Məhkəmə qərarları › İş №1(018)-45/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-45/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-45/2023 07.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayon Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 yanvar 2015-ci il tarixdən başlayaraq 13 fevral 2009-cu il tarixdə anadan olmuş X1 və 16 dekabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 80,00 (səksən) manat, ümumilikdə 160,00 (yüz altmış) manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Astara Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli, 2(018)- 67/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 3(018)-367/2020 saylı və 30 iyul 2021-ci il tarixli, 3(018)-443/2021 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək, ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 09 avqust 2021-ci il və 02 sentyabr 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 05 iyul 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 14400,00 (on dörd min dörd yüz) manat məbləğində borcunu ödəməməklə, qeyd edilən məbləğdə Sevinc Mürcəlovaya maddi ziyan vuraraq, qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 13 aprel 2008-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların 13 fevral 2009-cu il təvəllüdlü X5 və 16 dekabr 2010-cu il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra Sevinclə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Buna görə də Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli, 2(018)-67/2015 saylı qətnaməsinə əsasən cavabdeh kimi 05 yanvar 2015-ci il tarixdən başlayaraq, övladları 13 fevral 2009-cu il təvəllüdlü X1 və 16 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bu barədə icra sənədi Astara Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Astara Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə Astara Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Astara Rayon Məhkəməsinin qərarlar ilə ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda sərnişin daşımaqla özünün tələbatını güclə ödəyir. Məhkəmə qətnaməsini ədalətsiz hesab edir. Adına daşınar və daşınmaz əmlak yoxdur. Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olsa da, mərkəz tərəfindən ona münasib iş təklif olunmamışdır. Aliment borcunu ödəmədiyindən qətnaməni icra etməmişdir. İmkanı yoxdur ki, aliment borclarını ödəsin. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş və şahid ifadələri, işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 13 aprel 2008-ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların iki uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Yadigar uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli, 2(018)-67/2015 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 05 yanvar 2015-ci il tarixdən başlayaraq, övladları 13 fevral 2009-cu il təvəllüdlü X1 və 16 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Buna görə də təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çox çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Hazırkı dövrə Təqsirləndirilən şəxs ona heç bir aliment ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru vəzifəsində xidmət edir. Astara Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli, 2(018)-67/2015 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 (on) gün müddətində vaxt vermişdir. Lakin, Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Astara Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib iki dəfə ayrı-ayrılıqda 10 (on) gün inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs icra müddətində aliment borcundan heç bir ödəniş etməmişdir. Cavabdeh yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs 14.400 manat aliment borcunu ödəmədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Hazırki dövrə kimi Təqsirləndirilən şəxs aliment borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut kimi qəbul edir:

1. Astara Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli, 2(018)-67/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs «aliment tələbinə» dair iddiası qismən təmin olunaraq, Təqsirləndirilən şəxs cavabdeh kimi 05 yanvar 2015-ci il tarixdən başlayaraq, 13 fevral 2009-cu il təvəllüdlü X1 və 16 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir.

2. Astara Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 3(018)-149/2015 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətə inzibati həbs edilmişdir.

3. Astara Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 3(018)-240/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilmişdir.

4. Astara Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 3(018)-367/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilmişdir.

5. Astara Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 3(018)-443/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli «təqsirləndirilən şəxsin axtarışı haqqında» qərardan və 01 fevral 2023-cü il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə, saat 09:30-da tutulmuşdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli qətimkan təbdiri seçilməsi haqqında və müvəqqəti saxlama yerindən azad edilmə haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-ci il tarixdə müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət (01 fevral 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(018)-45/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbs edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu müddət (01 fevral 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək olan müddət), yəni 02 gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar