Məhkəmə qərarları › İş №1(018)-36/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-36/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-36/2024 15.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs İran İslam Respublikasına getmək məqsədi ilə 22 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonu Züngüləş kəndində yerləşən 14-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 880 metr aralıda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 8 il əvvəl rəsmi yolla, işləmək məqsədilə Ukrayna Respublikasına getmişdir. Ukrayna Respublikası vətəndaşı qadınla Ukrayna Respublikasında rəsmi nigaha daxil olmuş, lakin 2022-ci ilin fevral ayında Ukraynaa və Rusiya Federasiyası arasında baş verən müharibə ilə əlaqədar rəsmi yolla 2022-ci ilin mart ayında Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. O, Azərbaycan Respublikası ərazisində müxtəlif işlərdə işləmişdir. 2022-ci ilin iyun ayında rəsmi yolla İran İslam Respublikasına oradan da Türkiyə Respublikasına işləmək məqsədilə getmişdir. Lakin Türkiyə Respublikasında onun istədiyi iş olmadığından yenidən geri, Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. O, Azərbaycan Respublikasında olarkən yenidən Ukrayna Respublikasına getmək istəsə də, onun qarşısına müxtəlif bəhanələr gətirərək onun işində maneə törətməyə çalışmışlar. O da bu səbəbdən vətəndaşlıqdan imtina etmək məqsədilə şəxsiyyətini təsdiq edən rəsmi sənədlərini və xarici pasportunu məhv edərək yandırmışdır. Bundan sonra o, qeyri-rəsmi yolla İran İslam Respublikasına getmək qərarına gəlmişdir. Bu məqsədilə Astara rayonun Zülgüləş kəndi ərazisinə gəlmiş və dövlət sərhədini qanunsuz olaraq keçmək üçün əlverişli yer axtarmağa başlamışdır. Bir qədər hərəkət etdikdən sonra sərhədçilər ona “dayan” komandası verərək saxlamışlar. 22 yanvar 2024-cü ildə qanunsuz yolla İran İslam Respublikasına getməkdə məqsədi orada işləmək istəyi olmuşdur. O, sərhədi qanunsuz yolla keçməyə cəhd etməsinə peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin «N» nömrəli hərbi hissənin Əməliyyat-axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 yanvar 2024-cü il tarixdə 01 nəfər şübhəli şəxsin Astara rayon Züngüləş kəndində olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal qrup təşkil edərək özünün rəhbərliyi altında qeyd olunan istiqamətdə hərəkət etmiş və axtarış tədbirlərini həyata keçirmişdir. Axtarış zamanı 14-cü sərhəd zastavasının 2-ci sahəsində dövlət sərhəd xəttindən 880 metr aralı Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət edən 01 nəfər şübhəli şəxs saxlanılmışdır. Saxlanılmış şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və qanunsuz olaraq İran İslam Respublikasına keçmək istəməsini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 15 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan “İnzibati qaydada tutma protokolundan” məlum olur ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə saat 20:20-də inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan yaşayış yeri üzrə xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs müsbət xasiyyətlənir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DSX-nin N nömrəli hərbi hissənin komandiri polkovnik Əli Əliyevin 23 yanvar 2024-cü il tarixli, 3-38/2- 16/249/24 №-li məktubunda göstərilir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərərkən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 22 yanvar 2024cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz olaraq keçməyə cəhd göstərdiyi ərazi N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa hüdudlarıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-in 02 fevral 2024cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs orada müailicə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədinin «N» nömrəli hərbi hissəsinin 14-cu sərhəd zastavasının 2-ci sahəsindən dövlət sərhədini qaçaq yolla İİR-dan Azərbaycan Respublikası istiqamətində keçməsinə hər hansı bir şəxsin köməklik göstərmədiyi müəyyən edilmiş, onun İran İslam Respublikasına getməkdə məqsədinin işləmək olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə verilmiş 24 yanvar 2024-cü il tarixli, 159 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham tam sübuta yetmişdir. Onun əməlində cinayət tərkibi vardır və düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-nin 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətlənməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar