələbi olmayacaqdır. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli barışıq sazişindən görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin hüquqi varisi X12 arasında razılıq əldə olunmuş, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokol, hadisə yerinin sxemi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilmişdir.Sübutlar mötəbərdir və qanuni yolla əldə edilmişdir. İstintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. QANUNVERİCİLİK : “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarında göstərilir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yolnəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yolnəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmişi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü barəbar tutulur. İstinad edilən maddələrin tələbləri baxımından Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının bir gününə azadlıqdan məhrum etmə cəzasının iki günü bərabər tutmaqla əsas və əlavə cəzalar Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-158.2-ci maddəsinə əsasən şəxsin həbsdə saxlandığı müddətə daxildir- tutulduğu, həbsdə saxlandığı və ev dustaqlığında olduğu müddətlər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanının müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 04 (dörd) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübut kimi tanınmış və saxlanması üçün mülkiyyətçisi Şahid1 verilmiş “DAF” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və hadisə yerindən götürülmüş ön radiator barmaqlıqları mülkiyyətçisi Şahid1 qaytarılmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə məsrəfini təşkil edən məhkəmə yol-nəqliyyat ekspertizasının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 il müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 04 (dörd) ay 04 (dörd) gün ona təyin edilən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün mülkiyyətçisi Şahid1 verilmiş “DAF” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisə yerindən götürülmüş zədələnmiş ön radiator barmaqlıqları mülkiyyətçisi Şahid1 qaytarılmış hesab edilsin. Məhkəmə məsrəfi hesab edilən ekspertiza xərci 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-34/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-34/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver