Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-42/2024 09.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, onun nümayəndəsi və vəkili Müdafiəçi1 və barəsində şikayət edilmiş şəxs X4 iştirakı ilə, X3 xüsusi ittiham qaydasında Astara Rayon Məhkəməsinə vermiş olduğu şikayətə iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında məhkəməyə şikayət edərək şikayətini onunla əsaslandırmışdır ki, ali təhsilli olmaqla 15 sentyabr 2006-cı ildən 10 oktyabr 2015-ci ilədək Astara şəhər 7 saylı tam orta məktəbində və Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində biologiya ixtisası üzrə müəllim işləmişdir. 10 oktyabr 2015-ci ildən 03 fevral 2020-ci ilədək 6 saylı məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini, 03 fevral 2020-ci ildə Fərman Əliyarov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmuş və hal-hazıra kimi həmin vəzifədə çalışır. İşlədiyim müddət ərzində məktəb rəhbərliyi olaraq nümunəvi olmuşam. Nümunəvi xidmətimə görə təşəkkür almış, fəxri fərmanla təltif olunmuş, dövlət və ictimai tədbirlərdə yaxından iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Astara Rayon Təhsil Şöbəsinin müdiri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmiş, AZDİ Astara rayon şöbəsinin sədri tərəfindən fəxri fərmanla təltif edilmişdir. Xidmət göstərdiyim müddət ərzində həmişə dövlətimizə və dövlətçiliyimizə sadiq olmuş, layiqli və nümunəvi rəhbər olmuş və rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmiş, ona göstərilən etimadı doğrultmağa çalışmışdır. İşlədiyim dövr ərzində heç bir nöqsana yol verməmişdir. Bir rəhbər kimi işçilərin rəğbətini qazanmağa çalışmışam və demək olar ki, buna nail olmuşdur. Eyni zamanda qeyd etməliyəm ki, işçilər arasında böyük hörmətə sahib olduğum danılmazdır. Lakin Astara şəhər 6 saylı tam orta məktəbin kargüzarı X9 yuxarı instansiyalara, həmçinin hüquq mühafizə orqanlarına ünvanladığı müraciətlərində, sosial şəbəkələrdə, qəzetlərdə həqiqətə uyğun olmayan məlumatlar və böhtan xarakterli məlumatlar dolu ərizələr, izahatlar yazmışdır. X9 yazdığı ərizələrdə və izahatlarda məni ağır cinayətlərdə ittiham edərək məni rəhbərlik və işçilər arasında nüfuzdan salmağa çalışmışdır. X4 yazdıqlarının heç biri həqiqəti əks etdirməsə də, o yazdığı ərizə və izahatlarında, eləcə də sosial şəbəkələrdə etdiyi paylaşımlarda məni dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda ittiham etmişdir. Şikayətlər qanunamüvafiq olaraq araşdırılmış, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilmişdir. Belə ki, X9 etdiyi şikayətlərində 2022-ci ilin mart ayında 8 mart X11 ilə əlaqədar onun məktəbin laborantı Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasnı, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını göstərmişdir. Ancaq Astara rayon prokurorunun böyük köməkçisi, X6 tərəfindən Validə Məmmədovanın şikayəti əsasında araşdırma aparılmış və onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Bundan başqa, X8.com internet informasiya ehtiyatına təqdim edilmiş 25 yanvar 2023-cü il tarixli müsahibəsində direktor Ülviyyə Bayramovanın ona məktəbin ərizələrinin qeydiyyat kitabının vərəqlərini dəyişdirməyi əmr etməsini o, etiraz etdikdə həmin kitabın vərəqləri cıraraq yenisini ora tikib, ona yenidən yazdırmasını, direktor Ülviyyə Bayramovanın “Müəllimlər günün”də, “8 mart qadınlar bayramın”da, özünün ad günlərində və hər ayın sonu əmək haqlarımız verilən zaman qarşısına siyahı qoyaraq onlardan pul yığmasını və kimlərəsə yığdırmasını, özünün direktor Ülviyyə Bayramovaya aylıq rüşvət vermədiyim üçün ona təzyiqlər göstərməsini bildirmişdir. Bundan başqa, Validə Məmmədovanın 26 yanvar 2023-cü il tarixdə facebook internet informasiya ehtiyatının 140 000 –dən artıq üzvü olan təhsil forumu qrupunda və “mektebgushesi.az” internet informasiya ehtiyatında etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yayılmışdır ki, məktəbin direktorunu rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etmişdir. Bundan başqa, Validə Məmmədova 22 065 üzvü olan facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda 31 yanvar 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yayılmışdır ki, 23 ildir ki, katibə işlədiyim Astara şəhər 6 saylı tam orta məktəbə son 3 ildir ki, təyin olunan direktor X1 və rüşvətxor əməlləri barədə 2022 –ci il aprel ayından cənab prezidentə və yüksək qurumlara şikayət ünvanlamışam və hal-hazırda da davam edirir. Çox –çox təəssüflər olsun ki, aidiyyatı qurumlar nəyə görəsə bu direktoru dəstəkləyir və onun bütün nöqsanlarının üstün çox gözəl şəkildə örtürlər. Bütün bunlardan da özünə güc tapan Ülviyyə Bayramova bu sözləri səsləndirərək “get prezidentin sənə kömək etsin” deyərək şikayətçi olduğum üçün ona olmazın təzyiqlər göstərir və onu işdən çıxarmaqla təhdid edir. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 05 fevral 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, kim direktorun hər dediyini edirsə, onun üçün rüşvət toplayırsa onlar yaxşı olur, kim etiraz edirsə direktor olur həmin adamla düşmən. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 08 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, heç bir məktəb rəhbəri təmənnasız şagirdi yola verməz. Hələ bizim məktəbdə uzaq kənddən olan şagirdin adı 11-ci sinifdə gedir aylarla məktəbə gəlmir. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 17 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, bizim məktəbdə direktorun saxtakarlıqları pik həddinə çatıb ancaq hələ ona dur deyən yoxdu. Çünki deyir adamım var. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 17 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, bizim məktəbdə saxtakarlıq baş alıb gedir. Direktor özünə məxsus çətə yaradıb. Bütün saxtakarlıqları onlarla edir. Dəhşətdi. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının 140 000 –dən artıq üzvü olan təhsil forumu qrupunda 18 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, kimin kefi nə vaxt istəyir imza atır. Bir neçə gün işə gəlmir sonra gəlir direktorun razılığı ilə gəlmiyən günlərə də imza atır. Həmin yayımlardan görünür ki, Validə Məmmədova məktəbin sənədlərinin şəklini özbaşına çəkmiş və sosial şəbəkələrdə yaymışdır. Həmin paylaşımlarda daha sonra yer almışdır ki, o Elçin Cəbiyevə cavab verərək bildirmişdir ki, bizi bu həddə çatdıran direktordu. Çünki məktəbdə hegemonluq edir. Bizi aşağılayır şantaj edir. Eləcə də həmin paylaşımlardan görünür ki, X18 Bağırova adlı şəxsə bildirir ki, biz şikayətçiyik deyə bizi şantaj edir ancaq öz komandası ona hədiyyələr verənlər, ad günlərində pul yığıb verənlər öz kefləri ilə işləyir. Daha sonra həmin paylaşımlardan görünür ki, X12 adlı şəxsə bildirir ki, direktor saxtakarlıq edəndə, bizi şantaj edəndə, üstümüzə yalançı şahidlər gətirəndə, imza atdıranda utanmır bəs mən haqqı danışanda niyə utanmalıyam. Bundan başqa iş materiallarına əlavə olunmuş və video materialdan ibarət olan diskdə X4 mənə eyni məzmunlu böhtan xarakterli məlumatları məktəbin həmkarlar təşkilatının iclasında, yəni kütləvi çıxışda yalan olduğunu bilə-bilə yayması faktı öz əksini tapmışdır. Belə ki, təqribən iyirmi nəfər müəllim heyətinin iştirak etdiyi həmin iclasda da X9 məktəbin müəllimlərini dövlətin pulunu mənimsəməkdə və direktorla bölməkdə ittiham edir. Hesab edirəm ki, dövlətin pulunu mənimsəmək və həmin pulun direktorla bölünməsi ilə bağlı deyilən fikirlər məni ağır cinayətdə ittiham etməkdir. Eləcə də diskdə olan video-materialdan görünür ki, Validə Məmmədova qeyd edir ki, məktəbin müllim heyəti direktorun rüşvətxorluğuna göz yuman komandadir. Eləcə də X4 qeyd etdiyi “onu hansısa deputat himayə edir” və ona saxtakar, hegemon deməsi kimi fikirləri bir qadın olaraq mənim şərəf və ləyaqətimə toxunmuş ki, onun mənə münasibətdə həmin fikirləri kütləvi informasiya vasitələrində yaymasını özümə qarşı təhqir hesab etdiyimdən cinayət hesab olunur. X4 internet informasiya ehtiyatlarında və hüquq mühafizə orqanlarına və eləcə də prezident administrasiyasına etdiyi müraciətlərində qeyd etdikləri nə qanuna, nə əxlaq normalarına, nə milli- mənəvi dəyərlərə və nə də ümumbəşəri norma və prinsiplərə uyğun deyil, ən əsası isə yalandır. Lakin barəmdə təhqir və böhtan xarakterli məlumatlar cəmiyyətdə yayılmışdır. Bununla da hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də X4 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı X5 və onun nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında işirak edən barəsində şikayət edilmiş şəxs X9 verdiyi izahatında göstərdi ki, Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X9 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1999-cu il tarixdən hal-hazıra kimi Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində kargüzar vəzifəsində işləyir. İşlədiyi dövr ərzində heç bir nöqsana yol verməmiş, işinin öhdəsindən layiqincə gəlmişdir. X7 03 fevral 2020-ci ildə Fərman Əliyarov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmuşdur. O, direktor X2 Səid Halik oğlunun işə götürülməsi ilə bağlı müraciət etmişdir. Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə onun oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra sonra onların münasibətləri pozulmuşdur.Ülvüyyə Bayramova direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X11 ilə əlaqədar onun məktəbin laborantı Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmiş, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmış, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmış, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəmdır. O, da əvvəllər hər dəfə 20 manat olmaqla pul versə də, sonra imkanı olmadığına görə pul verməmişdir. Buna görə də Ülvüyyə Bayramova ona təzyiq etmiş, onu işdən çıxartmaqla hədələmişdir. Bütün bunlara görə də o, Musavat.com internet informasiya ehtiyatında, Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda Ülvüyyə Bayramovanın rüşvətxorluğu, saxtakarlığı, ona təzyiq etməsi barəsində yazıb, paylaşım etmiş, məktəbin həmkarlar təşkilatının iclasında çıxış etmişdir. X3 onun barəsində yazdığı şikayətin əsası yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayəiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, xüsusi ittihamçı X5 tərəfindən tərtib edilən şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan normalarının tələblərinə cavab vermir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi əks olunmalıdır. Bundan əlavə, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməli olduğu təqdirdə, bununla bağlı xüsusi ittihamçı şikayət ərizəsində göstərilən halları təsdiq edən sübutları, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin onu təhqir etməsi və ya böhtan atması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Digər tərəfdən məhkəmə iclası zamanı müəyyən edildi ki, hər iki şəxs yetkinlik yaşına çatmayan şəxslər olmaqla qanuni nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №1(018)-42/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-42/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver