Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-44/2024 24.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Astara rayonu Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 03 (üç) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Astara Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1(018)-150/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 20 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2023-cü ilin noyabr ayının əvvəllərindən dekabr ayının sonunadək olan müddət ərzində, istintaqa məlum olmayan tarixlərdə və vaxtlarda bir neçə dəfə olmaqla Zərərçəkmiş şəxs1 məxsus Astara rayonu Pensər kəndində yerləşən, başqa saxlanc yeri sayılan həyətyanı sahəsinə hasardan aşıb keçməklə qanunsuz daxil olub, torpaq sahəsində olan istixanadakı limon ağaclarından bir ədədinin dəyəri 0,30 manat (otuz qəpik) olmaqla, ümumi dəyəri 7.500 (yeddi min beş yüz) manat olan 25.000 (iyirmi beş min) ədəd limonları dərərək, hər dəfə 2 kisə olmaqla kisələrə doldurub velosipedlə apararaq Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını tamah məqsədi ilə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 10 fevral 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Astara rayonu Pensər kəndində yerləşən, başqa saxlanc yeri sayılan evin həyətinə metal tor çəpəri aşıb keçməklə qanunsuz daxil olduqdan sonra həyətdə olan hər birinin dəyəri 4 manat 50 qəpik olmaqla ümumi dəyəri 45 manat olan 10 ədəd 3 metr uzunluğunda, 10 mm diametrində dəmir armaturu, 10 manat dəyərində 1 ədəd alüminium ləyəni, 30 manat dəyərində 1 ədəd dəmir ləyəni, 60 manat dəyərində 1 ədəd velosipedi, 35 manat dəyərində dibçəkdə olan 1 ədəd limon ağacını, 30 manat dəyərində 1 ədəd dəmir barmaqlığı, 20 manat dəyərində 1 ədəd təkər diskini, 15 manat dəyərində 3 metr uzunluğunda trosu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 245 (iki yüz qırx beş) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını tamah məqsədi ilə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda - 0,621 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 mart 2024-cü il tarixdə, saat 13:30-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu Pensər kəndi ərazisində saxlanılaraq, Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,621 qram olan psixotrop maddə metamfetamin əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamlarda özünü qismən təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları var. Hazırda heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, buna görə məşkumluq həyatı da yaşamışdır. Ona qarşı verilmiş ittihamlardan yalnız Zərərçəkmiş şəxs2 həyətindən etdiyi oğurluğu qəbul edir. Belə ki, ehtiyacı olduğu üçün qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 həyətindən oğurluq etmək qərarına gəlmişdir. 10 fevral 2024cü il tarixdə, gecə saat 01 radələrində Nazimin həyətinə qonşu Valeh adlı şəxsin həyətindən keçərək, oradan Nazimin həyətinə hasardan keçməklə daxil olmuşdur. Həyətdə olan dəmir armaturları, 1 ədəd alüminium və 1 ədəd dəmir ləyənləri, 1 ədəd velosipedi, 1 ədəd 3 metrlik trosu, 1 ədəd avtomobil təkəri üçün olan diski, 1 ədəd üzərində bar olan limon ağacı dibçəyini və 1 ədəd qapı şəklində olan dəmir barmaqlığı oğurlayaraq Valehin həyətinə keçirmiş, oradan da öz həyətinə gətirmişdir. Bir müddət keçdikdən sonra həmin əşyaları sataraq onlardan gəlir əldə etməyi düşünmüş, lakin onları sata bilməmişdir. Sonradan polis əməkdaşları oğurlağı əmlakları onun həyətindən aşkar edərək Nazimin özünə qaytarmışlar. Həmkəndlisi Zərərçəkmiş şəxs1 bağından limon oğurluğu etməmişdir. Eyni zamanda üzərindən aşkar edilərək götürülmüş metamfetamin ona məxsus deyildir. Həmin zaman təzyiq altında olduğu üçün həmin cinayətləri törətdiyini demişdir. Zərərçəkmiş şəxs2 oğurladığı əmlakların hamısı geri qaytarılmışdır. Ona görə də məhkəmədən etdiyi bir oğurluq əməlinə görə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs və şahid ifadələri, eyni zamanda işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Pensər kəndində özünə məxsus yaşayış sahəsindən təxminən bir kilometr aralıqda 10 sot həyətyanı torpaq sahəsi var. On ildən artıqdır ki, həmin bağda 90 ədəd limon ağacları yetişdirmişdir. Limon ağaclarının yerləşdiyi torpaq sahəsi bir tərəfdən dəmir list, digər tərəflərdən isə mişar daşları ilə hörülmüş, eləcə də dəmir tor hasarla əhatələnmiş, qapısı isə dəmir barmaqlıq şəklindədir. Həmin limon ağaclarında hər il ümumilikdə təxminən 60 min ədəddən artıq limon meyvəsi yetişir və həmin limon meyvələrini sataraq gəlir əldə edir. Hər gün mütəmadi olaraq həmin torpaq sahəsinə limon ağaclarına baxmaq üçün gedir, onlara mütəmadi olaraq qulluq edir, yarpaqlarının və meyvələrinin təmizlənməsi ilə məşğul olur. Limon bağının həyətində müəyyən vaxtlar həmin həyətdə gecə saatlarında işlədikdən sonra həmin gecələmək üçün kiçik tikili də inşa etdirmiş, limon ağaclarından dərdiyi limonları Astara rayonu Pensər kəndində yerləşən bazarda eləcə də kənd ərazisində yol kənarında satır. Təxminən 2023-cü ilin noyabr ayının əvvəllərindən bağında olan limon ağaclarında olan limon meyvələrinin azalmasını müşahidə etmiş, lakin buna məhəl qoymamışdır. Bir müddət sonra yenidən limon meyvələrinin azaldığını müşahidə etmiş, həmin limon meyvələrinin biri tərəfindən oğurlandığını hiss etsə də, kimin tərəfindən törədilməsini dəqiq bilmədiyi üçün bu barədə hər hansı bir şəxsə məlumat verməmiş, həyətindən limon oğurlayan şəxsi özü aşkar edərək onu hüquq mühafizə orqanlarına təhvil verməyi düşünmüşdür. Bunun üçün çox çalışmış, bağından oğurluq edən şəxsin kimliyini aşkar etmək üçün cəhdlər göstərsə də, buna nail ola bilməmişdir. Bundan sonra bağından oğurlanan limon meyvələrinin hesabatını aparmış, 25000 meyvəsinin oğurlandığını bildikdən və bununla özünün bacarmayacağını bildikdən sonra, polisə müraciət etmişdir. Ümumilikdə, onun bağından 25,000 ədəd limonlar oğurlanmışdır. Bir ədədinin orta bazar qiyməti 0,30 AZN olmaqla, ona ümumilikdə 7,500 manat maddi ziyan vurulmuşdur. Astara rayon polis şöbəsində aparılan tədbirlər nəticəsində oğurluğun həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən edildiyi məlum olmuşdur. Belə ki, hadisə yerinə baxış zamanı da Təqsirləndirilən şəxs ona məxsus bağ sahəsinə necə keçib oğurluq etdiyini təfsilatı ilə danışmışdır. Onun tərəfindən bağa quraşdırılmış kamerada da dəqiq şəkli düşməsə də, kölgə kimi Təqsirləndirilən şəxs oxşar adamın oğurluq etdiyi görsənir. Təqsirləndirilən şəxs ona vurmuş olduğu 7500 manat ziyandan bir manat da olsa ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Həyətyanı torpaq sahəsində iki ildir ki, limon ağaclarını dibçəkdə əkməklə onlara qulluq edir. Limon ağaclarının meyvələrini satmaqla gəlir əldə edir. 10 fevral 2024-cü il tarixdə, səhər saatlarında evdən həyətə enmiş, toyuqlar üçün su qoymaq məqsədilə həyətdə olan alüminium ləyəni axtarmış, ləyənin həyətdə olmadığını görmüşdür. Sonra həyətdə olan səkkiz il əvvəl aldığı velosipedin olmadığını aşkar etmiş, həyətə kiminsə oğurluq üçün girdiyindən şübhələnib, dərhal həyətində olan digər əşyaların yerində olub-olmadığına baxmış, bu vaxt həyətdə qoyduğu 3 metrlik 10 ədəd dəmir armaturun, 1 ədəd dəmir ləyənin, 1 ədəd qapı kimi istifadə etdiyi dəmir barmaqlığın, 1 ədəd avtomobil təkəri üçün olan diskin, 3 metr uzunluğunda trosun yerində olmadığını aşkar etmişdir. Həmin əşyaları bir qədər axtarsa da, yerində tapa bilmədiyi üçün həmin əşyaların oğurlandığına əmin olmuş, ona məxsus ümumi dəyəri 45 manat olan 10 ədəd 3 metr uzunluğunda armaturun, 10 manat dəyərində 1 ədəd aliminyum ləyənin, 30 manat dəyərində 1 ədəd dəmir ləyənin, 60 manat dəyərində 1 ədəd velosipedin, ümumi dəyəri 35 manat olan üzərində bar olan 1 ədəd limon ağacı dibçəyinin, 30 manat dəyərində 1 ədəd qapı kimi istifadə etdiyi dəmir barmaqlığın, 20 manat dəyərində 1 ədəd avtomobil təkəri üçün olan diskin, 15 manat dəyərində 3 metr uzunluğunda trosun naməlum şəxs tərəfindən oğurlanması ilə ona ümumilikdə 245 manat maddi ziyan vurulmuşdur. Bundan sonra oğurluq barədə Astara rayon polis şöbəsinə məlumat vermiş, polis şöbəsində aparılan əməliyyatla oğurluğun qonşusu Təqsirləndirilən şəxs tərəfindən edildiyi məlum olmuşdur. Həyətindən aparılan, ümumi dəyəri 245 manat olan əmlaklar Təqsirləndirilən şəxs tərəfindən onun özünə qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 mart 2024-cü il tarixdə Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması və həmin tarixdə, saat 13 radələrində yaşadığı Astara rayonu Pensər kəndində olacağı barədə icraatına məlumat daxil olmuşdur. Məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Sonra 02 mart 2024-cü il tarixdə, saat 13 radələrində şöbənin digər əməkdaşları – Şahid2 və Şahid3 ilə birlikdə avtomobillə Astara rayonu Pensər kəndinə, Tofiqin yaşadığı evin yaxınlığına getmiş, həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs küçədə hərəkət edərkən görmüş və dərhal yaxınlaşaraq özünü təqdim etmiş, sonra isə Tofiqi polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinin inzibati binasına gətirmiş, materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuşdur. Mahir Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Tofiqin üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X5 Məmmədova üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Tofiq də əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan bükümünü çıxarıb masanın üzərində qoymuşdur. Sonra təhqiqatçı Tofiqin üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, bundan sonra təhqiqatçı 01 ədəd şəffaf sellofan bükümünə baxış keçirdikdə onun içərisində kristal şəklində olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar etmişlər. Təqsirləndirilən şəxsla apardığı şifahi sorğu zamanı Tofiq təqdim etdiyi 01 ədəd büküm psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Astara rayonu Pensər kəndində yerləşən bazarda adını bilmədiyi yalnız üzdən tanıdığı şəxsdən aldığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bağlamanın ağzı şöbənin 84 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, onun ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. 25 fevral 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Astara rayonu Pensər kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus həyətyanı sahədə olan limon bağıdır. Həyətyanı sahə bir tərəfdən mişar daşları ilə hörülmüş hasardan, digər tərəfdən metal tor hasarla, digər tərəfdən isə list dəmirdən olan hasarla əhatələnmişdir. Həyətin giriş qapısı dəmir barmaqlıq şəklindədir və qıfılla bağlanmış, həyətdə kiçik ölçüdə tikili mövcuddur, bundan əlavə həyətdə örtüklə əhatələnmiş limon bağı vardır. Həmin bağda üzərində limon meyvələri olan, 90 ədəd orta yaşlı limon ağacları vardır, limon bağına örtüyü qaldıraraq daxil olmaq mümkündür, həyətin ətrafında digər vətəndaşlara məxsus fərdi yaşayış evləri mövcuddur.
2. 02 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 02 mart 2024-cü il tarixdə Astara rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə şəffaf sellofan bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 0,72 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş 01 (bir) bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Astara rayonu Pensər kəndində yerləşən bazarda yalnız üzdən tanıdığı şəxsdən 15 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır.
3. Narkotik vasitələrin məhkəmə kimyəvi ekspertizasının 03 mart 2024-cü il tarixli, 19/207 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “… Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 0,621 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,621 qram, tədqiqata sərf edidi -0,05 qram, qalıq - 0,571 qram metamfetamin qaldı.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran rayonlararası Narkoloji Mərkəzi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 236 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannaboidlərdən istifadə halları olub. Lakin, onda hal hazırda asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.
5. 03 mart 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Astara rayonu Pensər kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətyanı torpaq sahəsidir. Həyət metal tor hasarla əhatələnmiş, giriş qapısı dəmir barmaqlıq şəklindədir. Həyətdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evi, meyvə ağacları, limon ağacı dibçəkləri və bir neçə metal əşyalar vardır. Ətrafda digər vətəndaşlara məxsus fərdi yaşayış evləri vardır.
6. 03 mart 2024-cü il tarixdə tərtib olunmuş əməliyyat tapşırığının cavabından görünür ki, faktla bağlı rayon ərazisində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 Astara rayonu Pensər kəndində yerləşən həyətindən 7,500 manat dəyərində limon meyvələri 2023-cü ilin noyabr-dekabr ayı ərzində sonuncunun həmkəndlisi, Astara rayon Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır.
7. 03 mart 2024-cü il tarixdə tərtib olunmuş əməliyyat tapşırığının cavabından görünür ki, faktla bağlı rayon ərazisində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Astara rayonu Pensər kəndində yerləşən həyətindən 245 manat dəyərində əşyalar 10 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 həmkəndlisi, Astara rayon Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır.
8. 04 mart 2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iştirakçılar şahid Təqsirləndirilən şəxs təklifi ilə Astara rayonu Pensər kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus limon ağaclarının yerləşdiyi həyətyanı sahənin darvazasının qarşısına getmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus limon bağının yerləşdiyi həyətin giriş darvazasını göstərərək, 2023-cü il noyabr ayının əvvəllərində gecə saatlarında həmin həyətə oğurluq üçün daxil olarkən həmin darvaza kilidli olduğundan darvazanın üzərindən aşmaqla keçdiyini, daha sonra həyətdə yerləşən limon bağını göstərərək həmin həyətə daxil olduqdan sonra həmin limon ağaclarında olan limonları əli ilə dərib özü ilə gətirdiyi 2 ədəd kisələrə doldurduğunu, daha sonra həmin kisələri həyətə daxil olduğu yerdən həyətin çölünə daşıyaraq özünə məxsus velosipedin yük yerinə yerləşdirib evinə apardığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus həyətin mişar daşlarından hörülmüş hasarını göstərərək, növbəti dəfə oğurluq üçün gələrkən həmin həyətə hasarı aşmaqla keçdiyini, daha sonra isə list dəmirdən olan hasarı göstərərək həyətə həmin hasarı aşaraq keçdiyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs oğurladığı limon meyvələrini özünə məxsus həyətin girişində gizlətdiyini qeyd edərək, həmin limonları yerləşdirdiyi kisələri özünə məxsus velosipedlə daşıdığını bildirərək həmin velosipedi təqdim etmişdir.
9. 04 mart 2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iştirakçılar şahid Təqsirləndirilən şəxs təklifi ilə Astara rayonu Pensər kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətyanı sahənin darvazasının qarşısına getmişlər. Təqsirləndirilən şəxs ilk öncə Valeh adlı şəxsin həyətinin Zərərçəkmiş şəxs2 məxsus həyətlə qonşu olan metal tor hasarla əhatələnmiş hissəsini göstərərək 10 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 həyətinə həmin hasarı aşaraq keçdiyini, daha sonra həmin həyətdə gözlə görünən yerdə yerləşdirilmiş 10 ədəd armaturu, 1 ədəd alüminium ləyəni, 1 ədəd dəmir ləyəni, 1 ədəd velosipedi, üzərində bar olan 1 ədəd limon ağacı dibçəyini, 1 ədəd dəmir barmaqlığı, 1 ədəd avtomobil təkəri üçün olan diski, təxminən 3 metr uzunluğunda trosu hər birini növbə ilə həyətdən oğurlayaraq Nazimin həyətinə daxil olduğu hasardan Valehin həyətinə, daha sonra isə hər birini Valehin darvazasının qarşısında saxladığı özünə məxsus taxta arabaya yüklədikdən sonra özünə məxsus tövlənin yanına aparıb orada gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus əşyaları oğurladıqdan sonra onları daşımaq üçün istifadə etdiyi özünə məxsus taxta arabanı təqdim etmişdir.
10. 04 mart 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs2 həyətindən oğurladığı və özünə məxsus tövlənin yanında gizlətdiyi 10 ədəd 3 metr uzunluğunda armaturu, 1 ədəd alüminium ləyəni, 1 ədəd dəmir ləyəni, 1 ədəd velosipedi, üzərində bar olan 1 ədəd limon ağacı dibçəyini, 1 ədəd dəmir barmaqlığı, 1 ədəd avtomobil təkəri üçün olan diski, 1 ədəd 3 metr uzunluğunda trosu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi oğurlanmış əşyalara baxış keçirilmiş, baxış zamanı velosiped, dəmir barmaqlıq, dəmir ləyən, alüminium ləyən, limon ağacı dibçəyi yararlı, 10 ədəd armatur, tros, avtomobil təkəri üçün olan disk isə yararlı və bir qədər paslanmış vəziyyətdə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaları 10 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 həyətindən satmaq məqsədilə oğurladığını və onları özünə məxsus tövlənin yanında gizlətdiyini bildirmişdir. İstintaq hərəkətində iştirak edən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaları tanıyaraq, ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmiş, buna görə də 10 ədəd 3 metr uzunluğunda armatur, 1 ədəd alüminium ləyən, 1 ədəd dəmir ləyən, 1 ədəd velosiped, üzərində bar olan 1 ədəd limon ağacı dibçəyi, 1 ədəd dəmir barmaqlıq, 1 ədəd avtomobil təkəri üçün olan disk, 1 ədəd 3 metr uzunluğunda tros iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür.
11. 12 mart 2024-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, qeyd olunmuş 25,000 ədəd limonun bir ədədinin 2023-cü ilin dekabr ayına orta bazar qiyməti 0,30 manat olmaqla cəmi qiyməti 7,500 (yeddi min beş yüz) manatdır. Qeyd olunmuş 1 ədədinin uzunluğu 3 metr, diametri 10 mm olan 10 ədəd ümumi uzunluğu 30 metr olan polad çubuğun (armaturun) bir metrinin qiyməti 1,5 manat olmaqla cəmi qiyməti 45 manat, 10 litr tutumlu 1 ədəd alüminium ləyənin dəyəri 10 manat, 10 litr tutumlu 1 ədəd dəmir ləyənin dəyəri 30 manat, 1 ədəd Çin istehsalı yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin dəyəri 60 manat, üzərində limon meyvələri olan 1 ədəd limon ağacı dibçəyinin ümumi dəyəri 35 manat, 1 ədəd uzunluğu 1.20 metr eni 50 sm olan dəmir barmaqlığın dəyəri 30 manat, 1 ədəd “Vaz-2106” markalı avtomobil təkəri üçün olan diskin dəyəri 20 manat, 3 metr uzunluğunda trosun dəyəri 15 manatdır. 2-9 bəndlərdə qeyd olunmuş qiymətlər 10 fevral 2024-cü il tarixinə olan orta bazar qiymətinə əsasən hesablanmışdır.
12. Zərərçəkmiş şəxs2 tərəfindən Astara rayon polis şöbəsinə ünvanlanmış ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş 245 (iki yüz qırx beş) manat maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar ona qaytarılmışdır. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metamfetamin» olan maddələr psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayaraq, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bağından limon oğurluğu etməməsi, eyni zamanda üzərindən aşkar edilərək götürülmüş metamfetaminin ona məxsus olmaması kimi ifadələrini özünümüdafiə xarakterli ifadələr, cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan mötəbər sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlləri tam təsdiqini tapmışdır. 25 fevral 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla, 03 mart 2024-cü il tarixdə tərtib olunmuş əməliyyat tapşırığının cavab məktubu ilə, 04 mart 2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” protokolla, zərərçəkmiş şəxsin ifadəsi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Astara rayonu Pensər kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus limon ağaclarının yerləşdiyi həyətyanı sahəyə mütəmadi olaraq daxil olaraq, oradan müxtəlif vaxtlarda oğurluqlar etmişdir. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs2 həyətindən oğurladığı əmlakları könüllü olaraq deyil, Zərərçəkmiş şəxs2 özünün şəxsən aşkar etməsindən sonra qaytarmışdır. Bu halın özü onu deməyə əsas verir ki, həmin əmlaklar Təqsirləndirilən şəxs həyətindən aşkar edilməsəydi, o həmin cinayətin də onun tərəfindən edilmədiyi barədə qeyrisəmimi ifadələr verəcəkdi. Digər tərəfdən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş tələbnamədən görünür ki, məhkumluğu ödənilsə də Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda dəfələrlə oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məhkum olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1(018)-150/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Astara rayon İcra və Probasiya şöbəsinin 16 aprel 2024-cü il tarixli, 164 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründyü kimi Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən (20 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur) bir il keçmədiyi üçün onun məhkumluğu götürülməmiş və ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə qeyd olunan cinayət qanunu normalarını əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu nəzərə alınmadan cəza təyin olunmalıdır. İş materiallarına əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs haqqında şikayət xarakterli materiallar nümayəndəliyə daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 03 (üç) yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş 245 (iki yüz qırx beş) manat maddi ziyan tamamilə ödənilmişdir) məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf etməklə peşmanlıq çəkməsini, himayəsində 03 (üç) yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,571 qram metamfetamin – psixotrop maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 1(018)-44/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 17 aprel 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 17 aprel 2024-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Bundan əlavə iş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «şəxsin barəsində qətimkan tədbiri seçilməsi» haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və təqsirləndirilən şəxs kimi barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxsun narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 105 (yüz beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 245 (iki yüz qırx beş) manat məbləğində əmlaklarının qaytarılması nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs1 izah edilsin ki, ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı Təqsirləndirilən şəxs qarşı iddia qaldıra bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2..4-cü və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirlməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,571 qram metamfetamin – psixotrop maddəsi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 105 (yüz beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin İbrahimov