Məhkəmə qərarları › İş №1(018)-39/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-39/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-39/2024 16.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs: Abdulla Nurmaqamedovun və Müdafiəçi1 iştirakları ilə, 07 avqust 1999-cu il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Levoşinski rayonu, Ulluaya kəndi, Yuri Qaqarin küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Abdulla Nurmaqamedovun Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Abdulla Nurmaqamedov 09 yanvar 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən ümumilikdə təsiredici maddəsinin miqdarı xeyli miqdar - 0,063 qram təşkil edən 63 həb alprazolam psixotrop maddəsini əldə etmiş, onlardan 1 konvalyutda 3 həbi idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SK027” markalı, AE822339 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının salonundakı yataq yerinin üzərində olan özünə məxsus gödəkcənin sağ cibinə, 1 konvalyutda 10 həbi salondakı surətlər qutusunun yanına, 5 konvalyutda 50 həbi isə sükanın qarşısındakı alətlər panelinin üzərinə yerləşdirib saxlamış, 09 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirərək daşımış, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən həmin tarixdə, saat 16 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” modul tipli gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd edilən tarixdə nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı gödəkcənin sağ cibində olan 1 konvalyutda 3 həb və surətlər qutusunun yanında olan 1 konvalyutda 10 həb aşkar edilərək götürülmüş, göstərilən yoxlama zamanı o, sükanın qarşısındakı alətlər panelinin üzərində olan 5 konvalyutda 50 həbi əynində olan alt paltarı-tumanının içərisinə yerləşdirərək gizlətmiş, gizlətdiyi həblərin 4 konvalyutda 40 həbini barəsində Astara Gömrük İdarəsində təhqiqat orqanı tərəfindən araşdırma aparılan zaman həmin orqanın əməkdaşının müşayiəti altında qeyd edilən idarənin inzibati binasındakı sanitar qovşaqdan istifadə edərkən göstərilən əməkdaşdan gizli şəkildə sanitar qovşağın pəncərəsindən idarənin həyətinə atmış və onun alt paltarı-tumanının içərisində qalan 1 konvalyutda 10 həb 10 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində keçirilmiş həkim müayinəsi zamanı, həyətə atdığı 4 konvalyutda 40 həb isə 10 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində həmin yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Abdulla Nurmaqamedov ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Astara gömrük idarəsinin inzibati binasının həyətində tapılan 4 konvalyutda 40 ədəd “alprozolam” həbi ona məxsus olmamışdır. Çünki o, həmin binanın sanitar qovşağından istifadə edərkən əgər həmin həblər onun üzərində olsa idi, o, rahatlıqda həmin həbləri sanitar qovşağa atardı. Ona görə də onun həmin 40 ədəd həblə heç bir əlaqəsi yoxdur. İran İslam Respublikasında növbə gözləyən zaman yata bilmədiyindən dərman atmaq qərarına gəlmiş və xatırlamadığı qiymətə hər birində 10 həb olan, 2 konvalyutda cəmi 20 həb və 1 konvalyutda 4 həb, ümumilikdə 24 həb “alprazolam” həbi almışdır. O, həmin həblərə görə də artıq bir ilə yaxın müddətdir ki, həbsdədir və cəzasını artıq çəkmişdir. Abdulla Nurmaqamedovun həmin cinayəti törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, işin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində Abdulla Nurmaqamedov ifadəsində göstərmişdir ki, bir neçə ildir yük nəqliyyat vasitəsi sürücüsü işləyir, idarə etdiyim “Renault Magnum 440” markalı dartıcı və həmin dartıcının “SCHMİTZ SK027” markalı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ona məxsus deyildir, onu etibarnamə əsasında idarə edir. 03 yanvar 2024-cü il tarixdə idarə etdiyi Renault Magnum 440” markalı dartıcı və həmin dartıcının “SCHMİTZ SK027” markalı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə 04 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasının ərazisinə keçmiş, İran İslam Respublikasının ərazisində olarkən 08 yanvar 2023-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinə Rusiya Federasiyasına daşımağı üçün “təzə portağal” yükü yüklənmiş, o, həmin yükü Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşımalı olmuşdur. O, həmin yükü yüklədikdən sonra İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün İranın Astara gömrük postunun qarşısında gözləməyə başlamışdır. Orada növbə gözləyərkən yata bilmədiyindən yuxulamaq üçün yaxınlıqdakı adını xatırlamadığı aptekdən “yuxu gətirən” dərman almaq qərarına gəlmiş və bu məqsədlə həmin tarixdə postun yaxınlığındakı adını xatırlamadığı aptekə daxil olmuşdur. O, aptekdə işləyən şəxsdən ona “yuxu gətirən” dərman verməsini xahiş etmiş, həmin şəxs də ona “alprazolam” dərmanını məsləhət görmüşdür. Bunun üçün o, həmin şəxsə hər hansı resept təqdim etməmiş, ümumiyyətlə onun yuxu ilə bağlı hər hansı xəstəliyi yoxdur, sadəcə həmin gün yata bilmədiyindən özü belə dərman atmaq qərarına gəlmişdir, hər hansı həkim ona bu barədə resept yazmamışdır. O, həmin şəxsin məsləhəti əsasında ondan xatırlamadığı qiymətə hər birində 10 həb olan, 2 konvalyutda cəmi 20 həb və 1 konvalyutda 4 həb, ümumilikdə 24 həb “alprazolam” həbi almışdır. O, həmin həbləri aldıqdan sonra yenidən idarə etdiyi nəqliyyat vasitəsinə qayıtmış və nəqliyyat vasitəsində olarkən 4 həb olan konvalyutdan bir həb götürərək istifadə etmiş, ardınca həmin konvalyutu dartıcının yataq yerinin üzərində olan gödəkcəsini sağ cibinə yerləşdirmiş, içərisində 10 həb olan 1 konvalyutu dartıcının salonunda, sürətlər qutusunun yanına, içərisində 10 həb olan 1 konvalyutu isə sükanın qarşısına, alətlər panelinin üzərinə qoymuşdur. Bundan sonra o, 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində İranın Astara gömrük postundan Azərbaycanın gömrük postuna daxil olmuşdur. O, postun yoxlama xəttinə daxil olduqdan sonra orada olan gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq ona məxsus əşyalarda və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o isə öz növbəsində üzərində, ona məxsus əşyalarda və idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onun idarə etdiyi yük nəqliyyat vasitəsini xidməti it tətbiq etməklə yoxlama aparmağa başlamış və xidməti it nəqliyyat vasitəsinin dartıcısının kabinəsinə reaksiya vermişdir. Bunun ardınca gömrük əməkdaşı həmin yerə 2 hal şahidi dəvət edərək onun, hal şahidlərinin və başqa bir gömrük əməkdaşının iştirakı ilə nəqliyyat vasitəsinin dartıcısının kabinəsində yoxlama aparmağa başlamışdır. Yoxlama nəticəsində gömrük əməkdaşı dartıcının yataq yerinin üzərində olan gödəkcəsinin sağ cibindən 1 konvalyutda 3 həb, dartıcının salonunda, sürətlər qutusunun yanından 1 konvalyutda 10 həb “alprazolam” aşkar etmiş və şifahi olaraq ona həmin həbin psixotrop tərkibli olduğunu söyləmişdir. Bu zaman o, qorxduğundan aşkar edilməməsi üçün gömrük əməkdaşınnın başının yoxlamaya qarışmasından istifadə edərək sükanın qarşısına, alətlər panelinin üzərinə qoyduğum 1 konvalyutda 10 həbi alt paltarımın-tumanın iç tərəfinə yerləşdirmiş və heç kim bu halı müşahidə edə bilməmişdir. Bundan sonra aşkar edilən predmetlər götürülmüş və bu barədə protokol tərtib edilmiş, lakin o, məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün protokolu imzalamaqdan imtina etmişdir. Daha sonra gömrük əməkdaşı hal şahidlərinin iştirakı ilə onun üzərini yoxlamağa başlamış, lakin bu yoxlama zamanı alt paltarı-tumanının iç tərəfində gizlətdiyi 1 konvalyutda 10 həb “alprazloam” aşkar edilməmişdir. Gömrük əməkdaşı onun tumanını soyundurmadığından həmin həbləri görə bilməmiş, buna görə də həmin həblər yoxlama zamanı aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, lakin o, eyni səbəbdən protokolu imzalamamışdır. Bütün bu proseslərdən sonra onu araşdırma aparılması üçün təhqiqat orqanına aparmışlar, orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. O, şübhəli şəxs qismində tutulduqdan sonra bir sıra sənədlər tərtib edilmiş, lakin o, eyni səbəbə görə onları imzalamaqdan imtina etmişdir. 09 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixə keçən gecə o, bir qədər özünü yaxşı hiss etmədiyindən bu barədə təhqiqat orqanına məlumat vermiş, bundan sonra onu tibbi müayinədən keçməyi üçün Astara rayon Mərkəzi Xəstəxanasına aparmışlar və orada həkim onu müayinə etməyə başlamışdır. Müayinə zamanı həkim ondan alt paltarı-tumanını çıxarmağını söyləmiş, o, tumanını çıxartdıqda orada gizlətdiyi 1 konvalyutda 10 həb “alprazolam” yerə düşmüş, həkim dərhal həmin konvalyutu yerdən götürmüş və onu müayinə etməyə başlamış, müayinə zamanı hər hansı problem aşkar edilməmiş və həkim onun tumanından aşkar edilən 1 konvalyutda 10 həb “alprazolam”ı araşdırılması üçün təhqiqat orqanına göndərmişdir. O, əvvəllər yalnız marixuana narkotik vasitəsi istifadə etmiş, aptekdə həmin həbləri satan şəxs ona “alprazolam”ın sakitləşdirici olduğunu desə də, onun konkret olaraq psixotrop tərkibli olduğunu deməmişdir. Aşkar edilmiş 23 həb “alprazolam” psixotrop maddəsi ona məxsusdur. Narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə və ya gizlətməklə keçirilməsinin qanunla qadağan olunmasında əvvəlcədən məlumatlı olmuşdur. Saxlanılarkən, eləcə də istintaq və təhqiqat orqanında ona qarşı hər hansı fiziki və ya psixi zorakılığa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 09 yanvar 2024-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq o, Astara Gömrük İdarəsinin “Astara” modul tipli gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirmişdir. Həmin tarixdə, təxminən saat 16 radələrində Rusiya Federasiyası vətəndaşı Nurmagomedov Abdula idarə etdiyi, “təzə portağal” yükü yüklənmiş “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə idxal yoxlama xəttinə daxil olmuşdur. O, qanunvericiliyin tələblərinə uyğun olaraq Nurmagomedov Abdula ilə şifahi sorğu-sual apararaq ondan üzərində, əl yüklərində və idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı, o cümlədən qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş hər hansı predmetin olub-olmamasını soruşmuş, buna cavab olaraq Nurmagomedov Abdula üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində belə predmetlərin olmadığını bildirmişdir. Onun hərəkətləri şübhə yaratdığından nəqliyyat vasitəsində yoxlama keçirmək qərarına gəlmiş və iki hal şahidi dəvət edərək instrukor-kinoloq Şahid5 iştirakı ilə kinoloji xidmət iti vasitəsilə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama başlayarkən yenidən Nurmagomedov Abduladan şifahi şəkildə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük orqanına bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olub-olmamasını soruşmuş, buna cavab olaraq Nurmagomedov Abdula yenidən idarə etdiyi yük nəqliyyat vasitəsində yük müşayiət sənədlərində göstərilmiş yükdən başqa nəqliyyat vasitəsində, eləcə də üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra onun idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Buç” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlama aparmışdır. Bu zaman kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verdiyi üçün nəqliyyat vasitəsinin salonuna gömrük yoxlaması tətbiq edərkən nəqliyyat vasitəsinin salonundakı yataq yerinin üzərində olan sürücüyə məxsus qara rəngli gödəkcənin sağ yan cibindən gömrük nəzarətinə bəyan olunmayan üzərində “Alprazolam 1” yazısı olan 1 konvalyutda 3 həb, nəqliyyat vasitəsinin sürətlər qutusunun yanından isə üzərində “Alprazolam 1” yazısı 1 konvalyutda 10 həb aşkar etmişdir. Bunun ardınca həmin aşkar edilmiş konvalyutları qablaşdırılaraq götürmüş və bu barədə protokol tərtib etmiş, Nurmagomedov Abdula istisna olmaqla, bütün iştirakçılar protokolla tanış olaraq onu imzalamışlar, Nurmagomedov Abdula protokolla tanış olsa da, onu hər hansı səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. Daha sonra zərurət yarandığından gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq Nurmagomedov Abdulanın üzərində iki hal şahidinin iştirakı ilə şəxsi yoxlama aparmış, lakin üzərindən hər hansı hüquqpozma predmeti aşkar etməmişdir. Yekunda bu barədə də protokol tərtib etmiş, Nurmagomedov Abdula istisna olmaqla, bütün iştirakçılar protokolla tanış olaraq onu imzalamışlar, Nurmagomedov Abdula protokolla tanış olsa da, onu hər hansı səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. O, gömrük yoxlaması zamanı gödəkcənin sağ cibindən 1 konvalyutda 3 həb, dartıcının salonunda, sürətlər qutusunun yanından 1 konvalyutda 10 həb “alprazolam” aşkar etdikdən sonra həqiqətən şifahi olaraq Nurmagomedov Abdulaya həmin həbin psixotrop tərkibli olduğunu söyləmişdir. Bununla yanaşı həmin vaxt onun diqqəti yoxlamada olduğundan Nurmagomedov Abdulaya fikir verməmiş, ola bilsin Nurmagomedov Abdula məhz bundan istifadə edərək 5 konvalyutu alt tumanında gizlətmiş, o da bu hərəkəti görməmiş, həmçinin düşünür ki, digər iştirakçıların diqqəti də məhz onun yoxlama ilə əlaqədar hərəkətlərində olduğundan onlar Nurmagomedov Abdulanın bu hərəkətlərini görməmişələr. Bundan əlavə “Astara” modul tipli gömrük postu yeni fəaliyyətə başladığından və şəxsi yoxlama üçün ayrıca otaq olmadığından o, Nurmagomedov Abdulanın şəxsi yoxlamasını başqa bir otaqda aparmış və müvafiq şərait olmadığı üçün bu yoxlamanı onu soyundurmadan sadəcə üzərini, yəni əynindəki paltarların ciblərini yoxlamaqla həyata keçirmiş, buna görə də onun alt paltarında gizlədilmiş konvalyutları şəxsi yoxlama zamanı aşkar edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid1 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin Təcili yardım bölməsinin müdiri vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə işlədiyi “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində növbədə olarkən Astara Gömrük İdarəsinin əməkdaşı Şahid2 müşayiəti altında Rusiya Federasiyası vətəndaşı Nurmagomedov Abdula müayinə olunması üçün tibbi müəssisəsinə gətirilmiş və ilkin tibbi müayinəsi onun tərəfindən həyata keçirilmişdir. O, müayinə aparmaq məqsədilə Nurmagomedov Abdulaya soyunmasını söyləmiş, bu zaman Nurmagomedov Abdula alt paltarı-tumanının içərisindən üzərində “Alprazolam 1” yazısı olan 1 konvalyutda 10 həb yerə düşmüşdür. O, dərhal yerə düşən konvalyutu götürmüş və müayinəni tamamlayıb həmin konvalyutu arayış tərtib etməklə aidiyyəti üzrə gömrük əməkdaşına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin X10i şöbəsinin Sərhəd nəzarəti bölməsinin baş nəzarətçisi vəzifəsində xidmət edir. 10 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində X10 şöbəsinin növbə rəisi kimi xidməti vəzifələrini icra edərkən Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfində, inzibati binada yerləşən sanitar qovşağın pəncərəsinin alt hissəsində yerdə üzərinə “Alprazolam 1” yazılmış 4 ədəd konvolyutda dərman preparatı olduğunu görmüş və dərhal bu barədə gömrük əməkdaşlarına məlumat vermiş, bundan sonra gömrük əməkdaşı Şahid6 həmin yerə gələrək iki hal şahidi dəvət etmiş və onun, eləcə də hal şahidlərinin iştirakı ilə qeyd edilən konvalyutlara ətraflı baxış keçirmiş, bu zaman konvalyutların hər birində 10 həb, ümumilikdə 4 konvalyutda 40 həb olduğu məlum olmuşdur. Yekunda gömrük əməkdaşı həmin konvalyutları qablaşdıraraq götürmüş və bu barədə protokol tərtib etmiş, o da digər iştirakçılarla birgə protokolla tanış olaraq onu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, 10 yanvar 2024-cu il tarixdə, saat 09 radələrində Astara gömrük-sərhəd buraxılış məntəqəsinin rejim zonasında xidməti vəzifəsini icra edən X10 şöbəsinin növbə rəisi Şahid7 Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfində, yerdə üzərində “Alprazolam 1” yazısı olan 4 ədəd konvolyutda dərman preparatı olduğu barədə ona məlumat vermişdir. Bundan sonra o, dərhal inzibati binanın arxa tərəfinə gedərək Şahid7 və iki hal şahidinin iştirakı ilə həmin yerə baxış keçirmişdir. Baxış zamanı Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfində, sanitar qovşağın pəncərəsinin altında yerdə hər birinin içərisində 10 ədəd həb olmaqla, üzərində “Alprazolam 1” yazısı olan ümumilikdə 4 konvolyutda 40 həb müəyyən etmişdir. Baxış başa çatdıqdan sonra aşkar edilmiş konvalyutları müvafiq qaydada qablaşdıraraq götürmüş və bu barədə protokol tərtib etmiş, baxış iştirakçıları da protokolla tanış olaraq onu imzalamışlar. 09 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən ona məlum olmuşdur ki, Rusiya Federasiyası vətəndaşı Nurmagomedov Abdulanın idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən nəqliyyat vasitəsindən “alprazolam” həbləri aşkar edilmiş və faktın araşdırılması Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində təhqiqatçı Şahid2 həvalə edilmişdir. O, həmin tarixdə axşam saatlarında xidməti işləri ilə əlaqədar idarədə olarkən Şahid2 Nurmagomedov Abdulanın iştirakı ilə faktla bağlı sənədləşmə işləri apardığını görmüşdür. Bundan əlavə X3 Cabbarovun müşayiəti altında bir neçə dəfə idarədəki sanitar qovşaqdan istifadə etdiyini müşahidə etmişdir və həmin vaxtlar Şahid2 sanitar qovşağın içərisində, bilavasitə Nurmagomedov Abdulanın yanında deyil, sanitar qovşağın giriş qapısının çölündə sonuncunu gözləmişdir. İdarənin həyətindən tapılan həblər də Nurmagomedov Abdulanın nəqliyyat vasitəsindən çıxan həblərlə eyni, yəni “alprazolam” həbləri olduğundan, həmin həblər 10 yanvar 2024-cü il tarixdə saat 09 radələrində, yəni ilk iş saatlarında tapıldığından, 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında sanitar qovşaqdan Nurmagomedov Abdula istifadə etdiyindən və həblər sanitar qovşağın açıq pəncərəsinin altından, yerdən aşkar edildiyindən, eləcə də 2024-cü ilin yanvarı ayının 9-dan 10-na keçən gecə həkim müayinəsi zamanı Nurmagomedov Abdulanın tumanından eyni adlı həblərdən tapıldığını eşitdiyindən düşünür ki, həmin həblər Nurmagomedov Abdulaya məxsus olmuşdur. Bununla belə həmin həblər onun olduğu təqdirdə, gömrük yoxlaması zamanı onların hansı səbəbdən aşkar edilməməsindən məlumatsızdır. Həmçinin ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında sanitar qovşaqdan Abdulla Nurmagomedovdan başqa heç kim istifadə etməmişdir, həm də həmin sanitar qovşağa kənar şəxslərin daxil olması qadağandı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, 09 yanvar 2024-cü il tarixdə o, eyni postda onun kimi fəhləlik edən Şahid4la birlikdə hər hansı şəxsin onlara yük boşaldıb-yükləmək üçün müraciət etməsini gözləyərkən saat 16-17 radələrində Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1 ona və Şahid4 yaxınlaşaraq “Astara” modul tipli gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində olan nəqliyyat vasitələrinin birinə gömrük yoxlaması tətbiq edəcəyini bildirib onlardan həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar Şahid1 ilə razılaşdıqdan sonra idxal xəttinə getmişlər və orada yoxlamanın əvvəllər tanımadığı, Rusiya Federasiyası vətəndaşı Nurmagomedov Abdulanın idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində aparılacağını öyrənmişlər. Yoxlamada o, Şahid4, digər gömrük əməkdaşı Şahid5 və Nurmagomedov Abdula iştirak emtişdir. Yoxlamadan əvvəl gömrük əməkdaşı Şahid1 Nurmagomedov Abdula ilə şifahi şəkildə sorğu-sual apararaq ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük orqanına bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olubolmamasını barədə soruşmuş, buna cavab olaraq Nurmagomedov Abdula idarə etdiyi yük nəqliyyat vasitəsində yük müşayiət sənədlərində göstərilmiş yükdən başqa nəqliyyat vasitəsində, eləcə də üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra Nurmagomedov Abdulanın idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Buç” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə ətraflı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan yerinin üzərindəki sürücüyə məxsus qara rəngli gödəkcənin sağ yan cibindən üzərində “Alprazolam 1” yazısı olan 1 konvalyutda 3 həb, nəqliyyat vasitəsinin sürətlər qutusunun yanından isə üzərində “Alprazolam 1” yazısı olan 1 konvalyutda 10 həb aşkar edilmişdir. Bunun ardınca həmin aşkar edilmiş konvalyutlar qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmiş, Nurmagomedov Abdulla istisna olmaqla, bütün iştirakçılar protokolla tanış olaraq onu imzalamış, Nurmagomedov Abdula protokolla tanış olsa da, onu hər hansı səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. Bundan sonra 09 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Şahid1 onun və Şahid4 iştirakı ilə Nurmagomedov Abdullanın üzərində şəxsi yoxlama aparmış, lakin onun üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, Nurmagomedov Abdulla istisna olmaqla, bütün iştirakçılar protokolla tanış olaraq onu imzalamış, Nurmagomedov Abdula protokolla tanış olsa da, onu hər hansı səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. Bundan əlavə 10 yanvar 2024-cü il tarixdə o, Şahid4la birlikdə eyni qaydada “Astara” modul tipli gömrük postunda hansı şəxsin onlara yük boşaldıb-yükləmək üçün müraciət etməsini gözləyərkən saat 09 radələrində Astara Gömrük İdarəsinin əməkdaşı Şahid6 ona və Şahid4 yaxınlaşaraq Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfinə baxış keçirəcəyini bildirmiş və onlardan həmin baxışda hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar da razılaşaraq Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfinə getmişlər. Onlar həmin yerə çatdıqdan sonra Şahid6 onun, Şahid4 və DSX-nin əməkdaşı Şahid7 iştirakı ilə Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfinə baxış keçirməyə başlamışdır. Baxış zamanı inzibati binanın arxa tərəfində, binanın sanitar qovşağının pəncərəsinin altında, yerdə üzərinə “Alprazolam 1” yazılmış, hər birində 10 həb olan, 4 konvalyutda 40 həb aşkar edilmişdir. Bundan sonra həmin konvalyutlar qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmiş, o, digər iştirakçılarla birgə protokolla tanış olaraq onu imzalamışdır. Bundan əlavə Şahid1 gömrük yoxlaması zamanı gödəkcənin sağ cibindən 1 konvalyutda 3 həb, dartıcının salonunda, sürətlər qutusunun yanından 1 konvalyutda 10 həb “alprazolam” aşkar etdikdən sonra həqiqətən şifahi olaraq Nurmagomedov Abdullaya həmin həbin psixotrop tərkibli olduğunu söyləmişdir. Bununla yanaşı həmin vaxt onun və digər iştirakçıların diqqəti Şahid1 hərəkətlərində, yəni apardığı yoxlamada olduğundan Nurmagomedov Abdullaya fikir verməmişlər. Ola bilsin Nurmagomedov Abdulla məhz bundan istifadə edərək 5 konvalyutu alt tumanında gizlətmiş, onlar da bu hərəkəti görməmişlər. Bundan başqa Şahid1 Nurmagomedov Abdullanın üzərində yoxlama apararkən onu soyundurmadan sadəcə üzərini, əynindəki paltarların ciblərini yoxlamış, buna görə də onun alt paltarında gizlədilmiş konvalyutlar şəxsi yoxlama zamanı aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 09 yanvar 2024-cü il tarixdə, saat təqribən 16 radələrində Astara modul tipli gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı nömrə nişanlı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Fedrasiyasına geden Rusiya Federasiyasının vətəndaşı Nurmagomedov Abdula ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuş, o, idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını söyləmişdir. Bundan sonra nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi yoxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında – yataq yerinin üzərində yerləşən sürücüyə məxsus qara rəngli gödəkcənin sağ yan cibindən gömrük nəzarətinə bəyan olunmayan üzərində “Alprazolam 1” yazısı olan 1 konvalyutda 3 naməlum həb, nəqliyyat vasitəsinin sürətlər qutusunun yanından isə üzərində “Alprazolam 1” yazısı 1 konvalyutda 10 naməlum həb aşkar edilmiş və qeyd edilən predmetlər qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 10 yanvar 2024-cü il tarixli, 90 nömrəli arayışdan görünür ki, Nurmagomedov Abdula 10 yanvar 2024-cü il tarixdə, saat təxminən 00:05 radələrində müayinə olunması üçün “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə gətirilmiş, müayinə zamanı həkim tərəfindən onun üzərindən 10 həb “alprazolam” dərman preparatı aşkar edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixdə, saat təqribən 09 radələrində X10 şöbəsinin növbə rəisi Şahid7 öz xidməti vəzifəsini yerinə yetirərkən Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfində, yerdə üzərində “Alprazolam 1” yazısı olan 4 ədəd konvalyutda dərman preparatı olduğunu görmüş və bu barədə gömrük əməkdaşlarına məlumat vermiş və bundan sonra keçirilmiş baxış zamanı üzərində “Alprazolam 1” yazısı olan 4 ədəd konvalyutda ümumilikdə 40 ədəd həb olduğu məlum olmuş, ardınca həmin predmetlər qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon “İphone 14 Pro” markalı, “MQ1C3ZA/A” modelli olmaqla, sensorludur, smartfondur, işlək vəziyyətdədir, üzərində +**********1 saylı 1 ədəd SİM-KART vardır, 1-ci İMEİ **********24166, 2-ci İMEİ **********57326-dır. Telefonun “Foto” bölməsinə baxış zamanı həmin mobil telefon vasitəsilə 07 yanvar 2024-cü il tarixdə çəkilmiş, üzərində “Alprazolam 1mg” yazılmış qutunun əks olunduğu 2 ədəd fotoşəkil müəyyən edilmişdir. Qeyd edilən fotoşəkillərə ətrafl baxış keçirildikdə qutunun üzərində “Alprazolam 1mg” yazısından əlavə “Tehran Darou”, “100 scored tablets” (Tərcüməsi: 100 ədəd həb) və “Each scored tablet contains Alprazolam 1mg” (tərcüməsi: hər həb 1 milliqram alprazolam ehtiva edir) yazıldığı məlum olmuşdur. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli vahid avtomatlaşdırılmış idarəetmə sistemində sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nurmagomedov Abdula 18 may 2021-cü il tarixdən 09 yanvar 2024-cü il tarixədək dəfələrlə əsasən “renault magnum 440” markalı, o282hy56 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SK027” markalı, AE822339 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə olmaqla, getdiyi istiqamətdən asılı olaraq “Astara” Və Xanoba” sərhəd nəzarət məntəqələrindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisindən tranzit keçərək Rusiya Federasiyasından İran İslam Respublikasına və əks istiqamətdə hərəkət etmişdir. o, sonuncu dəfə 09 yanvar 2024-cü il tarixdə il tarixdə, saat 15:30-da həmin nəqliyyat vasitəsilə “Astara (Körpü)” X4 keçməklə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” publik hüquqi şəxsindən daxil olmuş 26 yanvar 2024-cü il tarixli, 3-28-1/2-2664/2024 nömrəli məktubdan görünür ki, “Alprazolam 1” adlı dərman preparatı Azərbaycan Respublikası “Dərman vasitələrinin dövlət reyestri”nə daxil deyildir və dövlət qeydiyyatına alınmamışdır, qeydiyyatı olmadığına görə müalicə təyinatı barədə məlumat vermək mümkün deyildir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli fotoşəkillərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Astara Gömrük İdarəsinin inzibati binasının arxasından aşkar edilmiş 4 konvalyutun fotoşəkli və Nurmagomedov Abdulaya məxsus mobil telefona 12 yanvar 2024-cü il tarixdə keçirilmiş baxış zamanı telefonun “Foto” bölməsindən müəyyən edilmiş, üzərinə “Alprazolam” yazılmış qutunun fotoşəklinə konvalyutların və qutunun üzərindəki marka göstəricilərinin eynilik təşkil edib-etməməsini müəyyən etmək məqsədilə baxış keçirilərkən Nurmagomedov Abdulanın alt paltarı-tumanından aşkar edilmiş 1 konvalyutun üzərində olan marka göstəriciləri ilə Astara Gömrük İdarəsinin inzibati binasının arxasından aşkar edilmiş 4 konvalyutun marka göstəriciləri eynilik təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, onların hər birinin üzərinə çap üsulu ilə “Alprazolam 1” və “X13” yazılmışdır. Bundan əlavə baxış nəticəsində Nurmagomedov Abdulaya məxsus mobil telefonundan müəyyən edilmiş, “Alprazolam” qutusunun üzərində də konvalyutlardakı marka göstəriciləri ilə oxşarlıq təşkil edən “Alprazolam 1 mg” və “Tehran Darou” göstəriciləri yazıldığı müəyyən edilmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/102 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən 23 ədəd dərman tabletinin tərkibində ümumilikdə 0,013 qram alprazolam təsiredici maddəsi müəyyən edilmişdir. Qeyd edilən tabletlər kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Alprazolam 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na (siyahı ııı) daxildir. Ekspertiza tədqiqat zamanı 3 həb sərf edilmiş, qalıq say 20 həb təşkil etmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/298 nömrəli rəyindən görünür ki, təqdim edilən 40 ədəd dərman tabletinin tərkibində ümumilikdə 0,04 qram alprazolam təsiredici maddəsi müəyyən edilmişdir. Qeyd edilən tabletlər kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Alprazolam 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na (siyahı ııı) daxildir. Ekspertiza tədqiqat zamanı 4 həb sərf edilmiş, qalıq say 36 həb təşkil etmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/980 nömrəli rəyindən görünür ki, dartıcının salonundakı yataq yerinin üzərində olan gödəkcənin sağ cibindən, dartıcının surətlər qutusunun yanından, Nurmagomedov Abdulanın alt paltarı-tumanının içərisindən və Astara Gömrük İdarəsinin inzibati binasının yerləşdiyi ərazidən aşkar edilən tabletlər kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Ekspertiza tədqiqat zamanı 5 həb sərf edilmiş, qalıq sayı 51 həb təşkil edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 05 fevral 2024-cü il tarixli, 732 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, marixuana narkotik vasitəsi və alprazolam psixotrop maddəsi THC (kannabinoidlər) və BZO (benzodiazepin) qruplarına daxildir. Nurmagomedov Abdulada kannabioidlərdən və alprazolam psixotrop maddəsindən istifadə etmə halları olmuşdur, lakin hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Abdulla Nurmaqamedovun ifadələrində Astara Gömrük İdarəsinin inzibati binasının yerləşdiyi ərazidən aşkar edilən tabletlərin ona məxsus olmaması barədə göstərdiyi xüsusatları cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi kimi qiymətləndirib nəzərə alır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Abdulla Nurmaqamedovun Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs Abdulla Nurmaqamedova cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Abdulla Nurmaqamedovun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Abdulla Nurmaqamedov məhkum olunmamışdır.. Məhkəmə Abdulla Nurmaqamedova cəza təyin edərkən onun gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs Abdulla Nurmaqamedova cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Abdulla Nurmaqamedovun təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək, 206.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Abdulla Nurmaqamedova cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Abdulla Nurmaqamedova təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Abdulla Nurmaqamedova təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Abdulla Nurmaqamedova qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-13/2024 nömrəli, 11.01 2024-cü il tarixli qərarından görünür ki, Abdulla Nurmaqamedovun barəsində həbs etmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən saat 20:30-dan hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Abdulla Nurmaqamedovun cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Abdulla Nurmaqamedov ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Abdulla Nurmaqamedovun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Abdulla Nurmaqamedovun əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan 02 mart «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Abdulla Nurmaqamedovdan götürülmüş və ona məxsus bir ədəd qara rəngli gödəkçə saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər-hansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin bir ədəd gödəkçə Abdulla Nurmaqamedova təhvil verilməlidir. Həmin qərardan görünür ki, Abdulla Nurmaqamedovdan götürülmüş bir ədəd “İphone 14 Pro” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin bir ədəd “İphone 14 Pro” markalı mobil telefon Abdulla Nurmaqamedova geri qaytarılmalıdır Məhkəmə hesab edir ki, Abdulla Nurmaqamedovdan, 330 (üç yüz otuz) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 51 ədəd “Alprazolam” tabletləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Abdulla Nurmaqamedov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abdulla Nurmaqamedova təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Abdulla Nurmaqamedova qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Abdulla Nurmaqamedovun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abdulla Nurmaqamedov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Abdulla Nurmaqamedovdan götürülmüş və saxlanılması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş bir ədəd qara rəngli gödəkçə və cinayət işi materiallarına əlavə olunmuş bir ədəd “İphone 14 Pro” markalı mobil telefon Abdulla Nurmaqamedova geri qaytarılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalan 51 ədəd “Alprazolam” tabletləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Abdulla Nurmaqamedov əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Abdulla Nurmaqamedovdan 330 (üç yüz otuz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar