Məhkəmə qərarları › İş №1(018)-39/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-39/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-39/2025 12.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət vermiş şəxs (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Astara rayonunda anadan olmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, işləməyən, Astara rayonu, Ovala kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təhqiqat orqanı müəyyən etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Astara rayonu, Ovala kənd sakini Təqsirləndirilən şəxs ilə Astara rayonu, Xıçəso kənd sakini Zərərçəkmiş şəxs arasında Astara rayonu, Xıçəso kəndində yaşadığı evdə şəxsi münasibətlər zəmində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol əlinə meyvə bıçaqı ilə vuraraq sonuncuya sol əl nahiyəsində kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Ovala kəndində yaşayır, evlidir, 1 uşağı var və rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun arvadı Şahid qardaşıdır. Şahid xəstə olduğu üçün qardaşı Zərərçəkmiş şəxs evinə getmişdir. Arvadı Şahid evə qayıtmadığı üçün xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində içkili vəziyyətdə Astara rayon Xıçəso kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs evində olan zaman arvadı Şahid ilə evə qayıtmadığına görə mübahisə etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs onun içkili olduğunu görüb onu evdən çıxartmaq istəmişdir. Aralarında mübahisə yaranmış və stolun üstündə olan meyvə bıçağını götürüb qaynı Zərərçəkmiş şəxs sol əlinə xəsarət yetirmişdir. Sonra isə onun yaşadığı evindən çıxıb getmişdir. Yolda gedən zaman əlində olan meyvə bıçağını yol kənarına tullamışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olduğunu, səmimi etirafını qeyd edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlinin törədilməsində təqsirinin olması özünün səmimi etirafı ilə yanaşı iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və cinayət işinin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Astara rayonu, Xıçəso kəndində ailəsi ilə birlikdə yaşayır. Astara rayon Ovala kənd sakini Təqsirləndirilən şəxs onun bacısı Xəyalənin əridir. Bacısı Xəyalə onlara qonaq gəlmiş və müalicə almaq üçün bir müddət onlarda qalmışdır.xx.xx.2025-ci il tarixində saat 21 radələrində Astara rayonu, Xıçəso kəndində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs içkili vəziyyətdə onun evinə gəlmişdir. Bir müddət sonra Xəyalə ilə Hünər mübahisə etməyə başlamışdır. Onları sakitləşdirmək istəyən zaman Təqsirləndirilən şəxs içkili vəziyyətdə ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs masadan götürdüyü meyvə bıçaqı ilə onun sol əlinə xəsarət yetirmişdir. Daha sonra yaşadığı evdən çıxıb getmişdir.. Aralarındakı mübahisə Astara rayonu, Xıçəso kəndində yaşadığı evdə baş vermiş və təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı hadisə yerində kənar şəxs olmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmayan təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid ifadəsi elan edilərək tədqiq edilmişdir.Onun ifadəsi Zərərçəkmiş şəxs ifadəsinə oxşar olmuş və hüç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan sənədlər: İş vərəqi 16-18 də olan Astara RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Astara rayonu, Xıçaso kəndində hadisə baş verən yaşayış evinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya predmet aşkar edilməmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Eyni zamanda həmin kənd ərazisində bıçağın atıldığı yerə baxış keçirilmiş və bıçaq aşkar edilməmişdir. İş vərəqi 21-22-də olan Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzindən Zərərçəkmiş şəxs adına verilmiş, xx.xx.2025-ci il tarixli 16 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində sol əl nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmiş, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş vərəqi 29-da olan Astara RİHB-nin Kijəbə qəsəbəsi İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 154 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 14 iyun 2009-cu il təvəllüdlü X5 adlı uşağı vardır. İş vərəqi 30-da olan Astara RİHB-nin Kijəbə qəsəbəsi İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır. İş vərəqi 31-32-də olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2025-ci tarixdə tərtib edilmiş tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış , lakin Astara rayon məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 1(018) 240/ 2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 73.2 ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(018)-240/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, hazırda baxılan iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə tövsif edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs eyni cinayətə görə cinayət məsuliyyətindən bir dəfə azad edilməsindən düzgün nəticə çıxarmamış və əksinə cəzasız qaldığı üçün yenidən oxşar cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin məcəllənin 72.2–ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin maddənin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən cinayət əməlinin törədilməsi cinayətin ilk dəfə törədilməsi hesab edilməməlidir. Çünki əməli ilk dəfə törətmiş şəxs qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri yerinə yetirdiyi halda artıq ictimai təhlükəli olmadığını ifadə etməklə, cinayət məsuliyyətinə cəlb edilmədən də onun belə davranışlardan çəkinməsinə, islah olunmasına nail olmaq mümkün olur. Lakin şəxsin bir neçə cinayət əməlinin törədilməsində və ya eyni əməli bir neçə dəfə törətməsində təqsirləndirilməsi artıq həmin şəxsin şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Bu kimi hallarda şəxsi cinayət məsuliyyətindən azad etmək, yəni onu dövlət adından mühakimə etməmək, hüquq qaydalarının qorunmasına mane olmaqla və şəxsin təkrar cinayət törətməsinə imkan yaratmaqla bərabər, cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin həllinə imkan verməmiş olar. Həmçinin həmin qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin məzmunu kifayət qədər aydın və birmənalı olmaqla, imperativ qaydada Məcəllənin 72–73- 2 və 74-1-ci maddələri ilə nəzərdə tutulmuş əsaslar üzrə mühakimə olunmaqdan ümumilikdə yalnız bir dəfə azad edilmənin mümkünlüyünü müəyyən etmişdir. Qanunvericiliyin müddəalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ikinci dəfə barışığa əsasən cinayət məsuliyyətindən azad edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib sanksiya daxilində cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini,o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi etirafı, zərərçəkmiş şəxslə barışıq əldə etməsi (59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi (59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə onu islah etmək və cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar