Məhkəmə qərarları › İş №1(018)-36/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-36/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-36/2025 12.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, “X7 Xidmət mərkəzində” sosial işçi işləyən, əvvəllər məhkum olunmayan, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədi ilə Astara rayonu, Siyakü kənd sakini Zərərçəkmiş şəxs Bakı şəhərində yüksək vəzifədə işləyən tanışları olduğunu bildirib, etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs 3 azyaşlı övladını Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətində olan məktəblərdən birində təhsil almalarını təmin edəcəyini yalandan vəd verib aldatmaqla istifadəsində olan, "xxxx" ASC tərəfindən verilmiş “4169 7387 9765 0656” və ğ4169 7388 7430 5745 nömrəli debit bank kartlarına 15 aprel 2024-cü il tarixdə, saat 12:19-da Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən "xxxx"ın filialında olan “Milliön” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən göndərilən 150 manat, 18 aprel 2024-cü il tarixdə, saat 09:40-da Astara rayonu, Siyaku kəndində yerləşən “Əli” marketdə olan “eManat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən göndərilən 100 və həmin tarixdə, istintaqla müəyyən edilməmiş vaxtda Astara rayonu, Siyaku kəndində yerləşən “Əli” marketdə olan “eManat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən göndərilən 300 manat, 2024-cü ilin aprel ayının ortalarından həmin ilin 09 may tarixinədək, istintaqla dəqiq müəyyən edilməmiş tarixlərdə və vaxtlarda Zərərçəkmiş şəxs tərəfindən mobil telefonuna quraşdırılmış "xxxx" ASC-nin “Birbank” mobil tətbiqi vasitəsilə göndərilən ümumilikdə 450 manat, 09 may 2024-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs Astara rayonu, Siyakü kəndində yerləşən yaşadığı evdə sonuncu tərəfindən əlbəəl formada verilən 5000 (beş min) manat və, 09 may 2024-cü il tarixdən 12 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə və vaxtlarda ayrı-ayrılıqda 30, 100, 120, 15, 100, 50, 40, 15, 100, 120, 3, 220, 50, 30, 410, 30, 50, 40,100, 25, 410, 120, 220, 220, 220, 40, 15, 50, 30, 250, 40, 50, 410, 120, 50, 25, 82 manat olmaqla Zərərçəkmiş şəxs tərəfindən “Birbank” mobil tətbiqi vasitəsilə göndərilən 4000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “X7 xidmət mərkəzi”ndə fəaliyyət göstərən “Yaşat Fondu”nda könüllü olaraq işləyirmiş. 2021-ci il tarixdən onlar “Yaşat” fondunun işçiləri olaraq şəhid dəfnlərində təşkilatçılıq işində iştirak edirmiş, bundan başqa şəhid ailələri, qazi və veteranların işləri ilə də yaxından maraqlanaraq onlara köməklik göstərirmiş, bunun üçün həmçinin “whatsapp” qrupları yaratmışlar ki, “Yaşat Fondu” tərəfindən keçiriləcək olan tədbirlər barədə şəhid ailələrinin üzvlərinə məlumat versinlər və onların iştirakını təmin etsinlər. Həmin əsnada Zərərçəkmiş şəxs tanımış, onu şəhid ailələri üçün açdıqları “whatsapp” qrupundan tanımış, onun 3 övladını və digər şəhid ailələri övladlarını onlar üçün təşkil olunan tədbirlərə aparmışdır. 2023-cü ilin dekabr aylarından onlar “whatsapp” da əlaqə saxlamağa başlamış, maddi durumu yaxşı olmadığından Zərərçəkmiş şəxs mütəmadi olaraq müxtəlif məbləğlərdə borc pul istəmiş, 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxs onu uşağının ad gününə dəvət etmiş, onların evinə getmiş, gecəni onlarda qalmış, daha sonra onlardan çıxanda Asiyadan pulu olmadığı üçün 200 manat pul istəmiş, Asiya onun üçün meyvə payı düzəldərək həmin 200 manatı da həmin paketə qoymuşdur. Bundan sonra onların münasibətləri daha da yaxınlaşmış, Zərərçəkmiş şəxs ondan Bakı şəhərində kirayə ev tapmağını istəmiş, bu səbəbdən kartına üç dəfə 400 manat pul göndərmiş, lakin o Bakı şəhərinə gəlmədiyindən həmin pulları xərclərmiş, Asiya da ona heçnə demirmişdir. Hər dəfə pula ehtiyyacı olduğundan Zərərçəkmiş şəxs pul istəmiş və Asiya onun 4169 7387 9765 0656 və 4169 7388 7430 5745 nömrəli bank kartlarına müxtəlif məbləğlərdə, ümumilikdə 4600 manata yaxın pul göndərmiş, sonuncu dəfə 2024-cü ilin oktyabr ayında onun kart hesabına “Birbank” vasitəsilə 120 manat pul göndərmiş, ona pulunu qaytaracağını bildirsə də maddi vəziyyəti yaxşı olmadığından qaytara bilməmişdir. Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə ümumilikdə 4600 manata yaxın pul alsa da ondan uşaqlarını prezidentin nəzarətində olan məktəbə düzəltmək adı ilə 5000 və daha çox məbləğdə pul almamış, bu barədə məlumat əsassızdır. Zərərçəkmiş şəxs 3 azyaşlı şəhid övladını Bakı şəhərində və digər yerlərdə şəhid ailələri üçün təşkil olunan tədbirlərə aparmış və onların iştirakını təmin etmiş, daha sonra Zərərçəkmiş şəxs etibarını qazanaraq ondan müxtəlif bəhanələrlə hissə - hissə borca 5000 manata yaxın pul alaraq geri qaytarmamış, lakin Zərərçəkmiş şəxs evində olan zaman ona 200 manat xərclik vermiş, onun evində olan zaman atası İmaməddinin yanında ondan 5000 manat almamış, həmçinin Asiyaya Bakı şəhərində yüksək vəzifədə işləyən tanışlarının olması barədə bildirməmişdir. Etdiyi hərəkətin yanlış olduğunu başa düşür, buna görə peşmandır. Dəymiş ziyanı qismən ödəmiş, hazırda onun Asiyaya 2400 manat borcu qalmış, Asiya ondan şikayətçi deyildir. Bütün bu deyilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Astara rayonu Siyakü kəndində anadan olmuş və həmin kənddə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, kollecdə oxuyur, 3 övladı vardır, övladlarının atası X2 İİ Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. İİ Qarabağ müharibəsi şəhidi X1 həyat yoldaşıdır, şəhid ailəsi olduğu üçün övladları və özü mütəmadi olaraq şəhid ailələri üçün təşkil edilən tədbirlərdə iştirak edirmiş, “Whatsapp” tətbiqində həmin tədbirlərin keçirilməsini elan verən qrup varmış və Təqsirləndirilən şəxs həmin qrupda olmuşdur. 2024-cü ilin mart ayında “Yaşat” fondu tərəfindən şəhid ailələrinin övladları üçün Bakı şəhərində tədbir keçirilirmiş, 31 mart 2024-cü il tarixdə hər üç azyaşlı övladını Masallı rayonunda yerləşən “Asan” xidmət mərkəzinə apararaq orada sosial işçi kimi işləyən Təqsirləndirilən şəxs təhvil vermiş, ilk dəfə həmin vaxt Təqsirləndirilən şəxs tanımış, ondan sonra Təqsirləndirilən şəxs övladlarının ad günündə onlara qonaq da gəlmişdir. Ailə üzvləri də Təqsirləndirilən şəxs tanıyırmış, Əmrah onlara özünü xeyirxah insan kimi tanıtdırmış, bu səbəbdən ailəlikcə ona etibar etmişlər. 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxsla “Whatsapp” tətbiqində əlaqə saxlayan zaman ona yaxşı əlaqələri olduğunu, Bakı şəhərində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə 3 övladını şəhid övladları olduğu üçün Azərbaycan Respublikası Prezidentinin nəzarətində olan xüsusi məktəblərdən birində təhsil almalarını təşkil edə biləcəyini bildirmiş, bu barədə ondan maraqlananda Əmrah ona bildirmişdir ki, həmin məktəbə şəhid ailələrinin övladları təhsil alır və gələcəkləri üçün perispektivli məktəbdir, onlar üçün hər şərait yaradılır, Əmraha inanmış və ondan bunun üçün nə etmək lazım olduğunu soruşmuş, Əmrah bunun üçün 5000 manat pul verməli olduğuğu bildirmişdir. Əmrahla razılaşmış, 2024-cü ilin aprel ayından may ayının 9-dək Əmraha ümumilikdə 1000 manat pul göndərmiş, 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onların yaşadığı evə qonaq gəlmiş, həmin vaxt o uşaqlarının məktəb işi üçün ondan 5000 manat pul istəmiş, saat 23 radələrində atası İmaməddin Bakı şəhərindən xəstəxandan evə gəlmiş və həmsöhbət olan zaman atasından Əmrahın uşaqların məktəbi üçün 5000 manat pul istədiyini demiş, atası da Əmrahı yaxşı biri kimi tanıdığından yox deməmiş və ona pul verməsinə razılıq vermişdir. Nəğd şəkildə 5000 manat pul sayıb Əmraha vermiş, Əmrah həmin gün gecəni onların evində qaldıqdan sonra səhərisi yola düşmüş, bundan sonra Əmrah, mütəmadi olaraq ondan uşaqların məktəb işi üçün sənədləşmələr aparıldığını, həmçinin bu səbəbdən tez-tez Bakı şəhərinə gedib gəldiyini bildirərək pul istəmiş və onun öz adına olan kart hesabına Astara rayonu ərazisindən ödəmə terminalları vasitəsi ilə və card to card xidmətilə 100-700 manat aralığında təxminən 5000 manat pul göndərmiş, sonuncu dəfə 2024-cü ilin oktyabr ayında onun kart hesabına “Birbank” vasitəsilə 120 manat pul göndərmiş, bununla da ümumilikdə Təqsirləndirilən şəxs 10.000 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs sonradan ona bildirmişdir ki, onun pulunu verməyəcək, ondan pulunu geri istəyəndə hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməkdən yayınmışdır. Bu səbəbdən Astara rayon prokurorluğuna müraciət edərək, ona dəymiş maddi ziyanın geri qaytarılmasında köməklik göstərilməsini və Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasını xahiş etmiş, şəhid övladları olan 3 uşağının prezident nəzarətində olan xüsusi məktəblərdən birində təhsil almalarını təşkil edə biləcəyini vəd verdiyi üçün Əmraha inanıb onun təqdim etdiyi kart hesablarına 2024-cü ilin aprel ayından may ayının 9-dək hissə-hissə olmaqla ümumilikdə 1000 manata yaxın pul göndərmiş, 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onların yaşadığı evdə olan zaman isə atası İmaməddinin yanında ona 5000 manat pul vermiş və onda həmin pul göndərişlərinə dair qəbzlər vardır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 7600 manat ödənilmiş, geri qalan 2400 manat pulun qaytarılması ilə bağlı razılığa gəlmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil, barəsində həbslə bağlı olmayan cəza verilməsini verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs İİ Qarabağ müharibəsi şəhidi X1 həyat yoldaşıdır, onlar 2017-ci il tarixdə ayrılmış və həmin vaxtdan qızı Asiya 3 övladı ilə birlikdə onun evində yaşayır, qızı Asiya şəhid ailəsi olduğu üçün övladları və özü mütəmadi olaraq şəhid ailələri üçün təşkil edilən tədbirlərdə iştirak etmişlər. Təqsirləndirilən şəxs “Yaşat” fondu tərəfindən şəhid ailələri üçün keçirilən tədbirlərin təşkilatçılarından biri kimi tanıyır, Təqsirləndirilən şəxs onun nəvələrini müxtəlif tədbirlərə aparırmış, həmin vaxtdan onların ailəsilə Əmrahın arasında xoş münasibət yaranmış, ilk dəfə 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onların yaşadığı evə qonaq gəlmiş, həmin vaxt özü xəstəxanda olduğundan evə saat 23 radələrində gəlmiş və Əmrahla bir qədər söhbət etmiş, Əmrah həmin gün onlarda qalmış və səhərisi gün evdən çıxaraq getmiş, axşam saatlarında qızı Asiya ona bildirmişdir ki, Əmrahın Bakı şəhərində yüksən vəzifədə işləyən tanışları var, onun 3 azyaşlı övladını Bakı şəhərində prezidentin nəzarətində olan məktəblərdən birində oxutdurmaq üçün ondan 5000 manat pul istəmiş, Əmrahın yaxşı insan olduğunu və onlara yalan danışmadığını fikirləşərək ona inanmış və qızı Asiyaya razılıq vermişdir ki, Əmraha 5000 manat versin, axşam Əmraha 5000 manat vermişlər və Əmrah səhər çıxıb getmiş, bundan başqa da qızı Zərərçəkmiş şəxs ona ümumilikdə 2000 manat verməsinin şahidi olmuş, Asiya adətən pulu onun kart hesablarına göndərmişdir. Qızı Asiya ona Əmraha ümumilikdə 10000 manat pul verdiyini bildirmişdir. İşdə olan 12 noyabr 2024-cü il tarixli “qəbzə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2024-cü il ərzində naməlum tarixdə və vaxtda 30, 100, 120, 15, 100, 50, 40, 15, 120, 3, 220, 50, 30, 410, 30, 50, 40,100, 25, 410, 120, 220, 220, 220, 40, 15, 50, 30, 100, 250, 40, 50, 410, 120, 50, 25 manat məbləğlərində, ümumilikdə 3918 manat pul vəsaitlərini öz istifadəsində olan “Kapital Banka” aid “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs ona təqdim etdiyi kart hesablarına göndərmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 10000 manat ziyandan 7600 manat ödənilmiş, geri qalan 2400 manat pulun ödənilməsi bağlı aralarında notarial qaydada razılıq vardır. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs 10000 manat yox, 4600 manat pul almasını, həmin pulu da sonuncunun uşaqlarının hər hansı bir xüsusi məktəbə düzəltmək adı altında deyil, borc olaraq olaraq almasını bildirməsini qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin hallar onun cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri zərərçəkmiş şəxs və şahid ifadələri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Masallı RİHB-nın Təzə Alvadı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli 434 №-li arayışdan görünür ki, Abuşov X4 rayonu Təzə Alvadı kəndində qeydiyyatdadır və Masallı şəhərində yaşayır. İş materiallarında olan Masallı RİHB-nın Təzə Alvadı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, iş üzrə ona dəymiş ziyan qismən ödənilmişdir, şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerində mübət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini,zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur.. Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 12 noyabr 2024-cü il tarixdən 12 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ayına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası saxlansın Təqsirləndirilən şəxs üzərinə Masallı rayonun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Masallı rayonu Təzə Alvadı kəndi ünvanında yerləşən evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə zərərçəlmiş şəxsə geri qalan ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilsin Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov “

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar